adalet.az header logo
  • Bakı -°C

 «GÖZLƏYİN, DÜNYAYA QAYITMAĞIM VAR..» -  VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
86 | 2026-04-29 13:42
A- A+

  (İsa İsmayılzadə – 85)

«Hərdən şeirin-sözün sıxıntısından, «qələmə gəlməyən sözün, əlimə gəlməyən sözün» ağrısından ürəyim sızıldayır, dünyada məndən ötrü hər şeyin qurtardığı belə anlarda harasa baş götürüb qaçmaq, uzaqlarda, əl çatmayan, ün yetməyən bir yerdə yolumu gözləyən itkin sözlərin dalınca düşmək, doğma, əziz bir adam kimi o sözə sığınmaq, o sözün boyunu oxşamaq istəyirəm» – İsa İsmayılzadə bu sözləri söyləyəndə hələ ölümünə 13 illlik bir yol dururdu. Onda 1984-cü il idi, həmin bu sözləri İsa İsmayılzadə «Anamla söhbət» kitabındakı ön sözdə söyləmişdi.

«…Bu dünyanın, yəni ömrün bir qurtaracağı var, insan nə vaxtsa ölür, sən də, mən də – hamımız öləcəyik..»

İsa İsmayılzadə – bu istedadlı və bənzərsiz Azərbaycan şairi  elə sağlığında öz ölümündən danışırdı. Ancaq o, bəzi şairlərdən fərqli olaraq «ölməz Kaşşey» libasına bürünmürdü. Elə bil, ölümün labüdlüyünü dərk edir və buna hazırlaşırdı. Amma haçansa yenidən bu dünyaya bir də qayıdacağına da inanırdı:

   Bu dünyaya bir də qayıtmağım var…

  Qəbrimin üstündə bitən gülləri,

  Uyumuş,

                   soyumuş  torpağı-daşı

  Ölüm sükutundan oyatmağım var.

  Nəsə, ürəyimə damıb, bilirəm-

  Bəlkə də yüz ildən, min ildən sonra,

  Milyon ildən sonra-nə bilmək olar-

  Nə vaxtsa dönəcək ömrün illəri.

 

Amma İsa qayıtmadı.

1997-ci ilin iyul ayında sapsağlam bir Azərbaycan şairi birdən-birə ölüm yatağına düşdü və gözlərimizin qarşısında şam kimi əridi, tanışlarının çoxu onun bu qəfil xəstəliyindən xəbər tutmamış dünyasını tərk etdi.

Neçə  il əvvəl İsa İsmayılzadənin «Gözləyin, dünyaya qayıtmağım var..» kitabı çap olundu,  elə bilirəm, heç bir möcüzə olmadan o kitabla İsa İsmayılzadə öz dostlarının, qələm yoldaşlarının, əzizlərinin görüşünə gəldi. Kitabın tərtibində və nəşrə hazırlanmasında yazıçı Nəriman Əbdülrəhmanlının böyük zəhmətini bəri başdan qeyd edirik. Burada İsanın müxtəlif illərdə çap olunmuş kitablarında seçmə şeirlər, poemalar təqdim edilir, həmçinin sağlığında və ölümündən sonra İsa İsmayılzadə yaradıcılığından söz açan məqalələr də əlavə olunur. Beləliklə, ŞAİR İSA İSMAYILZADƏ obrazı bütünlüklə gözlərimiz qarşısında canlanır.

İsa İsmayılzadə 60-90-cı illər Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri idi və indi, onun ölümündən keçən bu  illər ərzində biz bunu daha artıq hiss edirik ki, onun poeziyası təkcə yazıldığı illərin deyil, bu günün və gələcəyin də poeziyasıdır. O, elə bir vaxtda ədəbiyyata gəlmişdi ki, artıq sənətdə yeni meyllər, tendensiyalar meydana gəlirdi, İsa və onun mənsub olduğu ədəbi nəsil bədii axtarışlar yolunu tutub bu yeniliyin ədəbiyyatda inikas olunmasında böyük rol oynadılar. Əlbəttə, yenilik, novatorluq həmişə müqavimətlə, mühəfizəkarlıqla qarşılanır və İsa İsmayılzada də bunu özünün sənət taleyində hiss elədi. Yaxşı xatırlayıram ki,İsanın «Yağış gölməçəsi» şeiri mücərrəd, anlaşılmaz, guya ədəbi ənənələrə zidd bir poeziya nümunəsi kimi tənqid hədəfinə çevrildi. İsa yağışın yağmasını, bu yağışdan yaranan gölməçələri təsvir etmişdi, amma necə?

    Yağdı, tala-tala gölməçə yağdı,

     Göylərin dəlisov ilhamı yağdı,

     Sərçələrin soyuq «hamamı» yağdı,

     Yağış gölməçəsi buludla doldu,

     Günəşlə,

      payızla,

      sükutla doldu.

 Sonralar «eksperiment» kimi qəbul edilən bu tipli şeirlər yazmaq adi hala çevrildi və məlum oldu ki, sözün min bir çaları varmış, sözün rəngləri, naxışları, fəsilləri varmış, sadəcə olaraq bunları şeirə gətirmək lazımmış. İllər keçdi və İsa İsmayılzadə də bir çox yaşıdları kimi etiraf olundu, hətta cavanlara qarşı çox qısqanc bir mövqedə dayanan Məmməd Rahim İsanın bir şeiri haqqında ayrıca məqalə yazdı, onu istedadlı bir şair kimi təriflədi. Həmin şeir isə İsa İsmayılzadənin müharibə haqqında yazdığı ən gözəl şeirlərindən biri kimi poeziyamızın inciləri sırasına daxil oldu:

      Getdilər. Getdilər fit çala-çala,

      Getdilər atları çimizdirməyə.

      Bizi aparmadılar.

      Qulançar yığmağa, moruq dərməyə

      Bizi aparmadılar.

 

       Getdilər, getdilər Berlinə sarı,

       getdilər, getdilər ölümə sarı.

       Güllələr demədi: geri qayıdın.

       Lülələr demədi: geri qayıdın,

       qəlpələr demədi: geri qayıdın,

       hələ uşaqsınız, nə yaşınız var.

İsa İsmayılzadənin poeziyası XX əsrin mürəkkəb, təzadlı mənzərəsini əks etdirmək baxımından hər hansı bir tədqiqatçı üçün maraqlı bir mənbə ola bilər. Onun şeir və poemaları vaxtında öz qiymətini alıb. Tərtibçi bu kitaba İsanın  yaradıcılığından söz açan ən xarakterik məqalələrə də yer ayırıb. «İmzalar və ümidlər» məqaləsində görkəmli tənqidçi Yaşar Qarayev yazırdı: «Poeziya ilə hər uğurlu görüş  yeni bir imzanın təravəti ilə rastlaşanda baş verir. Əsl şeirdə varlıq da, dünya da hər dəfə yenidən, hər dəfə «ilk dəfə» görynə bilər. şairlər varlığın ifadə etdiyi poetik mənanı və bədii sərvəti artırırlar. təbiət özü əlavə bir hüsn, məna kəsb etmədən peyzaca – bədii obraza çevrilə bilmir.

«Yarpaqlar lampa tək alışıb-yanır» – bu ilk misradan obraz artıq tapılır: yarpaqlar yaşıl işığa-lampaya, çırağa bənzədilir. Şeirin bütün sonrakı davamı bu epitet üzərində qurulur. Şair bir daha yarpaq sözü işlətmir, sanki ancaq lampadan, ancaq çıraqdan danışır:

      Yuyur çıraqları noyabr ayı,

       ehmalca-ehmalca yerə döşəyir.

       Ehtiyatlı olun, ayaqlamayın,

       lampalar qırılar,

       qaralar meşə»

Yaşar Qarayev İsa İsmayılzadənin altmışıncı illərdə yazdığı şeirlərinin yenilikçi ruhunu düzgün şərh etmişdi. O, doğru qeyd edirdi ki, İsanın bir çox şeirlərində hətta mücərrəd mənəvi anlayışlar, hərəkətlər və proseslər də əyaniləşərək, «cisimləşərək» təsvir edilir.

İsanın poeziyasındakı özünəməxsusluğu Anar belə açıqlamışdı: «İsa İsmayılzadə şeiri rəsm edir, çəkir. O, tapdığı müəyyən bir obrazı, lövhəni kağız üzərində müxtəlif variasiyalarla, dönümlərlə işləyir, çözələyir, eyni bir mənzərəni müxtəlif nöqtələrdən, müxtəlif ölçülərdən göstərir, bir sözlə, eskizlər yaradır. Məsələn, aşağıdakı misralara diqqət edək:

      Gözüaçıq yatan dəniz,

      dəniz, səni kim oyatdı?

      Ay acığı tütan dəniz,

      kim yuxuna ulduz atdı?

  

      Gözlərinmi qamaşdı!

      Ulduzlarmı qımışdı?

      Qurcalandın yerində-

      dalğa yarğanlarından

      bir gəmilik qəm aşdı.

      Ulduzlu yorğanına

      acığı tutan dəniz!»

 Anarın, eləcə də bir çox müəlliflərin qeyd etdiyi bu xüsusiyyət-lövhə, mənzərə, eskiz yaratmaq məharəti, sözlə rəssamlıq etmək məharəti İsanın poeziyasında  çox qabarıq nəzərə çarpırdı.

 İsa İsmayılzadə dünya poeziyasına vaqif olan bir şair idi. Şeir kitablarının birinə yazdığı ön sözdə deyirdi: «İkinci  kursda oxuyarkən, adını təzə eşitdiyim Pablo Nerudanın ikicildlik şeir kitabını mənə bir gecəliyə, ancaq bir gecəliyə oxumağa verdilər. Axşamdan başlayıb gecə yarıya kimi oxuyub qurtardım, amma P.Nerudanın  qüdrətli obraz sehrinin  təsirindən qurtara bilmədim: onda inandım ki, dahilərin əlində söz doğrudan da möcüzədir, sehrdir, nə isə, elastik bir materialdır- onu istədiyi  səmtə əyə bilir, ondan istədiyi fikri-obrazı ala bilir. Söz insanın, daha doğrusu, «sehrbaz şairlərin» necə də qulu olarmış( Füzulini, Rilkeni, Svetayevanı, Bloku, N.Hikməti, Voznesenskini oxuyandan sonra bu qənaətim daha da gücləndi). Ölməz Çili şairinin mənə bağışlvadığı o sehirli gecə mənim ömrümdə yuxusuz, narahat obraz gecəsi kimi qaldı..»

Bu məqamda mən unudulmaz şairimiz Məmməd Arazın İsa İsmayılzadənin poeziyasına həsr etdiyi məqaləsinə üz tuturam: «Şairin sənəti söz sənətidir. O, sözünü yüksək sənət dilində deməyəndə, olur yüzün, minin biri, onda da söz sənətindən söhbət aparan olmur.

   Deyəndə ki:

          Qatar gedir  Araz boyu,

          Gedir qıvrıla-qıvrıla.

          Qarşı dağlar görünəndə

          Qaldım qovrula-qovrula.

          Araz axır sərhəd boyu,

          Araz gedir lilli-lilli,

          Qatar gedir həsrət boyu,

          Həsrətimin paraleli.

 Haray çəkməyi hamı bacarar, şair kimi haray çək görüm! Söz məzmunu çiyninə götürüb dünyaya göstərir. Hamı şair kimi danışa bilmir, şair isə hamı kimi danışır».

İsanın şeir kitablarından zövqümcə (əlbəttə, isasevərlərin zövqünü də nəzərə alıram) olan şeirləri bir-bir sıralayıram: «1941»,»Yağış gölməçəsi», «Oyuncaqsız uşaqlığım», «İşıqlar», «İşıqlı yarpaqlar», «Yarpaq odası», «Güllələr demədi», «Mənim qanadlarım olub bir zaman», «Avqust», «Vaxtla uzlaşmağı bacarmayanda», «Qatar gedir Araz boyu», «İkiyə bölünmüş gün», «Mən bir termos şüşəsiyəm», «Duel», «Gözləyin, dünyaya qayıtmağım var…», «Yaxşı adamların azalır, dünya», «Keçdim Qarayazı düzənliyindən», «Ögey oğullara inanma, Vətən», «İçərişəhər». Və onun poemaları: «Böyüdülmüş şəkillər», «Heykəl Nəsiminin monoloqları», «1937», «Haran ağrıyır, Vətən». Bu şeir və poemalvarın hər biri haqqında ayrıca söz açmaq, onların poetik məziyyətləri barədə danışmaq olar.

İsa İsmayılzadə müharibə dövrünün uşağı idi. Bu dövrün uşaqları atasızlıq müsibətini görmüşdülər, qara xəbərlər eşitmişdilər, boyları yetimlikdən uzanmamışdı, oyuncaqsız qalmışdılar. «Böyüdülmüş şəkillər»  poeması fikrimcə, müharibədən çox-çox sonra yazılsa da, müharibənin nə demək olduğunu poeziyada yüksək sənətkarlıqla əks etdirən bir nümunə idi.

Qarabağ savaşı başlanandan sonra  İsanın üzü gülmürdü. O, hər gün Qarabağ dərdi ilə yaşayırdı. Ölümündən üç il öncə yazdığı «Haran ağrıyır, Vətən» poemasını dı elə bu ürək ağrısıyla yazmışdı. Azərbaycanın bu müharibədə itgilər verməyi, ölkədəki hərc-mərclik, xaos ona ağır gəlirdi.

  Özü boyda göz yaşıdı Qarabağ,

  Dərdimizin başdaşıdı Qarabağ.

Torpaqlarımızın əldən getməyində, fərariliyin qorxulu bəlaya çevrilməsində, kəndlərimizin boşaldılmasında, milli-mənəvi dəyərlərimizin ucuzlaşmasında isə biz günahkarıq. Bu mənada «Haran ağrıyır, Vətən» poeması poetik bir ittihama çevrilir:

  Hara qaçırsan, Oğul?

  Hara qaçırsan, Vətən?-

  Sən qurtaran yerdə Ölüm başlayır..

  Hara qaçırsan Vətən oğlu?!

..Bakıya uçursan, Vətən,

  Bakıya köçürsən, Vətən

  Bakıya qaçırsan, Vətən…

  Mən belə köç istəmirəm, istəmirəm!

  Şəhərdən Vətən olmaz…

Ancaq bu poema-ittihamın sonu nikbinliklə bitir: «döyüş marşı çalınır, haydı, irəli, haydı, irəli, Əsgər Azərbaycanım».

Yadımdadır ki, İsa İsmayılzadə hərdən ədəbi tənqidin kəsərsizliyindən, proseslə ayaqlaşmadığından gileylənirdi, amma heç vaxt tənqidin onun yaradıcılığına biganə qalmağından söz aça bilməzdi. Çünki onun çap olunan hər bir şeir kitabı barədə mətbuatda məqalələr, resenziyalar çap olunurdu.

SON SÖZ: «Gördüm bu dünyanın hər üzünü mən». Həyatın, dünyanın isti-soyuğunu görmüş bir şairin qırx üç yaşında yazdığı şeirindəndir bu misra. Onun ömür yoluna bu bircə misradan da bələdçi kimi cığır açmaq olar. Bu ömür yolunun ən mənalı keçən günləri, ayları, illəri olub və heç şübhəsiz, onu bütünlüklə səciyyələndirməli olsaq, ŞAİR ÖMRÜ ifadəsi üzərində dayanarıq. İsa doğrudan da, əsl şair ömrü yaşadı – həyatda qazandığı bütün uğurlara, sevinclərə, hətta itgilərə görə də, o, şair ömrünə bağlıdır. İsa bu sənət yolunda işıqlı adamlar da görüb, «səhralar qoynunda çiçək» də görüb, işıqsız adamlar da…Lakin  o həmişə zamanın dəyişən küləklərindən öz şair adını ürəyi kimi təmiz saxladı…

TƏQVİM / ARXİV