KƏMALƏDDİN QƏDİMLƏ ON ÜÇÜNCÜ GÖRÜŞ - VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
99 | 2025-07-07 12:10

 «Sədərək rayonunun  Sədərək kəndindən Kəmaləddin  Qədimin şeirləri  ürəyi dolu bir gəncin  könül çırpıntılarıdır, burada yamsılama yoxdur. Misralar yalnız bir qəlbin odundan közərdiyindən oxucunu da isidə bilir. Hiss olunur ki, o yaşayıb yazır. İkinci yaxşı cəhət budur ki, Kəmaləddinin  öz deyim tərzi, öz ifadə üsulu var».

Xalq şairi Bəxtiyar Vahabzadə  Kəmaləddin Qədimin şeirləri haqqında bu fikirləri «Şeir dolu bir ürək» məqaləsində ifadə edib (1985-ci ildə, «Bakı» qəzetində). İndi üstündən qırx  il keçib, bu illər ərzində Kəmaləddin Qədim  bir şair kimi poeziya yollarında inamla irəliləyib, artıq on üçüncü kitabını oxuculara təqdim edir.

Mən də Kəmaləddinin şeirlərini elə o illərdən izləyirəm-ilk şeirlər kitabı «Keçir məni bu çaydan»(1985)… Ancaq heç onun üzünü görmədən, heç onunla tanış olmadan hansısa şeirlər kitabı haqqında bir məqalə yazdım. O məqalədə («Yeddi qapı») mən Kəmaləddini bir şair kimi belə səciyyələndirmişdim: «Onun şeir yolunun səmti  şair dostu Adil Mirseyidin dediyi kimi ənənəvi şeir yoludur-Bəxtiyar Vahabzadə, Məmməd Araz, Sabir Rüstəmxanlıv, Məmməd İlqar, Akif Səməd…şeirlərinin  qan qrupu ilə eynidi. Amma bu ümumidə, bu eyni «qan qrupu»nda  bir seçilməklik, bir bənzərsizlik nəzərə çarpır. Hamının üz tutduğu mövzularda öz sözünü demək bax, bu, özünəməxsusluğun təzahürüdür». Həmin yazıda  mən Kəmaləddinin şeirlərini mövzular üzrə  yeddi qapıdan keçirirdim-şairin xatirələr dünyası olan Çıraqlı kəndindən, Vətən-Ana torpaqdan-Tariximizdən, Təbiətdən - dünyanın gözəlliklərindən, Sevgidən, günümüzün reallıqlarından, şair «mən»indən, bir də Tanrı qapısından.

Əlbəttə, o yazıda çalışmışdım ki, Kəmaləddin Qədimi bir şair kimi «kəşf» edim. Amma bu istəyim onun sonrakı şeir kitablarında reallaşa bildi. İndi Kəmaləddin Qədimin 68 yaşı var, artıq yetkinliyinə, şairlik ömrünün zirvəsinə ucalmağına kim şübhə edə bilər ki? 

Kəmaləddin Qədim bu kitabında da öz poetik üslubuna, deyim tərzinə sadiq qalır. Hisslərini, duyğularını gizlətmir, əksər  şeirlərində öz taleyindən, həyat sınaqlarından söz açır. Təbiidir bu. Sanki keçilmiş ömür yoluna =bu yolda qazandıqlarına və itirdiklərinə nəzər salır. İlk baxışda onun bəzi şeirlərində Dərd hökm edir, Ölümdən danışır.Amma bunları pessimizm kimi qələmə vermək olmaz. Çünki o Dərdin içində çabalamır, Dərdin nə olduğunu bəyan edir. İnsan ömrünü doğulmaq – ölmək təzadlarında şərh edir. Ömür yoldaşına yazdığı bir şeirdə deyir ki:
   

Nələr görəcəksən qəbrimdə gəlib,
    Özüm də qəribəm, qəbrim də qərib.
    Elə çiçək-çiçək, kol-kol göyərib,
    Elə çiçək kimi, kol-kol ölmüşəm.

    Mən belə  bir ömür yaşayırammı;
    Torpaq ayıranmı, daş ayıranmı?   
    Heç bir yol ölənə oxşayırammı,
    Min yol doğulmuşam, min yol ölmüşəm.

Anasının məzarı önündə düşüncələrdə Kəmaləddin Qədim Allah və Ananı bir anlama gətirir:
     

Məndən nigaransan, nədi,
     Yuxumdasan bir həftədi.
     Allah da sən tərəfdədi,
     gəlməkdəyəm sən tərəfə.

Onun şeirlərində ayrı-ayrı maddi cisimlərə, məfhumlara poetik  məna aşılamaq hissi artıq get-gedə qüvvətlənməkdədir.  Məsələn, heç nə izah etmədən bir şeirini misal gətitrirəm:
     

Qəfil-qəfil zərbələrdən
     göz bəbəyi kimi qorusam da 
     bir parçasını;
     bir parçasından qan damırdı
     şeirlərimdən
     Sətir-sətir,
     Tez-tez qoparırdılar
     Qaysağını
     Yarasının…

     Bir gün də dəyişdi
     Tamı, dadı şeirlərimin.
     Qan daman yarasını
     bağladı şeirlərimin
     Azərbaycan əsgəri.

Yeri gəlmişkən qeyd edim ki, Kəmaləddin Qədimin  Vətən, Qarabağ-Şuşa, Azərbaycən əsgərinin keçdiyi döyüş yolu barədə əvvəlki şeir kitablarında neçə-neçə şeirləri ilə qarşılaşdım. Mərhum deməyə dilim gəlmədiyi şair-tədqiqatçı Nizami Muradoğlu «Kəmaləddin Qədimin poeziyasında Vətən dərdi, yurd sevgisi» məqaləsində bu xüsusda geniş söhbət açır. Yazırdı ki: «Şuşanın itirilməsi ilə barışa bilməyən şair «gödəninə qul olanları» Vətənin haqqında düşünməyə səsləyir»
   

Hər şeydən öndədi gödən deyilən,
     Gödənin quludur bədən deyilən.
     Hələ Vətən deyil Vətən deyilən
     Şuşasız adi bir torpaqdı, qardaş.

     Əvvəldə kimdisə, nəhayət mənəm,
     İnsan cilidində xəyalət mənəm,
     Şuşa, Laçın boyda əyalət mənəm,
     Bitib, tükənirəm hər gün, İlahi!

 Kəmaləddin Qədim heca vəznində bir sıra gözəl şeirlərin müəllifilir. Həm xalq şeirindən, həm də müasirləri olan ustad şairlərin şeirlərindən gələn ənənəyə özü də şeirləriylə qoşula bilir. XXI əsrdir, şeirimizdə müxtəlif izmlərin hökm sürdüyü bir dövrdə yaşayırıq. Amma xalqın ruhunu ifadə edən, şeirdən ŞEİR kimi söz açmağa imkan verən şeirlər isə yazılır və yazılacaqdır. Həm də bu şeirlər fikirlə, bu fikrin ifadəsi olan bədiiliklə müvazidir. Kəmaləddinin bir gəraylısını misal gətirim:
 

  Yara sirdi, yara məchul,
    Təbib yarmağa tələsir.
    Barmaq tətiyə gecikir,
    Tətik barmağa tələsir.
    Budaq üstdə əzizlənir,
    Yağış yağır təmizlənir.
    Yarpaq küləkdən gizlənir
    Külək yarpağa tələsir.
    Çatmayır əlim adama,
    Gövhərim, ləlim adama.
    Tələsir ölüm adama,
    Adam torpağa tələsir.

Baxın: «tələsmək» felini necə mənalandırır. Burada söz oyunu yox, «filosofluq» iddiası yox, adi həqiqəti poeziya dili ilə mənalı şəkildə ifadə etmək məharəti var.

Kəmaləddin Qədim də bütün kitablarında sevgi şeirlərini də təqdim edir.  Şair sevgisi unudulan sevgi deyil. Sevdin və unutdunsa, bu sevgi yox, «sevgibazlıqdır». Amma Kəmaləddinin sevgi şeirlərinin qəhrəmanı haqq aşiqidir. «Mən təzədən gələ bilsəm dünyaya, Yeqnə səni görən kimi sevərdim»=deyir. Ömrünün hansı vədəsindəsə bu lirik qəhrəman bir zamanlar sevdiyi, amma uğursuzluğa düçar olduğu küçəyə gəlir. Amma o küçə əvvəlkitək daha onu qarşılamır.  Çünki: «Küçənizdə ümidlərim dəfn olub, məzarını ziyarətə gəlmişəm»

Kəmaləddin Qədim ədəbi prosesdə heç də unudulan şair deyil. Onun yaradıcılığı barədə  maraqlı, düşündürücü, Kəmaləddin Qədimi bir istedadlı şair kimi tanıdan yazılar da az deyil… Xalq şairi Bəxtiyar Vahabzadə, şair-şərşünas Hafiz Rüstəm, Elçin isgəndərzadə, Akif Səməd, Nizami Muradoğlu,

Ramiz Əsgər,Adilə Nəzər. Məmməd İlqar, Adil Mirseyid, Telli Pənahqızı,  Sərdar Zeynal,  Hikmət Məlikzadə, Zakir Məmməd  və Məmməd Dəmirçioğlu… Məncə, K.Qədim haqqında ən sanballı yazını Məmməd Dəmirçioğlu (allah rəhmət eləsin!») qələmə alıb və mən bu qeydlərimi onun sözləriylə bitirirəm: «Şairlik oyun-oyuncaq, şöhrət mənbəyi deyil… Çox zaman şairi bircə misrasından tanımaq olur. Bu poetik nümunə şairin həm də avtobioqrafiyasıdı… hiss olunur ki, o şeir yazanda heç bir çətinlik çəkmir. Əslində, çox şeir yazmaq da igidlik deyil. Amma gözəl şeir yazmaq əsl igidlikdi. Nə yaxşı ki, kəmaləddin Qədim həm də gözəl şeirlər yazır»

Kəmaləddin Qədimin «Əllərimdən bir əl tutüb(«Elm və təhsil», Bakı, 2025)  yeni şeirlər kitabı haqqında sözümü onun bir şeiriyləı bitirirəm:
   

Baxma bir az acıdiləm,
    Oxu, bir kövrək şeirəm.
    Yaşamağa yer yox, nə qəm,
    sözü yerində deyirəm.  

    Bu tanrıdı, bu bəşərdi,
    Bu da yaşamağın şərti…
    Dünya başdan-başa şərdi
    Mən bir yaşamlıq xeyirəm.

    Axırı bu, sonu budu,
    Kim uyutdu, kim uyudu.
    Mən düşən də bir quyudu,
    Amma mən Yusif deyiləm.
    
     
  

  • Iyul:
  • 4

TƏQVİM / ARXİV