SEVİMLİ OLMAQ SƏLAHİYYƏTİ -  Məzahir ƏHMƏDOĞLU yazır

MƏZAHİR ƏHMƏDZADƏ
149 | 2025-08-15 11:27

Və ya sadəcə xeyirxah OVSUNÇU 

... Bu səlahiyyəti ona heç kim verməyib, heç kim hədiyyə etməyib. Hələ məktəbli ikən , hələ uşaqlıq illərində valideynlərinin sanki bir depozit olaraq “Vətəndaş bankı” na yatırdıqları əxlaq, tərbiyə və səmimiyyət onun həyat yoluna işıq salıb. Böyüdükcə vətənə, insanlara, yaxşı nə varsa hamısına, eyni zamanda elmə, mədəniyyətə, zəhmətə və halallığa sevgisi stimullaşaraq bütün varlığına səpələnib, onu bəşəri bir sevda yoluna çıxarıbdır. Bu yol elə bir yoldur ki, gərək onun hər döngəsində, hər eniş-yoxuşunda, hər şlaqbaumunda,  eləcə hamar yolun yolçusu kimi addımlayasan, uzun bir marafonu layiqincə başa vurasan. Yox, heç hardasa finişin olacağını düşünməyəsən, elə hey irəli gedəsən, yorulmadan gedəsən...

Sizi çox intizarda qoymayım. Görüşəndə ,adı çəkiləndə təbəssüm bəxş edən bu oğlan, bəli, həmən o Vasif Ayandır. Səmimi, dürüst, gülərüz, pozitiv, sevimli Vasif Ayan! 

Ali təhsilini başa vurub psixoloq ixtisasına yiyələndikdən sonra bir müddət tərəddüd etdi. Xüsusilə harada işləmək barədə... Heç kəsin gözləmədəyi halda o, televiziyanı seçdi. Lap quruca fəhləlik etməli olsa da. Ancaq bütün varlığına hopmuş o gizli və doğma hiss onu haralarasa çəkirdi. Mədəniyyətə, incəsənətə, yaradıcı insanlarla təmasa can  atması, daim mütailədə olması, öyrənməsi onun istedadını üzə çıxaracaqdı, mütləq çıxaracaqdı. 

Gözəl insan, istedadlı jurnalist, dürüst və ədalətli idarəçi Etibar Babayev “ Space “ ə rəhbərlik edərkən onun qəbuluna gəlib burada çalışmaq istədiyini bildirdi. Kanal rəhbəri elə ilk görüş və söhbətdən sonra Vasifdə nəyi kəşf etdisə, onu uyğun bildiyi bir işə götürdü. Onun həm ekranda, həm də ekran arxasında həvəslə , ciddiyətlə çalışması, bu sahəyə daha dərindən bələd olmaq inadkarlığı çox xoş təsir bağışlayırdı. Vasif burada çalışdığı müddətdə özü cəhd etməsə də həmişə diqqət mərkəzində olurdu. İş yoldaşları, eləcə də hazırladığı verilişlərdəki tanınmışlar onu özlərinin doğması kimi sevirdilər. Ünsiyyətin bu cür anatomik sağlamlığı Vasifin ən uğurlu keyfiyyəti idi. Eyni zamanda həmişə öz üzərində çalışmağı, televiziyanı , kinonu, musiqini, ədəbiyyatı, incəsənətin əksər sahələrini də gözəl bilməsi, bu qədər əməkdaşların arasında sıravi işçi olmasına baxmayaraq, onu xeyli fərqləndirirdi. Etibar Babayevin sevimli işçisi olmaq elə də asan məsələ deyildi. İş elə gətirdi ki, istedad və idarəetmə bacarıqlarının müqayisəsi ilə yox, xarakter qütblüyünə baxmayaraq, Etibar Babayevdən sonrakı kanal prezidentdi Vaqif Mustafayev də Vasifin hərtərəfli istedadını çox tez görə bildi.

Vəzifəsi kiçik, işi çox, maaşı az olmasına baxmayaraq Vasifin dostları çoxalırdı. Bu dostların tay-tuşlardan başqa, istər qadın olsun, istər kişi, Vasifdən 15-20, hətta 30 yaş böyük olmaları çox qəribədir ki münasibətlərdə heç nəyi dəyişmirdi. Çünki Vasifin əxlaq və mədəniyyət bankı o qədər zəngin idi ki, böyük dostları onu öz tay-tuşları kimi görürdülər. Mərhum Elxan Qasımovun Vasiflə görüşləri, mərhum Ənvər Həsənovla qeyri-adi dostluqları... Əbəs yerə deyil ki,Vasif Ayan “Əmi”  dediyi Ənvər Həsənov haqqında iki maraqlı kitabın müəllifidir. Şeyx Əbdül Mahmudov, Rasim Balayev, Aqil Abbas, bu yazının müəllifi və başqaları Vasifi çox sevirlər. Mən burada onlarla başqa adlar da çəkərəm, ancaq hardan baxsan eyni mənzərədir- Vasif sevgisi

Heç yadımdan çıxmaz, hələ mənim özümdən beş yaş böyük olan Seyran Səxavət bir dəfə onunla  Vasifin dostluğundan söhbət düşərkən heç bilirsiniz mənə nə dedi? “ Məzahir, sən bir dəfə vaxt elə məni Göyçaya apar. Keçmişlərdə bu şəhərdə keçirdiyimiz günləri xatırlaya-xatırlaya , gedim görüm bu Vasifi hansı evdə dünyaya gətiriblər, harda doğulub, necə böyüyüb... Onun bu heyrətamiz əxlaqı, mədəniyyəti, kişiliyi hardan qaynaqlanıb görəsən...” . 

Mən Seyran Səxavətə söz vermişəm,qismət olsa yaxın vaxtlarda sevimli yazıçımızı çoxdan görüşmədiyi doğma Göyçayında pərəstişkarları da görəcəklər.Siz, əziz oxucular , “doğma Göyçay “ ifadəsinə təəccüblənməyin. Seyran Səxavətin öz sözləridir, deyir ki,  Azərbaycanda ən çox dostlarım olan iki yer var : Naxçıvan və Göyçay. Seyran Səxavətin göyçaylı dostları mərhum Ağa Hüseynov, Milli Təhlükəsizlik Xidmətində rəhbər vəzifədə çalışmış Akif Məmmədov, polkovnik Oqtay Məmmədov ( “qara Oqtay” ) , professor Fərhad Hüseynov, İsfəndiyar İsgəndərov, Qarabağ döyüşləri qəhrəmanı , şəhid polkovnik Babək Səmidlinin atası Mətləb həkim, daha kimlər... 
Son illər Vasifin “Şəxsi əşyalar” adlı layihəsi ona ola inam, hörmət və sevgini daha da artırıb. Bu layihədə Vasif Ayan çox sərbəst şəkildə müsahibini əlavə sual-cavablara , söhbətlərə çəkir, sanki yüz illərin tanışı-dostu ilə danışırmış kimi şirin bir aura yaradır. 

Yazıçılar Birliyinin sədri Anarla saatyarım müsahib olmaq , çox mətləblərdən səmimi söhbət açmaq hər televiziyonçuya qismət olası fürsət deyil. Deməli, Vasif bu diqqətə layiq imiş. Elə Seyran Səxavətin özü ilə müsahibəsi... Son vaxtlar isə Aqil Abbas, “əmisi” Ənvər Həsənov, Etibar Babayev ... 

Vasifin qəhrəmanları təkcə məşhurlar deyil. O,  “Şəxsi əşyalar” layihəsinə fasilə verərkən sadə adamları da unutmur, sadə adamları da danışdırır. Sürücü, fotoqraf, gül əkib-becərən, eyni zamanda, müəllim, həkim, din xadimi, rəssam və başqa peşə və sənət adamları ilə də eyni həvəs , eyni şövqlə söhbətləşir, onların öz işlərinə vurğunluqlarının sirrini öyrənib yaymağa çalışır. Bütün bunlar insanda böyük səmimiyyət və peşəkarlıqla yanaşı savadın, dünyagörüş coğrafiyasının genişliyini və intellekt yüksəkliyini də tələb edir. Nə yaxşı ki, Vasifin həyatı , yaşı, boy-buxunu da elə beləcə formalaşır. 

İzləyicilərinin çoxluğundan bilirəm ki, o şəxsən tanış olduqlarının deyil, eləcə hamının sevimlisidir. Hara baxırsan Vasifi axtarırlar, onunla görüşmək, söhbət etmək, musiqidən, teatrdan danışmaq, diqqət çəkən filmləri, onların ssenarist və rejissorlarını, aktyorları... xatırlamaq! Bütün bunlar yüksək zövq məsələsidir. Zövqlər bir-birinə qovuşur, bəşəri impulslar ötürür və xoşbəxtlik axtarışları sadələşir, qəlbə, ruha rahatlıq gətirir.

Yüngül dolanışıqdan başqa elə bir qazancı olmasa da Vasif il uzunu dayanmadan , istirahət etmədən öz peşəsindən ayrılmır. Hətta dostları ilə adicə çay süfrəsində də , qonaqlıq sayıla biləcək yeyib-içməklərdə də istəməsə belə həmişə diqqət mərkəzində olur. Bir məsələ onun həyatında vərdiş halını alıb. Hər il iyul ayının 15-dən avqust ayının 25-dək mütləq Göyçaya gedir. Ata evinə, istirahətə...Onun istirahəti nədir? Tapıb aldığı kitabları, kimlərinsə təqdim etdiyi nəsr və poeziya nümunələrini oxuyub bitirmək, eyni zamanda arxivini sahmana salmaq, yeni çəkilişlər üçün ideyalar üzərində düşünmək, doğma rayonunun sadə,rahat, işıqlı,xeyirxah insanları ilə görüşmək, hər gün mütləq dostu və məsləkdaşı Mürsəl Rövşənoğlu ilə azı 2-3 saat bir yerdə olmaq. 

... Özünün dediyi kimi hazırda gözəl ziyalı, tərcüməçi, şair və nasir Mahir Niaqaranın “Sonuncu korifey”  romanını oxuyub bitirmək üzrədir. Daha bir neçə əsəri də mən məsləhət bilmişəm. 

Bir yandan da Seyran Səxavət doğma balası kimi sevdiyi Vasif  üçün yamanca darıxır...


 

TƏQVİM / ARXİV