adalet.az header logo
  • Bakı -°C

«SABAH» RƏVAN HƏMZƏZADƏNİ ÖZÜ İLƏ APARACAQ?! - Aqil ABBAS yazır

AQİL ABBAS
136 | 2026-04-23 13:23
A- A+

Heç kim «Sabah»ın çempionluğuna və oyunlarına kölgə salmaq istəmir. Əksinə, «Qarabağ»la rəqabət aparacaq bir komandanın olması futbolumuzun inkişafı deməkdir. 

«Qarabağ»la oyunda da «Sabah» gözəl və ağıllı oyun nümayiş etdirdi. Amma nədənsə hakim Rəvan Həmzəzadə «Sabah»ın halal işinə haram qatdı. Haramlıq isə heç kimə heç vaxt xeyir verə bilməz. 

«Sabah»a Avropa Çempionlar Liqasında uğurlar arzulayırıq. Amma onu dəqiq bilmirik ki, klub onun halal işinə haram qatan hakim Rəvan Həmzəzadəni özü ilə aparacaqmı?! Klubun bu Çempionlar Liqasında oyunlarında hakimliyi ona tapşıracaqlarmı? 
Kor da bilir Əlifin şoru duzsuzdu,  Rəvan Həmzəzadə şükürlər ki,  kor deyil, amma Əlifin şorunun duzsuz olduğunu görmür.  

Nə isə… 

Onu da bilirik ki, Qurban Qurbanov və komandası yenə Avropa çempionatlarında öz sözünü deyəcək, Rəvan Həmzəzadə istəsə də, istəməsə də. 

Mart, gözünə barmağım,  yaza çıxdı oğlağım.

Və bir də onu deyim ki, «Qarabağ»ın hər il çempion olmaq öhdəliyi yoxdur. Dilxor olma, «Qarabağ», biz həmişə səninləyik – udanda da, uduzanda da, çempion olsan da, olmasan da. 

Qurban Qurbanovun soyuqqanlılığına  qibtə edirəm. 

Vaqif Cəbrayılzadənin gözəl bir şeiri var:

Ax, zalım dostlar,
zalım qardaşlar
fələyin zülmünə düşəndən bəri
kimin nə vecinə ki,
anamın əziziyəm,
kimin nə vecinə ki,
anam yalvarır göyə.
O qarasaç Allahım,
o gödəkboy Allahım
susub,
qorumur məni.
Bir də baxıb
görürsən ki,
bir boynuyoğun,
bir yekəqarın
üzündə bir şillə yeri
durub gözləyir səni.
Amma
bir boynuyoğun,
bir yekəqarını
döymək
mənə bir az çətindi
bir şilləlik canım var.
Ax, zalım dostlar,
zalım qardaşlar.

İndi Rəvan Həmzəzadənin… Nə isə…
 

TƏQVİM / ARXİV