(Abdal-Gülablı Şakirin xatirəsinə)
(povestdən bir parça)
***
Rəis:
- Hə də, sonra da qəzetlər yazsın ki, rəis Aftandili restorana gətirdib, ya da Rəmişi, kef eləyir. Böyrünə də bir-iki qadın müğənni qoşsunlar. Özü də mən qarmona qulaq asmağa getmirəm. Gedək, görək camaatın nə problemi var. Siz idə yaxşı bir kişi ilə tanış edim.
Müdir:
- Problemlərini günorta göndərdim də.
Rəis:
- İndən belə onu hər ay göndərərsən. Tapşıraram, sənə də heç kim dəyib-dolaşmaz.
Müdir:
- Baş üstə, rəis, o nə sözdü? Lap istəyirsən ayda iki dəfə göndərim.
İş Adamı:
- Rəis, ayda bir dəfə də mən göndərərəm.
Rəis:
- Maşallah, yaman səxavətli olmusunuz.
***
Şakir girdi kafeyə, televizoru açdı ki, görsün olmayan dünyada nə var-nə yox. Politoloq Mübariz Əhmədoğlu yenə jurnalistləri başına yığıb ATƏT-i yıxıb-sürüyürdü. Televizor yenə sarsaqladı, kanalları qarışdırdı. Şakir yenə televizorun təpəsinə bir-iki qapaz vurandan sonra televizor qayıtdı əvvəlki kanala.
Market Vəliş:
- Şaka, televizoru şapalaqlayırsan, yoxsa danışanı?
- Elə ikisini də. Diyəsən bunun sekada adamı var. Ha vaxt tilvizeri açırsan, görürsən jurnalistdəri yığıf başına.
- Şaka, indi seka yoxdu ey, seka qaldı Sovet hökumətində. İndi Prezident Aparatı var.
- Olsun Prezident Aparatı, nə fərqi var ki?! Sən öl, mən buna otarmağa on eşşəh vermərəm, hardasa ikisini itirəjəh. Bu danışanda bilirsən yadıma nə düşür? Hadisələr təzə başlayanda Fantamas xəstəxanada yatırdı. Ağdamın say-seşmə oğlannarını çağırır yanınakı mən bu Qarabağ probleminin həllini tapmışam. Allahverdi, Eldar, Fred Asif, Xallı Şahin yığışıf gedillər xəstəxanaya Fantamasın yanınakı bizi çağırmısan, nə məsələdi? Fantamas da qayıdır ki, Qarabağ məsələsi çox sadə bir işdi. Siz belə eliyin, Qorbaçovu, Amerikanın prezidentini, bir də Fransanın prezidentini çağırın gəlsinnər Ağdama, oturax, mən bunun yollarını onnara deyim. Allahverdi də başını bulayıf deyir ki, baş üstə, Fantamas, Təhmasibi göndərərik, üçünü də çağırar Ağdama. Elə mənim restoranımda da onnara bir qonaxlıx verərik. İndi bu da toşnu Fantamas kimi deyir ki, ATƏTdi-nədi onun həmsədrləri oturuf bu məsələni həll edəjəh.
Market Vəliş:
- Ə, nə işinə qalıb? Ona deyirlər belə danış, o da danışır də. Sən gəl otur dominonu oyna.
Şakir:
- Ə, siz də o damnonu yığışdırın, siz telefon oynamırsız ey, sizinki pereqavornudu. İndi rəyis bura gələjəh. Gəlif görsə ki, qatmalı kişilər oturuf damno oynuyur, deyəjəh ki, sizin tay-tuşdarınız Qarabağda vuruşur, siz də burda bağıra-bağıra damno oynuyursuz. Ondansa durun kafeni sahmana salın.
Dominonu yığışdırdılar. Bu vaxt yataqxanaların həyətinə bir polis maşını girdi və Şakiri dünən tutub polisə aparanlar maşından düşdülər, həyətdəki camaat da polisləri görən kimi hamısı qaçıb girdi olmayan evlərinə. Şakiri gülmək tutdu:
- Belə cırarsız ey, aradan.
Şakir polislərlə görüşdü ki, xeyirdimi?
Polislər:
- Şərə lənət, bir azdan rəis gələcək, gəldik görək nə var- nə yox?
- Rəyisə deyin narahat olmasın, təhlükəsizliyi tam təmin etmişəm. Hər yataqxananın üstünə bir snayper qoymuşam, hər qapıya da iki nəfər ki, çölə-içəri heş kəsi buraxmasın.
Polislər:
- Zarafatından qalmırsan da.
Bir az keçmiş xəbər gəldi ki, rəis gəlir, sonra məlum oldu ki, gələn rəis deyil, yenə polis maşınıdı. Gəldi durdu yolun kənarında, içindən də dörd nəfər polis düşdü. Və gəzişməyə başladılar.
Nəhayət, qabaqda rəisin, arxada da İş Adamının bahalı maşınları girdilər yataqxananın həyətinə. Camaat da yığışmışdı yataqxananın eyvanlarına, ordan baxırdılar, həyətə düşməyə cürət etmirdilər.
Rəis maşından düşdü. Şakirlə çox mehriban görüşdü, sonra da kafenin önündəki kişilərlə bir-bir əl tutdu. İş Adamıyla müdir də maşından düşdülər, başları ilə salamlaşdılar.
Rəis Şakiri onlarla da tanış elədi:
- Dediyim Şakir budu.
İş Adamı Şakiri bir süzdü, yöndəmsiz sir-sifətinə baxıb rəisə dedi:
- Ə, bu ki çobandı.
Şakir:
- Rəyis, axır ki qoyunnarımdan biri məni tanıdı.
İş Adamı özündən çıxmaq istədi, amma rəisin sərt baxışlarını görüb dayandı.
Rəis ona dedi:
- Çoban sənsən ey, elə çoban olaraq da qalmısan.
Market Vəliş tez çöldəki stollardan birinin üstünə süfrə saldı, stəkan-nəlbəki düzdü, qənddən-konfetdən qoydu, sonra gedib iki çaynik gətirdi. Şakir tapşırmışdı ki, ayrıca kəkotu dəmlə, Rəis dağ adamıdı. Market Vəliş çaynikləri qoydu stolun üstünə:
- Rəis, biri təmiz İsmayıllı kəkotusudu. Özüm yığmışam. -sonra da rəisin stəkanına kəkotu çayı süzdü.
Rəis:
- Şakir, bəs bu camaat hanı?
- Odur ey, eyvandan baxıllar. Gözdəri qorxuf, polisi görən kimi qaçıllar.
- Denən düşsünlər həyətə.
- Sora elə biləllər yenə mitinqdi, gəlif səni də bizim gözümüzə qatıf aparallar.
- Ə, camaatı mən tuturam, məni kim tutacaq?
Şakir bir fıştırıq verib əliylə işarə elədi:
- Ə, qorxmayın gəlin bura, rəyis çağırır.
Yataqxanada nə qədər arvad-uşaq vardı tökülüşdü həyətə. Rəis hamıyla hal-əhval tutdu, dedi ki, mən də sizin kimi qaçqınam, Göyçə qaçqını. Elə bil camaatın üzünə gün doğdu. Dəli dəlini görəndə dəyənəyin dalına çıxdığı kimi, qaçqın da qaçqını görəndə elə bil dədəsini görür.
Rəis:
- İndi gəlmişəm görüm nə problemləriniz var?
Hamı hay-küylə problemlərini danışmağa başlayanda Şakir çığırdı:
- Ay camahat, bir-bir dana. Qoyun mən deyim. Rəyis, öyün qaşqınkom gəlmişdi, dedi ki, burdan bir az yuxarıda Qobuda qaşqınlara çoxmərtəvəli evlər tikib verəjəhlər. Ölmə, eşşəyim, ölmə, yaz gələr, yonja bitər. O binalar navaxt hazır olajax, heş qaşqınkom da bilmir. Bu yataqxanaların damı dağılıf gedif. Yağan yağış evlərin içinə yağır. Ləyən də tapmırıx yağışın altına qoymağa.
Rəis İş Adamına baxdı. İş Adamı dərhal cibindən bir bloknot çıxarıb Şakirin dediklərini qeyd etməyə başladı.
Şakir:
- Sonra rəyis, suyumuz yoxdu. Camahat aşaadakı məhlədən vedrəylə, səhənglə su daşıyır. Düzdü, kənddə də suyumuz yoxuydu, camahat eşşəylə daşıyırdı. Bura şəhər yeridi dana, eşşəy yoxdu, eşşəyin işini arvad-uşax görür. İşığımızı da gündə beş-altı dəfə kəsillər, tilvizerə də baxa bilmirik, görəh dünyada nə var, nə yox.
Bu vaxt Market Vəliş Şakiri dümsüklədi:
- Ə, deynən kafenin televizoru da xarabdı.
Şakir:
- Ə, nemes, sən də bir dayan görüm. Dediklərimi bu dəyqə düzəltdilər, qaldı sənin tilvizerin.
Rəis:
- O nə deyir?
- Heş, rəyis, kafenin tilvizeri xarafdı, başına qapaz vurmayanda göstərmir.
Rəis:
- Day nə dərdiniz var? Molla gəlmişkən, ölən ölsün.
Şakir:
- Bir də qazımız yoxdu, hamı pletkadan istifadə edir. Ona görə də işıx güjə düşür. Vallah, bir gün bir qısa qapanma olajax, bu yataxxanalar bomba kimi partdıyajax.
Rəis durdu Şakirlə girdi yataqxanalara, İş Adamıyla Müdir də onların ardınca. Vəziyyətlə yerində tanış oldu, dağılmış tavana baxdı, otaqları gəzdi. Sonra yenə qayıdıb oturdu kafenin qabağında, Market Vəlişə dedi:
- O kəkotu çayından birini də ver.- sonra da üzünü tutdu şadlıq sarayının müdirinə;- şoferini göndər bir təzə televizor alsın, tarelka da alsın, gətirsin qursun bu kafedə.
Müdir:
- Bəlkə bir videomaqnitofon da alsın?!
- Pis olmaz, alsın da. Kasıb düşməyəcəksən ha!
İş Adamı:
- Rəis, mənə tapşırığınız?
- Sən sabahdan fəhlələri tökürsən bura, yataqxanaların damını dəyişdirtdirirsən, qırıq pəncərələrə şüşə taxdırırsan, eyvanları da rənglədirsən. Sonra da gedirsən dəmiryol rəisinin yanına, mənim adımdan xahiş edirsən ki, bu yaxındakı stansiyadan yataqxanalara işıq versin, onlarda həmişə işıq var. Sonra da baxarıq neyləmək lazımdı.
Camaat yer-yerdən alqış eləməyə başladı:
- Rəis, Allah balalarını saxlasın.
- Allah ölənlərinə rəhmət eləsin.
- Min budaq olasan.
- Kaş səni qaçqınkoma sədr qoyaydılar.
Elə bu vaxt yataqxananın həyətinə daha bahalı bir maşın girdi, sürücü tez düşüb arxa qapını açdı və elə maşını kimi bahalı geymiş bir şəxs yavaş-yavaş yendi. Onu görən kimi rəis də qalxdı ayağa, İş Adamıyla, şadlıq sarayının müdiri də.
Şakir başa düşdü ki, bu kimdisə çox böyük adamdı. Maşından düşən şəxs yaxınlaşdı rəisə, bircə rəislə görüşdü. İş Adamıyla, şadlıq sarayının müdirinə dilinin ucuyla salam verdi.
- Rəis, işçilər gəlib dedilər ki, yenə burda mitinq var.
Şakir:
- Rəyis, saa demədim ki, vallah, səni də bizim gözümüzə qatıf aparajaxlar?
Rəis:
- Sən narahat olma.
Sonra üzünü tutdu lap bahalı maşından düşən şəxsə, dedi:
- Cənab başçı… - Şakir də, bura yığılanlar da bildi ki, bu rayonun başçısıdı: - Gəldim görüm ki, nə problemləri var, iki-üç gün problemlərini həll edərik.
Cənab Başçı:
- Burda bir Şakir var, o kimdi, Bəxtiyar Vahabzadənin dostu?!
Şakir çıxdı qabağa:
- Məllim, mənəm. Avdal-Gülaflı Şakir, qarmonçalan Şakir, camahatın Şaka dediyi Şakir.
Amma nə cənab dedi, nə də başçı.
Cənab Başçı:
- Mən məllim deyiləm, cənab başçıyam.
Şakir:
- Yəni cənab başçı məllimdən hörmətli olur?
Kənardakılar qaş-göz elədilər ki, bir az ağıllı ol.
Cənab Başçı:
- Ə, Şakirsən-nəsən, Bəxtiyar müəllim deyib, mən də sənə iş təklif etmişəm, niyə bəyənməmisən? Qaçqın adamsan, yetim qızsan, qıvrıl yat.
Şakir:
- Məllim, mən yetim qız deiləm, yetim oğlanam. Dədəm də nemesdərnən müharibədə həlak oluf, qəbri də Mazdoxdadı. Pulum olmuyuf ki, gedib bir dəfə ziyarət eliyim. İkinci də, sağ ol, yəqin ki, mənə olunan təklifdən xəbəriniz var. Bu yataxxanalardakılar gözünü dikif çörəhpuluna. Onların çörəhpulusu ilan sümüyüdü, adamın boğazında qalar. Amma sizlərin nətəər boğazında qalmır, Allah bunu nətəər götürür başa düşmürəm. Həm də mən iş tapmışam, musiqi məktəbində qarmon məllimiyəm. Siz də şairə zəng edin deyin ki, maa iş düzəltmisiz, onun da ürəyi açılsın, siz də kefinizdə olun. Bəxtiniz gətirif belə rəyisiniz var. Yoxsa bu camahatı yığıf gətirib binana od vuraram.
Cənab Başçı da Şakirin qırımını görüb özünü yığışdırdı.
- Eşitmişəm yaxşı qarmon çalırsan, bəlkə bir nəsə çalasan qulaq asaq?!
- Mən qarmonu dostdarçün çalıram, sifarişnən çalmıram.
(Ardı olacaq. Özü də Rasim Müzəffərlinin xətrinə)