Söz vaxtı gələndə - Vaqif Yusifli yazır

VAQİF YUSİFLİ
3756 | 2022-12-15 15:19

(Dəmir Çeşməlinin şeirləri barədə)

“Hər bir şairin öz sözlərində”, öz misrasında daha çox özünü, öz dünyasını ifadə etməyə, onu şeirə çevirib tirajlamağa çalışır. Bux, bu mənada Dəmir Çeşməlinin şeirləri də müəllifin özü kimi sadə, səmimi, bir az da “ağır taxtalı” təsiri bağışlayır. Oxuduqca elə bilirəm ki, sakit bir guşədə müəlliflə üz-üzə dayanıb onun söhbətini dinləyirsən”.

Şair Dəmir Çeşməlinin “Söz vaxtı gəldim” şeirlər kitabına Əbülfət Mədətoğlunun “Ağ cığıra düşən naxışlar” adlı ön sözündən seçdim bu sitatı. Və mənim fikrimcə, Dəmir Çeşməlinin şeirləri barədə söylədiyi bu mülahizə onun bütün yaradıcılığına şamil oluna bilir. Mən də neçə illərdir Dəmirin mətbuatda dərc edilən şeirlərini oxuyur, şeir kitablarını davərəqləyirəm.

Dəmir Çeşməlinin Yusifov Dəmir Bayram oğlu Tovuz rayonunda Çeşməli kəndində dünyaya gəlib. Təbii ki, Tovuzun – o bölgənin saz-söz mühitinin Dəmirə böyük təsiri olub.

Bu təsir onun şeirlərinin təkcə forma sənətkarlıq xüsusiyyətlərində deyil, həm də ruhunda axtarmaq lazımdır.

Öndəymiş yolun dərini,

Bilən bilirmiş sirrini.

Bənövşələrdən birini

Üzüb gəlmişəm, ürəyim.

 

Güzarım düşüb uzaqdan,

İliyim dondu sazaqdan.

Nə istərlər mən yazıqdan,

Bezib gəlmişəm, ürəyim.

“Ürəyim” rədifli bu şeirdə Dəmir Çeşməli gəraylı formasında ürəyi ilə həsb-hal edir. Təbii ki, bu XXI əsrin gəraylısıdır, poetik təfəkkür “köhnə havalarda təzə notlar”a köklənib.

Dəmirin şeir dünyası məhz xalq poeziyasının ona aşıladığı bu əbədi ruha söykənir.

Mən Dəmir Çeşməlinin şeirləri barədə öncə bir məqalədə yazmışdım ki: “Dəmirin şeirlərində üç əsas mövzu var: Məhəbbət, Təbiət və İnsan” istəyirəm ki, həmin fikri bu yazıda da davam etdirim.

  MƏHƏBBƏT. İnsanın, sevən qəlbin ən ali, ən zərif və həm də ən müqəddəs hisslərini ifadə edən məhəbbət, sevgi poeziyamızın əsrlər boyu tükənməyən, hər dəfə yeni çalarlarla zənginləşən ən başlıca mövzusu olmuşdur. Şairlər dünyaya, kainata, həyata, gözəlliklərə və əlbəttə, sevdikləri qadına məhəbbətin gözü ilə baxmışlar. Dəmir Çeşməli də bu məhəbbət şairlərindəndir. Onun şeirlərində bizim əksər sevgi şeirlərinə xas olan hicran, ayrılıq, iki insan arasında baş verən üzüntülü anlar, həsrət və həm də ümid motivləri diqqəti cəlb edir.Bir sevgi nağılı ilə qarşılaşırsan. Bir az qəmli, bir az da ümid doğuran nağıl. Hər halda, insan öz sevgisini unutmursa, bu sevginin eşqilə ümidlənirsə, səadətini bu yolda tapırsa, yaşamaq gözəlləşir onun üçün. Lap ortada ayrılıq da olsa.

     Qaynayıb daşardın mənsiz,

     Həddini aşardın mənsiz.

     Təklənib yaşardın mənsiz,

     Səni belə xatırladım.

 Bəzən bir ani xatirə ürəkdə tufan qoparır. Lirik qəhrəman-sevən aşiq ayrılığa sığınır.

     «Durnalar» mahnısı düşməz dilinnən,

     Gözlərin doymadı durna selinnən,

     Əlbət bir də dönər Kərkük elinnən,

     Durnalar qayıtdı…durnam dönmədi.

 

 Dəmirin bayatılarından da sevgi çiçəkləri ləçəkləyir. Bu bayatılar onun xalq poeziyasına, bayatı canrına bələdliyindən xəbər verir. Dörd misrada sevən qəlbin hissiyyatını, nigaran ruhun çırpıntılarını təsvir etmək şairdən ustalıq tələb edir.

            Aşiqəm, gələn gəlsin,

            Dərdimi bölən gəlsin.

            İtirmişəm özümü,

            Yerimi bilən gəlsin.

 

            Əzizim qönçədi gəl,

            Təbrizdi, Gəncədi, gəl.

            Könlüm sənin önündə,

            İncədən incədi, gəl.

 Məhəbbətin son akkordu «Yaşayır məhəbbət» şeirində ifadə olunur. Bütün bu ayrılıqların, umu-küsülərin sonunda yaşıl işıq yanır.Yaşamağa, sevməyə dəyər!

            Buluddan ayrılıb, yağmağı qalıb,

            Üfüqdən boylanıb doğmağı qalıb,

            Bir də ürəyimdə doğmağı qalıb,

            Yaşayır, məhəbbət ölməyib hələ.

Dəmir Çeşməlinin lirik qəhrəmanı sevgini ali müqəddəs hiss sayır, məhəbbət əzabından zövq alır. Həyat budur, yaşamaq budur, - deyir.

Dilimdə söz olacaqsan,

Dodaqlarımda ötəcəksən.

Qəlbimdə köz olacaqsan,

Odsuz-ocaqsız yanacam.

 TƏBİƏT. Dəmir Çeşməli təbiətə valeh olan şairdir. Xüsusilə, gördüyü mənzərələr: başı qarlı dağlar, dərin dərələr, gur axan çaylar, pərişan söyüdlər, ilin fəsilləri, çeşmələr onu ilhama gətirir. Onun «Dağlar» gəraylısı ən gözəl, nümunə göstərilməyə layiq təbiət şeirlərindəndir.

          Kimsəsi yox, kimi vardı,

          Yolu azıb, cığır dardı,

          Libası, kəfəni qardı,

          Bükülüb ağlara dağlar.

 

          Yan-yana düzülüb düzü,

          Qibləyə boylanır üzü.

          Var olsun neçəsi…yüzü,

           Söykənib dağlara dağlar.

 Başqa bir şeirində isə «Aparın dağlara məni» deyir:

Seli sellənib gözləyir, Gülü güllənib gözləyir, Daşı dillənib gözləyir, Aparın dağlara məni». Dəmir Çeşməli dağlara çoxulu şeir həsr edib və o şeirlərin hər biri digərindən seçilir. Məni bir oxucu kimi onun “Dağlar  məni” şeiri daha çox valeh edir:

Ayağına baş demişdim,

Qaya görüb, daş demişdim,

Qurusuna yaş demişdim,

Bitirmədi dağlar mən.

 

Yaşa dolub yaşım burda,

Boy-boyadı daşım burda.

Saç ağardıb başım burda,

İtirmədi dağlar məni.

 

Dəmir düşüb dərəsinə,

Ov istədi bərəsinə,

Min gözəlin birisinə,

Yetirmədi dağlar məni.

 O, təbiət şeirlərini təkcə peyzaca, lövhə təsvirinə meyl eləmir, həm də təbiətlə insan qəlbi arasında harmoniya axtarır.  «Bir qönçə qızardı, güldü üzümə, Bir baxış boylandı, baxdı gözümə, Yumru tumurcuq söz verdi sözümə, Çiçək açasıydı., açmadı bu yaz».

 İNSAN. Dəmirin bütün şeirlərinin qəhrəmanı yaşamaq, yaratmaq, sevmək, sevilmək eşqilə çırpınan insandır. İlk növbədə bu insan Vətənini, elini, obasını sevir.

         Yoldan yola, əldən ələ,

         Qatılıb belədən belə.

         Adı düşüb dildən dilə,

         Çarmıxa çəkilən Vətən

 «Haça Qaya» adlı lirik poemasında Dəmir möhtəşəm təbiət abidəsi olan «Haça Qaya» önündə döşüncələrini oxucularla bölüşür. Vətən, onun qədim tarixi, dağları, qayaları haqqında təəssüratlarını söyləyir. Dəmirin «Nələr çəkdim» şeirində bir insan ömrünün nigarançılığı, ömür yolunda rast gəldiyi haqsızlıqlar xatırlanır.Amma şeirlərində nə qədər nigarançılıq, şikayət «çiçəkləsə»də biz həyata bağlı bir insanın obrazını görürük.

    Başına dolanaram,

    Gözünə dönərəm mən.

    Oduna qalanaram,

    Közünə dönərəm mən,

    Söz sevgilimdi mənim.

Dəmirin “Anam yaşayır” şeiri də onun ən həzin şeirlərindən biridir. Bu şeirdə Ana və Ana Torpaq məfhumları bir vəhdətdə birləşir.

Torpağa bağlanıb, gələsi deyil,

Danışası deyil, güləsi deyil,

 Daha bundan sonra öləsi deyil,

Anamdı, yaşayır ana torpaqda.

 

Şəklinə sığınıb, daşa söykənib,

Atama sıxılıb qoşa söykənib,

 Başdaşımı bilib, başa söykənib,

Anamdı, yaşayır ana torpaqda.

Dəmir Çeşməli indi  yaradıcılığının kamillik mərhələsindədir. Ona daha gözəl şeirlər yazmaqdan başqa nə arzum ola bilər? Uğurlar, Dəmir!

TƏQVİM / ARXİV