AQİL ABBAS:CAMIŞ BAĞA GİRDİ, GƏL

AQİL ABBAS
429671 | 2024-11-27 18:00
Dolamalardan yenib Ağa körpüsünə çatanda yuxudan ayıldı. Dan yeri çoxdan sökülmüşdü. Əvvəl-əvvəl gözlərini ovxaladı. Sonra şuşəni yendirib pəncərədən çölə boylandı. Dağların bal kimi havası doldu içəri. Bu yolu ayda ən azı bir-iki dəfə getsə də, harda olduğunu anışdıra bilmədi.
Bərkdən əsnəyib soruşdu:
- Hardıyığ, ə?
Bacıoğlu:
- Ağa körpüsünü keçdik.
- Ə, sarsağ oğlu sarsağ, saa deməmişdim ki, Şuşaya çatanda məni oyat. Qəmərin xəngəlini yeməmiş Şuşadan keşmək olar?
- Dayı, vallah, elə gözəl yatmışdın ki, ürəyim gəlmədi. Xəngəli Ağdamda yeyərsən, nə fərqi?
- Ə, onnar nə bilir xəngəl nədi Qəmərin xəngəlinin yanında? Özdəri tezdən durub qaçırlar Şuşaya – Qəmərin yanına. Qəmər ayrı Qəmərdi ey. Spidometri yetmişi döyür, elə bil təzə gəlindi. Xan əminin ağlın başından nə təhər alıbsa, ona mahnı da qoşub; - dedi və başladı «Ay Qəmərim, Qəmərim» oxumağa.
- Dayı, istəyirsən dönüm Malıbəyli bulağına, Xanoğlangilin yanına.
- Ə, sür, orda kavabı yaxşı bişirirlər. Səər-səər kavab yeyərlər? Birdən yenə yuxu məni tutar Şampan zavodun keçəndən sonra sağda bir xaşxana var, orda saxlıyarsan.
Sonra bir siqaret yandırdı. Səhərin təmiz havası kimi tüstünü çəkdi ciyərlərinə. Acı tüstü Zarıslı bulağının suyu kimi tükündən dırnağınacan yayıldı, ləzzət elədi.
Qeyri-qarabağlılar İsa bulağının suyuna görə tökülüb gəlirdilər Şuşaya. Gedəndə də bidon-bidon su aparırdılar.
Köklü qarabağlılar, özlərini xan-bəy nəvəsi sayanlar isə İsa bulağının suyunu bəyənməzdilər ki, adamı köpdürür. Zarıslı bulağını xoşlayırdılar. Doğrudan, bu suyun dünyada əvəzi yox idi. Nə qədər yeyirsən-ye, nə qədər vurursan-vur, üstündən bircə stəkan içib cır armudla da bir dişləm yeyəndən sonra elə acırdın ki, üstündən bir cəmdək də yeyə bilərdin. Zarıslının cır armudu da arağın dərmanı idi.
İndi siqaretin tüstüsünü hər dəfə sinəsinə çəkdikcə Zarıslı bulağının suyu kimi tükündən dırnağınadək yayılırdı. Bir az özünə gəldi.
- Dayı, deyirəm birdən razı olmazlar ey, sözünü yerə salarlar.
- Qələt eliyillər. Dayının sözünü hələ yerə salan bir kişi olmuyuf, olmeyjax da.
- Deyirəm birdən oldu da.
- Bir ətək pul verəjəm, minnəttəri olsun.
- Dayı.
- Nədi, ə?
- Dayı, bu ağdamlılar bu qədər pulu hardan alırlar?
- Mən nə bilim, ə? Özdəri kəsirlər.
- Dayı, bəs sən bu qədər pulu hardan alırsan?
- Ə, sarsağ oğlu sarsağ, abaxeyis-zadsan. Mən də onnardan öyrənmişəm. Üç il havayıdan orda selxoztexnikomda oxumamışam ha. O texnikom deyildi ey, akademiyaydı. Onun hesabına otuz ildi sədr işləyirəm. İnşallah, bu payız səni də ora düzəldəjəm. Oxu, adam ol.
- Dayı, doğrudan onların bazarında atom bombası satırlar?
- Ə, gopa basırlar. Atom bombası nəəzir, iki dənə varıydı, onu da nemesdər düzəltmişdilər, amerikalılar da nemesdərdən oğurluyuf atdılar Yaponiyya, day qalmadı. Olseydı tapıb gətirib satardılar fələstinlilərə, onnarın da canı İsraildən qurtarardı. Amma yanıcüjəli toyux nə qədər istəsən;- dedi belindəki nikel tapançanı çıxarıb sığalladı və yenidən qoydu belinə.
Əsgəran qalasını keçəndə elə bil Dayıya iynə batırdılar, öz-özünə hirsləndi:
- Buna bax, bir cındır küçələri var rayon eliyiflər. Bizim kənd bunun yanında Sumqayıt kimi bir şeydi. İt uşaqları bizim Şahmalı Kürdoğlunu da şərləyib tutdurdular. Hərdən istiyirəm düşəm bir-ikisindən Şahmalının hayfını alam. O harsına bax ey, Ağdam-İstipanakert dəmir yolu qədər işlənif. Yadında saxla, qayıdanda bir-iki kletka pivə alax. İtuşaxlarının pivəsindən yoxdu.
- Dayı, saa qurban olum, nolar Ağdamdan maa bir saz al, bizimkilərin sazı bir birtəhərdi ey, səsi yaxşı çıxmır.
- Ə, onnar nə bilir saz nədi? Onnarınkı tardı, bir iki yüz vurub segah çaldırıf ağlaşsınlar. Saz əzəmətdi ey, bizim dağlar kimi. Aşıq Umbaya dəərəm saa bir saz bağışdıyar.
- Dayı, Aşıq Umbay nivasını bağışdıyar, amma saz bağışdamaz.
- Yaxşı, baxaram.
Şampan zavodun keçdilər. Dayı qarşıda sağda görünən xaşxananı göstərib dedi ki, orda saxlayarsan.
Bu da xaşxana. Maşından düşdülər. Dayı bir-iki dəfə gərnəşdi, quluncunu qırmaq üçün gövdəsini sağa-sola burxutdu. Sonra girdilər içəri.
Səhərin gözü açılmamış, camaat gözü yox, ayrı ifadə işlədirdi, xaşxanalar ağzınadək dolurdu, yer tapmaq mümkün olmurdu. Amma indi gün çıxmışdı, bu vaxtlar müştəri azalardı. Səhərin gözü açılmamış gələnlər xaşlayıb getdikləri üçün içəri o qədər tünlük deyildi. Xaşın iyi, sarımsağın iyi, tut arağının iyi, siqaretin iyi bir-birinə qarışıb elə bir qoxu yaratmışdı ki,dünyanın heç bir ətriyyat fabriki, hətta Şanel də belə bir qoxunu ala bilməzdi.
Keçib əyləşdilər bir küncdə.
- Dayı, vallah, qorxuram razı olmayalar, sən də pərt olarsan camaatın yanında.
- Səfeh, səfeh danışıf əlimin üstə nəs gətirmə. Mənim burda da vesim var. Sən öl, rəisə deyərəm kepeze maşınına basıb göndərər; - sonra dedi; - Bajoğlu, bilirsən də, bu xaşı bizim dədələrimiz icad eliyiflər. Bütün gejəni yatmıyıflar heyvanı, qoyun-quzunu güdüflər, səər tezdən də xaş yeyiflər ki, yata bilsinlər. Bu görməmişlər də elə bilillər ki, xaşı tezdən yemək lazımdı. Tökülürlər xaşxanaya, sonra da günortayacan yatırlar. - dedi və güldü.
Xaş gəldi. Böyür-başıyla, dəmiylə-dəsgahıyla bir yerdə.
- Ə, xalası göyçək, arağın girdirmə döyül ki?
- Sənin kimi bir kişiyə girdirmə araq vermək olar? Seyid Lazım Ağanın cəddi haqqı, axşam özüm düzəltmişəm, bir yüz də vurmuşam, bal kimidi.
İçəridəkilər hamısı güldü.
Xaşı sarımsaqla, sirkəylə qəşəng hazırladı.
- Bəh-bəh, mətdi ey mət, ölü yesə dirilər.
Bacoğlu Dayı ilə məzələndi:
- Gedəndə bəlkə bir az aparaq ölülərimizə?
Dayı:
- Genə sarsağladın?!- sonra özünə də, Bacıoğluya da araq süzdü.
- Dayı, mən içməyim də, geri qayıdacağıq, həm də qaidən qorxuram.
- Vur, ə. Qailər hamısı mənim dostumdu.
- Yox, vallah, içmirəm. Sən boyda kişini mən sağ-salamat geri qaytarmalıyam.
Özü bir yüz vurdu, girişdi yeməyə. Bir yüz də vurdu, sonra xörəkpaylayanı çağırdı:
- Ə, xalası göyçək, adama bir boşqaf da gətir.
Bu vaxt xaşxananın müdiri girdi içəri. Hamıyla salamlaşdı, bir «nuş olsun» dedi. Dayını görəndə iki əlini geniş açıb basdı bağrına.
- Əmioğlu, sən hara, bura hara? Çoxdandı görünmürsən?!
- Əşi katib qoyur ki, rayondan çıxaq? Ət planı, süd planı, yağ planı, yun planı. Bakıdan gələn qonaqları yola salmaq planı. Amma sən öl, sənin xaşından dünyada yoxdu. Kaş sənin kimi belə xaş bişirən səliqəli bir arvadım oleydi.
Bu sözə həm özləri, həm də yeməkxanadakılar gülüşdülər.
Dayı sonra üzünü tutdu Bacıoğluna:
- Ə, dur o baqajdakı motaldan birini gətir bura.
Müdir:
- Əşi, bu nə xəcalətdi?
- Xəjələtdi düşmənin olsun. Sən öl, baqajda üç motal var – biri rəisindi, biri Məcidovun, birini də asobu saa gətirmişəm.
Bacıoğlu motalı gətirdi. Hamının gözü qaldı motalda.
Yer-yerdən:
- Qardaş, satlıq yoxdu?
- Mən heç motal satana oxşayıram?! Biz motalı satmırıq, dost-tanışa pay veririk. Ürəyiniz istəyəndə qalxın bizlər tərəfə, hərənizə birini bağışdıyım.
Sonra stolun üstünə bir iyirmibeşlik atdı.
Müdir:
- Əmoğlu, ayıbdı, pulu götür.
- Ə, saa vermirəm, uşaqlara verirəm, qoy dayının hesabına vursunlar.- deyib xörəkpaylayanları göstərdi.
Yenidən müdirlə öpüşüb-görüşdü, xaşxanadakılarla da sağollaşıb çıxdı. Oturdular maşına.
- Dayı, bəs motalın birini prokurora gətirmişdin?
- Ə, sür, bazar doludu motalnan, birini alıb göndərərəm. Sən sür Məcidovgilə.
- Tanımıram axı.
- Yolu göstərəjəm.
Hərbi komissarlığın önündə yaşı bilinməyən bir Armud ağacı vardı. Bura Şuşa-Laçın, bir də Füzuliyə, Cəbrayıla gedən avtobusların, taksilərin dayanacağı idi. El arasında bura «Armudun dibi» deyirdilər. Səhər-səhər olmasına baxmayaraq, xeyli adam vardı.
- Ə, gör bizimkilərdən varsa, denən gözdəsinlər, günorta qayıdanda götürrük.
Bacıoğlu diqqətlə baxdı, tanış tapmadı.
- Dayı, bizimkilərdən heç kim yoxdu.
- Onda qazda getsin.
Hamama çatanda dedi ki, dön sola. İki tin keçdilər, dedi, indi bir də sola dön. Bir dəmir darvazanın qabağında maşını saxlatdı, düşdü. Yerdən bir daş götürüb darvazanı möhkəm-möhkəm döyəcləməyə başladı.
- Dayı, zvanoku bas də!
- Ə, zəhləmi tökmə.
Darvazanı bir cavan oğlan açdı.
- Kimi istəyirsiz?
- Məcidov evdədi?
- Xeyr! Məcidov bir ay olar köçüb Ağcabədiyə.
- Niyə, buralar xoşuna gəlmədi?
- Yox, ora daha böyük vəzifəyə göndərdilər.
- Bəs, sən kimsən?
- Qohumuyam, evi mənə tapşırıblar.
Dilxor-dilxor qayıdıb oturdu maşına. Allahverdinin restoranının qabağında bir taksi dayanmışdı. Maşını saxlatdı, düşdü aşağı, getdi taksiyə tərəf. Taksi sürücüsü də hörmət əlaməti maşından düşdü.
Üzünü tutdu taksiçiyə:
- Qardaş, savahın xeyir.
- Avətin xeyir.
- Məcidovu tanıyırsan?
- Seyidi kim tanımır ki?
- Ağcavədidəki evlərini də tanıyırsan?
- Ora ojaxdı, oranı kim tanımır ki?!
- Ağcavədiyə neçəyə gedirsən?
- On manata.
Döndü Bacıoğluna:
- Ə, düş o baqajı aç. Ordakıları gətir bura.
Taksiçi də kömək elədi. Bir iri qoyun cəmdəyi, bir motal, üç kiloluq bankada da balı qoydular taksiyə.
- Qardaş, sən Allah, ehtiyatlı ol banka qırılar, hayıfdı. O balı özüm kəsmişəm.
- Narahat olma.
Əlini cibinə salıb iki dənə şax onluq çıxarıb atdı oturacağın üstünə:
- Bunları tez çatdır, ət xarab olar.
- Deyim kim göndərdi?
- Əşi, deynən əmioğlun, özü biləcək.
Taksi yola düşdü. Onlar qayıdıb oturdular maşına.
- Dayı, barı taksinin nömrəsini götürəydin dana.
- Niyə?
- Bəlkə birdən aparmadı?
- Boş-boş danışma,ə, bu camaatda heylə şey olmaz, - sonra dedi; - Bajoğlu, bilirsən Məcidov nə kişidi? Bizim Mirhacib ağanın oğludu. Halal adamdı. Dost-doğma da əmuşağıyıx. Burda Qorponun müdiriydi. Keçən dəfə gələndə saldı məni isklada, hamısı da importnı mal. Dedi, əmoğlu, ürəyin nə istiyir seç. Xeylax şey-şüy aldım. Nə qədər elədim əlimi civimə salmağa qoymadı, dedi buralar saa qurbandı. Gələn dəfə gələndə gedərik bir Ağcavədiyə, həm seyidin ojaxına, həm də qonağı olarıx. Oğlu da fəxrimizdi, şairdi, kitavı-zadı da çıxıf.
- Bizim Malik Fərrux kimi?
- Ə, o uşaqdı. Malikdən heç Azərbaycanda yoxdu.
- Bəs, Ağa əmi, bəs Sücaət?
- Onnardan heç mirdə yoxdu.
Sonra maşını sürdürdü Milis şöbəsinə.
- Düş ordan nöbətçiyə denən dayın çağırır.
Növbətçi gəldi.
- Oyy, Dayı, xoş gəlmisən, həmişə sən gələsən, nə qulluq?
Dayı əvvəl əlini salıb cibinə bir onluq çıxartdı və basdı növbətçinin döş cibinə:
- Rəis burdadı?
- Yox, hələ gəlməyib.
- Baqajda rəisə çatajax pay-pürüş var, götürün onu.
Növbətçi bir nəfər də milisioner çağırdı, pay-pürüşü götürdülər.
Dayı:
- Hə, indi sür bazara.
- Dayı, bəs prokurorun payı qaldı axı?
- Ə, sür bazara dedim, sür dana.
 
Məscidin önündən keçəndə Dayı bir «Fatihə» surəsi oxudu, sonra da salavat çevirdi.
Bacıoğlu:
- Dayı, saa qurban olum, içirsən, donuz əti yeyirsən, sonra da fatihə oxuyursan.
- Ə, sarsağlama. İçənnərin Allahı yoxdu? Özü də mən donuz əti yemirəm, qaban əti yeyirəm. Bir də ki donuz əti pis şey olsa, o boyda Berejnyev yeməz. Əsas odu ürəyini Allahla düz saxlıyasan.
Bacıoğlu:
- Dayı, niyə bunların mecidləri var, amma bizim yox?
- Noolsun meciddəri var, amma bunnarın da seyidləri yoxdu. Seyidlərin hamısı bizdən gəlmədi. Elə Seyid Lazım Ağa da bizdərdəndi. Özü də Sultan bəy olmaseydı bunnarın da meciddəri olmazdı.
Məscidi keçəndən sonra əvvəlcə sola, sonra sağa burulanda ikimərtəbəli bir binanın qabağında dedi ki, saxla və maşından düşdü. Baqajı açdırdı. Bal bankasını özü götürdü, dedi, cəmdəyi də sən götür, qalx dalımca.
- Dayı, bəs prokuror?
- Onunku qaldı gələn dəfiyə.
Qalxdılar ikinci mərtəbəyə. Qapısına «Qəbul otağı» yazılmış bir kabinetə girdilər. Kabinetin səliqə-səhmanına söz ola bilməzdi. İki kreslo, bir divan, televizor, divanın önündəki stolun üstündə də qalaq-qalaq moda jurnalları, kitab dolabı, pəncərədə gül dibçəkləri.
- Dayı, heç bizim katibin belə qəbul otağı yoxdu. Bu buraların müdiridi?
Bu vaxt içəri otaqdan ortaboylu, ağbəniz, sifətinə xüsusi yaraşıq verən qapqara bığlı, İslam Rzayevə oxşayan gülərüz bir adam çıxdı. Onları görəndə elə sevindi ki, elə bil oğlu əsgərlikdən qayıdıb indicə həyətə girmişdi.
- Əmoğlu?!
- Can əmoğlu.
Qucaqlaşdılar. Dayı onu nə təhər sıxdısa:
- Ə, burax, qol-qabırğamı sındırdın ki! Sən öl, bu dəfə elə söhbət yoxdu, gedəjiyik evə. Xalayın bir döşəmə plovunu yeməsən mümkün deyil. Bəlkə sənin hesabına mənim də ağzım bir dada gələ.
- Əmoğlu, vallah, tələsiyirəm. Katibdən bircə günlük icazə almışam. Gələn şənbə bizim gədənin toyudu. Gəlmişəm həm bazarlığa, həm də manısdarnan danışım. Balla cəmdəyi də xalama gətirmişəm. Motal da vardı ey, bir az vurmuşdum, bilirsən də mən də vuranda sıyrılıram, bağışdadım Petro Elbrusa. Toydan sonra ondan da yaxşısını göndərəjəm.
- Əmoğlu, xalana motal-zad lazım döyül ey, bazar motala doludu, sən lazımsan, səni görsün. Bir o dağları yada salsın.
- Allah qoysa, gələn dəfə.
- Deyirsən gələn şənbə toydu? Bəs, bizim niyə xəbərimiz yoxdu?
- İndi dedim də. Uzax yoldu, gəlsən də sağ ol, gəlməsən də. Gəlsən xalanı da gətirərsən bizimkilər sevinər.
Sonra Naməlum Kişi harasa zəng elədi, tapşırdı ki, təcili bir çay dəsgahı düzəltsinlər. Sonra kitab dolabının alt gözündən iki banka çıxardıb qoydu stolun üstünə.
- Heç olmasa xalayın bişirdiyi mürəbbələrlə bir çaya nə deyirsən?! Biri çiyələkdi, biri də gül.
Dayı:
- Yaman olar. - deyib sərildi kresloya. Sonra da üzünü tutdu bacıoğlusuna; - Ə, otur də, gözünü niyə döyürsən?
- Bu kimdi?
- Bizim bajoğludu, əsgərrikdən təzə gəlif, hələlik götürmüşəm özümə şofer. Bu il qoyajam burda selxoztexnikoma. Midir dostumdu.
Naməlum Kişi onu da qucaqladı:
- Otur a bala, elə bil öz evinizdəsən.
Qapı açıldı, içəri əlində sini bir nəfər girdi, bir çay süfrəsi açdı, cürbəcür şokoladlar da qoydu stolun üstə. Sonra dedi:
- Aydın müəllim, ayrı qulluğun?
- Sağ ol, sağ ol.
Çay gətirən getdi.
Bacıoğlu dayısının qulağına pıçıldadı:
- Bu ispalkom Aydın müəllimdi.
Naməlum Kişini gülmək tutdu.
Dayı:
- Ə, yox.
Aydın müəllim deyilən kişi bir az da bərkdən gülüb dedi:
- Əmoğlu, deməli bir dəfə Novruz bayramıdı. Qapı döyüldü, uşaq getdi açdı. Bir də gördüm ki, uşaqlar bir cəmdək, mer-meyvə, qoz-fındıq, hətta banan, moskovski araqlar. Soruşdum ki, bu nədi bala. Dedilər ki, bir uaz gətirmişdi, paydı. Sən bilirsən də, bizim payımız olar Səyavuşun şampanları, ya konyakları, uzaqbaşı bir banka Kəlbəcər balı. Çaşdım. Bir azdan məlum oldu ki, bu payı İspalkoma göndəriblərmiş, səhvən mənə gəlib. İspalkom da qohumdu axı. Zəng elədim ki, sizə çatan şeyi səhvən bizə göndəriblər. Qəşş elədi. Dedi, ə, qohum, halal xoşun. Öyün bizim uşaq dalaşıb, aparıblar milisə. Deyiblər kimin oğlusan? Deyib, Aydın müəllimin. Buraxıblar. Biz də belə irəli düşürük ey. Yaxşı, evə getmədin-getmədin, onda günorta mənim qonağımsan.
- Yox ey, günorta istiyirəm manısdara bir qonaxlıx verim.
- Lap yaxşı, onları da götürərsən gedərik Batumun yanına bir çörək yeyərik, sonra da səni yola salaram.
- Nə deyirəm, sən deyən olsun.
 
***
 
Bazarın yaxınlığında maşını saxlamağa zorla bir yer tapdılar.
Bacıoğlu:
- Vay dədəm vay, bir belə maşın olar?
Dayı:
- Bu nədi, ə, şənbə-bazar buranı görsən, başına hava gələr. Şəər camaatı şənbə-bazar maşınnan küçəyə çıxmırlar ki, kolxozniklər şəərdədi.
Girdilər bazara. Girişdə düz yolun ortasında bir çəkməçi oturub öz işiylə məşğuldu. Camaat az qala onu tapdalayıb keçir, amma heç vecinə də deyil.
- Dayı, bu niyə belə ayaq altında oturub?
Dayını gülmək tutdu:
- Gəl görüm. Deməli, bir dəfə ispalkom gəlir bazara. Görür bu kişi oturuf elə indi oturduğu yerdə. Bazarkoma deyir ki, ə, bunu yolun ortasından götürün, başqa yerə qoyun. Hopstof götürüf qoyullar bir kənara. Axşam ispalkom evəələndə sekadan zəng gəlir ki, bəs, bizim orda bir yetimçə var, bazarda çəhməçilik edif balalarını saxlıyır, onu incitmisən. Qoy harda istiyir, orda da otursun. İspalkom dəli olur. Tez bazarkomu tapıf deyir ki, bu dəyqə gedirsən bazara, o oğraşı tapıf şey-şüyünü də götürüf indiyəcən harda oturmuşdu qoyursan ora, canı çıxsın. Bildin? Burda hərənin bir dayısı var ey!
Ara gün olmasına baxmayaraq, bazarda yenə basabasdı. Dayı gedir, Bacıoğlu da dalınca.
Seyid Lazım Ağa bir dükanının önündə kresloda oturmuşdu, əlində də uzun gərməşov çubuğu. Keçib gedənlər kimisi əlindən öpür, kimisi nəzir verir. O da yanında əliuşaqlı adam görəndə saxladıb uşağa bir şirni pulu verib başını sığallayırdı.
Dayı:
- Bax, o, Seyid Lazım Ağadı. Cibində pulun var? Apar Ağaya bir iyirmibeşdik ver.
- Dayı, niyə özün aparıb vermirsən?
- Ə, sarsağ oğlu sarsağ, görmürsən işmişəm? Gedim kişini mundarlıyım? Sən apar ver, sonra pulunu verəjəm.
- Dayı, deyim kim göndərdi?
- Heç nə demə. Pulu bas kişinin cibinə, əlindən də öp, qayıt.
Bacıoğlu getdi iyirmibeşliyi qoydu Seyid Lazım Ağanın döş cibinə, sonra əlindən öpdü. Ağa da onun başını sığalladı:
- İmam Hüseyn köməyin olsun,- sonra çıxarıb Bacıoğlunun cibinə bir manatlın qoydu; - Götür, bala, seyid puludu, bərəkətli olar.
Bacıoğlu qayıtdı Dayının yanına.
- Ə, o manatlığı qoy mənim döş cibimə.
- Niyə, dayı, mənə verdi axı?
- Ə, ağanın pulu bərəkət gətirir. Məndə olmasa, siz nə … yeyəssiz.
Bacıoğlu manatlığı qoydu Dayının cibinə.
Dayı:
- Di get bazarın başına, orda arabaçılar var, birini götür gəl.
Bacıoğlu gedib arabaçıların birini gətirdi. Dayı başladı bazarlığa, heç malların qiymətini də soruşmadı. Qoz-fındıq aldı, mer-meyvə aldı, arabanı doldurdu.
Banan da alanda Bacıoğlu dedi:
- Bunu neynirsən, dayı, bunu Afrikada meymunlar yeyir.
- Bizdə də pullular.
Sonra Dayı gəldi bir piştaxtanın yanına:
- Nə çayınız var, ə?
- İndeyski, seylon, qruzinski.
- Ordan bir on paçka seylon ver. Gürcü çayı nədi ə, satırsız? Bizim Astara çayı onnan min dəfə içməlidi. - deyib satıcını danladı.
- Ağsaqqal, burda mesni mala pul verən yoxdu ey, elə biri də sən.
Sonra da Bacıoğluna dedi:
- Apar bunları yığ baqaja, qayıt gəl. Arabaçıya da bir-iki manat pul ver.
Bacıoğlu dediyini edib qayıtdı. Dayı sonra girdi bir ərzaq mağazasına. Satıcıdan soruşdu ki, ə, kişi ol, içməyə yaxşı nəyiniz var.
Satıcı:
- Əla moskovski arağımız da var, Göy-göl konyakımız da.
- Ə kişi ol, girdirmə döyül ki?
- Seyid Lazım Ağanın cəddi haqqı, yox, xüsusi dostlar üçündü. Amma özüm ölüm, bizim girdirmələr bunlardan içməlidi.
- Yaxşı, bir kletka kanyax, iki kletka da maskovski. Bajoğlu, bir arabaçı da çağır bunnarı daşı maşına, qayıt.
Bacıoğlu komandirdən əmr almış kimi tapşırıqları yerinə yetirib qayıtdı.
Sonra Dayı girdi böyük bir pal-paltar mağazasına. Mağaza müdiri elə oturub ləzzətlə çay içirdi ki,elə bil qırx eşşəyi sağına gəlir.
Dayı içəri girəndə, bayaqdan bəri qırx eşşəyi sağına gələn müdir, obaxeyisi görmüş kimi qalxdı ayağa:
- Bay, xoş gəlmisən, həmişə sən gələsən. Dağlarda nə var, nə yox? Eşitdim hökumətlə dava salıb yuxarı kəndlərə işıq çəkdirirsən?
- Ə, ağzım nədi hökumətlə dalaşam. Xahiş etmişəm, sağ olsunlar da, sözümü yerə salmayıflar.
Görüşüb-öpüşdülər.
- Nəyiniz var?
- Odeey, kostyumlar, köynəklər, ayaqqabılar. Nə istəsən.
- Ə, Valadarskinin kastyumlarını gözümə soxma ey. Heç Valadarskinin müdiri ondan geyinmir.
- Əla finskilərimiz var, uşaqlar Leninqraddan təzə gətiriblər.
- Sən öl, bu hökumət dağılajax. Ə, Leninqradda, o soyuxda finski kəstyum geyən var? Finski kəstyumu göndərirlər Leninqrada, qış ayaqqavıların da bizim Hindarxa. Davay, iki dənə əlli dörd razmer finski gətir görək.
Müdir satıcıya göz elədi. Satıcı keçib arxa otağa, ordan dörd-beş dəst kostyum gətirdi. Dayı bir-bir götürüb baxdı, ikisini seçib qoydu kənara:
- Bunnara uyğun köynək də gətir. Ayaqqavı nəyiniz var?
- Yuqoslavski də var, rumınski də.
- Ə, rumınlar nə bilir ayaqqavı tihməyi, onnarınkı mebeldi. İki dənə yuqaslavski.
Satıcı:
- Ağsaqqal, neçə razmer?
- Qırxdörd.
Satıcı təəccüblə müdirə baxdı.
Müdir:
- Neçə?
- Qırxdörd.
- Qırxdörd razmer ayaq olar?
- Niyə olmur, ə? Mənim ayağım qırxbeşdisə, oğlumunku də qırxdörd olmalıdı də. Biz mamlı-matan şəər uşağı əhmirik ey, dağlar oğlu əkiriy.
- Yaxşı, otur bir çay iç, - dedi müdir, sonra üzünü satıcıya tutdu; - Qaç Qurbanovun mağazasına, denən iki dənə qırx dörd yuqoslavski ayaqqabı versin.
Satıcı on dəqiqəyə qayıtdı, əlində də iki dənə ayaqqabı qutusu.
Dayı üzünü tutdu Bacıoğluna, mağazadakı kostyumları göstərib dedi:
- Neçə razmer geyirsən, ə? Keç ordan özünə bir kəstyum seç.
Bacıoğlu əlli iki deyib, Dayıya nə təhər yazıq-yazıq baxdısa.
Dayı:
- Ə, bir dənə də əlliki razmer finski də buna gətir. - dedi, sonra Bacıoğluna hirsləndi; - Ə, dədən-baban finski kəstyum geyinif?
Bacıoğlu:
- Dədəm-babam sənin də dədən-baban deyilmi? Bəs, sən niyə geyirsən? Onlar geymiyib deyin, mən geysəm dünya dağılar?
Dayı Bacıoğlunu qucaqlayıb öpdü:
- Yaxşı, daşı maşına.
Sonra çıxarıb aldıqlarının pulunu verdi, on manat da atdı satıcıya ki, bu da sənin.
Bazardan çıxdılar, oturdular maşına.
- İndi də sür manıslar olan yerə.
Vaxtilə bazara çataçatda bir böyük bağ vardı. Həm bazara gələnlərin, həm də ətrafdakı dükan və atelyelərdə işləyənlərin sərinləmək üçün istirahət yeri idi. Uşaqlar da burda mərc çəkərdilər: kim neçə ağacdan-ağaca keçər. Bir də Pasan deyilən bir oğlan burda velosiped kirayə verərdi - 30 dəqiqəliyə, bir saatlığa, iki saatlığa. Deyəsən, saatı 20 qəpik idi. Bir dəfə də velosipedi aşırtdığına görə bu sətirlərin müəllifinə qəşəng bir şapalaq vurmuşdu. Bağın aşağısında da böyük bir çayxana vardı. Çayxananın bir tərəfinə taksi sürücüləri, bir tərəfinə də toy tutmaq istəyən musiqiçilər yığışardı.
Sonra rayona yeni katib gəldi. Ağacları dibindən kəsdirdi, bağı şumlatdı, kiminsə adına bir xiyaban düzəltdi, daşlardan ibarət. Düzdür, çayxananı sökdürməyə gücü çatmadı, amma bağ da əldən getdi.
Bağın aşağısında, çayxananın yanında maşını saxlatdı:
- Sən get Aydın əmoğlunu götür gəl.
- İspalkomu?
- Ə, sən nə tupoy adamsan, ə? Bayaxkı kişini deyirəm də.
Girdi çayxanaya. Yer-yerdən durub görüşdülər. Onu tanıyan manıslar da yığışdılar başına, xoşgəldindən sonra da çayçıya dedilər yaxşı bir çay dəmlə.
Dayı çayçıdan soruşdu:
- Kəkotunuz var, ə?
- Var.
- Maa kəkotu çayı gətir.
Manıslardan biri:
- Ağsaqqal, nə qulluq?
Dayı:
- O bir gitarist var ey, meymunnan gəzən, Çinqaçuka oxşuyur.
- Rəmişi deyirsən?
- Hə, hə, Rəmiş.
- Ağsaqqal, o burda yaşamır ey, Bakıda yaşayır, toydan-toya gəlir.
Kimsə:
- O gün burdaydı, meymunu xəstələndi, apardı Bakıya. Sənə gitarist lazımdısa Qəhrəmanı götürək. Rəmiş nə tökübsə o da yığıb, heç ondan da geri qalmır. Peşə məktəbləri ümumittifaq festivalının laureatıdı.
Dayı:
- Bir dənə də tar çalan.
- Gitara varsa, tar çalanı neynirsən?
- Ə, gitarayla muğam oxuyarlar, adınızı da muzkant qoymusuz?
- Onda Eldarı götürək. Onun kimi tar çalan var?
- Eldar Qədirsiz toya getmir.
- Elə mən Qədiri istiyirəm.
Musiqiçilər dilxor oldular, Qədirin öz ansamblı vardı, bunlardan da zəhləsi gedirdi. Qədiri tapsalar, toy əldən çıxacaqdı.
- Ağsaqqal, çətin məsələdi. Qədir burda deyil, Bakıdadı, deyəsən radioya çağırıblar, həm də gələn şənbə Bakıda toyu var. Bəlkə Sədiyə deyək, bu dəqiqə moddadı.
- O Bağdagülü oxuyan? Hə, pis oxumur. Qonşu kənddə bir toy aparırdı. Amma, o da hamıynan məzələnir ey. Toyda dolamadığı adam qalmadı. Vallah, mən olmasam onu döyəjeydilər. Bizim camaatı tanıyırsız dana. Bir də o Məmli var ey, qarmonçalan, bərdəli, onu da tapın.
- Əşi, Zahidin yanında o nə bilir qarmon çalmağı.
Beş dəqiqəyə ansamblı düzəltdilər. Sədini də tapdılar, Zahidi də.
Sədi Dayını görən kimi:
- Ə, bu Dayı Laçının yiyəsidi ey, bir kişi bunun qabağında söz deyə bilməz. Pul da Dayıda mal tırığı kimi. Özü də bir oynamağı var ki, Məşdibaddakı Süleyman onun yanında qolun qaldıra bilməz. - deyib Dayını basdı bağrına.
Dayı baxdı ki, gitaraçı da kəkodu, nağaraçı da, qarmonçalan da. Bir şaqqanaq çəkdi:
- Ə, İldırım Həsənovu da tapın, bir kəko ansamblı yaradın, o qayadı, daşdı-kəsəkdi, nədi sizin yanınızda qələt eliyir.
Bu vaxt Aydın kişi də gəldi:
- Hə, indi durun gedək Batumun pavilyonuna, söhbətin dalını orda eləyərsiz. Bu kişi də qayıdıb getsin.
Oturdular maşınlara, çıxdılar Qiyaslı yoluna, Batumun pavilyonuna. Palıd ağacının altında yaxşı bir süfrə açdırdılar. Ofisiant qəlyanaltıları qoyandan sonra soruşdu:
- Nə yeyəssiniz?
- Nəyiniz var, ə?
- Hər şeyimiz. Lülə kabab, tikə kabab, basdırma kababı, hinduşka kababı, çolpa…
- Ə, saxla görüm. Nə qədər kabab yemək olar, balığınz var?
- Niyə yoxdu? Sazan, kütüm, çay balığı.
- Ağ balıx nətər?
- Var.
- Davay. Ağ balıxdan başdıyax. Özü də maskovski araq ver. Bu girdirmə arağınızı az sırıyın camaata.
Sağlıqlar başladı, nə başladı. Hamısını da Dayı deyirdi. Sultan bəyin nəslinin sağlığına, Qaçaq Nəbinin nəslinin sağlığına. Ağa Laçınlının sağlığına, gördü ki, bir az ağ oldu, hamı da ona əyri-əyri baxır, hətta bəziləri mısmırığını sallayıb heç içmir, keçdi Xudu Məmmədovun sağlığına. Yadına düşdü ki, təzə bir alim çıxıb, cavan oğlandı, SSRİ Dövlət Mükafatı alıb, bir aydı televizor, qəzetlər ondan danışır, birtəhər adını yadına saldı – Rafiq Əliyev. Sonra onu da yadına saldı ki, qayınatasıyla da əvvəllər yun alveri-zadı olub, bir təmtəraqlı sağlıq da ona. Qaldı şair, onu da tapdı. Famil Mehdi bir neçə dəfə Ağayla onlara qonaq gəlmişdi, hələ kitab da bağışlamışdı, onun bir şeirini də əzbər bilirdi, şeiri əzbər dedi.
 
- Familəm, həmişə yanmaqdı peşəm,
Can deyən gözələ canan demişəm.
Bu yolda sevinc də, qəm də yemişəm,
Bir daha yemərəm, tamarzıyam mən.
 
Beləliklə, hesabı üç-üçə bağladı. Sonra fikirləşdi ki, heç-heçə ona sərf eləmir, burdan qalib çıxmalıdı, dedi:
- Ə, bu rayonun qədrin bilin. Bu rayonda mirdə yoxdu. Görün bizim əmoğlu Kürdoğlu Hüseyn rayonunuz haqqında nə deyiv ey:
 
Yenə də baş çəkim Ağdama gərəh,
Qarqarın suları Ağdama gərəh.
Bu yerin qədrini bilmiyənlərin
Qara gözdərinə ağ dama gərəh.
 
Beləliklə, hesabı dörd-üç öz xeyirinə dəyişdi və sonra da əli ilə işarə elədi ki, stolun üstündəkiləri yığışdırıb çay gətirsinlər.
Çay gəldi. Dayı çaydan bir qurtum aldı, sonra əvvəl-əvvəl Bacıoğluna baxdı, musiqiçilərə baxdı, dedi:
- Hə, indi keçək əsas məsələyə. Bir şərtim var.
Sədi:
- Ağsaqqal, xırdala gəlsin. Beş yüz mənlikdi, min manat da uşaqlara.
- Ə, söhbət puldan getmir. Pul əl çirkidi. Ayrı bir şərtim var. Toya vertalyotnan gələssiz.
Hamısı birdən dilləndi:
- Nəynən?
- Vetalyotnan.
Gitaraçı:
- Aydın kişi, əmoğlun deyəsən biznən məzələnir axı, bəlkə samalyotla gələk?
Bacıoğlu:
- Dayı, saa demədim?
- Ə, küçük, sən səsini kəs, - sonra üzünü tutdu çalğıçılara; - Mən heç məzələnən adama oxşuyuram? Ciddi sözümdü. Qonşu kolxoz sədrinin oğlunun toyuna sizinkilər mersedeslə gəlmişdi. Bütün kənd yığılmışdı maşının başına. Maşın yiyəsi də forsdanırdı ki, o xakkeyis var ey, Tretyak, ondan alıf. Sədr yerə-göyə sığmırdı. Mən də bir az vurmuşam, onun ajığına hamının içində dedim ki, bizim gədənin toyuna muzkantları vertolyotnan gətirdəjəm. Mərc çəkdiy. Bütün rayon bilir. Mən vesimi aşağı sala bilmərəm axı.
Sədi:
- Ağsaqqal, başına dönüm, vertalyotu hardan tapaq? Hərəmizin bir dranqulet jiqulimiz var. Sənin xətrinə jiquliylə yox, qaz iyirmidördlə gələrik.
Dayı:
- Vertalyot mənlikdi, danışmışam, pullarını da vermişəm. Şənbə günü saat doqquzda sizi Məzahirin ayriportundan götürüb gətirəjək kəndə, iki gündən sonra da qaytarıb qoyajax yenə Məzahirin ayriportuna.
«Məzahirin ayriportu» sözünü də elə deyirdi ki, elə bil aeroport Məzahirin dədəsinin idi.
Nağaraçı dəbbələdi və dəbbələyən kimi, ya hirslənən kimi də kəkolayırdı:
- Yoooox, qqardaş, məənlik deeyil. Heçç yeerdə düdüz əməlli ggəzə bibilmirəm, gögöydə nə itim azıb. O vevertalyot, oo da siiz mən gegetmirəm.
Bacıoğlu:
- Dayı, saa dedim axı.
- Ə, küçük, saa demədim sus. Uşaxlar, burda nə var ki? Səər-səər xaşla adama bir iki yüz vurub minirsiz vertalyota, uzağı bir saata, saat yarıma bizim kəddəsiz. Hərənizə ayrıca İstipanakert pulu da verəjəm.
«İstipanakert pulu» eşidən kimi bir-birlərinə baxdılar, Nağaraçı da sıyrıldı:
- Əşi, nə olar-olar. Ağsaqqal, amma bir az bahalaşıblar ey.
Dayı əlini saldı qoltuq cibinə. Bir topa şax pul çıxartdı. İçindən on dənə yüzlük seçib atdı stola:
- Bu sizin behiniz, şabaş da sizdikdi, min də vertalyotdan düşəndə verəjəm - dedi, sonra da beş dənə əllilik sayıb atdı yüzlüklərin üstünə;- bu da sizin İstipanakert pulunuz.
«İstipanakert pulu» eşidən Bacıoğlu yazıq-yazıq dayısına baxdı. Dayı da Bacıoğlunu başa düşdü və dedi:
- Qələt eləmə, sənin hələ yaşın çatmır. Uşaxlara dəərəm saa bir saz gətirəllər, - sonra üzünü tutdu musiqiçilərə; - Ə, sizdə saz olur?
- Gülablı dolu deyil?
- Gələndə buna bir saz da gətirin.
Sədi pulları götürüb qoydu cibinə:
- Ağsaqqal, vertalyot nədi ey, istiyirsən lap sayuzappolonla gələk.
Dayı xörəkpaylayanı səslədi:
- Ə, xalası göyçək, gəl hesabı al, gedək. - dedi və əlini atdı cibinə.
Musiqiçilər hamısı əllərini cibinə atdı:
- Olmaz, Allah haqqı, day ağ eləmə də. Nolsun pulun çoxdu, qonağımızsan.
Aydın kişi:
- Hamınız oturun yerinizdə. Hesab mənlikdi. Əmoğlu mənim qonağımdı.
 
***
Aeroportda Məzahir onları qımışa-qımışa qarşıladı:
- Nədi ə, lotular deyəsən artırmısız, toya getməyə vertolyot zakaz eləmisiz?!
- Dağ yeridi də, yollar xarabdı, dedik maşınımız hayıfdı, vertalyotla gedək.
Bu vaxt pilotlardan biri onları səslədi:
- Ay qardaşlar, bayaqdan sizi gözləyirik, tərpənin də. Bizim bu gün hələ bir sürü işimiz var.
- Gəlirik dana, beş dəqiqə ilə dünya dağılajaq?
Məzahir müəllim:
- Gözləyin , - dedi və girdi binaya, bir bağlama ilə qayıtdı; - bu şirvan konyakıdı, mənim adımdan bağışlayarsız Dayıya. Əla kişidi.
Kimsə:
- Məzahir müəllim, hər şeyi başa düşdük ey, amma bu vertolyotu hardan tapıb?
- Maşın çıxmayan kəndlərə işıq çəkdirir. Materialları dəmiryoldan vertolyotlarla daşıyırlar. Çox vaxt özü də vertalyotla gəlib-gedir. Burda da mənim maşınımı götürüb sürür. Qonağı da olmuşam. Kəndləri cənnətdi ey. İki-üç gün kef partladassız.
Vertolyot yerdən qalxan kimi Nağaraçının rəngi-rufu qaçdı. Malıbəylinin üstündən keçəndə öyüdü:
Pilot:
- Ə, orda paket var, verin ona yeri batırmasın.
Nağaraçı bir partiya qusdu, sonra dəsmalla ağız-burnunu silə-silə deyinməyə başladı:
- Tütüpürüm bebelə pul qaaazanmaağa. Maa dedeyən gərək, ay iiit oğlu, beeeş maanatdan ötrü sənin gögöydə nə işin var? Caamaat bu dədəyğa Qəqəmərin yaanında xəxəəngəl yeer. Məən də ggöydə şaşalvaarıımı babatırıram. Siizi bilmirəm, qaqayıdanda məən aaavtobusla qaqayıdajam.
Gitaraçı:
- Ə, kef elə. Nəslindən Şuşaya göydən baxan olub? Bax dəə, gözlərin bayram eləsin.
Nağaraçı nə isə demək istəyirdi ki, yenə qusdu, bu dəfə paket verməyə macal olmadı. Elə bil pilota od qoydular:
- Orda şəlpə var, atın o zibilin üstünə, - dedi, sonra əlavə etdi; - Sən öl, bir də böyükağanı çağırsan, səni götürüb qapıdan atacam aşağı, get Qəmərin xəngəlini ye.
Nağaraçı :
- Qqardaş, nə qəqədər dedeyirsən saa pul verim, məni düdüşürt Ccıdır düdüzündə.
Kimsə pilotdan soruşdu:
- A bəy, hələ çox qalıb?
Pilot əsəbi halda:
- Yox, bircə qusmaqlıq.
 
***
Pilot düz deyirmiş. Kəndə çatanadək Nağaraçı bircə dəfə qusdu.
Kənd meşənin içindəydi, vertolyotu yendirməyə bir açıq meydan yox idi.
Pilot :
- Komandir, bura heç Qaqarin də vertalyot yendirə bilməz. Bəlkə qalxaq dağın döşündəki inşaat meydançasına, gəlib ordan apararlar?
Komandir:
- Ə, yox. Kişiyə söz vermişik ki, manısları düz həyətə düşürəcəyik. İndiyənəcən bir ton çörəyini yemişik, bir ətək də pulunu almışıq. Mən vertalyotu ağaclardan bir az yuxarıda saxlayacam, sən də onları bir-bir trosla yendir aşağı.
Pilot:
- Bəlkə nərdivanı açım?
- Yox. Yıxılıb eləyərlər poxa düşərik.
Əvvəl alətləri yendirdilər. Trosu Xanəndənin belinə bağlamaq istəyəndə Nağaraçı dedi:
- Ə, babaşınız xaxarab olub? Kakamandir qaqaytar biizi gegeriyə.
Sədi Nağaraçıya:
- Ə, düdük, sən bir səsini kəs, - sonra pilotdan soruşdu; - Qaqa, bu nədi?
- Trosdu, bağlayacam belinə, sonra sizi yavaş-yavaş yendirəcəm aşağı, kinolarda görməmisən?
- Görmüşəm, qaqa, amma biz desant deyilik ey, muzıkantıq.
- Əsgərlikdə olmamısan?
- Niyə olmamışam, olmuşam. Özü də Sibirdə, stroybatda.
Dayı aşağıda camaatı bir kənara çəkmək istəyirdi:
- Ay camaat, qıraa durun də, meymun oynadıram?! Vertalyot görməmisiz?
Vertolyotu görmüşdülər. Amma ondan trosla sallanıb düşənləri görməmişdilər. Dayının qorxusundan hamı bir kənara çəkildi.
Dayı əli ilə işarə elədi ki, ver gəlsin.
Pilot trosu yavaş-yavaş buraxmağa başladı:
- Düşəndən sonra trosu açarsan.
Pilot sonra bir-bir o birilərini yendirdikcə aşağıdakılar «urra» deyə bağırırdılar.
Nəhayət, qaldı Nağaraçı:
- Qqardaş, sisizə ququrban olum. Bir çəçətən külfətim vaar, məəəni qaqaytarın Aağdama.
Komandir:
- Ə, ağciyər olma. Görmədin, onlar necə rahat yendilər, burda nə var ki?
- Ə, iitoğlu, iistəəmirəm dana.
Komandir:
- İstəmirəm nədi, köpəyoğlu, kişi aşağıda gözləyir. Toya şətəllik qatmaq istəyirsən? - sonra pilota dedi; - Bağla trosu, at aşağı. Yoxsa onu bu dəqiqə trossuz tullayacam.
Pilot Nağaraçı ilə boğuşa-boğuşa trosu onun belinə bağlaya bildi, elə komandir dediyi kimi də qapıdan çölə itələdi:
- Qoz getdin!
Nağaraçı bağırdı:
- Səənin ananııı…
Nağaraçı əl-qol ata-ata, çabalaya-çabalaya söyür. Yenə möhkəm öyüdü, aşağıdakıların bəxtindən day mədəsində qusmağa heç nə qalmamışdı.
Tros onun naqolay hərəkətlərindən yellənməyə başladı. Və palıd ağacının budağına ilişdi. Vertolyot ləngər vurdu, komandir sükanı zorla saxlaya bildi:
- Ə, bu it oğlu bizi qıracaq.
Pilot yuxarıdan bağıra-bağıra, əli ilə işarə edir ki, kəməri aç. Nağaraçı var, bu il ölmüsən, bildir.
Pilot gördü ki, vəziyyət ağırdı, nərdivanı aşağı salladı və özü yendi ağacın başına:
- Ə, əclaf, bayaqdan bağırmıram kəməri aç?
Nağaraçının dili tutulub. Pilot onun belindən kəməri açıb öz belinə bağladı:
- Di canın çıxsın qal burda, - dedi və əli ilə komandirə işarə elədi ki, çək.
Pilot ağacdan ayrılan kimi vertolyot qalxdı, Nağaraçı qaldı ağacın başında.
Pilot:
- Komandir, Dayının konyakı qaldı, Məzahir bilsə qanımız getdi.
Komandir:
- Bizim qismətimiz imiş. Axşam Dayının sağlığına vurarıq.
Nağaraçı ağacın başında canıyla əlləşirdi, aşağıdan da qışqırırdılar:
- Ə, düş aşağı dana.
Nağaraçının dili söz tutmur, əli ilə işarə edir ki, düşə bilmirəm.
Sədi:
- Ə, demədim bunu götürməyək? Keçən dəfə Hindarxda görmədiniz necə içib sarsaqladısa az qaldı mitilimizi atsınlar. Zarafata salmasaydım, nağaranı keçirdəcəkdilər başına. Vallah, bu Dayı onu dəli inək balasını çığnayan kimi çığnayacaq.
Dayı da söyür.
Sədi:
- Dayı, narahat olma ey, bu dəqiqə düşəcək. Qoy bir özünə gəlsin. Yazıq birinci dəfədi vertalyota minir. Vallah, buracan qusub canı qalmayıb.
Dayı:
- Ə, düş. Vallah, yoxsa çıxıf səni ordan təpəsi üstə salajam yerə.
Yer-yerdən:
- Ə, düş dana.
- Hə-hə-həzrət Aaabbas haaaqqı düdüşə bilmirəm.
Bu vaxtı gəlin gətirən maşınların «vərə-vürə» siqnalları kəndi götürdü başına. Bərk gedən oğlanlar hərə bir-iki qoyun satıb gedib Ağdam bazarından «vərə-vürə» səsi çıxaran italyan siqnalları almışdılar.
Dayı bir qapıya tərəf qaçdı, sonra qanrılıb geri qayıtdı:
- Ə, çalın də. Gəlini gətirirlər.
Klarnetçi:
- Nağarasız vağzalı çalmaq olar?
Dayı nağaranı verdi bir uşağın əlinə:
- Çıx ver o dəyyusa, qoy canı çıxsın ordan çalsın.
Uşaq meymun kimi dırmaşdı ağaca və nağaranı verdi ona.
- Neneneynirəm ə ooğraş, bunu?
Dayı aşağıdan bağırdı:
- Orda çal, köpəyoğlu, - dedi və qaçdı darvazaya tərəf.
Klarnetin səsi aləmi götürdü başına. Nağaraçı nə qədər elədi ritmi tuta bilmədi. Dişini dişinə sıxıb, başladı nə gəldi döyəcləməyə.
Sonra parta-part başladı. Tüfəngdən, tapançadan, hətta avtomatdan, kasıbın nəyi var, onun nə çaldığı heç kimin vecinə deyildi.
Gəlini evə ötürəndən sonra musiqi də kəsildi, partapart da.
Yazıq Sədinin boğazı quruyub:
- Ə, düş. Gecə ağacda yatassan?
Bu vaxt Dayı qayıtdı çalğıçıların yanına:
- Dəyməyin, rəysə zəng eləmişəm pajarnı göndərif, indi gələjəklər.
Nəhayət, yanğınsöndürənlər gəlib çıxdılar.
Yanğınsöndürənlərdən biri nərdivanı qaldıra-qaldıra:
- Ə, avara, düşə bilməyəcəkdin ora nəyə çıxmışdın?
Sədini gic gülmək tutdu:
- Çıxmıyıb ey, göydən düşüb.
Nərdivanı qaldırdılar ağacına başına. Yanğınsöndürənlərdən biri qalxdı yuxarı:
- Qardaş, qorxma. Əlini ver mənə, hə, indi çıx nərdivana, tutmuşam, yavaş-yavaş düşəcəyik.
- Yıyıxılmaram ki?
- Dedim mən burdayam da! Qoy nağara qalsın, mən təzədən çıxıb götürərəm.
- Qqaqa, bu məmənim çöçörək ağacımdı.
Yanğınsöndürən:
- Ə, gəl görüm! Bu da mənim çörək ağacımdı;- deyib əlini vurdu nərdivana, - sonra onu birtəhər yendirdi.
Camaat:
- Urra! Urra!
Elə bil Bir May idi, raykomun tribunasının önündən keçirdilər.
Çalğıçılar meyidə dönmüş Nağaraçını bağırlarına basdılar :
- Ə, ordan bir çappa araq gətirin.
Elə bil çappa araq hazır idi. Nağaraçı çəkdi başına, gözü çıxdı kəlləsinə:
- Nanamərddər, bubu tutut aarağıymış ki?
Bu vaxtı Dayı gəldi. Nağaraçı qorxutdu ki, bu dəqiqə onu salacaq ayağının altına çığnayacaq.
Amma gördülər ki, Dayının gözləri dolub, yanağından göz yaşı axır.
Nağaraçını necə qucaqlayıb qaldırdısa, yazığın ayağı yerdən üzüldü. O üzündən-bu üzündən öpdü:
- Bajoğlu, bağışda məni. Bağışda, bu axmax dayını. Bir eşşək mərci ilə səni də zibilə salmışdım, özümü də. Sənin bir İstipanakert pulun da mənnikdi;- sonra Sədini qucaqlayıb dedi: - Səni and verrəm Seyid Lazım Ağanın cəddinə, bunu orda-burda danışıf məni dilə-dişə salmıyın.
Sədi:
- Ağsaqqal, elə kişilik olar. Seyid Lazım Ağanın cəddi, ağzımı açmaram, bir toyda danışaram, bir yasda.
Ağsaqqalı gülmək tutdu, yenə Sədini basdı bağrına, dedi:
- Sən yaxşı oğlansan, danışmazsan. Di keçin mağara, camaat gözdüyür.
Keçdilər mağara. Ağız deyəni qulaq eşitmirdi. Amma Dayını görən kimi elə bil qurbağa gölünə daş atdılar.
Çalğıçılar yerlərini tutdular, alətlərini köklədilər. Sədi bir-iki dəfə mikrafona – Bir, bir, bir – deyib yoxladıqdan sonra boğazını arıtlayıb səsini köklədi.
Dayı Nağaraçının nağarasını alıb qoydu stolun üstə, özünü də çəkdi mağarın ortasına ki, mənimlə oynayacaqsan. Sonra stolun üstünə bir əllilik atdı:
- Mənim havamı çalın.
Yeryerdən çığırdılar:
- Gamış bağa girdi, gəl…
Bəlkə qırx iliydi Ağdamda bu havaya bir köhnə kişi vardı, Astorq İbrahim, bircə o oynayırdı. O qədər ağır-ağayana bəy havasıydı ki!
Sədi:
- Gözlərinzi niyə döyürsüz, ə? Bu ağsaqqal da buraların Astorq İbrahimidi! Getdik!
Çalğıçılar başladı çalmağa. Sədi də mikrofonu götürdü :
- Ədə, ədə Abasqulu,
gamış bağa girdi, gəl.
Tənəhləri yedi, gəl.
Dayı qollarını qaldırdı, elə bil uçmağa hazırlaşan bir qoca dağ qartalıydı. Nağaraçı da qollarını qaldırdı, elə bil onun önündə sərçəydi.
- Ədə, Abasqulu,
gamış bağa girdi, gəl,
Tənəhləri yedi, gəl.
 
 

TƏQVİM / ARXİV