Avropa Xəbər Agentliyində (European News Agency) yayımlanmış son yazımı “Ədalət”in oxucuları ilə bölüşürəm. Yazıya keçid: https://www.european-news-agency.de/politik/in_search_of_oil_or_democracy-92810/
***
Dünya yenə çalxalanır. Əslində, dünyanın çalxalanmayan günü olmayıb. Dünyanın sakit vaxtını şəxsən mən yalnız doğulduğum, uşaqlığım və yeniyetməliyimin keçdiyi Sovet dövründə görmüşəm. O da ona görə ki, uşaq idim və dünyada baş verənlərdən xəbərim olmurdu. Həm də məktəbdə bizə təbliğ edirdilər ki, SSRİ güclü dövlətdir və dünyada nə baş versə də, biz, yəni Sovet vətəndaşları, hər zaman təhlükəsiz olacağıq. Biz də özümüzü təhlükəsiz hesab edirdik.
Sovet İttifaqı dağıldı və dünyanın güc balansı pozuldu. Dünyada bir hegemon dövlət qaldı: Amerika Birləşmiş Ştatları. O gündən bəri də dünyanın, demək olar ki, yeganə söz sahibidir.
Dünya çalxalanır. İranda baş verənlər öz yerində. Ukraynanın Rusiya tərəfindən işğalı artıq ikinci plandadır… Bəlkə də məqsədlərdən biri məhz buna – sonuncunun ikinci plana keçməsinə nail olmaq idi? Bəlkə də, kim bilir.
Yeri gəlmişkən, bir çox siyasi ekspertlərin dediyinə görə növbədə İran dayanır. Hazırda isə müzakirə olunan mövzu ABŞ-ın Venesuela prezidentini və onun xanımını qaçırmasıdır. Məlum olduğu kimi, ABŞ onları qaçıraraq Nyu-Yorka gətirib. Buna da Venesuela prezidentinin diktator olması əsas gətirilir.
Bəs kim daha çox diktatordur? Öz ölkəsinin qanunlarını saymayan, diktatorluq edən, yoxsa bütün beynəlxalq təşkilatları, qaydaları və qanunları nəzərə almadan başqa bir ölkənin sərhədini pozub həmin ölkənin prezidentini xanımı ilə birlikdə qaçıran?
Maraqlı sualdır, məncə. Hətta Amerika mətbuatı da məsələyə ölkə prezidentindən fərqli yanaşır. Amerika mətbuatından bəzi sitatlar:
The New York Times: “Qanunsuz və ağılsız addım!”
The Washington Post: “Tramp Maduro əməliyyatı üçün Konqresin icazəsini almayıb!”
Bütün bunlar çox şey deyir. Əslində, Prezident Tramp Venesuela prezidentini hər vasitə ilə hakimiyyətdən getməyə məcbur etməyə çalışırdı. O, buna hazırlaşırdı. Amma bu qədərini təsəvvür etmək çətin idi.
Prezident Tramp dəfələrlə bu ölkədəki neft yataqlarından, Amerika şirkətlərinin Venesueladan, xüsusən də neft sektorundan uzaqlaşdırılmasından danışmışdı. Amma yenə də bu qədərini gözləmək çətin idi.
Hadisədən sonra isə ABŞ Prezidenti Venesuelanın müvəqqəti olaraq Amerika tərəfindən idarə olunacağını açıq şəkildə bəyan edir. Həm də bunu hüquqi yollarla edəcəklərini deyir. Amma sual açıq qalır: başqa bir ölkənin sərhədlərini pozaraq onun prezidentini xanımı ilə birlikdə qaçırmaq nə dərəcədə hüquqidir? Bu, beynəlxalq qanunlara nə qədər uyğundur?
Məqsəd həqiqətən demokratiyanın bərpasıdır, yoxsa Amerika neft şirkətlərinin yenidən Venesuelaya qayıtması və dolayısı ilə bu ölkənin neftinə nəzarətdir?
Yazını Viktor Hüqonun “Səfillər” əsərindən bir sitatla bitirmək istəyirəm:
“Cəza verənlərin cinayəti, məhkum edilənin cinayətindən daha böyük olmurmu?”
Vugar Abbasov
[email protected]


Bakı -°C
