adalet.az header logo
  • Bakı -°C

AQİL ABBASIN RƏMİŞ HEKAYƏTİ - VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
217 | 2025-12-29 11:47
A- A+

RƏMİŞ…Bütün Azərbaycan və onun hüdudlarından kənarda da bu istedadlı, son dərəcə virtuoz sənətkarı –Rafiq Hüseynovu hamı Rəmiş kimi tanıyırdı. Hər hansı bir insana bir ayama qoşanda bəzən onun əsl adı da az qala unudulur. Rafiq Hüseynov da Rəmiş kimi tanınırdı və illər keçəcək, onun ölümsüz sənətindən söz düşəndə Rəmiş yada düşəcək, Rafiq Hüseynov yox.

 Yazıçı Aqil Abbas  «525-ci qəzet»də  (4-7 noybr saylarında)  «Rəmiş» povestini çap etdirib. Mən bilən onların dostluğu adi dostluq səviyyəsini xeyli ötüb keçmişdi. Bu iki insanın münasibətində iki ağdamlının yox (bu vacib şərt deyil), bir-birinin mahiyyətini dərk edən iki insanın –iki ruh adamının  «vəhdəti-vücud»undan xəbər verir.

  Aqil Abbas Rəmişi Rəmiş qədər tanıyırdı desəm, bəlkə də ifrata vararam, çünki Rəmişin də okeanların dərin qatlarında olan və çox hissəsi suyun altında olan asberqlərə bənzərliyi var. Amma Aqil Abbas o povestdə özünün çox yaxından tanıdığı (bəlkə çoxlarının tanımadığı) Rəmişin obrazını yaradıb və şəxsən mən=Rəmişlə heç bir münasibəti olmayan bir adam ONU Aqil Abbasın tanıdığı və sevdiyi kimi tanıdım və sevdim.

   Aqil Abbas əksər nəsr əsərlərində müxtəlif bədii priyomlardan istifadə edir. Onun mümkün qədər həyat həqiqətlərini şablon və ənənəvi üsullarla əks etdirməkdən uzaqlaşıb özünün bildiyi, mükəmməl yiyələndiyi təsvirlərdən istifadə etməsi elə bu povestdə də nəzərə çarpır. Yeri gələndə ciddi, sırf realist təsvirlərə meyl edir, bəzən lirika, bəzən də ironiya, yumor bu təsvirlərə qatılır. «Rəmiş» povestində həm mistikadan, həm yumordan, həm də adi təhkiyədən istifadə olunur və təbii ki, birnəfəsə oxunan bu əsərdə bütövlük itmir.

    Povestin başlanğıcında da, sonluğunda da  müəllif Rəmişin ölüm səhnəsini təsvir edir.   «Mələklər  yığılmışdılar Rəmişin başına. O isə ağır-ağır nəfəs alırdı, əgər buna  nəfəs almaq demək mümkün idisə, rəngi-rufu  qaçmışdı, mələklərin gözü qabağında  sönürdü. Vaxtilə Rəmişin ürəyini sinəsindən qoparıb həmin ürəkdəki qanı təmiz çıxıb çıxararaq öpüb, sonra da  dodaqlarını yapışdıraraq öz qanıyla dolduran mələk də əlacsız qalmışdı. …Bu, Rəmişin sonuydu». Qara Niqablı Mələk- mistik obraz.O, Rəmişi aparmağa gəlib.Təbii ki, insan ölüm ayağında nəyisə arzulaya, nəyisə istəyə bilər. Və bütün varlığı ilə gitarasına bağlı idi Rəmiş- «Gitaramı istəyirəm» deyir Rəmiş. Tibb bacısı gitaranı gətirib qoyur Rəmişin sinəsinə. «Ən əziz sevgilisini sinəsində görəndə  nəfəs almağı bir az da rahatlaşdı və başladı gitaranı sığallayıb əzizləməyə». Povestin sonunda isə Qara Niqablı mələk  Rəmişi qucağına alab  qalxdı göylərə.Uçuş başlanır. Son dəfə Rəmiş Qara Niqablı Mələkdən xahiş edir ki,  sonuncu dəfə çalsın. Və çalır, «gitaranın səsi kainatı götürdü başına» «Rəmiş uymuşdu, bütün kainatı da uyutmuşdu».

 Bir haşiyə. Rəmiş və gitara. Gitaranın Azərbaycan musiqi alətləri sırasına nə vaxt qoşulduğu haqda dəqiq heç nə bilmirəm. Amma onu bilirəm ki, gitara deyəndə, bu bizə yad olan musiqi alətini bizə doğmalaşdıran ilk ifaçı Rəmiş olub. İndinin özündə də gitarada gözəl ifaçılar var, sonralar da olacaq.Amma Rəmiş birinci idi, Rəmiş əfsanə idi, əfsanəni isə təkrar eləmək mümkünsüzdü.

 Povestdə  bu başlanğıcla sonluq arasındakı hissədə Rəmişin həm özünəməxsus bir insan, həm də virtuoz gitara ifaçısı kimi obrazı həm real, həm də qeyri-real hadisələrlə diqqəti cəlb edir. Real hadisələr deyəndə Rəmişin elə uşaqlıqdan  qeyri=adi musiqi istedadı  və harada olursa-olsun (konsertlərdə, restoranlarda, xalq arasında) gitara ilə hamını sehirləndirməsi ayrhələsini ayrı-ayrı təsvirlərdə nəzərə çarpır.  Rəmişin böyük musiqi təhsili olmasa da, ilahidən gələn o İŞIQ onu bütün varlığı ilə sehirlədi. Və Rəmiş sübut elədi ki, musiqini hamının sevə biləcəyi, duya biləcəyi, varlığında yaşada biləcəyi əbədi hissə çevirmək üçün gərək kamil  olasan.. Kamil sənətkar üçün məhdudluq deyilən anlayış yoxdur. Və bu mənada Rəmişi təkcə gitaraçı kimi tanıtmır Aqil Abbas: «Səhnəyə stul qoydular, amma Rəmiş stulda oturmadı. Sol ayağını qaldırıb qoydu stulun üstünə, sonra simləri sığalladı və başladı Fikrət Əmirovun «Kürdovşarı»nı çalmağa. Sonra keçdi Azərbaycan kapriççosuna, ordan da qayıtdı filmdə Koqanın çaldığı Paqaninin əsərlərinə. Və uydu getdi. Necə uymuşdusa, zalı da elə uydurmuşdu».

 Aqil Abbas Rəmişin  çalğılarının  insanları necə heyran etməsini təsvir edir, inandırıcıdır bütün bu səhnələr. Onun rus lyonla ilə bağlı görüşləri Rəmişin təkcə yaşadığı məmləkətdə deyil, ondan kənarda da hüsn-rəğbət qazanması da uydurma deyil. «lyonya  üzünü tutdu zala və dedi: -Əziz dostlar, bu oğlan bakılıdı. Dünyada bundan böyük gitarist tanımıram…Volodyaya dedim ki, əsl Paqanini budu, bunun yerişini, duruşunu, əl hərəkətlərini, jestlərini öyrən. Yəni bu filmin belə gözəl  alınmasında  Rameşin də böyük rolu var».

 Aqil Abbas Rəmişi Paqanini ilə qarşılaşdırır. Əlbəttə, bu olmayan və ola bilməyəcək qeyri-real  bir görüşü təsvir etməkdən məqsəd heç də Rəmişin Paqaniniyə oxşamasını sübut  etmək deyil. Oxşarlıq təqlidçiliyə də çevrilə bilər. Məqsəd odur ki, Rəmişin sənət aləmindəki etiketləri müəyyənləşsin. Dahi Paqanini skripkada əvəzolunmaz idi. Dünyaca. Amma əsrlər ötdükcə hər məmləkətdə yeni virtuoz ifaçılar yetişir. Rəmiş də belə ifaçılardan biri.. «Paqaninin köməkçisinin gözləri çıxmışdı kəlləsinə. Ömründə belə gitara səsi eşitməmişdi. Melodiya onu dəli etmişdi. Axırda Paqanini skripkanı qoydu stolun  üstə. Rəmiş isə hələ də çalırdı. Paqanini soruşdu:-Hə, necədi? Rəmiş siqaretindən bir qullab vurub dedi: «Böyük sənətkarsan. Məndən də böyük sənəftkarsan. Deyilən kimi varsan, sən insan deyilsən, doğrudan da şeytansan. Paqanini gülüb dedi:-Mənə şeytan  deyən az idi, biri də göylərdən gəldi. Sən də mələk deyilsən!»

  Aqil Abbasın məqsədi o deyil ki, bir Azərbaycan sənətçisini dünyanın dahi bir sənətçisi ilə tay tutsun. Sadəcə olaraq bu qeyri-real bir səhnəni təsvir etməklə bütün əsrlərdə musiqinin ilahi gücünün hər şeyə qadir olduğunu sübut eləməkdir.Rəmişin təkcə Paqanini ilə deyil, dünyaya meydan oxuyan, cahangirlər cahangiri Əmir Teymurla da «görüşü» məhz elə bu məqsədə xidmət edir.Əmir Teymurla «görüş»də Qədir Rüstəmov da var. «Rəmiş keçdi «Ağ Segah»a. Qədir bir dəfə ağzını yumub açdı, ikinci dəfə də ağzını yumub açdı və sonra Rəmişin çaldıqları  sözə çevrilib ağzında bulaq kimi qaynayıb çay kimi tökülməyə başladı. Əmir Teymur da, çadırdakılar da qaldılar bu çayın altında. Qədir bir az  «Ağ Segah»da  gəzişəndən sonra  keçdi «Sona bülbüllər»ə. Sonra da özü Rəmişə ayaq verdi ki, Rəmiş çalsın. Rəmiş yenə dağı arana, aranı qatdı dağa, gah yağış yağdırdı. Onu kürəyindən vuran döyüşçü hönkür-hönkür ağlayırdı».

 Heç bir böyük sənətkarı onun çevrəsi, mühiti olmadan təsəvvür etmək olmaz. Rəmişin sənət aləmində onun təqdir etdiyi və onu təqdir edənlər heç də az deyildi. Rəmiş ilk növbədə Qarabağ musiqi aləminin yetirməsiydi, ilk çalğını böyük tarzən Qurban əminin tarında səsləndirmişdi. Xan əmi, Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov, Yaqub Məmmədov, Şahmalı Kürdoğlu, Arif Babayev, Qədir Rüstəfmov  və onlarla çalıb-çağıran sənətkarlar aləmində dünyaya göz açmışdı. Bu sırada onun Qədir Rüstəmovla çox yaxın dostluğu və sənət müttəfiqi  olmasını Aqil Abbas illərdən bəri seyr edib və povestdə «ölmüş» Qədirlə Rəmişi Əmir Teymurun hüzuruna aparmasını da təsadüfü saymaq olmaz. Xatırladım ki, Qədir Rüstəmov haqqında ilk povesti də Aqil Abbas yazıb. Qədir Rüstəmov sənəti möcüzə deyildimi? Və  bu iki sənətkarın –Rəmişin və Qədirin bir toyda ya bir konsertdə ifalarına qulaq açanlar deyirlər ki, Allah da göydən yerə enib onlara qulaq asırmış.  Rəmişin musiqi zövqü, özü kimi hər hansı istedadlı ifaçıya sevgisi Aşıq Ədalətlə bağlı bir səhnədə təcəssümünü tapır.

  Povestdə yumorlu səhnələr az deyil və şirin Ağdam ləhcəsinin Aqil Abbas dili ilə əksər təsvirlərdə səslənməsi də  təsadüfi deyil. Bu  danışıq tərzi povesti daha da oxunaqlı edir.

  Təbii ki, Aqil Abbas Rəmişin təkcə ifaçılığını, bir  sənətkar kimi özünəməxsusluğunu, ağıllı, düşünülmüş hərəkətlərini, insanlarla səmimi rəftarını deyil, həm də insan kimi keçirdiyi hissləri, duyğuları, ağrıları-acıları da unutmur.  Aqil Abbas yazır ki:  Rəmiş  «Ömründə heç kimi sevməmişdi. Onda sevgi hissi yox idi. Birinci-ikinci sinifdə oxuyanda müəlliməsindən  xoşu gəlirdi, xüsusilə onun saçlarıünı sığallamasından. Sonra Ağdama köçdülər, bir də o müəlliməni görmədi. Amma müəlliməsinin  barmaqlarının ətrini həmişə burnunda hiss edirdi. Pəncərədən baxan qıza isə sadəcə vurulmuşdu».  Əlbəttə, müəlliflə mübahisə etmək də olar.Vurulmaq, kimi isə sevməyin başlanğıcıdır.

 Rəmişin çox həssəs bir insan olduğunu Aqil Abbas hər bir təsvir etdiyi səhnədə nəzərə çarpdırır. Dostları ilə də, sənət yoldaşları ilə də o «dəli-dolu» Rəmiş  həmişə səmimidir,bir yerdə özünü böyük sənətkar adlandırsa da, o səmimilik itmir. Amma baxın, o da bu sənətin ona gətirdiyi şöhrətdən yorulur, o da asudəlik arzulayır.  «Yorulmuşdu, çox yorulmuşdu. Əslində, buna yorulmaq demək olmaxdı bezmişdi. Hər şeydən bezmişdi, şöhrətdən də, dostlarından da, qadınlardan da. Elə Rəmiş olmaqdan da bezmişdi.Tıncıxırdı. Nə qədər belə yaşmaq olar?  Yaşamaq ona çox mənasız olmuşdu.  Özü də tez-tez baş verirdi. Belə olanda oturub maşina qaçırdı kəndlərinə». Və kənd onun sıxılmış ürəyinə dərman idi..

  Yazını  başa çatdıranda sufilərin məhşur təlimi yada düşdü. Məncə, Rəmiş də bir sufi ömrü yaşadı.  kamilləşdi,şəriət, təriqət, mərifət və  həqiqət mərhələlərini keçdi. Allahı dərk və qəbul edib həqiqət mənzilinə yetdi, öz Allahına yetişdi.  Ruhu şad olsun.

 Aqil Abbasa da Rəmişi bizə daha yaxşı tanıtdığına görə  təşəkkür..

TƏQVİM / ARXİV