adalet.az header logo
  • Bakı -°C

BİR STƏKAN ÇAYIN 56 İLLİK XATİRƏSİ - Aqil ABBAS yazır

AQİL ABBAS
144 | 2026-04-15 13:55
A- A+

Azərbaycanın görkəmli tənqidçisi, ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin 75 yaşı tamam olur. Yəni  Vaqif müəllimin titullarını bir kənara qoysaq, imzasının altına  elə bunu yazsaq bəsdi – Gözəl insan.  Bu 75 ilin 56 ilini  bu gözəl insanla yol yoldaşıyıq, əqidə dostuyuq, fikir dostuyuq. Mən birinci kursda oxuyanda o, üçüncü kursda oxuyurdu. Təsadüf bizi yaxınlaşdırdı və düz 56 ildi  bu yaxınlıq davam edir. 

Vaqif müəllimi başqa tənqidçilərdən, ədəbiyyatşünaslardan əsas fərqləndirən cəhət odur ki, əvvəla çox məhsuldar işləyir, xüsusilə gəncləri  həmişə diqqət mərkəzində saxlayır, onların həm nəsr əsərlərini, həm də poeziyasını dərindən təhlil edib  oxuculara çatdırmağa çalışır.

Bu təbrik heç də borc sayılmasın. Çünki Vaqif Yusifli  mənim indiyədək yazdığım  romanların, povestlərin, hekayələrin ilk oxucusu  və ilk tənqidçisi olub. Tənqid deyəndə elə başa düşməyin ki, əsərləri yıxıb-sürüyüb, sadəcə olaraq, təhlil edib  və təbii ki, çatışmayan cəhətləri də göstərib ki, yeni əsərlərdə diqqətli olum.

Vaqif Yusifli ilə bir dəfə də Rəşad Məcidlə birlikdə Ağdama səfər etmişik, daha doğrusu, Quzanlıya. Mədəniyyət Evində Məmməd Arazın yaradıcılığı ilə bağlı  tədbir keçirilirdi.  Bu səfər ona çox ləzzət elədi, həmişə də deyir ki, bir də nə vaxt gedəcəyik? 
Vaqif Yusiflinin Ağdamı sevməyi əslində bir başqa sevgidi, bu sirri açmıram...

Vaqif müəllim, ömrün uzun, qələmin iti və həmişə gənclərin dayağı olasan. 30 ildən çox olduğu kimi «Ədalət» qəzeti həmişə sənin qulluğundadır.

Türklərin belə bir deyimi var: «Bir acı qəhvənin  40 il xatirəsi var». Bizim  bir stəkan çayımızın da  56 illik xatirəsi var. 
 

TƏQVİM / ARXİV