Aqil ABBAS:BAZAR, AĞDAM BAZARI - SON

AQİL ABBAS
2084 | 2025-02-19 18:04

ƏVVƏLİ BURADA

O da yan-yörəsindən  keçənlərdən soruşurdu ki, baxın, bu mənə yaraşır, ya yox. Onlar da yaraşdı-yaraşmadı  deyirdilər ki, əyninə tikilib, raykom katibinə oxşayırsan. Sonra da qayıdıb dükanda saxladıqları şalvarı verirdilər, onu da geyindirirdilər, köhnə pal-paltarlarını da verirdilər qoltuğuna gedirdi. 

Bazarda tez-tez belə bir söz eşidilirdi:

- Cücəli toyuq var!

Bunu tapança  satanlar deyirdilər, hamı da söhbəti başa düşürdü. 

Bəzən bunu başa düşməyənlər də olurdu, soruşurdular ki, qardaş, mənə bir üç-dörd dənə cücəli toyuq ver.

Silah satan da onun görünüşünə baxıb qayıdırdı:

- Ə, yer get, sən özün elə toyuğsan dana.

Bu silah satanlardan tapança almaq istəyənlər mütləq  şəhərin tanınmış adamlarından biriylə gəlməliydilər. Silah satan da həmin  tanınmış adama etibar edib tapançanı verərdi. 

Bazarın milis rəisi bu tapança satanlara yalvarırdı ki, tapançanı kimə satmısan de, gedim onu yolum. Amma onlar həmin etibarlı şəxsin xətrinə heç vaxt bu sirri açmazdılar. 

Bazarın Xanəhməd adlı bir sərgərdanı vardı. Heç kəs onun xətrinə dəymirdi. Bazarı gəzir, mer-meyvədən, qoz-fındıqdan öz yediyi qədər götürürdü, bir az da oğurlayırdı. Oğurladıqlarını da axşam aparıb qonum-qonşuya paylayırdı. 

Əvvəl Temir əmi, Temir əmi öləndən sonra isə Eldar həftədə iki dəfə Xanəhmədə yarım kilo ət bağışlayırdılar ki, apar bişirtdir ye. 

Şəhər camaatından kimlərsə Moskvaya teleqram vururlar ki, Ağdamda bir Xanəhməd var, bizi yığıb boğaza. Moskva da teleqramı  göndərir Bakıya,

Mərkəzi Komitədən bir məmur durub gəlir Ağdama, katibin yanına. Teleqramı göstərir ki, bu  nədi, indi də Ağdamda xan peyda olub, camaatı da incidir?

Birinci katibi  gülmək tutur. Adam göndərir ki, gedin Xanəhmədi gətirin bura. Xanəhmədi gətirirlər katibin otağına, kirin-pasın içində, üstündə də cır-cındır. 

Katib  Mərkəzi Komitədən gələnə göstərib deyir:

- Sizin axtardığınız xan budur. O Xan Əhməd deyil, adı Xanəhməddi. 

Sonra da işçilərinə tapşırır ki, onun cibinə  iyirmi-otuz manat qoyub yola salın. 

Və Xan Əhmədi ifşa edə bilməyən məmur da  suyu süzülə-süzülə qayıdır Bakıya.

Şənbə-bazar  Qarabağda yaşayan ermənilərin nə qədər imkanlı, ayağı yer tutan vardı tökülürdü bazara. Uşaqlarına pal-paltar, özlərinə geyim-gecim, mer-meyvə alırdılar. 

Ümumiyyətlə, şənbə-bazar bazarda iynə atsan yerə düşməzdi. Qarabağın bütün ətraf rayonlarının camaatı, eləcə də Ağdamın kənd camaatı tökülürdü bazara. 

O vaxt kolxozçulara pulsuz «Moskviç-412» bağışlayırdı hökumət, «Jiquli»ləri isə növbəsiz paylayırdı, amma pulla. Bu kolxozçuların isə heç birinin sürücülük vəsiqəsi yox idi, maşın sürməyi də bilmirdilər. Amma lovğa-lovğa gəlirdilər şəhər. 

Şəhər camaatı isə şənbə-bazar maşını həyətdən çıxarmırdılar, qorxurdular ki, maşınları əzilər. Belə bir söz deyirdilər:

- Suçular şəhərdədi!

Hər şənbə-bazar da mütləq bu «suçular» şəhərdə beş-on qəza törədərdilər. Onlarla avtomobil  müfəttişləri də bacarmırdı. 

Deyirdilər:

- Bir adamdan  pravası olmadığına görə nə qədər pul alarlar?  Artıq biz onlardan pul almaqdan utanırıq, amma onlar utanmırlar. 

Yəni şənbə-bazar günü kolxoz bazarı olurdu elə kolxoz bazarı. Kolxozçular özlərinin gətirib alverçilərə satdıqlarını bir az da baha qiymətə alırdılar. 

Təbii ki, bazara gələn elə gəlmişkən qəndini, çayını, şəkərini, yağını da alıb qayıdırdı. 

Ağcabədinin Ticarət İdarəsinin müdiri əsəbləşirdi, çünki bunlar onun  ticarətinə mane  olurdu. Deyirdi:

- Ağcabədidə çay-qənd yoxdur ki, onu da  gedib Ağdamdan alırsız, özü də baha qiymətə?!

Bazarda 12-13 yaşlı uşaqlar əllərində kuzə su satırdılar və bərkdən oxuyurdular:

Ay sərin su pərvəri, 
Ürəyi yanan, gəl bəri.  

Bazarda su köşkü vardı və burda suyun stəkanı beş qəpik idi. Amma uşaqlar stəkanı on qəpiyə satırdılar.  Adamlar ya su köşkünə getməyə ərinirdilər, ya da bu uşaqlara kömək eləmək üçün suyu onlardan alırdılar.

Ay sərin su pərvəri,
Ürəyi yanan, gəl bəri.

Bir də bu uşaqları futbol vaxtı İmarətdə görərdin. 

Sonra bu uşaqlar böyüdü, döyüşdə ürəkləri yananda nəinki sərin su, heç su tapmadılar və su sinələrini də erməni güllələrinə sipər edib şəhid oldular, şəhərlərini qorudular. 

Hələ o günə vardı. Hələ  bazarda oxuyurdular:

Ay sərin su pərvəri,
Ürəyi yanan, gəl bəri.

Xalq Cəbhəsi hakimiyyətdə olanda prezident Ermənistanla və Dağlıq Qarabağla 17 rayonu birləşdirən xüsusi nümayəndəlik yaratmışdı. Nümayəndəliyin rəisi də  Surət Hüseynov idi. Onun da Hüseyn adında birinci müavini vardı. Bir gün  Hüseyn rayonun icra başçısının birinci müavini, Xudu Məmmədovun bacısı oğlu Akif müəllimi və iki nəfər də SƏDM əməkdaşını götürüb gedirlər bazara ki, alverçiləri qovacağıq. Alverçiləri qovsalar gərək bazar bağlanaydı. Girirlər bazara, başlayırlar sənədləri yoxlamağa. Alverçilər bunların üstünə necə  tökülürsə, nə yemisiniz turşulu aş. Həmin vaxt başçının müavini, eləcə də komendantın müavini olan Rüstəm müəllim onları birtəhər alverçilərin əlindən qurtarmışdı, üzünü də Akif müəllimə tutub demişdi:

- Akif müəllim, sən savadlı adamsan, məktəb direktoru işləmisən, bilmirsən ki, bazar Xüsusi idarənin səlahiyyətinə daxil deyil, qoşulmusan bu Hüseynə? - sonra da üzünü alverçilərə  tutub demişdi: - Bu gündən bu oboxeyislərə pay-pürüş göndərməyi kəsin. 

Bazarda «Marlboro» əskik olmazdı - biri üç manat. Ətraf rayonlardan da gəlib biri üç manatdan qutu-qutu «Marlboro» alıb aparırdılar. Və çoxları fikirləşirdi ki, bu qədər «Marlboro» hardan Ticarət İdarəsinə necə göndərilir? 

Çox yox, iki alverçi sirri açım. Rusiyadan Ağdama tonlarla konserv göndərilirdi, şəhərdə isə bu konservini yeyən yox idi, qalırdı anbarlarda. Abı xanım gedirdi Rusiyaya müqavilə bağlayırdı. Vaqonla konservanı göndərirdi Rusiyaya, əvəzində də vaqonla biri 1 manat 50 qəpikdən  «Marlboro» vurub gətirirdi şəhərə. Və onu da 2 manat 50 qəpikdən verirdi alverçilərə, alverçilər də üstünə 50 qəpik qoyub satırdılar. Ətraf rayonlardan gəlib qutu-qutu alverçilərdən «Marlboro» alan ticarət işçiləri də aparıb  öz rayonlarında dörd manata satırdılar. 

Bazarda dükanı olan Xuraman  xanım isə gedirdi Rusiyaya corab istehsal edən fabrikə. Bu fabrik «brak» corabları qırx qəpiyə satırdı. Xuraman xanım da zavod rəhbərliyinə hər corabdan on qəpik artıq verib «brak» olmayan corabları «brak» adıyla «aformit» elətdirib gətirirdi şəhərə və bir manata alverçilərə verirdi. Alverçilər də üstünə on-iyirmi qəpik qoyub satırdılar. 

Bir qrup alverçi vardı ki, onlar evlərindən çölə çıxmırdılar. Onların işi qızıl-brilyant satmaq idi. 

Yağ qəhətə çıxanda adamlar gedib Yerevandan maşın-maşın yağ vurub gətirirdilər.

Bir dəfə bir alverçi xanımın evindən on qutu yağ çıxmışdı.  İşi verilmişdi  müstəntiqə. Camaat da tökülmüşdü müstəntiqin üstünə ki, nə qədər pul lazımdır götür, amma nə olur-olsun qadını həbs etmə, bu bizə yaraşmaz. 

İkram adlı müstəntiq çox fikirləşəndən sonra bu on qutu yağı on paçka ilə əvəz eləmişdi. Bu da təxminən iki kilo yağ demək idi və burda cinayət tərkibi görməyib işi xətm etmişdi. Sonra polisdən kimsə bu məsələni Daxili İşlər Nazirliyinə yazmışdı. Daxili işlər naziri də  Cəfər Vəliyev müstəntiq İkram

Abdullayevi daxili işlər orqanlarından xaric eləmişdi. 

İkram da işinə bərpa olunmaq üçün müraciət eləmədiyi dövlət orqanları qoymamışdı. Axırda nazir İkramı çağırıb demişdi: 

- İstəyirsən BMT-yə şikayət  et, səni geri qaytarmayacam. 

İkram da qayıtmışdı:

- Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm.

Sonra da Şamaxıya gedib Sabirin başdaşını qucaqlayıb bir şəkil çəkdirib göndərmişdi nazirə və şəklin altından da yazmışdı: «Mən şikayətimi bu kişiyə etdim».

Şəkil və söz naziri çox bərk tutmuşdu və Kadrlar İdarəsinin rəisini yanına  çağırıb demişdi:

- O avaranı işinə bərpa edin. 

İndi İkram Abdullayev məşhur vəkildi. 

Bazarda Əhməd adlı bir alverçi də miras paltarlar satırdı. İnsanların çoxu ölmüş yaxınlarının paltarlarını evdə saxlamağı sevməzdi ki, bədlik gətirir. Əhməd də həmin adamlardan o paltarları toplayıb, özü də bunların  içində elələri olurdu ki, heç geyilməmişdi, bazarda tökürdü qabağına  ucuz qiymətə satırdı.  Camaat Əhmədin adını «Qarağacıtorq» qoymuşdular. Qarağacı isə Ağdamda məşhur qəbiristanlıqıydı. Qardaşı da alverçi idi, elə onun kimi. Sonra iki qardaş birləşib bir «Moskviç» almışdılar, Əhmədin qardaşı oğlu sürürdü. O da tez-tez qardaşı oğlunun maşın sürməyini  hamıya tərifləyirdi. O qədər təriflədi ki, yazıq uşaq gözə gəldi və maşını  vurdu. 

Bazarın ispalkomu da Müzəffər kişi idi. Həm  taxçalara talon paylayırdı, həm də pul yığırdı. Bəzən taxça sahibləri artıq alınan pulun  üstündə mübahisə edirdilər. 

Müzəffər kişi də deyirdi:

- Siz satdığınız malları qiymətindən artıq sata bilərsiniz, mən talonu sizə yazıldığı qiymətdən artıq verə bilmərəm?

Müzəffər kişi də qazandığı puldan hər həftə rayonun ispalkomuna bazarlıq göndərirdi. Necə ki bazarın birinci katibi hər bazar rayonun  birinci katibinə pay-pürüş göndərirdi. Bazarın milis rəisi də şəhərin milis rəisinə. Bircə bazarın prokuroru Möhü dayı heç kimə, o cümlədən də şəhərin prokuroruna pay göndərməzdi. Nə qazanırdısa hamısı özünün idi.  Hələ şəhər  Milis idarəsinin rəisi bazarda qayda-qanunu yaxşı yaratdığına görə ona (bir drujinnik) vəsiqəsi və nişanı da vermişdi. Çox vaxt nişanı döşündən asırdı. 

Ağdam azad olunandan sonra hökumət adamları və «Qarabağ» komandası ilə birlikdə şəhərə ayaq basanlardan biri də mən idim. Mikroavtobusla getmişdik. Siqaretim yadımdan çıxıb qalmışdı avtobusda. Sürücü harasa getdiyindən avtobusun qapısını aça bilmədim. Mən də «Kent 8» çəkməyi vərdiş etmişəm. Kimdən bir dənə siqaret istədimsə heç kəsdə «Kent 8» olmadı.  Bir polis zabiti gördü ki, pərt olmuşam, üzünü tutub bir serjanta dedi:

- Ə, qaç bazardan məllimə bir Kent səkkiz al. 

Serjant da qaçdı getdi olmayan bazara, hardansa bir «Kent 8» tapıb gətirdi. Polis zabitinin bu zarafatı məni kövrəltdi. 

P.S. Əziz oxucu, mən Ağdam bazarını tam təsvir edə bilmədim, üstündən 35 il keçib. Və  bunu ona görə yazdım ki, az-çox da olsa Ağdam bazarı haqqında həm sizdə təsəvvür yaradım, həm də ağdamlıları kövrəldim. Və gün gələcək Ağdam bazarı əvvəlkindən də böyük olacaq.  Bu dəfə hardansa atom bombası tapıb gətirsələr də, amma Xanəhmədisi, Möhü kişisi, Qarağacıtorq Əhmədisi, Temir əmisi, Seyid Lazım ağası  olmayacaq. 

SON
 

TƏQVİM / ARXİV