adalet.az header logo
  • Bakı 25°C

Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA…  - SON

AQİL ABBAS
948 | 2023-02-26 18:15

(Abdal-Gülablı Şakirin xatirəsinə)

ƏVVƏLİ BURADA

***

SON

Hal-əhval tutdular. Şahlar soruşdu:

- Bakıda yaşayırsan?

- Yox, arvadı gətirmişəm Bakıya gəzdirməyə.

- Yaxşı eləmisən. Yeyib-için, hesab mənlikdi. - dedi Şahlar, sonra da ofisiantı çağırıb tapşırdı ki, bunlara yaxşı qulluq et və getdi.

Şakir forslu-forslu arvada baxıb dedi:

- Arvad, Şakirin vesin görürsən dana!

Elə süfrədən durmağa hazırlaşırdılar ki, Şahlar gəldi:

- Şakir, müdirimiz indicə gəldi. Dedim burdasan, dedi çağır bir görüşək.

Şakir uşaqlara dedi bir az gözləyin, Şahlarla getdi müdirin yanına.

Restoranın müdiri Tahir müəllim onu çox mehriban qarşıladı. Yüz ilin dostu kimi qucaqlaşdı, görüşdü. Şahlara dedi, bir çay gətirsinlər. Sonra Şakirə yer göstərdi, özü də oturdu onunla üzbəüz. Hal-əhval tutandan sonra dedi:

- Məni tanıyırsan?

Şakir:

- Qarabağda səni tanımayana lənət. Bal Nadirin oğlusan dana. İsa bulağın işdədirdin, erməni qurumsaxlar şərriyib tutturdular. Amma türmədə saxlaya bilmədilər. Futbolist Penpen Şahinin də xalası oğlusan.

Şuşanı yada saldılar, Ağdam, Abdal-Gülablıdan danışdılar. Şuşanın duzlu oğlanlarını xatırladılar. Sonra Şakir dedi ki, Tahir məllim, məni bağışla, arvad-uşaq gözləyir. Ayrılanda Tahir müəllim stolunun gözündən bir paçka pul çıxartdı ki, götür bunu. Şakiri gülmək tutdu:

- Bu gün hamı maa pul verir, deyəsən öləjəm.

Tahir müəllim:

- Götür, pulu verən axmaqdı, almayan iki dəfə axmaqdı. Onsuz da Cıdır düzündən sənə borcum qalmışdı.

Şakir də iki dəfə axmaq olmamaq üçün pulu alıb qoydu cibinə. Sonra da vidalaşıb otaqdan çıxdı. Gördü ki, arvad-uşaq maşının yanında onu gözləyir. Əyləşdilər Surenin erməni iyi verən maşınına və restoranın həyətindən çıxıb üz tutdular üzügüləbədinə, yəni Ağdama.

Lökbatanı keçəndə Şakir əlini pəncərədən çıxarıb yellədi və dedi:

- Əlvida, Löhbatan. Səndə löh bata bilər, Şakir yox.

Sahil qəsəbəsinə çatana kimi arvadı da, uşaqları da yuxu tutdu. Kürdəmirdə bir çayxananın qabağında maşını saxladı, arvad-uşaqları oyatdı:

- Düşün bir stəkan çay içəh, mənim də yorğunnuğum çıxsın. Belə də yol olar, skorıst dəyişməhdən yoruldum. Ajmısınızsa bir tikə də çörəh yiyək.

Uşaqlar çay içmədi, limonad istədilər. Yarım saat dincələndən sonra yenidən düzəldilər yola. Yevlaxı keçib üzü Ağdama sarı dönəndə Şakir maşını saxladı, düşdü. Qollarını geniş açıb dərindən bir nəfəs aldı:

- Saa qurvan olum, Qarabağ havası.

Arvadı:

- Ə, bura Yevlax deyil, nə Qarabağ?

- Aaz, Yevlax da Qarabağdı dana, Qarabağ burdan başdıyır. Havanı hiss eləmirsən?

Arvadı da dərindən bir nəfəs aldı, amma heç bir Qarabağ havası hiss eləmədi. İsti nə təhər təntitmişdisə elə bil təndir qırağında oturmuşdu və təndirin isti havasını hiss elədi.

Bərdəni keçəndə arvadı dedi:

- Şakir, bəs deyirdin dədəmgilə gedirik? Dön də.

- Hələ bir gedəh Ağdama tərəf, uzaxdan da olsa bir şəhər görüm, sonra sizi gətirərəm dədəngilə. Bərdə qaçmır ha!

- Bəs Ağdam qaçır?

- Ağdam qaçmır, amma mən qaçıram.

Dördyola çatanda Ağdama gedən yola şlaqbaum qoymuşdular, yanında həm polislər durmuşdular, həm də hərbçilər.

Arvadı:

- Bunlar yolu niyə bağlayıblar?

- Deyillər birdən sarsaxlıyıf Ağdama getməh istiyən olar. O Rəmişin dostu var ey, Aqil Abbas, Aenesdə göstərirdilər. Bir dəfə keçif getməy istiyirdi hərbçilər qoymadılar ki, hara gedirsən? O da dedi ki, Ağdama, evimizə. Dedilər olmaz. Soruşdu ki, niyə, dedilər orda ermənilər var. O da qayıtdı ki, erməni bilər, mən bilərəm, sizin nə dötünüzün borcuna.

- Elə heylə dedi?

- Aaz, bilmirsən, ağdamlı üstünə qoymasa olmaz?! Sözündən belə çıxdı. Sonra da nə qədər elədilər çıxdı getdi, hələ bir çönüf də dedi ki, mən getdim Ağdama, kim istiyir gəlsin gedəh. Amma onun da dötü çatmadı, ermənilərin postuna az qalmış oturdu ağladı və sonra da qayıtdı geri.

Şakir istədi o da həmin Aqil Abbas kimi düşsün, bir az polislərlə, hərbçilərlə məzələnsin, sonra fikirləşdi ki, o Aqil Abbas deyil, salarlar Şakiri ayaqlarının altına, dəli inək balasını çığnayan kimi çığnayarlar və maşını döndərdi üzü Quzanlıya.

Bu da Quzanlı. Surenin erməni iyi verən «Moskviç»ini saxladı maşın yuyulan yerdə. Arvad-uşağa dedi düşün maşından. Sonra da maşın yuyan ustaya dedi:

- Ə, qaqa, bu maşını bir yaxşı-yaxşı kisələ. Özü də için möhkəm-möhkəm kisələ.

Usta maşına oturub yuma yerinə salmaq istəyəndə dedi:

- Ə, qaqa, bu maşından it iyi gəlir.

- Ə, it iyi döyül, Erməni İyidi. Ona görə yudurduram dana.

Maşın yuyan Surenin Erməni İyi verən «Moskviç»inin altından girib üstündən çıxdı, üstündən girib altından çıxdı, axırda yorulub dedi:

- Qaqa, neyniyirəm xeyri yoxdu. Bu iy nətəər maşina hopubsa çıxmır.

- Qaqa, o İy təkcə maşına yox ey, canımıza da hopuf.

Arvadı:

- Ay kişi, kim bu maşına minir, deyir Erməni İyi gəlir. Bəs, biz niyə hiss etmirik?

- Aaz, gözümüzü açannan erməniylə bir yerdə yaşamışıx, bir yerdə oturuf-durmuşux onnarın iyi bizim də canımıza hopuf, ona görə. Nə qədər yuyunurux canımızdan çıxmır.

Maşını sürdü icra hakimiyyətinin qabağına. Həmişəki kimi Həsən müəllim oturmuşdu binanın qarşısındakı qoca palıd ağacının kölgəsində, qarşısında bir stəkan çay, şahmat oynayırdı. Camaat da yığılmışdı başına...

… Heç vaxt kabinetdə qəbul keçirmirdi. Elə bu palıdın altında otururdu, kimin nə sözü vardı gəlib deyirdi.

- Həsən müəllim, yasımız düşüb.

- Ə, ordan müavinlərin birini çağırın bura.

Müavinlərdən biri yüyürüb gəldi:

- Eşidirəm, Həsən müəllim.

- Bu adamın yas yerinə bir dana, yağ, düyü, qənd-çay göndərin. Axşamüstü yadıma salın, gedək yas yerinə.

Başqa biri:

- Həsən müəllim, ayağının altında ölüm, utanıram deməyə, uşaq girib məktəbə, deyirlər ki, sentyabrın on beşinə kimi pul keçirməsən çıxaracağıq.

Həsən müəllim üzünü tutdu şahmat oynadığı adama:

- Bunun uşağının pulunu keçirt. Mənim taxıl payımdan üç ton az verərsən.

- Baş üstə, Həsən müəllim.

Bəli, Həsən müəllimin hər günü belə keçirdi...

… İndi Şakir palıd ağacına yaxınlaşanda camaat onu tanıyıb yol verdilər.

Həsən müəllim başını qaldıranda gördü ki, gələn Abdal-Gülablı Şakirdi, qarmonçalan Şakir. Qalxdı ayağa, Şakiri qucaqlayıb görüşdü. Şahmat oynadığı adama dedi ki, dur, qoy Şakir otursun:

- Otur, ə, Şakir. Şahmat oynaya bilirsən?

- Həsən məllim, mən yaxşı tərəkəmə oynuuram.

- Otur görüm, necəsən, arvad-uşaq necədi?

- Sağ ol, birtəər yaşıyıram. Arvad-uşax da odee orda ağacın altında kölgələnir. Bezdim Bakıdan.

Bu vaxt Nofəl müəllim gəldi. O da Şakiri qucaqlayıb görüşdü. Şakirin beynindən ildırım kimi keçdi ki, hamı onu qucaqlayıb öpürsə, deməli, Əzrayıl onun yan-yörəsində fırlanır.

Həsən müəllim Nofəl müəllimə dedi:

- Nofəl, gör kəndçinə qəsəbədə bir yer tapa bilərsən?

- Həsən müəllim, yer tapanacan qalarlar bizim Talehgildə, elə Taleh də bu ağıldadı, sonra bir şey fikirləşərik.

Həsən müəllim:

- Ə, pulun-pənan var?

Şakir:

- Həsən məllim, bu gün məni kim görür maa pul verməy istiyir. Varımdı, sağ ol. İndi iki bajı bir şeyi durğuza bilməyəssiniz? Heş olmasa bir az torpax ver, orda özümə bir koma tikim.

- Bakıda çox toy çalmısan?

- Həsən məllim, mən qarmonu atmışam. Allah qoysa, bir də Avdal-Gülaflıda çalajam.

Nofəl müəllim dedi:

- Şakir, ayrı sözün yoxdusa, gəl gedək Talehgilə, dədəm də ordadı.

- Yox, əlimdə yüngül bir işim var, onu görüm, axşam gələrəm. - dedi, hamıyla xudahafizləşib, arvad-uşağı da yığdı Surenin Erməni İyi verən maşınına.

Arvadı yolda soruşdu:

- Yaxşı, ay kişi, gəldik Quzanlıya. Harda qalacayıq? Bəlkə qayıdaq dədəmgildə qalaq.

- Az danış, mən qaynata qoltuğuna sığınan kişilərdən döyüləm. Özü də dədəngilin evi var? Dədəngilin evi qaldı Füzulidə erməniyə, Bərdədə kiminsə evində qalıllar. Özdəri bərdəlilərə yühdü, gedif yazıx bərdəlilərə biz də yük olax? Narahat olma, bu boyda Quzannıda bizə bir yer tapılmıyajax?

Təpənin yaxınlığındakı Hüseyn bulağında düşüb əl-üzlərini yudular, sonra da Şakir bakdan bir vedrə benzin çəkdi, tökdü maşının üstünə, içinə. Arvad-uşağa dedi bir kənarda durun, cibindən kibrit çıxarıb yandırdı və atdı maşının üstünə.

Arvadı bağırdı:

- Ə, naqayrırsan? Yenə çörək ağacıydı. Xaltura eləyib başımızı saxlayırdın.

- Canına azar qayırram, görmürsən? Bu iyi yalnız bu yolla təmizləməy olar. Allah kəssin ermənidən gələn çörəy ağajını.

Yaxınlıqdakı kafedəkilər və ətrafda yaşayanlar yanğını görüb hamısı töküldü Hüseyn bulağına tərəf. Gələnlərin içində Şakiri tanıyanlar da oldu.

- Boyy, Şakir! Ə, bu maşını niyə yandırırsan?

- Heş, əhd eləmişdim.

Bir az keçmiş yanğınsöndürənlər də gəldi, amma Şakir qoymadı maşını söndürsünlər:

- Ə, qoyun yansın.

Yanğınsöndürən:

- Ə, bu dövlətin malıdı, necə yəni yansın?

- Dövlət birdən-ikiyə maa maşın alıf bağışdıyıf.

Yanğınsöndürənlər də, hamı da bir kənarda dayanıb çırtaçırtla yanan maşına baxırdılar. Maşın yandı, yandı, lap sonda qapqara tüstü buraxaraq nəhayət söndü.

Şakir başına toplaşanların birinə dedi:

- Qaqa, saa qurban olum, bir o maşını iylə, gör onnan nə iyi gəlir?

- Get özün iylə də.

- Qaqa, mənim burnum tutuluf iy hiss eləmirəm.

Adam yaxınlaşdı maşına, möhkəm-möhkəm iylədi və dedi:

- His iyi, yanıq iyi gəlir.

Şakir dərindən bir ah çəkdi:

- Oxxaaay! Deyəsən, Erməni İyinnən axırda belə qurtarajıyıx.

Adamlar Şakirin bu sözündən heç nə başa düşmədi…

… Qarabağdan hələ erməni iyi gəlirdi. Bu iyi Qarabağdan yuyacaq oğlanlar hələ orta məktəbdə qız üstə dalaşırdılar, çoxu hələ doğulmamışdı, analarının qarnındakı müqəddəs zülmətdə mışıl-mışıl uyuyurdular. Bəziləri isə hələ təzəcə doğulmuşdular, analarının döşlərindən Vətən əmirdilər. Gün gələcəkdi məktəbdə qız üstə dalaşan oğlanlar heç üstündə dalaşdıqları qızları öpməmiş əsgər paltarı geyəcəkdilər, analarının müqəddəs bətnində mışıl-mışıl yatan balalar doğulacaqdı, özlərindən əvvəl doğulanlar kimi analarının döşündən Vətən əməcəkdilər, sonra da böyüyüb kişi olacaqdılar və gedəcəkdilər Qarabağdan Erməni İyini təmizləməyə. Hələ o günə çox vardı. Hələ Şakir payına düşən bircə erməni maşınını yandırıb Erməni İyindən təmizləmişdi. Hələ Suren Şakirin «Jiquli»sində İspanakertdə, Şuşada, Laçında Şakirlə yediyi qırx ilin çörəyinə tüpürən oğlunu axtarırdı…

… Şakir isə Erməni İyi gələn maşından canını qurtardığına görə xoşbəxtcəsinə arvad-uşaqlarıyla Əfətli Təpəsindəki kafedə oturub yeyib-içirdi. Özu də çappa stəkanda, Rəmişin bahalı arağından yox, girdirmə araq içirdi.

Və sabah oğlanları, Şuşaya bayraq sancacaq kişilər də təəccüblə Şakirə baxırdılar və deyəsən, Şakiri indi-indi başa düşürdülər.

(Rasim Müzəffərlinin xətrinə)

Rasim müəllim, bu əsəri heç bitirmək, Şakirdən ayrılmaq istəmirdim, amma məcburam.

TƏQVİM / ARXİV