adalet.az header logo
  • Bakı -°C

İran başını itirib - Vüqar  Abbasov yazır

VÜQAR ABBASOV
202 | 2026-03-06 13:16
A- A+

Avropa Xəbər Agentliyində (European News Agency) yayımlanmış son yazımı “Ədalət”in oxucuları ilə bölüşürəm. Yazıya keçid: https://www.en-a.de/politik/ran_has_lost_its_head-93165/

***

İran başını itirib – həm birbaşa, həm də məcazi mənada. Birbaşa mənada ona görə ki, bir neçə gün əvvəl İranın ali dini lideri Ayətullah Xamenei öldürülüb. Məcazi mənada isə görünən odur ki, ölkə artıq nə etdiyini tam düşünmədən hərəkət edir və hətta qonşu dövlətləri də hədəfə alır.

İran o qədər nəzarəti itirmiş kimi görünür ki, 5 mart 2026-cı ildə Azərbaycanın Naxçıvan bölgəsinə pilotsuz dronlarla zərbə endirib. Dronlardan biri Naxçıvan hava limanı yaxınlığına, digəri isə bir məktəbin yaxınlığına düşüb. Nəticədə yaralananların olduğu bildirilir.

Hadisənin diqqət çəkən tərəfi isə odur ki, bu hücum Azərbaycan Prezidentinin İranın ölkədəki səfirliyinə gedərək İranın ali dini liderinin ölümü ilə bağlı başsağlığı verməsindən qısa müddət sonra baş verib. Prezident İlham Əliyev də qeyd edib ki, o, İranın ali dini liderinin ölümü münasibətilə başsağlığı verən yeganə dövlət başçısı olub. Yəni Azərbaycan İranla düşmən münasibət göstərmədiyi halda belə bir hücumun baş verməsi çox suallar doğurur.

Əslində bu, ilk belə hal deyil. İran Azərbaycanın Ermənistanla apardığı İkinci Qarabağ müharibəsi zamanı da Azərbaycana qarşı soyuq və bəzən açıq şəkildə mənfi mövqe nümayiş etdirmişdi.

Azərbaycanda son hadisələrə münasibət demək olar ki, birmənalıdır. Bir çoxları hesab edir ki, İran hazırda ciddi siyasi və hərbi böhran içindədir və hadisələrə emosional reaksiya verir. Məsələn, jurnalist, siyasi şərhçi və filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli sosial şəbəkədə yazıb ki, İranın səbəbsiz şəkildə əvvəl Türkiyəyə, daha sonra isə Naxçıvana zərbə endirməsi ölkənin ağır vəziyyətdə olduğunu göstərir. Onun fikrincə, molla rejiminin illərlə apardığı yanlış siyasət nəticəsində ölkədə siyasi koordinasiya zəifləyib və bəzi hərbi qurumlar artıq düşünülməmiş addımlar atırlar.

Xatırladaq ki, İran bir neçə gün əvvəl Türkiyəyə qarşı da oxşar addım atmışdı. Son hadisələr bir daha göstərir ki, regionda gərginlik artır və İranın gələcək addımları ciddi narahatlıq yaradır.

Bir çox müşahidəçilər hesab edir ki, belə bir vəziyyətdə İranın nüvə silahı əldə etməsi təkcə qonşu ölkələr üçün deyil, bütün dünya üçün ciddi təhlükə yarada bilər.

Vüqar  Abbasov

Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı.

  • Mart:
  • 6

TƏQVİM / ARXİV