Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… (Sonuncudan əvvəlki)

AQİL ABBAS
843 | 2023-02-17 18:06

(Abdal-Gülablı Şakirin xatirəsinə)

ƏVVƏLİ BURADA

***

(XIV hissə)

- A kişi, bu gecə vaxtı hara getmişdin?

- Bazdığa.

Arvad aley verdi:

- Allah aybını örtsün. Yıxıl yat, uşaqları da oyatma.

Şakir bu dəfə soyundu, uşaqları oyatmamaq üçün girdi arvadın yanına. Arvad qəşş elədi:

- Boyy, gün hardan doğdu, ə?

- Az, ağlına başqa şey gətirmə, bizim günümüz çoxdan batıf, - sonra da arxasını arvada çevirib yatdı.

Abdal-Gülablıdan çıxanda bir yerdə yatmadıqlarından yadlaşmışdılar. Arvad da kürəyini Şakirə çevirib yatdı. Gecənin bir aləmi qəfildən kürəyi buz kimi soyuq bir daşa dəydiyindən ayıldı. Buz kimi daş Şakirin kürəyi idi. Çevrildi, əli ilə Şakirin kürəyinə toxundu və gördü ki, Şakirin bədəni meyit kimi soyuqdu. Qorxdu. Elə bildi Şakir ölüb…

…Şakir isə ölməmişdi, əlində bir köhnə təklülə qara bata-bata Xocalıdan keçib İspanakertə tərəf ləhləyə-ləhləyə gedirdi. Gedirdi Surenin oğlunu axtarmağa. Qarşısından keçən ermənilər heç ona fikir vermirdilər. Yorulmuşdu, belindən soyuq tər axırdı. Bərk üşüyürdü.

Suren də İspanakertdəydi, o da oğlunu axtarırdı. Şakir İspanakertə çatsa rastlaşacaqdılar…

… Amma Şakirin arvadı onu İspanakertə çatmağa qoymadı, elə Xocalının yuxarısında başladı Şakiri silkələməyə:

- Şakir, Şakir… Sənə canım qurban, Şakir, dur.

Şakir zarıdı:

- Nədi, ay itin qızı, qoy yataq dana.

- Bədənin bumbuzdu, elə bildim ölmüsən.

Şakir gördü ki, doğrudan da bərk üşüyür, bədənini soyuq tər basıb.

- Aaz, gül kimi İspanakertə gedirdim, hər yanı da qar basmışdı, qoymadın.

- A kişi, İspanakertdə nə itin azmışdı?

- Surenin oğraş oğlun axtarırdım.

- Deyəsən qocaldıqca xərifləyirsən.

Şakir yerindən qalxdı, keçdi uşaqların yanına, girdi ikisinin arasına, uşaqların hərəsinin başını da bir qolunun üstünə qoyub sinəsinə sıxdı. Mışıl-mışıl yatmış uşaqlar da Şakirin buz kimi bədənindən diksinib ayıldılar.

Biri dedi:

- Dədə, buz kimisən. Üşüyürsən?

- Hə, hə, üşüyürəm. Sıxılın dədənizə qızışım.

Uşaqlar yenə başlarını qoydular Şakirin qollarının üstünə və ağlamaq onları necə yormuşdusa elə o dəqiqə də yuxuya getdilər.

Şakir yuxudan gec ayıldı. Gördü arvad da yoxdu, uşaqlar da gedib dərsə. Qalxıb geyindi, düşdü həyətə. Ustalar evin damında işləyirdilər. Onlara bir «sabahın xeyir» dedi, «yorulmayasız» dedi və gəldi kafeyə. Market Vəliş tək oturmuşdu, qabağında çay, televizora baxırdı.

Şakir:

- Sabahın xeyir, ə nemes, niyə təh oturmusan, damino oynuyannar hardadı?

Market Vəliş:

- Gəl otur, gəl otur bir çay iç. Yəqin gediblər çörəkpulu almağa, gələcəklər. Bizim arvad da sizinkinə qoşulub getdilər çörəkpulu dalınca.

- Mən də deyirəm arvad səər-səər hara gedif?

Market Vəliş bir stəkan çay da Şakirə süzdü və dedi:

- Axşam o nə konsert idi verirdin? Nə qədər də stəkan-nəlbəkimi qırmısan.

- Mən qırmadım ey, Surenin oğraş oğlu qırdı. Yeməyə nəyin var?

- Nə istəyirsən?

- Xaş.

- Ə, səfeh, bu istidə xaş olar?

- Onda iki yumurtanı soyutma elə, ver maa.

- Araq da verim?

- Ə, nemes, mən urus alkaşıyam səər-səər sənin girdirmə arağını içim?

Market Vəliş iki dənə yumurtanı atdı suya, qoydu qaynamağa. Şakir də üşüyə-üşüyə girdi tualetə, pəşo eləyib qayıdıb oturdu. Çayından bir qurtum aldı.

Market Vəliş başını bulaya-bulaya:

- Ə, bir əlini yu da.

- Niyə, əlimi sənkinə vurmuşam?

- Sən konsert çıxardıb gedəndən sonra yenə uruslar İspanakertdən veriliş verirdilər. Ermənilər nəyisə bayram edirdi, Ursetdən, Avropadan qonaqlar da gəlmişdi.

Şakir bir siqaret çıxarıb yandırdı, sonra yadına nəsə salıb dedi:

- Ə, nemes, yadına düşür, ildə bir dəfə kolxozu yoxlamağa bir rivizor gəlirdi ey şəhərdən…

- Hə, niyə yadıma düşmür. Məhəmməd kişi, Aqil Abbasın atasıydı. Mən briqadir olanda sədrin tapşırığıyla o qədər onun Ağdamdakı evinə qoyun, çolpa, hinduşka daşımışam ki. İçki içən adamdan zəhləsi gedirdi, heç içki olan süfrədə də oturmurdu. Bir dəfə də bir balon tut arağı aparmışdım, götürmədi. Dedi ki, arağı axmaq adamlar içər. Axmaqsansa, apar özün iç, ya da tök yerə.

- Yəqin sən də töhdün yerə dana?

- Yox, sənin kimi axmaqları başıma yığıb sanatoriyanın həyətində vurduq. Nədi, Məhəmməd kişi hardan yadına düşdü?

- Heş, bilirsən o İspanakertə nə diyirdi?

- Nə deyirdi?

- Siydipanaköt. O kişi erməniləri tanıyırmış, biz yox.

Şakir Market Vəlişin gətirdiyi yumurtaları elə isti-isti soyub, bütöv də ağzı pörşələnə-pörşələnə başladı yeməyə.

Market Vəliş:

- Ə, adam kimi ye, boğularsan.

Bu vaxt çörəkpulu almağa gedənlər yavaş-yavaş qayıtmağa başladılar. Bir paraları girdilər kafeyə nisyələrindən bir az pozdurmağa, arvadlar da qalxdı yataqxanaya.

Şakir:

- Aldınız,ə?

- Hə.

- Yeməsəz, işməsəz bir ay bəsinizdi.

- Hər nədi Allah bərəkət versin. Buna da şükür.

- Elə hər şeyə şükür eliyə-eliyə şükürsüz qalmışıx.

Sonra da durub çıxdı olmayan evinə və arvada dedi:

- Arvad, geyin-gejin, uşaxlar da dərsdən qayıtsın, səni aparajam Bakıya. Arzun ürəyində qalmasın, sonra ölüf-eliyərəm goruma söyərsən.

- Boy, Allah eləməsin, Allah məni sənin qabağında öldürsün.

- Sən Allahın işinə qarışma. Geyin, özüyün də, uşaxların da nə pal-paltarı var yığ çamadanlara.

- Xeyirdimi?

- Hə. Səni Bakını gəzdirənnən sonra gedəjiyih rayona dədəngilə.

- Boy, nə yaxşı? Gecə nənəmi yuxuda görmüşdüm.

Sonra Şakir düşdü həyətə, oturdu Surenin maşınına, sürdü Lökbatana - polis idarəsinə. Çıxdı yuxarı, qapıda oturan serjantdan soruşdu:

- Rəyis burdadı?

- Hə, Şakir müəllim.

Şakir ərklə qapını açıb girdi içəri. Rəis onu görəndə yerindən durdu, qabağına çıxıb Şakiri qucaqladı:

- Xoş gördük, həmişə sən gələsən.

- Sağ ol, rəyis. Gəldim ki deyəm, gedirəm. Haqqını halal elə.

- Hara gedirsən?

- Üzügüləbədinə. Yoruldum, bezdim bu şəhərdən. Bezdim adamlardan, hər gün eyni adamlar, eyni mənasız kafe, eyni mənasız damino oynuyannar, tilvizerdə də eyni mənasız verlişlər. Hər şeydən doydum. Doymadım ey, bezdim. Haqqını halal elə.

- Qəti fikrindi?

- Hə, rəyis, haqqını halal elə.

- Şakir, məni qorxutma, birdən sarsaqlayıb özünü öldürmək fikrinə düşərsən.

- Rəyis, məndə heylə döt nəəzir? Gedirəm Ağdama.

- Ağdam var?

- İndi gör nə günə qalmışıx ki, Quzannıya Ağdam deyillər. Allah qoysa, müharbə qurtarsın saa Avdal-Gülaflıda Haro bulağının üstündə bir qaradolax toğlusu kəsəjəm. Amma sənnən bir xayışım var. Saaallah, bir əlin həmişə qaşqınnarın üstündə olsun. Özün də qaşqınsan. Sən yaxşı kişisən, rəyis.

Rəis qayıdıb stolun siyirməsindən bir paket çıxartdı, uzatdı Şakirə:

- Götür, yola çıxırsan, lazımın olar.

- Lazım deyil, rəyis. Keçən dəfə verdiyin durur, dədəmə də bəsdi.

Rəis əl çəkmədi. Paketi zorla soxdu Şakirin cibinə:

- Götür, götür, halal xoşun olsun. Məndən də Həsən Sarıyevə salam de. Bir yerdə vuruşmuşuq Mardakert tərəfdə.

Sonra rəis həyət qapısına qədər Şakiri ötürdü, qucaqlayıb dedi:

- Allah amanında.

- Sən də Allahın amanında, Həzrət Abbasın zamınında qal, rəyis. Qismət olsa görüşərik.

- Bakıya nə vaxt gəlsən, qapım üzünə açıqdı. Özü də get özünə bir maşın al, bu erməni iyi gələn maşını at getsin.

Ayrıldılar. Şakir oturdu erməni iyi gələn maşınına, qayıtdı yataqxanaya tərəf. Yolun üstündə tanış marketin qabağında saxladı, düşdü girdi içəri. Cibindən rəisin verdiyi paketi çıxarıb dedi:

- Qardaş, bunnarı Azərbaycan puluna dəyiş.

Satıcı paketi açıb baxıb qaytardı geri:

- Ay qardaş, məndə bir belə pul nə gəzir? Bir belə pulum olsa arvad-uşağı vurub qoltuğuma gedərəm Antalyada dənizə çimməyə.

- Niyə, burdakı dənizə it dəyif?

- İt dəyməyib ey, deyirlər oraların dənizinin suyu göz yaşı kimidi. İçindəki balıqlar da görünür.

Şakir:

- Yaxşı, nə qədərini xırdalaya bilərsən?

- Bir dörd yüz, beş yüzünü.

Şakir paketdən beş dənə yüzlük çıxarıb verdi satıcıya:

- Yaxşı, ala bunnarı dəyiş.

Satıcı pulları aldı, sonra sayıb Şakirə bir çəngə Azərbaycan manatı verdi.

Şakir yenə oturdu erməni iyi verən maşına, sürdü yataqxana tərəfə. Girdi kafeyə. Yenə bərk domino gedirdi, üzünü tutdu Market Vəlişə:

- Ə, nemes, ordan nisyə dəftərini gətir bura.

- Neyləyirsən, ə?

- Ə, nə borcuna qalıf, deyirəm gətir, gətir dana.

Market Vəliş gedib nisyə dəftərini gətirdi. Şakir nisyə dəftərini aldı , heç açıb baxmadı. Cırıqlayıb tökdü yerə. Market Vəlişin gözü çıxdı kəlləsinə. Domino oynayanlar da təəccüblə Şakirə baxdılar.

Market Vəliş:

- Ə, nəqayrırsan?

- Canına azar qayırıram; - dedi, sonra da cibindən bir çəngə pul çıxarıb atdı stolun üstünə:- Al götür, bu gün də bunnar nə yeyif-işsə mənnikdi.

Sonra üzünü tutdu domino oynayanlara, Market Vəlişin də boynunu qucaqlayıb kövrək səslə dedi:

- Ay mənim qaşqın qardaşdarım, haqqınızı halal eliyin. Vəliş, - bu dəfə nemes demədi - sən də haqqını halal elə. Saa çox sataşmışam.

Market Vəliş:

- Nolub, ə?

- Heş. Mən qayıdıram Ağdama. Heş olmasa orda Ağdam havası var, qoxusu var. - dedi və çıxdı kafedən çölə. Üzünü tutdu yataqxanaya və bərkdən çığırdı: - Ay camahat, haqqınızı halal eliyin.

Şakirin çığırtısına yataqxanada kim vardısa töküldülər həyətə və yığıldalıra başına. Şakir arvadlı kişili bir-bir hamısını bağrına basıb öpdü.

Turac arvadı bərk-bərk qucaqlayıb ağlaya-ağlaya dedi:

- Turaj xala, - bu dəfə ona da Sağsağan demədi, - haqqını halal elə.

Turac arvad da göz yaşını saxlaya bilmədi:

- Ay bala, bizim sənin üstündə nə haqqımızı var ki halal edək? Sən haqqını halal elə.

Şakir hamıyla öpüşüb-görüşəndən sonra arvadına dedi:

- Aaz, çıx uşaxları da, çamadanları da götür, düş.

Arvadı çıxdı yataqxanaya, əlində iki çamadan, uşaqlarla bir yerdə qayıtdı. Hamı maddım-maddım baxırdı. Şakir arvadından çamadanları alıb qoydu erməni iyi gələn maşının baqajına, uşaqları oturtdu birini qabaqda, birini arxada, arvadına da başıyla işarə elədi ki, min maşına. Turac arvad qaçıb bir dolça su gətirdi, istədi onların dalınca atsın, Şakir qoymadı:

- Atma xala, mən bir də Bakıya gəlsəm atamın Mazdoxdakı goru çatdasın. - dedi və oturdu maşına, həyətdən çıxdı, üzü Bakıya.

Yamacı qalxdılar, girdilər yasamala.

- Şakir, Bakı buradı?

- Yox, bura Bakının Muradbəylisidi.

Yasamal qəbiristanlığına çatanda yenə arvadı soruşdu:

- Şakir, bu meşəni niyə hasara alıblar?

- Aaz, meşə döyül, bura da bakılların Qarağacısıdı. Hasara alıflar ki, birdən ölüləri duruf qaçar.

Və Bakının panoramı açıldı.

- Oyy, Şakir, nə qəşəng şəhərdi?! Deyirəm Ağdamdan böyük olar ey?

- Aaz, sarsax-sarsax danışma. Dünyada Ağdamnan böyüh şəər yoxdu. Heş dünyada Ağdamnan gözəl şəər də yoxdu.

Və maşını sürdü Mərkəzi Univermağa, yolun solunda saxlayan kimi bir polis işçisi yaxınlaşdı:

- Vətəndaş, burda maşın saxlamaq olmaz.

- Niyə?

- Bura emvedenin qabağıdı.

- Bəs, harda saxlıyım?

- Görürsən, sağ tərəfdə aşağıda maşınlar dayanıb, orda.

Şakir baş üstə deyib, maşını döndərdi sağa, bir az yendi aşağı, bir yer tapıb saxladı. Sonra maşından töküldülər, Şakir Daxili İşlər Nazirliyini göstərib dedi:

- Buranın böyüyü qarabağlıdı, Xojalıdanda. Şuşada rəyis işdiyində o qədər qonağı olmuşam. Onunçün o qədər qarmon çalmışam. Yaxşı kişidi, utanmasam gedif görüşərəm.

Sonra girdilər univermağa. Şakir arvadını, uşaqları da gətirdi pal-paltar satılan yerə:

- Arvad, özünə bir yaxşı bahalı paltar seş, mən də görüm uşaxlara nə tapıram.

Şakir uşaqları qəşəng geyindirdi, «ay maşallah» deyib yanlarını da qaşıdı, uşaqların əyinlərindən çıxartdıqları köhnə paltarları da büküb götürdü.

Arvad öz zövqünə uyğun bir paltar seçmişdi.

Şakirin xoşuna gəlmədi:

- Bu nədi aaz, nənənə alırsan? – sonra satıcı qızı çağırdı: -Qızım, bu arvada öz zövqünnən bir bahalı paltar seç ver.

Satıcı qız bir yaraşıqlı paltar seçib gətirdi.

- Arvad, bir geyin baxım.

- Burda, camaatın içində?

Satıcı qız Şakirin arvadını apardı keçirtdi bir pərdənin arxasına:

- Xanım, burda rahat soyunub-geyinə bilərsən.

Arvad paltarını dəyişib pərdənin arxasından çıxanda Şakirin üzü güldü:

- Aaz, bir yanını qaşı aaz, işıx verirsən. Köhnə paltarını da götür vur qoltuğuna.

Sonra Şakir paltarların pulunu hesabladıb ödədi, iki-üç «şirvan» da artıq verdi satıcıya:

- Bu da sənin şirinniyin.

Univermağa qaçqın kimi girib bakılı kimi çıxdılar, əyinlərində təzə paltar və oturdular erməni iyi verən maşına. Şakir başladı arvadı şəhəri gəzdirməyə, uşaqlar da boylana-boylana baxırdılar. Üz-gözlərindən də sevinc tökülürdü, axır neçə ildə belə sevinməmişdilər.

Şakir də arvadı şəhərlə tanış edirdi:

- Arvad, bax, bu Füzulinin heykəlidi. Arxasındakı da tiyatırdı.

- Noolar, apar da bizi teatra.

- Bir dəfə Ağdamda səni tiyatıra apardım dava düşdü, sora bir ay tiyatırı bağladılar. Qorxuram apararam, buranı da bağlıyıllar…

… İt ilində Şakir arvad-uşağı qoltuğuna vurub aparmışdı Ağdama teatra. İsi Məlikzadənin «Gəl qohum olaq» tamaşası gedirdi. Tamaşanın bir yerində dünənəcən «Prima» çəkən Qarabala guya qəfil qızıl tapır və başlayır «Marlboro» çəkməyə. Qarabalanı Tofiq Qarayev oynayırdı. Tofiq cibindən «Marlboro»nu çıxaranda zalda oturan lağlağı Ağdam uşaqlarından biri bərkdən dedi:

- Tofiq, birin də maa ver.

Zalı gülmək tutdu, Tofiq də itoynadan, baş barmağını iki barmağının arasından çıxarıb siqaret istəyən oğlana göstərib dedi:

- Ala, ə!

Bu dəfə də zalı gülmək tutdu, amma sonrası qırğın düşdü, bıçaq-filan, amma Tofiq döydü. İşə teatrın direktoru Məmməd Əmirov qarışdı, o da hər ikisini döydü. Və teatr uzun müddət bağlandı…

Şakir:

- Arvad, bu da Fərhad çayxanasıdı, Ağdam uşaxları yığışır. Əsgərliydən qayıdanda maa burda qəşşəh qonaxlıq veriflər. Bax, bu da çadrasını atan qadının heykəlidi. Sənin kimi goppuş deyil, nərmənazihdi.

İki-üç saata arvadı şəhərin görməli yerlərinin hamısı ilə tanış elədi:

- Al bu da saa Bakı.

Və sonra da maşını sürdü «Çanaqqala» restoranına. Həyətdəki ağacların birinin altında oturdular. Ofisiant gəldi.

- Qaqa, bizə yaxşı bir kavaf ver.

Ofisiant qeyd edib getdi.

Şakir:

- Arvad, bura şuşallarındı. Məşhur futbolçu vardı ey Ağdamda, Penpen Şahin, onun xalası oğlunundu. Dedim xeyri özümüzkülərə verim.

Penpen Şahinin adını elə çəkdi ki, elə bil arvadı birdən-ikiyə futbola aparmışdı, arvad da «Qarabağ»ın bütün oyunçularını əzbər tanıyırdı.

Restoranın administratoru Şahlar həyətdə gəzərkən Şakiri görüb yaxınlaşdı onlara:

- Salam. Qaqa, sən Abdal-Gülablı Şakir deyilsən?

Şakir qalxdı ayağa:

- Hə, qaqa, Avdal-Gülaflı Şakirəm, qarmonçalan Şakir. Bəs, sən kimsən?

Şahlar:

- Mən buranın müdirinin müavini. Sənə Cıdır düzündə o qədər qulaq asmışam. - dedi və Şakirin boynunu qucaqladı.

Hal-əhval tutdular. Şahlar soruşdu:

- Bakıda yaşayırsan?

- Yox, arvadı gətirmişəm Bakıya gəzdirməyə.

- Yaxşı eləmisən. Yeyib-için, hesab mənlikdi. - dedi Şahlar, sonra da ofisiantı çağırıb tapşırdı ki, bunlara yaxşı qulluq et və getdi.

Şakir forslu-forslu arvada baxıb dedi:

- Arvad, Şakirin vesin görürsən dana!

(Ardı olacaq. Özü də Rasim Müzəffərlinin xətrinə)

Rasim müəllim, bir-iki günə Sizi və oxucuları nigarançılıqdan qutaracam.

TƏQVİM / ARXİV