adalet.az header logo
  • Bakı -°C

Qəmin eşqi, eşqin qəmi - Vaqif Yusifli yazır

VAQİF YUSİFLİ
197 | 2025-11-20 09:53
A- A+

İlham Qəhrəman – bu gün müasir poeziyamızın istedadlı nümayəndələrindən biridir və bənzərsiz, özünəməxsus poetik səsi və nəfəsi ilə seçilir. Əgər ŞAİR sözünü səsləndirirsə, İlham Qəhrəman da  yada düşən, xatırlanan şair olur.Tənqidçi-ədəbiyyatşünaslaronun yaradıcılığına qətiyyən biganə qalmayıblar. “Qəmin eşqi” şeirlər kitabına ön söz yazan Məti Osmanoğlu İlham Qəhrəmanın  şeir dünyasını səciyyələndirərkən onun öz fərdi dünyasını, insan, zaman və ömür haqqında poetik düşüncələrini, yaddaşının özümlülüyünü doğulduğu torpağa, yurd yerinə məhəbbətini xüsusi vurğulayır. İlham Qəhrəman laçınlıdır və ötüb-keçən, amma yaddaşımızda ağrıya çevrilən Laçın haqqında elə şeirlər yazıb ki, o şeirlərdə sən Laçınlı olmasan da özünü o dərdin ortağı hesab edirsən.

Laçına gedə bilsəm,

evimizin daşları tanlyar məni.

Çəpərimiz tanıyatr məni.

Kolunu qırıb

yabada vəlısini daşımışam.

Ağaclar tanıyır məni

Dəhnədən arxını vurub

suyunu gətirmişəm.

Körpə olanda Həkərinin

ovcumdakı suda üzən

balıqları tanıyacaq məni.

...Bircə Laçına getsəm.

 

İlham Qəhrəman üçün indi Laçın qadağası yoxdur. Çünki

 

Sevinir daşın, torpağın,

Hülür ağacda yarpağın.

Başının üstə bayrağın,

Gözün aydın olsun, Laçın!

Mən İlham Qəhrəmanın Laçına necə bağlı olduğunu təkcə təkcə neçə illər bundan öncə qubarlı gözlərində deyil, həm də şeirlərində çox aydın görürəm, təkcə təbiət aşiqi, Laçın vurğunu deyil, həm də Laçından çıxan neçə-neçə şairin şeir dünyasına  bələdliyini və günlərin bir günündə tərtibçi olduğu “Laçın antologiyası” kitabını oxuculara təqdim etməsini görürəm. Böyük zəhmətdir bu antologiyanı hazırlamaq...

İlham Qəhrəmanın “Qəmin eşqi” şeirlər kitabı (2025) və özünün ərsəyə gətirdiyi “Dəyirmanın su dərdi” (2024) bayatılar toplusunu onun son illərdəki poetik yaradıcılığının uğurları hesab edirəm.

İlham Qəhrəmanın poeziyası Sarı Aşıqdan üzü bəri klassik şeir örnəkləri ilə sıx bağlıdır. Hətta deyərdim ki, Sarı Aşıq onun şeirlərinə təsir edən birinci şairdir.

Mərhum deməyə dilim gəlmədiyi filologiya elmlər doktoru İradə Musayeva onun “Dəyirmanın su dərdi” bayatılar kitabına  mükəmməl  ön söz yazıb: “İlham Qəhrəmanın  bayatılarında təmiz bir təbiət, milli koloritli, nazlı-qəmzəli, saf üzlü, açıq sözlü gözəllər və aşiqlər var.

...Bu poeziyada sözlər səs oxşarlığına görə bəzən bir-birini tapıb tanıyırmış kimi görünür. Alliterasiyalar, assonaslar, səs təqlidləri fonetik səviyyədə poetikləşir”...

O bayatılardan misallar gətirək və görəcəyik ki, İlham Qəhrəmanın bayatıları heç klassik bayatılardab geri qalmır.

Dağdan bir qaya düşüb,

Çobanlar haya düşüb.

Gecə ayamı baxdın!

İşığın aya düşüb?

 

Kim kimin həyatıdı,

Nimdaşı, boyatıdı.

Oxuya bilsən, ömrüm

Bir qəmli bayatıdı.

 

Gözəllər zinət sevər,

Mömünlər cənnət sevər.

Nə su murdar götürər,

Nə sevgi minnət çəkər.

 

Ah çəkdim, yeri qaldı,

Kövşənin vəri qaldı.

Mən öldüm Laçın adlı

Həsrətim diri qaldı.

 

Yıxılmışam tar-maram,

Pay qoyma aparmaram.

Səndən gələn kədəri

Qapıdan qaytarmaram.

İlham Qəhrəmanın “Qəmin eşqi” şeirlər kitabı müasir poeziyada  xalq şeirinə, bu şeirin özəllikləri və gözəlliklərinə bağlılığın ən bariz  nümunələrini özündə əks etdirir. XXI əsrin şairi xalq  açıq şeirinin ən gözəl ənənələrini müasir poetik təfəkkür işığında yenidən ehya  edir:

İlham Qəhrəman qoşma, gəraylı və təcnis ustalığına yaxşı  yiyələnib.

İçimdə biri ağlayır,

Elə zülümlə ağlayır.

Ağlayan kimdi bilmirəm,

Mənim gözümlə ağlayır.

 

İçimdə biri ağlayır,

ağlayır düşən axşamla,

ağlayır açan sabahla.

 

Başqa bir misal:

 

Bu dünya sevgi üstədi,

Kimi bilər, kimi bilməz.

“Bu dünya sevgi sevgi üstədi” – fikrimcə, İlham Qəhrəmanın sevgi şeirləri bu poetik hava üstə köklənib.

Təcnis yazmaq da şairdən ustalıq tələb edir və İlham Qəhrəman bu mənada məharətini göstərə bilib.

Baxın:

Könül istəyir ki, bir rəssam ola,

Eləcə dağların çəkə başını.

Əhdim var bir usta yar gələnətən

Gələ bu divarın çəkə başını.

 

Məclis tutmayanda heç baş açmadım

Qışı soyuq keçdi, heç baş açmadım,

Bu işə mat qaldım, heç baş açmadım,

Kimsə də demədi: - çək e başını.

“Qəmin eşqi” şeirləri kitabında İlham Qəhrəman günün reallıqlarını, məftun olduğu təbiətin gözəlliklərini, ayrı-ayrı insanlara hesn-rəqbətini əks etdirir. Onun “Şəhid də allah amanatı”, “Döyüşçü nəğməsi”şeirləri də bu günün poeziyasında tez-tez səslənən motivlərdir. “Şəhid Şahhüseynin şeiri”, “Döyüş adamı” şeirləri də Qarabağ müharibəsinin poetik notlarıdır.

İlham Qəhrəmanın şeirləri barədə çox danışmaq olar. Ən əsası odur ki, o, bir şair kimi artıq böyük poeziya karvanında yol gedir.

Elə bil bu canım söz budağıdır,

Canımda ilhamın durur yuvası.

Yaxşı söz şairi göyə ucaldar,

Yaxşı söz şairin qürur yuvası.

Uğurlar arzulayıram.

TƏQVİM / ARXİV