Avropa Xəbər Agentliyində (European News Agency) yayımlanmış məqaləmi Azərbaycan dilində “Ədalət”in oxucuları ilə bölüşürəm.
Yazıya keçid linki: https://www.european-news-agency.de/politik/winners_without_victory-93451/
***
Qalib olmayan qaliblər
ABŞ ilə İran arasında aparılan danışıqlar nəticəsiz başa çatdı. Əslində bunu gözlənilməz hesab etmək olmaz. Mütəxəssislərin fikrincə, hər iki tərəfin irəli sürdüyü şərtlər qarşı tərəf üçün qəbuledilməz idi. Təsadüfi deyil ki, atəşkəs elan olunarkən hər iki tərəf özünü qalib kimi təqdim edirdi. Azərbaycanda buna “arxı tullanmadan hop demək” deyirlər, yəni nəticə əldə olunmadan uğur elan etmək.
ABŞ və İran da məhz belə davrandı. Atəşkəsin tezliklə pozulacağı gözlənilir. Hətta mümkündür ki, mən bu sətirləri yazarkən artıq bu baş verib, baxmayaraq ki, atəşkəsin 22 aprelədək qüvvədə qalması razılaşdırılmışdı.
ABŞ İrandan nə istəyir? Məlumdur ki, ABŞ 1995-ci ildən İrana qarşı ticarət embarqosu tətbiq edir və bunun səbəbləri də kifayət qədər aydındır. Son danışıqlarda əsas müzakirə mövzuları Hörmüz boğazı və İranın nüvə proqramı idi. Lakin tərəflər razılığa gələ bilmədi və yaxın zamanda da belə bir razılaşma gözlənilmir.
Bu qarşıdurma təkcə ABŞ və İrana deyil, dünyanın bir çox ölkələrinə iqtisadi təsir göstərib. Neft və yanacaq qiymətləri rekord səviyyəyə yüksəlib. Bəzi siyasi şərhçilərə görə, ABŞ-ın bu münaqişəsi yalnız İranla deyil, eyni zamanda Çin və Avropa İttifaqına qarşı da yönəlib.
Təsadüfi deyil ki, Prezident Donald Tramp dəfələrlə Avropa ölkələrini NATO çərçivəsində ABŞ-a yetərincə dəstək verməməkdə ittiham edib. Bununla belə, o, hələ də müttəfiqlərin dəstəyinə ümid etdiyini bildirir.
Danışıqların uğursuzluğundan sonra Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını blokadaya alacağını elan edib. Eyni zamanda, ABŞ İran tərəfindən yerləşdirildiyi iddia edilən minaların təmizlənməsi işlərinə başlayıb. Tramp qeyd edib ki, Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələr bu prosesə mina təmizləyən gəmilər göndərməklə dəstək verir. O, həmçinin beynəlxalq sularda İrana “rüsum” ödəyən gəmilərin saxlanılması barədə göstəriş verib və bunu “qlobal reketlik” kimi qiymətləndirib.
Bundan sonrakı proseslərin necə inkişaf edəcəyi olduqca maraqlıdır. Çünki heç bir tərəf geri addım atmaq niyyətində görünmür. ABŞ üçün geri çəkilmək Prezident Tramp və onun siyasi qüvvəsi üçün ciddi nüfuz itkisi demək olardı. İran üçün isə bu, həm mövcud rejimin zəifləməsi, həm də regiondakı təsir imkanlarının azalması ilə nəticələnə bilər.
Müharibənin başa çatması üçün İranın nüvə silahı proqramından imtina etməsi və Hörmüz boğazını açması, ABŞ-ın isə İran neftindən asılılığı azaltması tələb olunur. Lakin bunun üçün neftin qlobal əhəmiyyətinin azalması lazımdır. Hazırda isə neft hələ də strateji baxımdan böyük dəyərə malikdir.
Hillary Clinton “Çətin seçimlər” kitabında “siyasəti ilə razılaşmadığımız, lakin əməkdaşlığına ehtiyac duyduğumuz dövlətlər” anlayışından bəhs edir. Ola bilsin ki, gələcəkdə ABŞ İranla münasibətlərdə də bu yanaşmanı tətbiq etsin.
Hələlik isə əsas sual açıq qalır: danışıqlar davam edəcək, yoxsa qarşıdurma daha da dərinləşəcək? Başqa sözlə desək, alova su töküləcək, yoxsa neft?
Vüqar Abbasov
Niderland
Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı


Bakı -°C
