adalet.az header logo
  • Bakı -°C

Aqil ABBAS: RƏMİŞ - (Povest) - SON

AQİL ABBAS
393 | 2025-11-07 18:00
A- A+

ƏVVƏLİ BURADA

Yorulmuşdu, çox yorulmuşdu. Əslində buna yorulmaq demək olmazdı ey, bezmişdi. Hər şeydən bezmişdi: şöhrətdən də, dostlarından da, curlarından da, qadınlardan da. Elə Rəmiş olmaqdan da bezmişdi. Tıncıxırdı. Nə qədər belə yaşamaq olar? Yaşamaq ona çox mənasız olmuşdu. Özü də bu, tez-tez baş verirdi. Belə olanda oturub maşına qaçırdı kəndlərinə.

İndi də oturdu maşına. Yolboyu Qədir Rüstəmovun, Akif İslamzadənin mahnılarına qulaq asa-asa sürdü Abdala. Kəndin içində də onu görüb salamlayan adamlara da siqnalla salam verib gəldi Kəhrizin başına. Maşından düşüb özünü verdi Kəhrizə. Əvvəlcə doyunca su içdi, bu su onun ürəyinə bir az təpər verdi. Sonra qurşaqdan yuxarı soyunub yuyundu. Su o qədər soyuq idi ki, elə bil bədəninə yüzlərlə iynə batırırdılar, ona ləzzət edirdi. Sonra qurulanıb oturdu bir sal daşın üstündə, başladı suyun şırıltısına, yarpaqların fısıltısına, quşların səsinə qulaq asmağa. Tərtəmiz havanın şirin qoxusunu çəkdi neçə illərdi təmiz hava görməyən ciyərlərinə. Ciyərləri kef elədi. ciyərlərini o qədər tüstü ilə doldurmuşdu ki, indi bu qaymaq kimi havanı udduqca ciyərləri kirdən-pasdan təmizlənirdi.

Xeyli belə oturmuşdu. Gözünü yumub getmişdi fikrə. Bu vaxt Kəhrizə adamlar gəlməyə başladı.

- Buy, başıma xeyir, bu bizim Rəmiş döyül? - deyə çiynində səhəng olan qadın yanındakı qadınlardan soruşdu.

Qadınlardan biri dilləndi:

- Hə, özüdü ki var. Çoxdandı kəndə gəlmir. 

"Buy, başıma xeyir" deyən qadın yaxınlaşıb Rəmişi qucaqladı, öpdü:

- Nətərsən, ay bala.

Rəmiş oturduğu yerdən qalxdı, özü də əsəbi halda, gül kimi kef eləyirdi. Gələn qadınlar onun kefinə oturdular. Başı ilə qadınlara salam verib Kəhrizdən ayrıldı. Maşına  minib qayıtdı kəndə tərəf. Aşıq Xaspoladın evinin qabağında maşını saxlayıb düşdü. Girdi evə. Xaspolad kişi oturub böyürtkən mürəbbəsi ilə çay içirdi. Tez qalxdı ayağa, Rəmişi bağrına basdı:

- Dədəm, nənəm saa qurban, ay Rəmiş. Xoş gəlmisən bu kasıb daxmama.

Rəmiş də bardaş qurub yerdə oturdu və əlini atıb Xaspolad kişinin yarımçıq qalmış çayını götürüb bir-iki qurtum aldı. Böyürtkən mürəbbəsindən də ləzzətlə yedi. Bu kənddə elə ev yoxuydu ki, orda böyürtkən mürəbbəsi olmasın. Kəndin bütün ətrafı, elə içi də böyürtkən kollarıylı doluydu. Rəmiş uşaq vaxtı əlinə tikan bata-bata o kollardan böyürtkən yığıb yeyərdi.

Rəmişə də çay gətirdilər.

Rəmiş:

- Çay istəmirəm, Xaspolad dayı. Şəhərdə ürəyim sıxılırdı, durdum gəldim kəndə. Darıxmışdım Kəhrizin suyu üçün. İndi durub qayıdacam Bakıya. Gəldim ki, mənə sazda bir Orta Sarıtel çal, başım-beynim təmizlənsin.

Xaspolad kişi sazı divardan götürdü, otaqda bir gərdiş edib basdı sinəsinə və başladı çalmağa. Orta Sarıtel Rəmişi götürüb apardı. Amma çox uzağa aparmadı, elə kəndi dolandırdı. Uşaqlığına apardı, gül kimi, təmiz vaxtlarına. Xeyli saza qulaq asdı, sonra qəfil durub Xaspolad kişinin əllərini öpdü və sağollaşmadan da evdən çıxdı.

Arxadan Xaspolad kişinin səsi gəldi:

- Ay bala, bir tikə çörək yeyəydin.

Əlini yelləyib oturdu maşına. Yendi aşağı. Məktəbin yanında bir anlıq dayandı, sonra da maşını sürdü öz evlərinə. Əslində bu evdə çoxdan yaşamırdılar, şəhərə köçmüşdülər. Atası da bu mülkü, bu həyəti bağışlamışdı yaxın qohumlarından birinə. Maşından düşmədi, elə evlərinə tərəf boylandı.

lll

Şair dostu ilə oturmuşdu Sabir bağında. Sabirin heykəlinə baxıb dedi:

- Şair, sənə də belə bir heykəl qoyacaqlar?

- Heykələ inanmıram, amma yəqin bir başdaşı qoyacaqlar...

...Meymunun öldüyünü eşidən Gəmi Kapitanı özünü çatdırdı Rəmişə. Rəmişin gözləri dolmuşdu, Şair də bir tərəfdə əyləşmişdi.

Gəmi Kapitanı:

- Qağa, nədi, səni ilk dəfə ağlayan görürəm.

- İt saxlayan dostların iti öləndə özlərinə gələ bilmirdilər, mən onlara gülürdüm. Heş demə, heyvan sevgisi, heyvana öyrəşmək başqa bir şeymiş. İndi onları görəndə gərək üzr istəyim. - sonra da   çarpayının üstündəki banan qutusunu göstərib dedi; - İndi gərək bunu aparıb basdıraq.

Gəmi Kapitanı:

- Nolar, deyəsən, Bakıda heyvan qəbiristanlığı var, ya aparıb orda basdırarıq, ya da bir meşədə.

- Yox, istəyirəm sənin bağında basdıraq. Amma heç kəs bilməsin, arvad-uşaq da. Könlümə düşəndə gəlib qəbrinin üstündə bir gitara çalaram.

Gəmi Kapitanı gülümsədi:

- Nə deyirəm, sən istiyən olsun.

Banan qutusundakı meymunu götürüb gəldilər bağa. Dərin bir quyu qazdılar və qutunu yendirdilər quyuya.

Şair dedi:

- Qaqa, boynundakı zənciri, qolundakı saatı açaydın da.

Rəmiş hirsləndi:

- Bir belə kitab oxumusan, bilmirsən ki, şahları basdıranda qılıncını, zinət əşyalarını da bir yerdə basdırırlar?! Bu da meymunların şahıdı.

Şair:

- Bəlkə mərmər başdaşı qoydurub üstünə şəklini də çəkdirəsən?

- Söz verirəm, sənə elə bir başdaşı qoyajam ki, mərməri də Jitomirdən gətirəcəm, üstündə də şəklin, əlində də hələ çıxara bilmədiyin kitabın.

- Meymunu məndən çox istəyirdin qoyduraydın da başdaşı.

- Sarsaxlama!..

Şair:

- Rəmiş, əsgərlikdə olmusan?

- Hə, özü də iki il.

- Bəs necə olub ki, ağıllanmamısan?

- Gij, gij danışma, əsgərlikdə ağıl dərsi keçirlər? Baxıb gördülər ki, Muzuçilişi qurtarmışam, adımı yazdılar ansambla. Onlar ansambla orkestr deyir, iki il o orkestrdə gitara çalmışam, heş avtomat da görməmişəm. Gitaranı da ordan gətirmişəm, eləmişəm bizimki. Sən əsgərlikdə olmusan?

- Yox, universiteti bitirənləri aparmırdılar.

- Getsəydin ağıllanajeydin?..

...Rəmiş heykələ yenə diqqətlə baxıb soruşdu:

- Şair, Sabir sağ olsaydı, bu gün elə şeirlər yaza bilərdi, yoxsa Süleyman Rüstəm kimi olardı?

- Süleyman Rüstəm böyük şairdi.

- Hə, Sovet hökumətini o qədər tərifləyir ki, hərdən mən də istəyirəm Sovet hökumətində yaşayım.

- Sən heç Süleyman Rüstəmi oxumusan?

- Yox, eşitmişəm. Sən çox kitab oxumusan, alim adamsan. Amma səndən heç vaxt böyük şair olmayacaq.

- Niyə?

Rəmiş Qala divarlarını göstərdi:

- De görüm nə görürsən?

- Qala divarlarını.

- Vəssalam?

- Hə, ayrı nə görməliyəm ki?

- Buna görə deyirəm də səndən şair olmayacaq. Amma mən o daşların üstündə qan görürəm. Gözümü yumuram, divarların arxasında saçlarını yolan anaları görürəm, gəlinləri görürəm. O daşlar hamısı  ağlayır, özü də qan ağlayır. Bir dəfə televizorda Mikayıl Mirzə sənin qayınatanın şeirini oxuyurdu. Bax, şair odu ey, mənim gördüyümü görüb, ona görə o şeiri yazıb. Bir-iki söz yadımdadı. Gərək ki, deyir, igidlərin yaşaması daş olmaqla mümkün idi. Daşları danışdırır, özü də qəşəng danışdırır. Mən də danışdıra bilirəm. Sən canın, bəlkə o şeiri deyəsən, bir də qulaq asım. Söz verirəm, bu gecə o şeirə bir musiqi bəstələyəcəm.

Şair:

- Elə onda gecə sən gitaranı barmaqlayarsan, mən də şeiri deyərəm.

Rəmiş:

- Sən avarıya düşəndə gəlmişdim sizə. Həyətdə taxta skamyanın üstündə yatmışdın. Elə yatmışdın ki, qoymadım oyatsınlar, qıymadım.  Qayınatan da çənəsini əsasına dirəyib oturmuşdu. Xeyli söhbət elədik. Düzdür, bəzən çətin başa düşürdüm, mən insanların ürəyini gözlərindən oxuyuram. O kişinin də ürəyini təmiz oxudum. Sonra qalxdıq evə. Kişi üçün sənin gitaranla bəzi şeyləri çaldım. O da heyran-heyran baxırdı. Bahalı gitaran var, çala bilmirsən, onu neynirsən?

- İstəyrsən bağışlayım sənə?

- Yox, mən də dəm olub kiməsə bağışlayacam. Qoy qalsın evdə. Nə vaxt istəsən, gələrəm sizin evdə bir konsert çıxardaram. Xanımın da yaxşı çığırtma bişirir, məəm nənəm də elə çığırtma bişirir. Əsl Ağdam çığırtması.

- Hə, anamdan öyrənib.

Rəmiş:

- Şair, sənə bir sirr açım, amma öz aramızda qalsın. Şairlər bir az ağzı yırtıq olur.

- Eşidirəm.

- Şair, o qan ağlayan divarların o tərəfindəki evin ikinci mərtəbəsində bir xanım yaşayır. Heç adını da bilmirəm. Hər dəfə mənim konsertimə gəlir, hələ maa gül də alır. Mənə konsertdə gül verəndə ətim tökülür. O xanıma vurulmuşam. Mən iki dəfə vurulmuşam, bir orta məktəbdə dördüncü sinifdə oxuyanda müəllimimə, bir də bu xanıma. Bəzən gecə saat ikidə durub gəlirəm İçərişəhərə, otururam bir daşın üstündə onların pəncərəsinə baxıram. O da öyrənib mənim nə vaxt gəldiyimi. Pərdəni aralayıb  xeyli mənə baxır, gülümsəyir. O təbəssüm yayılır sinəmə, sonra da əl edib durub çıxıb gedirəm. Özün bilirsən, onu bişirmək mənim əlimdə su içmək kimi bir şeydi, amma istəmirəm. Onu yoldan çıxarmaq günahdı.

- Sənin o qədər günahın var ki, biri də olsun bu.

- Yox, bu günahı heç nə ilə yumaq olmaz.

- Deməli, sən hələ hər şeyi itirməmisən.

Rəmiş:

- Dur, şair, dur gedək bir bahalı restoranda o xanımın sağlığına vuraq.

lll

Qurban əmi öləndən sonra Rəmişə bağışladığı tar qiymətə mindi. Ona görə yox ki, başdan-ayağa sədəfin içindəydi, ona görə ki, bu tarı Qurban əmi çalmışdı. Bakıda böyük tarzənlər bu tara elçi düşdülər. 3000-3500 manat pul təklif edirdilər tar üçün. Rəmiş isə heç cürə tarı satmaq istəmirdi.

Atası da eşitmişdi ki, məşhur tarçalanlar Ağdama gəlib tara elçi düşüblər. Oğluna demişdi:

- Rəmiş, nə qədər pul deyirsən sənə verim, birdən pula aldanıb tarı satarsan.

- Dədə, nə deyirsən? Mən heş Qurban əminin yadigarını kiməsə sataram?

Və tara elçi düşənlər də başa düşdü ki, Rəmişdən bu tarı qoparda bilməyəcəklər.

Amma... Ağdamdakı toyların birində ortadan çıxmayan bir sərxoş Rəmişin o qədər zəhləsini tökdü ki, axırda özünü saxlaya bilməyib tarın qolundan yapışıb çanağını vurdu sərxoşun başına. Sərxoşu qan götürdü, tarın çanağı da çilik-çilik olub töküldü yerə. Tez sərxoşu  mağardan çıxarıb başını sarıdılar, həkim çağırdılar. Erməni tar çalan Xaçı da toydaydı. Ağdamda yeməkxanalarda ala-babat tar çalardı. Bir dəfə iş görərkən baltayla sol əlini baş barmağı tərəfdən yaralamışdı. Aparmışdılar həkimə, həkim barmağını sarıyarkən arvadı Aşxen demişdi:

- Həkim, qoyma muğamat ölə.

İndi həmin Xaçı salfetka, torba istəyib yerdəki çilik-çilik olmuş tarı toplamağa başladı. Hamısını topladı, sonra stolun üstündəki qolu da götürdü və Rəmişə dedi:

- Rəmiş, bu tarın qırıqlarına üç min manat pul verirəm, satarsan mənə?

Rəmiş əsəbi halda Xaçının başına bir qapaz vurub:

- Ə, götür rədd ol burdan. Yoxsa səni də o tarın gününə salaram.

Xaçı tarın qırıqlarını götürüb mağardan çıxdı. Və heç kəs bilmədi ki, Xaçı çilik-çilik olmuş tarı aparıb Yerevanda zərgərlərə təzədən  yığdıracaq. Yalnız "Qurban Pirimov" sözünü çanağa qoymayacaq. Və bağışlayacaq Yerevan muzeyinə. Onlar da həmin qeyri-adi tarı gələn turistlərə qədim erməni tarı kimi sırıyacaqlar.

lll

- Bilsəydim Şairi də özümlə götürərdim. Mənim çox söhbət etməklə aram yoxdu. Şair bunlarla verərdi ağız-ağıza, zəvziyərdilər. Bəlkə də Şair Paqaninini bunlardan yaxşı tanıyır. - Sonra da üzünü tutdu qonaqlara; - Durun oturun maşınlara, getdik.

- Elə indi?

- Hə, indi. Sizi aparım Ağdamda toya, Qarabağı gəzməyə. - sonra üzünü tutdu Aydına; - Brat, gör Şairi tapa bilərsənsə, ona denən gəlsin Ağdama.

Hamıyla xudahafizləşib oturdular maşına. Rəmişə oxşayan öndə oturdu. Və düşdülər yola. Rəmiş yenə maqnitofona Qədir Rüstəmovun lentini qoydu.

- Sizin üçün yaddı, amma görün nə ilahi bir səsdi?

Və sürdü Şamaxıya. Bahalı restoranların birində saxladı ki, düşün çörək yeyək.  Restorandakıların əksəriyyəti qalxıb  Rəmişlə görüşdü. Müdir də gəldi, Rəmişi bağrına basdı.

Rəmiş:

- Qonaqlarım var, bir bahalı süfrə aç.

Və bir bahalı süfrə açdılar. Qonaqlara araq gətirtdi, özünə konyak. Və bir iki yüz qram vurdu.

Lyonya:

- Qailərdən qorxmursan?

Rəmiş gülümsədi:

- Hamısı mənim bratımdı, narahat olma.

Yeyib-içəndən sonra hesab istədi. Restoranın müdiri gəldi:

- Rəmiş, bizi qonaqların yanında pərt eləmə. Mənə şərəfdi ki, sən qonaqlarını mənim restoranıma gətirmisən.

Sağollaşıb çıxdılar. Lyonya təəccüblə dedi:

- Sən hesabı vermədin?

- Bizdə qonaqlardan hesab almırlar.

Göyçayda düşdülər yenə bir stəkan çay içdilər. Yenə çayxanadakılar Rəmişin başına yığışmaq istədi. Xahiş elədi ki, qonaqlarım var, ayrı vaxt qonağınız olaram.

Axşam düşəndə toyxanaya çatdılar. Mağardakılar Rəmişi görəndə bir "urrey" elədilər. Qonaqlarını da keçirtdilər yuxarı başı. Önlərinə də qırmızı örtüklü bir stol qoydular, çay gətirmək istədilər.

Rəmiş:

- Çayı əzizləriniz içsin, onlara mer-meyvə və konyak verin.

Bir az mer-meyvə, konyak gətirdilər. Rəmiş də keçdi musiqiçilərin yanına, gitaraçı Eldara dedi:

- Kərimov, icazə ver bir-iki saat çalım, özü də qorxma, toydan yığılan pulun hamısı sizindi.

Kərimov da babat vurmuşdu. Durub Rəmişi öpdü, gitaranı da gətirib verdi ona:

- Qurbandı!

Və Rəmiş başladı. Mağara sükut çökdü. Rəmiş isə uyub gedirdi. Hara gedirdi, özü də bilmirdi. Və birdən fırlayıb şıdırığı oyun havasına keçdi. Ortalıq oynayanlarla doldu. Bir on dəqiqədən sonra yenidən oyun havasını dəyişib keçdi lirik notlara. Yenə hamı qayıdıb oturub sakitcə qulaq asmağa başladı.

Volodya belə mağar toylarını çox görmüşdü, amma Lyonya ilk dəfəydi ki, belə bir səhnəylə rastlaşırdı. Üzünü Volodyaya tutub dedi:

- Kaş bu toyu lentə ala biləydim.

Növbəti oyun havası çalınanda Volodya yerindən qalxıb qoşuldu  oynayanlara. Çox gözəl rəqs edirdi. Bunu görən Lyonya da girdi oynayanların arasına, amma tutuzdura bilmədi. Əlləri oynayırdı, amma ayaqları yox. Bu vaxt Romik gəldi:

- Rəmiş, dədəm dedi ki, qonaqlarını götürüb gətirsin bizə.

Rəmiş çalğısını saxlamadan:

- Ə, görmürsən nə gündəyik? Hamı içkili, hallı. Bu gündə dədəmin evinə gedə bilərik. Sən get, denən ki, toy qurtaran kimi qayıtdılar Bakıya. - Sonra da Rəmişin çalğısını maqnitofonun lentinə köçürən Muquşu göstərib: - Gecə onlarda qalacağıq. - dedi.

Rəmiş bir-iki saat çalandan sonra gitaranı qaytardı Eldara və üzünü tutdu mağardakılara dedi:

- Konsertimiz qurtardı.

Və Muquşa işarə elədi. Muquş maqnitofonu götürüb vurdu qoltuğuna, gəldilər Muquşgilə.

Bulvarın kənarına yaxın bir yerdə bir ev vardı. Əslində mülk idi. Vaxtilə hansısa bəy tikdirmişdi. Bulvarı salanda da ərazidəki tikilələri sökmüşdülər, bəyin xətrinə onun mülkünə dəyməmişdilər. Bu  mülk də bəyin nəslindən olan diktor Rafiq Hüseynova qalmışdı. O da Bakıda yaşadığından evi bağışlamışdı Muquşa.

Girdilər evə. Lyonyanın təəccübdən gözləri bərəldi. Bu, ev deyildi, muzey idi. Köhnə patefon vardı, bir tərəfdəki taxçada da yüzlərlə val, böyük bir kitabxana. Azərbaycanda nə musiqi alətləri vardısa, hamısı evdəydi.

Evin ən yaxşı yerində içi lentlərlə dolu qutular vardı.

Muquş həmin qutuları göstərib dedi:

- İndiyədək Rəmiş Ağdamdakı toylarda nə çalıbsa, hamısını lentə yazıb saxlayıram, lap gəncliyindən bəri.

Rəmiş Muquşu qonaqlara təqdim etdi:

- Özü böyük sənətkardı. Bütün musiqi alətlərində çala bilir, özü də məndən yaxşı. Anası xalq artistidi, atası əməkdar. Sənətkarlar ailəsidi. İndi sizin üçün xahiş edəcəm fortepianoda nəsə çalsın.

Muquş keçdi mətbəxə. Soyuducudan soyutma çolpa, kolbasa, sosiska, turşu çıxardıb bir süfrə açdı, sonra da bir araq gətirdi.

- Hələ bir tikə nəsə yeyin, adama da yüz-yüz vuraq, ondan sonra.

Bir yüz vurandan sonra keçdi fortepianonun arxasına. Rəmiş də stulu çəkib fortepianonun arxasında oturdu. Muquş başladı çalmağa, Rəmiş də onu müşayiət elədi.

Bu vaxt Volodya qalxdı ayağa, gəlib Rəmişi durğuzdu və başladı Muquşu müşayiət eləməyə. Çox gözəl çalırdı. Rəmiş üzünü tutdu Lyonyaya:

- Brat, bu şandığa sənətkarıymış ki?!

Volodya çalarkən Rəmişin əl-qol hərəkətlərini edirdi. Sonra durub  gitaranı götürdü, başladı Muquşun çaldıqlarını çalmağa. Özü də Rəmiş kimi sol ayağını stulun üstünə qoyub, yenə Rəmişi yamsılamağa başladı.

Rəmiş baxıb dedi:

- Lyonya, bu nə meymunluq edir? Mənim bir meymunum vardı, bundan ağıllıydı. Heyif ki öldü, yoxsa verərdim sənə, onu da kinoya çəkərdin.

Lyonyanın cavab verməyə halı yoxuydu. Başını stolun üstünə qoyub yatmışdı, həm yorğunluqdan, həm də içkinin təsirindən.

Səhər tezdən durdular, Muquş onları apardı Petro Elbrusun Xaşxanasına, yaxşı xaşladılar, sonra da qonaqları Ağdamda gəzdirdilər, şəhərlə tanış elədilər. Günortaya yaxın çıxdılar Bakıya.

Yolda Lyonya dedi:

- Rameş, Muquş sənə yaman oxşayır, qardaşın deyil?

- Yox, qonşumuzdu. Özü də istedadlı, ipə-sapa yatmayan oğlanlar hamısı bir-birinə oxşayır.

Çıxdılar Bakıya. Yevlaxa çatanda benzin doldurmaq istədi. Bu vaxt bir dostuyla rastlaşdı. Dostunu qonaqlara təqdim etdi:

- Ruslan doktordu. Əla oğlandı. Qardaşının toyunu mən eləmişəm. Toydan bir maşının pulunu götürmüşdüm.

Ruslan əl çəkmədi ki, gedək Kürün qırağında dostlarına yaxşı balıq kababı verim.

Rəmiş:

- Sağ ol, səhər-səhər xaş yemişik. Həm də Bakıya tələsiyirik, ayrı vaxt.

Ruslan nə illah elədi, Rəmiş razı olmadı.

Günortadan bir az keçmiş gəldilər çatdılar Bakıya - Kinostudiyaya. Oturdular həyətdəki çayxanada. Rəmiş cavan aktyorların birindən  xahiş elədi:

- Brat, ordan Aydını çağır.

Aktyor getdi, Aydınla qayıtdı. Görüşdülər, öpüşdülər.

Rəmiş:

- Dadaşov, qonaqları sağ-salamat sənə təhvil verirəm, bundan sonrası mənlik deyil.

Lyonya cibindən bir vizit kartı çıxarıb verdi Rəmişə:

- Rameş, Moskvaya yolun düşsə, xahiş edirəm, məni tap. Sən dahisən, Allah ömür versə, səndən bir kino çəkərəm ki, bütün dünya donub qalar.

Bir vizit kartı da Volodya verdi:

- Məni də tap. Səni erməni toyuna  çağırsam, gələrsən?

Rəmiş güldü:

- Zemlyak deyilik?

lll

"Şənlik" ansamblı məşq edirdi. Rəmiş də oturmuşdu zalda, ikinci hissədə o çalmalıydı. Bu vaxt direktorun köməkçisi Rəmişə səsləndi:

- Rəmiş, Maestro səni çağırır.

Qalxıb ehmal-ehmal zaldan çıxıb gəldi Maestronun kabinetinə. Maestro oturmuşdu, çay içirdi. Rəmişi görəndə bir stəkan da onu çay süzüb yer göstərdi ki, əyləş.

- Necəsən?

- Belə də, həmişəki kimi. Pis deyiləm.

Maestro stolun gözündən bir dəvətnamə çıxartdı, qoydu onun qabağına.

- Bunu sənə Mosfilmdən göndəriblər. Həftənin sonunda orda Paqanini filminin təqdimatı olacaq, ora dəvət ediblər. Gediş-gəliş təyyarə biletini də göndəriblər. Mədəniyyət Nazirliyi də mənə göndərib ki, sənə çatdırım.

Rəmiş dəvətnaməni götürüb baxdı. "Mosfilm"dən göndərsələr də, altındakı imza rejissor Lyonyanın idi.

Maestro ona dedi:

- Sən canın, ora adam kimi geyinib get, farmazonluq eləmə. Orda dünyada məşhur olan çox adam olacaq. Birdən çaşıb meymununu da apararsan, gətir ver biz saxlayaq.

- Maestro, burdakı, içi mən qarışıq  bir belə meymun sənə azlıq edir? Qorxma, meymunu aparmaram, meymunumun ürəyi partlayıb öldü. Həyatdakı meymunlar onu çərlətdi. - dedi və Maestronu bağrına basıb otaqdan çıxdı.

Gəldi ansamblın rəhbərinin yanına:

- Mən bir həftə olmeyjam, konserti təxirə salın, ya da mənsiz keçinin.

Ansamblın rəhbəri:

- Sənsiz konsert olar? Sən olmayandan sonra konsertə kim gələcək?

- Brat, day mən sözümü dedim...

...Təqdimat çox böyük bir kinoteatrda keçirilirdi. Girişə qırmızı xalı döşənmişdi. Gələnlər o xalıdan keçib gedirdi. Xalının ətrafında isə bəlkə minlərlə adam toplaşmışdı. Keçən məşhurları bağıraraq salamlayırdılar. Bəzilərinin üstünə gül də atırdılar. Maestronun dediyi kimi, gələnlər hamısı elit kostyumlardaydı, ya da frak geyinmişdilər. O isə cins şalvardaydı, əynində də cins köynək, bir də qara dərili pencək vardı. Heç kəs onu alqışlamadı, salamlamadı, üstünə gül atan da olmadı. O, alqışları Bakıda qoyub gəlmişdi.

Qapıçılar onu geyiminə görə içəri buraxmaq istəmədilər. Dəvətnaməni göstərdi, amma yenə buraxmadılar:

- Xahiş edirik, gedin geyiminizi dəyişin.

Gülümsədi:

- Brat, heç onda girmirəm.

Qayıtmaq istəyirdi ki, Lyonya çıxdı, onu basdı bağrına. Tutdu onun qolundan, qapıçılara dedi:

- Bu, Rameşdi. Bakıdan şəxsən mənim qonağımdı. Özü də genidi.

Rəmiş bir az əvvəl onu buraxmayanları özünə məxsus tərzdə süzdü və Lyonya ilə girdi içəri. Foyedə iynə atsan, yerə düşməzdi. Ofisiantlar əllərində su, meyvə şirəsi, şampan, araq gəzdirirdilər. Lyonya bir arağı götürüb uzatdı Rəmişə:

- Lyonya, mən bircə konyak içirəm.

Lyonya ofisianta:

- Gedin konyak gətirin.

Nəhayət, keçdilər zala. Lyonya Rəmişi öz yanında oturtdu. Rəmiş gördü ki, Volodya da burdadı. Onunla saymazyana görüşüb dedi:

- Brat, sən də burdasan?

Film başladı. Zala sükut çökdü. Yalnız Koqan Paqanininin əsərlərini çalanda zaldakılar Koqanı alqışlayırdı.

İkinci seriyadan sonra iyirmi dəqiqəlik fasilə elan etdilər. Rəmiş soruşdu:

- Lyonya, hələ çox qalıb?

- Nədi, xoşuna gəlmədi? Darıxdın?

- Xeyr. Çox gözəl filmdi. Bu dığa da gözəl oynayır, amma məni bir az çox yamsılayır.

- İki seriyası qalıb. İki saata bitəcək.

- Lyonya, mən heç istəmərəm bu film biltsin. Bu, kino deyil, nəysə başqa bir şeydi. Özümü görürəm orda.

Nəhayət, film bitdi. Filmin yaradıcı heyəti alqışlar altında çıxdı səhnəyə. Lyonya Rəmişin də qolundan tutub qaldırdı səhnəyə.

Çıxışlar, təbriklər, alqışlar... Nəhayət, sonda Lyonya yenidən söz alıb Rəmişdən başqa hamıya təklif etdi ki, səhnədən düşsünlər. Beləliklə, səhnədə bir Rəmiş qaldı, bir də Lyonya. Lyonya keçdi mikrofonun qarşısına, Rəmişi də çəkdi yanına. Üzünü tutdu zala və dedi:

- Əziz dostlar, bu oğlan bakılıdı. Adı da Rameşdi. Dünyada bundan böyük gitarist tanımıram. Filmi çəkməmişdən qabaq bunun arxasınca iki dəfə Bakıya getdim. Paqanini roluna Rameşi çəkmək istəyirdim. Bakıdakı rejissor dostlarım da nə qədər xahiş elədilər, hətta mən yalvardım da, çəkilmək istəmədi. Dedi ki, mənim bir rolum var, o da Rameşdi. Sonra Volodyanı da götürüb özümlə apardım, üç-dörd gün qonağı olduq. Bizi doğulduğu şəhərə toya apardı. Volodyaya dedim ki, əsl Paqanini budu, bunun yerişini, duruşunu, əl hərəkətlərini, jestlərini öyrən. Yəni bu filmin belə gözəl və maraqlı alınmasında Rameşin də böyük rolu var. İndi ondan xahiş edəcəm gitarada ürəyi nə istəyir çalsın. Siz də dinləyin, görün necə genilər var.

Səhnəyə bir skripka çalan çıxdı, bir piano çalan və Rəmişə də gitara gətirdilər. Rəmiş yaxınlaşdı fortepianoya, bir balaca nəsə çaldı. Pianoçalana dedi ki, bu ritmdən kənara çıxma.

Səhnəyə stul qoydular, amma Rəmiş stulda oturmadı.  Sol ayağını qaldırıb qoydu stulun üstünə, sonra simləri sığalladı və başladı Fikrət Əmirovun "Kürdovşarı"nı çalmağa. Sonra keçdi Azərbaycan kapriççiosuna, ordan da qayıtdı filmdə Koqanın çaldığı Paqanininin əsərlərinə. Və uydu, getdi. Necə uymuşdusa, zalı da elə uydurmuşdu. Skripkaçalan da, fortepianonun arxasındakı xanım da day çalmırdılar, ayağa durub Rəmişə qulaq asırdılar.

Zal donmuşdu. Səhnədə Paqanini idi. Amma bu Paqanini skripkada deyil, gitarada çalırdı.

Nəhayət, Rəmiş son akkordlarını vurdu. Zalda bir alqış qopdu ki, təkcə Lyonya əl çalmırdı, ağlayırdı.

lll

- Rəmiş, getmək vaxtıdı.

Və Rəmişi qucağına alıb qalxdı göylərə. O biri mələklərlə birlikdə. Uçurdular. Dünya qapqaranlıqdı, yalnız ulduzlar vardı. O ulduzlara tərəf uçurdular. Rəmiş də heyran-heyran ətrafdakı mələklərə və ulduzlara baxırdı. Hara uçurdular bilmirdi. Elə beləcə gedirdilər. Dünyanın sonu yoxuydu ki, çatalar.

Mələklər Qara Niqablı Mələkdən acizanə xahiş elədilər ki, icazə ver sonuncu dəfə çalsın.

Qara Niqablı Mələk sərt şəkildə cavab verdi:

- Olmaz!

Rəmiş özünü toxdadıb:

- Brat, mənə o boyda Sovet hökuməti qadağa qoya bilmədi, sən kimsən mənə qadağa qoyasan? - dedi və gitaranı basdı sinəsinə başladı ilk dəfə mələklər onu qaçıranda nə çalmışdısa, onu çalmağa.

Gitaranın səsi kainatı götürdü başına. Mələklər onun ətrafında rəqs edirdi. Qara Niqablı Mələk də bir az baxdı-baxdı və qoşuldu rəqs edən mələklərə.

Rəmiş uymuşdu, bütün kainatı da uyutmuşdu.

Xəstəxananın həyətində ölüm xəbərini gözləyənlər göylərdən gələn qəribə gitara səsi eşitdilər. Donub qaldılar. Hamının baxışı dikildi göylərə. Onlar da göylərdə Rəmişi və onun ətrafında rəqs edən mələkləri gördülər bir anlıq.

Şair gitaranın səsi eşidən kimi bir kənara çəkilib başladı hönkürüb ağlamağa.

Palatadakı həkim də, tibb bacısı da çaşıb qalmışdı, gözlərinin qabağında birdən-birə Rəmiş gitarası ilə bir yerdə yox olmuşdu.

Ağdam, Abdal-Gülablı kəndi,

Kəhrizin üstü, may 2025

TƏQVİM / ARXİV