Osman Sarıvəlli… Bu gün XX əsr Azərbaycan poeziyasının mənzərəsini göz önünə gətirəndə bu adı xatırlamamaq mümkün deyil. Amma nədənsə, son illərdə Osman Sarıvəllinin keçdiyi ömür yolu, bir şair kimi zəngin yaradıcılığı tədqiqat əsərlərində, elmi araşdırmalarda layiqincə əks olunmur. Halbuki, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza kimi şairlərlə bir sırada onun da poeziyamızın inkişafında, şeirimizin yenilik ruhu ilə aşılanmasında xidmətləri az olmamışdır.
Osman Sarıvəllinin Azərbaycan şeirinə verdiyi töhfələr çoxdur və bəlkə də bir çoxlarına şablon təsir bağışlayan bu cümlənin arxasında əsl həqiqət durur. Həqiqət budur ki, Osman Sarıvəlli şeirimizdə heç kimə bənzəmirdi, onun özünəməxsus yolu, poetik üslubu vardı. Çox zaman onun adını ustad Səməd Vurğunla yanaşı çəkirlər, hətta belə bir fikir də mövcuddur ki, Osman Sarıvəlli Səməd Vurğun poeziyasından bəhrələnib. Osman Sarıvəllinin Səməd Vurğunla qibtəediləsi dostluğu, qardaşlığı, ünsiyyəti olub, bu iki şəxsin münasibəti ideal bir səviyyədəydi və olsun ki, bəlkə bu dostluğun aliliyi çoxlarında elə bir fikir oyatmışdı.
Çox kasıb bir ailədə dünyaya göz açmışdı, uşaqlıq və gənclik illəri ağır ehtiyac içində keçmişdi. Özünün şah əsəri olan «Gətir oğlum, gətir!» poemasında Osman müəllim həyatının o ağır günlərini təsvir edir, oğlu Babəkə həsr etdiyi bu əsərdə yazır ki:
Mən kənddə doğuldum, sən də şəhərdə,
Sən beşikdə yatdın, mənsə yəhərdə.
Yatdım boz otlaqda boz dovşan kimi…
Gözümüz dünyaya açılan kimi
Mən çomaq götürdüm, sən kağız, qələm,
Çomaq bir aləmdir, qələm bir aləm…
Osman Sarıvəllinin tərcümeyi-halı XX əsrin əvvəli ilə sonu arasında (1905-1990) yaşanılan bir həyatın çox mənalı, mənalı olduğu qədər də keşməkeşli bir ömür yoludur. Çobanlıqdan, yamaqlı şalvardan, ehtiyacdan sıyrılıb təhsilə, elmə, şairliyə doğru, Qazaxdan Bakıya, Bakıdan Moskvaya qədər uzanan bu yol iyirminci illərin komsomol həyatından, otuzuncu illərin ziddiyyətli, qırxıncı illərin müharibə alovlarından, Cənubi Azərbaycanda yaşanılan qısamüddətli naşirlik dönəmindən, əllinci illərin quruculuq , altmışıncı-səksəninci illərin kamillik mərhələsindən keçib. Bu səksən beş illik ömrün demək olar ki, əksər sənələri, günləri, ayları onun yaddaşından silinməyib. Osman Sarıvəlli poeziyası bu mənada onun bədii-həm real, həm də romantik, yaradıcılıq ehtirası ilə coşub-daşan salnaməsidir.
İnsan ağır, çətin, məşəqqətli günlər yaşaya bilər, amma o günlərin sonralar romantik duyğulara çevrilən anları olur. «Dumanlı səhərlər, çənli axşamlar, keçəli çadırlar, yeraltı damlar, yaşıl təpələr, sərin bulaqlar, yaşıl çöllər» xatırlanır və bunlar heç də retrospektiv elementlərə çevrilmir, bütün ömrü boyu şairin varlığında yaşayır. Məşhur «Bənövşə» şeirində deyirdi ki:
Yamaqlı şalvarım, yamaqlı çuxam,
Vüqarlı başımı saldı aşağı,
Çıxdı gözlərimə qəlbimin dağı.
Ələmdən, kədərdən qaça bilmədim,
Ciyərim həsrətlə alışdı, yandı.
Könlümü kimsəyə aça bilmədim,
Cırıq paltarımdan eşqim utandı.
Nə qədər təsirli, nə qədər real bir səhnə. Bunu Osman müəllim «Bənövşə» şeirində izhar edir və deyək ki, həmin BƏNÖVŞƏ şairin poetik obrazlar silsiləsində birinci sırada durur. Ustad Qurbanidən sonra Bənövşəyə şeir çələngi taxan Osman Sarıvəlli bu obrazı simvol səviyyəsinə qaldırır. Bənövşə həm təbiətin gözəllik hüsnü kimi bənzərsiz təşbehlərə, metaforalara bürünür, həm də hardasa insaniləşir. Bənövşə həm eşqin, alovlu duyğunun mücəssiməsinə çevrilir, həm insan-təbiət vəhdətini özündə əks etdirir, həm də İnsan mənəviyyatının, gözəlliyə estetik baxışının dəyəri kimi mənalanır. Şeirin ilk bəndlərində keçmişin qara günləri xatırlanır.
Osman Sarıvəlli 1977-ci ildə, artıq yaşıdlarının hamısı Xalq şairi fəxri adına layiq görüldükdən sonra o ada layiq görüldü. Gec də olsa, haqqını aldı, ulu öndərimiz Heydər Əliyev onu yaxşı tanıyırdı və əməyini, ədəbiyyatımızın inkişafında xidmətlərini layiqincə qiymətləndirdi. Çünki Osman Sarıvəlli elə başdan-binadan, Xalq şairi olmamışdan xalqın şairi idi. Onun «Gətir oğlum, gətir!» poeması XX əsr Azərbaycan poeziyasının şedevr nümunələrindən biridir və Osman Sarıvəllidən söz düşəndə bu əsərin adı həmişə birinci çəkilir. Səməd Vurğunun «Azərbaycan» şeirindən sonra vətən sevgisini ali hiss, müqəddəs duyğu səviyyəsində bu qədər ehtirasla tərənnüm etmək böyük istedadın qələbəsiydi. Poemada Atanın diliylə söylənilən «gətir!», «yaşat!» kəlmələri xalq müdrikliyinin, milli-mənəvi dəyərlərin yaşanılmasına inamdır. Burada kəndin şəhərlə, köhnəliyin yeniliklə qarşılaşdırılması tendensiyası qətiyyən hiss edilmir, «gətir» elə «yaşat» deməkdir. Nəyi gətirmək, nəyi yaşatma? Məsələ bundadır:
Kömürdən almaz çək, yarpaqdan ipək,
Daşdan gövhər çıxart, buluddan şimşək,
Gətir, ildırımın məğrur səsini,
Qumru bulaqların zümzüməsini,
Zəmilərdən sünbül, bağçalardan bar,
Dərələrdən vüsət, dağlardan vüqar…
Özünlə çiçəkli, güllü yaz gətir,
Bir aşıq mahnısı, bir də saz gətir!
Ana yurdumuzun nəyi var gətir-
Məhəbbət, sədaqət, etibar gətir!..
Osman Sarıvəlli aşıq poeziyasının vurğunu idi, bu poeziyanın qanadlarında ədəbiyyata gəlmişdi. Qazaxlı olasan, saz –söz mühitində pərvəriş tapasan, Aşıq Abbası, Qurbanini, Xəstə qasımı, Aşıq Ələsgəri sevməyə bilərsənmi? Onun Aşıq Ələsgər yaradıcılığından söz açan «Qüdrətli şair, ustad sənətkar» adlı kiçik bir monoqrafiyası var və bu monoqrafiya ustad aşığa həsr olunan ən sanballı əsərlərdən biridir.
Qapımızı döydü qara bir külək,
Bağçamızda nə gül qoydu, nə çiçək;
Payız fəsli şaxta vurmuş xəzəl tək
İrzi-rəngim saralmağa başladı.
Zaman gəldi…üzümüzə doğdu gün,
Çiçəklədi ilk baharı ömrümün,
Busat qurdu hər məhlədə toy, dügün-
Yar könlünü yar almağa başladı.
Qocalığı heç qaxmayın başıma,
Yeni çatır ömrüm əlli yaşına,
Ağ gün çəkdi sağ əlini başıma
Ab saçlarım qaralmağa başladı.
Osman Sarıvəlli ustad şair idi. Hər sözün, hər kəlmənin, hər misranın poetik mənasına varmağa can atırdı və buna nail olurdu. Yazırdı ki: Baxın kimi sərraf gözün, Təmtəraqlı yalan sözün Canı yoxdur, dedin özün, Məna sözün düzündədir». Onun şeir dili saf, təmiz, duru idi, bir çeşmə idi ki, suyu bulanıq deyildi. Xalq dilinin şəhdi-şirəsi, etnoqrafik incəlikləri, məişətdən, adət və inanclardan gələn sözlər, ifadələr, atalar sözləri, məsəllər, folklordan əsən sərin meh Osman Sarıvəllinin poeziyasında xalq ruhunun şeir dilində ifadəsiydi. Baxın: «Bu yerlərdə gözəl dostum, sinəmdə Bir yaralı bülbül ağlar, nə bilsin? Buruq-buouq duman çıxırbaşımdan, Mən yanıram, qarlı dağlar nə bilsin?» Bir də baxın: «Zülfün qamətindən uzundur, uzun, Yalansa, əmr eylə boynum vurulsun! Ayna qabağında bir ayna dursun, Görünsün əndamın yara, görünmə!». O, sərbəst şeirlər də yazırdı, amma insafən deyək ki, o şeirlərin bir çoxu hecada da yazıla bilərdi, çünki Osman Sarıvəllinin şair qüdrəti hecada daha parlaq şəkildə ifadə olunurdu. Təbii ki, bu, mənim subyektiv fikrimdir, razılaşmaya da bilərsiniz....
Osman Sarıvəllinin məşhur bir şeiri var: «Günah onun özündədir»
Dostum, incə barmaqların
Sədəflərin üzündədir.
Mənim meylim bir sazında,
Bir də şirin sözündədir.
Qarayazı meşəsində,
Cavan ovçu həvəsində,
Qulağın maral səsində,
Gözün ceyran izindədir.
Söz şairin ürəyində,
Zor binanın dirəyində,
Güc pələngin biləyində,
Pəhləvanın dizindədir.
Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kimi yüz il yaşamasa
Günah onun özündədir.
Bu şeiri O.Sarıvəlli əlli yaşında yazmışdı. Mən onu əlli yaşında yox, yetmiş yaşı olanda görmüşəm və o yetmiş yaşlı Osman baba qədd-qamətli, dolu bədənli, qıvraq bir kişi idi. Amma bir gün səksən yaşında, Bakı bulvarında, bir söyüd ağacının yanındakı skamyada onu görəndə gözlərimə inanmadım. Osman baba arıqlamışdı, belə əyilmişdi bir az, amma gözlərində o həyat eşqi sönməmişdi. Harasa, uzaqlara boylanırdı. 1990-cı ilin 3 iyul günündə Osman baba da gözlərini əbədi yumdu və onu öz doğma kəndində –Sarıvəllidə dəfn etdilər. O kənddə ki:
Orda öz gülüm var, öz gülşənim var,
Yolumu gözləyən Solmazım ağlar;
Uzun qollarını ala çinarlar
Boynuma salsa da, mən gedər oldum!
Yenə tut ağacı dərdimi dinlər…
Uzun qələmələr ah çəkib inlər,
Ağlayıb dalınca salxım söyüdlər
Saçını yolsa da, mən gedər oldum!