adalet.az header logo
  • Bakı -°C

Heç-heçəyə “Qarabağ”ın rəqibləri sevinsinlər - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
227 | 2025-11-07 13:55
A- A+

Futbola baxmamağa çalışdım

Futbol azarkeşi deyiləm. Gənclik illərimdə böyük maraqla izləyirdim, amma bir hadisədən sonra qərara gəldim ki, bir daha futbola baxmayım.

Türkiyə milli komandası dünya çempionatında oynayırdı (üçüncü yer qazandığı il). Hansı komandaya qarşı oynadığını xatırlamıram. Ofisdə bir neçə həmkarla birlikdə oyuna baxırdıq. Gərgin an idi. Həmkarlarımdan biri zarafatla Türkiyə millisi haqqında xoşagəlməz sözlər dedi. Elə oradan da hər şey başladı – həm mübahisə, həm də mənim futboldan uzaqlaşmağım.

Stulu götürüb onu vurmaq istədim. Qaçdı. Yaxşı ki, də qaçdı, yoxsa ona doğru atdığım stuldan zədələnə bilərdi. O vaxtdan futbola baxmamağa çalışdım.

Avropa klublarının azarkeşləri

Futbola olan hisslərim tamamilə sönmüşdü, ta ki, “Qarabağ” tarix yazmağa başlayana qədər. Bu klub həqiqətən tarix yazır. Bəlkə də Azərbaycanda yaşayanlar bunu tam hiss etməzlər;  sadəcə qələbəyə sevinər, xarici mətbuatda yazılanları izləyərlər. Amma bu uğurları xaricdə, başqa ölkədə canlı eşitmək tamam başqa zövqdür.

Məsələn, çox yeni bir hadisə: 5 noyabrda “Qarabağ” “Çelsi” ilə oyunda heç-heçə etdi. Bir vaxtlar belə bir nəticə bizə xəyal kimi gələrdi. Vaxtilə bu səviyyədə klublara 1:0 uduzsaq, onu “qələbəyə bərabər məğlubiyyət” adlandırardıq. İndi isə heç-heçəyə sevinmirik, indi qələbə istəyirik.

Bu nə deməkdir, təsəvvür edirsinizmi? Əgər belə davam edərsə, çox keçməz Avropanın bir çox klubları “Qarabağ”la heç-heçəni özləri üçün qələbə sayacaqlar. Bəlkə də artıq sayırlar.

Həmin oyundan bir gün sonra Niderlandda olduğum bir çox yerdə bu oyundan danışıldığını eşitdim. Hətta həmin gün öyrəndim ki, dekabrda Amsterdamın “Ayaks” (Ajax) klubu Bakıya gələcək, “Qarabağ”la qarşılaşmağa.

Tanıdığım bir çox “Ayaks” azarkeşi narahatdır. “Qarabağ”ı “Çempionlar Liqasının sürpriz komandası” adlandırsalar da, içlərində bir qorxu var. Marketin qarşısında bir neçə nəfərin söhbətinə qulaq kəsildim, deyirdilər: “Karabax (burda belə tələffüz edirlər) 2:0 udacaq.” Sonra da əlavə etdilər ki, “Əgər ‘Ayaks’ bu komandaya qarşı heç-heçə edə bilsə, elə qələbə sayılır.”

Siz mənim sevincimi təsəvvür edə bilirsinizmi? Xaricdə belə sözləri eşitmək insana necə qürur hissi verir, bilirsinizmi?

Qələbə istəyirik

Dünyanın tanınmış klublarının azarkeşləri “Qarabağ”la heç-heçəni qələbə sayırlarsa, demək ki, “Qarabağ” artıq çox şeyə nail olub.

Amma bu o demək deyil ki, biz də “Qarabağ”ın heç-heçəsinə razıyıq.
Biz artıq heç-heçəyə sevinən azarkeşlər deyilik.
Heç-heçəyə “Qarabağ”ın rəqibləri sevinsinlər.
Biz qələbə istəyirik və qələbə gözləyirik.

P.S. “Qarabağ” deyəndə nədənsə mənim ağlıma ilk gələn Qurban Qurbanov deyil, Aqil Abbas olur. Odur ki, “Qarabağ” haqqında, burrada yazdığım və yazmadığım, eşitdiklərimi bölüşmək üçün Aqil müəllimə zəng etdim. Danışdım, Aqil müıllim də - “Bunları yaz” – dedi. Mən də yazdım.

 

Vüqar Abbasov

Niderland

ENA - nın  (European News Agency) əməkdaşı.

TƏQVİM / ARXİV