adalet.az header logo
  • Bakı -°C

Vətən təəssüratları 2026 (Üçüncü yazı) - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
59 | 2026-09-23 09:00
A- A+

Yazının əvvəli burada

Davam edək

Bayaq qaldığımız yerdən, məmləkətimizə qonaqlarımızın gözü ilə baxmağa davam edək. Bakının mərkəzini çox bəyəndilər. “Heç Avropanın bir çox şəhərində, hətta paytaxt şəhərlərinin bir çoxunda belə təmizlik yoxdur”, — deyirlər.

Gülümsəyirəm: “Baxaq, bizə Kürdəxanıya gələndə də təmizliklə bağlı fikrinizdə qalacaqsınız?” — deyə düşünürəm, amma bərkdən demirəm. Nə qədər də olsa, ölkəmizdir. Bilmirəm buna görə, yoxsa nəyə görə, tez: “Yavaş-yavaş hər yeri səliqəyə salmağa başlayırlar. Hələlik mərkəzi tam belə düzəldiblər və getdikcə mərkəzdən kənar yerləri də bu cür səliqəli, təmiz etməyə doğru gedirlər”, — deyirəm və qəribəsi budur ki, özüm də öz dediyimə inanıram. Kaş ki, belə olsun. 

Bəzi qonaqlarımız özləri maşın kirayə etmişdilər, bəzilərinə isə dostlarımdan xahiş etdim, yeri gəlmişkən, buradan hər birinə təşəkkür edirəm. Onlar da qonaqlarımızı bəzi rayonlarımıza apardılar. Bu barədə yazacağam. Hələlik isə bizim toy adətlərimizi necə gördüklərini, nə düşündüklərini yazım.

Toylarımız

Toy etmək, ailə qurmaq çox sevincli bir hadisədir. Amma şəxsi fikrimə qalsa, toy məsələsi məmləkətimizdə əməllicə biznesə çevrilib. Aylardır ki, toya hazırlıqla bağlı çox videolar izlədik, çox məsələləri öyrəndik. Evlənmək, ailə qurmaq məmləkətimizdə çox çətinləşib. Hər şeyi pula çevirmişik.

Bunu da təzə (videolarda) görmüşəm ki, elçilikdə şirin çay gətirəndə qonaqlar da siniyə pul qoyurlar, bəyin atası həm də bahalı telefon hədiyyə edir... Nə bilim, filan dəst gəlsin, mütləq bahalı daş-qaşla bəzədilmiş olsun, bu paltar olsun, o xonça olsun... Bir sözlə, imkanı olmayan külli miqdarda kredit götürüb toy etməli, sonra da borc qaytarmalıdır. Həm də hər iki tərəf, həm qız, həm də oğlan tərəfi. Axı qız tərəf də cehiz verməlidir.

Hələ bu şirinliklər... Hamı şirinlik istəyir (bunları isə özümüz yaşadıq): gəlin paltarı kirayəyə verən də, xına mərasimini idarə etməyə gələnlər də, fotoqraf da, video çəkən də, toyda xidmət edənlər də... Sonuncuları hardasa anlayıram. Amma digərlərini anlamaqda çətinlik çəkirəm. Məsələn, gəlinlik kirayə verən, fotoqraf və digərləri onsuz da xidmətlərinin haqqını alırlar. Bu, onların biznesidir. Nə qiymət deyilir, o da verilir. Bir də şirinlik haradan çıxıb, anlamaqda çətinlik çəkirəm... Yazası olsam, çox yazaram, amma mövzu o deyil. Niderlandlı qonaqlarımız, əlbəttə ki, bunları bilmirdilər və bilmirlər də.

Toy günü

Toy zalı, yeməklər, musiqilərimiz, rəqslərimiz... Bütün bunlara heyran qalmışdılar və bunu da səmimi olaraq dedilər. Milli rəqslərimizi bacardıqları qədər rəqs etməyə çalışdılar.

Toydakı digər qonaqlarımız, soydaşlarımız da avropalı qonaqları diqqətsiz qoymurdular: onlarla rəqs edən kim, şəkil çəkdirən kim... Bu diqqət qonaqlarımı çox təsirləndirmişdi, yaxşı mənada. Xalqımızın qonaqpərvərliyinə çətin ki, başqa xalqlarda rast gəlinsin.  Bizim xalqımızın bu xüsusiyyəti hər yerdə rast gəlinən deyil.

Toya gəlincə, qısa olaraq bir neçə məqamı qeyd etmək istəyirəm.

Toydan xeyli əvvəl doğmalarım narahat idilər. “Uzun müddətdir ki, burada yaşamırsan...” — deyirdilər. Toya dəvət edə biləcəyim kifayət qədər dostumun, tanışımın olmayacağından narahat idilər. Xüsusən də anam bu məsələyə görə nigaran idi.
Bir tərəfdən də məni xəbərdar edirdilər: “Çox xərc etmə, sadə toy et. Əlavə musiqi qruplarına, rəqslərə və sairəyə ehtiyac yoxdur. Xərcə, borca düşəcəksən”.

Onları başa düşürdüm. Amma zarafatla deyirdim: “Narahat olmayın. Mənim buradakı valideynlər kimi qayğılarım yoxdur”.
Əlbəttə, valideyn kimi mənim də öz qayğılarım var. Amma bir çox məsələlərdən azadam. Məsələn, övladım ali məktəbi bitirib deyə onu işə düzəltmək üçün tanış-biliş axtarmaq kimi bir qayğım yoxdur. İş elanları aidiyyatı iş axtramaq üçün nəzərdə tutulmuş internet səhifələrinə yerləşdirilir və ilk tapmaq imkanı hamı üçün eynidir: nazir övladına da, milyonçu övladına da, sadə ailədən çıxmış birinə də… Cehiz vermək də mənim üçün problem deyil. Nə alıb versəm, təşəkkür edəcəklər. “Bu da olmalıdır, o da olmalıdır” deyən olmayacaq. Aldığımız və verdiyimiz heç nəyə qayınana-qayınata prizmasından yanaşılmayacaq.
Ev məsələsi də hələlik problem deyil. Tələbə yataqxanasında bir otaqları var, ev üçün də müraciət ediblər. Yazılıblar, vaxtı gələndə ev də çıxar.

Hər şey birdən-birə həll olunmur. Mənim üçün əsas olan da budur ki, toy pul yığmaq üçün vasitəyə çevrilməsin və çevrilməməlidir. Toy borca girmək, illərlə həmin borcu qaytarmaq üçün deyil, iki gəncin həyatında gözəl və yaddaqalan bir gün olmaq üçündür. Toy nə də özünü göstərmək, sübut etmək üçün edilmir. Toy, mənim fikrimcə, sevincini doğmaların, dostlarınla bölüşmək üçündür. Övladınla bağlı arzunu həyata keçirtmək üçündür. 

Yeri gəlmişkən, çox maraqlı bir hadisə də oldu. Qızımın toyundan cəmi bir neçə gün sonra onların ev üçün müraciət etdikləri qurumdan məktub gəldi. Yazılmışdı ki, sizə ev təklif edirik, filan tarixdə gəlib evə baxa bilərsiniz.

Yəni, görünür, bu məsələdə narahat olmamağımda haqlı imişəm. Bəzən hər şeyi əvvəlcədən bu qədər düşünməyə də ehtiyac olmur. Hər şeyin öz zamanı var. Amma təbii ki, bunun üçün ən azı soasial əminliyin olmalıdır. 

Toya dəvət edə biləcəyim insanlara gəlincə, anam bilmirdi ki, mən uzaqdan da olsa, şəxsən iştirak etməsəm də, dost-tanışlarımın ailəsindəki hər bir xeyir işdə hansısa formada təbrikimi çatdırır, dostluğumu göstərməyə çalışmışam və bundan sonra da belə olacaq.

Əslində toya ən çoxu 100 nəfər dəvət etmək fikrində idim, amma bu say təxminən iki dəfəyə yaxın artdı. Sağ olsunlar, doğmalar, dostlar, qonşular bizi tək qoymadılar. Təsadüfi deyildi ki, toyun əvvəlində qonaqlara ənənəvi “xoş gəldin” çıxışımı məhz Məmməd

Arazın bu misraları ilə başladım:

“Qohum da soyuyur, yad da soyuyur,
Gedən unudulur, gedən unutmur.
Qərib ürəyində bir səs uyuyur,
Vətən unudulmur, Vətən unutmur.”

Davam edərək qeyd etdim və buradan bir daha qeyd edirəm ki, zala, gələn qonaqlara baxanda gördüm: nə gedən, yəni mən və ailəm, unudub, nə də gedən unudulub.

Yeri gəlmişkən, M. Araz bu misraları ötən əsrin ikinci yarısında Fransaya səfərindən, bir mühacirlə qarşılaşmasından sonra yazıbmış, səhv etmirəmsə. Buradan doğmalara, dostlara, qonşulara, sevincimizi bölüşən hər kəsə bir daha təşəkkür edirəm.

Ardı var. 

Vüqar Abbasov.
Niderland. 
Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı

  • Avqust:
  • 28

TƏQVİM / ARXİV