Yol polisi sürücüləri bir daha xəbərdarlıq etdi...

Son bir ay ərzində respublikanın avtomobil yollarında sükan arxasında yataraq ölümlə nəticələnən qəzaların sayı artıb. Təbii ki, bu da hərəkət iştirakçılarının və yol polisinin böyük narahatlığına səbəb olub.
Əlbəttə , hər bir hərəkət iştirakçısı diqqətli olsa, yol hərəkəti qaydalarına riayət əməl etsə , respublikamızın avtomobil yollarında ağır yol-nəqliyyat hadisələri baş verməz. Yol polisinin apardığı profilaktik tədbirlərə , maarifləndirmə işlərinə baxmayaraq, yenə də bu cür hadisələr qaçılmazdır. Çünki hələ də qanunlara əməl etməyən sürücülər heç də az deyildir. Ancaq birmənalı olaraq yenə respublikamızın avtomobil yollarında yol polisinin hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirləri davam edir.
Faktlar və hadisələr göstərir ki, bir çox sürücülər istirahət etmədən 14-16 saat sükan arxasında əyləşir, uzaq məsafələrə sərnişin daşıyırlar.Bu isə ölümlə nəticələnən qəzalara münbit şərait yaradır. Ona görə də, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş inspektoru Elvin Hacıyev bir daha sürücülərə xəbərdarlıq edərək deyir ki, hər bir hərəkət iştirakçısı yorğun, yuxulu halda, sükan arxasında müxtəlif yuxu gətirən dərmanlar qəbul etməməlidir.
Bununla yanaşı, texniki cəhətdən nasaz avtomobillərin sükanı arxasında əyləşməməli, ara məsafəsi saxlamalı, manevr qaydalarını pozmamalıdırlar. Sürücülər yorulakən nəqliyyat vasitələrini stasionar postlarda saxlamalı, bir müddət istirahət etməli və səhhətlərində problem varsa, mütləq sükan arxasında əyləşməməlidirlər. Çünki an bir diqqətsiz ağır qəzalara səbəb ola bilər.Ona görə də sürücülər bu tövsiyələrimizi yaddan çıxarmamalıdırlar!
Emil Faiqoğlu