O, “Qarabağ” Futbol Klubunun direktoru kimi mühüm və məsuliyyətli vəzifəyə təyin olunanda cəmi 28 yaşı vardı. Həmin vaxtdan düz 22 il ötüb. Bir igidin ömründən də çox.
“Azərsun Holdinq”un mərhum prezidenti Abdolbari Gozal 2004-cü ildə Emrah Çelikeli yanına çağırıb ona klubda etimad göstərəcəyəni deyəndə nə bu “Qarabağ” indiki “Qarabağ” idi, yəni səsi-sorağı Azərbaycanın hüdudlarını aşmışdı, nə də heç Çelikel özü futbolda bişib-yetişmiş biri idi.
Sadəcə, hələ cəmiyyətimizdə tanınmayan, yeni yaranan bir holdinqin həyatından “cəhənnəmdəki Azərbaycan futboluna” nabələd olan gənc bir kadr idi. Vəssalam! Nabələd, həm də bu sahədə təcrübəsi olmayan.
İndi gəl, bu odun-alovun içindən çıx görüm, necə çıxırsan. İndi gəl, futbolumuzun qara-qura işlərinin “sənətkarları” arasında baş aç görüm, necə açırsan…
Bir klubu klub etmək üçün hansı fədakarlıqlara gedirsən, nələri, hansı riskləri gözə alırsan? Və kimlə, kimlərlə? Nəhayət, özün nə vaxt və hara qədər sənə etimad edənlərin inamını doğruldub bir klubda qalırsan?
2004-cü ildə bu sualların cavabını yəqin ki, heç Çelikel özü belə bilmirdi. Zaman isə hər şeyə işıq tutdu. İndi il olub 2026, futbolumuzdan çox adam gəlib-keçib, aralarında pis və yaxşı izlər qoyanlar olub, çox klub dağılıb, dağılmayanların bir çoxunun sütunları isə zədələnə-zədələnə gedir. Amma dağılmayan, sütunları zədələnməyən, əksinə ilbəil möhkəmlənə-möhkəmlənə irəliləyən klubumuz da olub.
“Qarabağ” olub.
“Qarabağ”ı komanda kimi komanda edən Qurban Qurbanov, onun bacarıqlı məşqçi heyəti olub.
“Qarabağ”ı nümunəvi, etibarlı klub kimi klub edən insanlar olub: Abdolbari Gözal (Allah rəhmət eləsin!), Tahir Gozal, Fevzihan Aras, Emrah Çelikel, Asif Əsgərov, klubun neçə-neçə menecer, texniki və ofis heyət üzvü.
Avropada artıq mötəbər və nəhəng klubların da saydığı bir kluba çevrilib “Qarabağ”. Bu, həm də klubla (rəhbərlik) komanda (Qurban Qurbanov) arasındakı möhkəm uğur zənciri hesabına mümkün olub. Və bu zəncirdə bir kilid adam var: Emrah Çelikel.
22 illik “Qarabağ” karyerasında futbolumuzun peşəkarlarından, qiymətli kadrlarından birinə çevrilən nümunə idarəçi.
Həm də Dost adam (çətin gündə), İnsan adam (hər gündə).
Özü və Yolu İşıqlı Adam!
50 yaşınız mübarək!


Bakı -°C
