BİR DƏLİ BİR QUYUNU DAŞLAYIR… - Aqil ABBAS yazır

AQİL ABBAS
106 | 2025-09-15 13:47

Bir xanım aparıcı ağzını Allah yolunda qoyub qarabağlılar haqqında ağzına nə gəlib danışıb. Və nəticədə aləm dəyib bir-birinə. Sosial şəbəkələr partlayır. Söyüşün, qarğışın biri bir qəpik. Camaat iki yerə bölünüb: xanımın tərəfdarları və əleyhdarları. 

Mənim o xanıma cavab vermək fikrim yox idi.  Amma bir-iki kəlmə  bu  savadsız xanıma xatırlatmaq istərdim ki, ona görə savadsız deyirəm ki,  onun Birinci Qarabağ savaşı haqqında  heç bir məlumatı yoxdur. Söhbət XV əsrdən getmir ki, bilməsin, söhbət 30-35 il əvvəldən gedir. 

Deyir ki, döyüşmədiz, ev-eşiyinizi qoyub qaçdınız ona görə 20 min kv.km.  ərazimiz işğal olundu. Xanım bilmir ki, Birinci Qarabağ savaşında ermənilərlə döyüşdə 20 mindən çox şəhidimiz olub. Əliyalın ov tüfəngləri ilə vuruşurdular, ən müasir silahlarla, raketlərlə, tanklarla silahlanmış erməni və rus ordusu ilə. Hələ arxalarında da Avropanın özündənrazı dövlətləri ilə. 

Gürcülər Ağdamda avtomatın birini 3000-3500 manata, hər bir patronu isə 1 manata  satırdılar. Ağdamda xalı qalmadı, gəbə qalmadı, camaat dəyər-dəyməzinə gürcü işbazlarına verib silah alırdılar. Şəhərdə altı könüllü batalyon vardı. Azərbaycanın müxtəlif şəhər və rayonlarından da qeyrətli oğullar öz pullarına aldıqları silahla gəlib o könüllü batalyonlara qoşulurdular və sonda da şəhid olurdular. 

Vuruşmadıqlarını deyən xanım, həmin əliyalın oğlanlar Ermənistan silahlı qüvvələrinin qərargahı olan  Ağdərəni azad etmişdilər, Xankəndinin 7 kilometrliyinə gedib çıxmışdılar. 

Şair Vaqif Cəbrayılzadə yazır:

Basılmaz bir qarış Vətən torpağı da
İçindən satan olmasa

Xanım, sən heç Şəhidlər Xiyabanında olmusanmı? Ordakı əksər məzarlar Birinci Qarabağ savaşında şəhid olanlarındı. 

Deyirsiniz məcburi köçkünlər geri qayıtmaq istəmir. Mən millət vəkiliyəm, Ağdamlı olsam da, qaçqın deyiləm, Bakıda da rahat evim-eşiyim var. Amma mən neçə aydı  Qaçqınkomun sədri Rövşən Rzayevə yalvarıram ki, Ağdam şəhərində mənə birotaqlı  ev versin ki, xanımımı da vurum qoltuğuma, gedim qalan ömrümü doğma yurdda keçirim. Həm də bir nümunə kimi ki, millət vəkili  köçdü Ağdama. 

Xəbəriniz varmı ki, Qarabağa qayıtmaq  istəyənlər Qaçqınkomun  qabağında hər gün  qırğın edirlər. Bu günlərdə Füzuli şəhərindəydim. Üç min nəfər artıq köçüb Füzuliyə. Ona görə üç min nəfər ki, hələlik bu qədər əhali üçün mənzil tikilib təhvil verilib. Mən hələ Qarabağın kəndlərinə köçənlərdən danışmıram, Kəlbəcər şəhərinə köçənlərdən danışmıram. Hamı qayıdacaq ev-eşiyinə, narahat olma. 

Ulu Öndər vaxtilə göstəriş verib ki, məcburi köçkünləri girdikləri mənzildən heç kəs çıxara bilməz. Amma bir məhkəmə yolu var. Köçkün  kiminsə evini zəbt edibsə, ev sahibi yataqxanadan da olsa birotaqlı evlə onu təmin etsə zəbt etdiyi mənzildən çıxmalıdır.

Dövlət Proqramında Qarabağ bütünlüklə 2040-ci ildə tam hazır olacaq. Hələ 15 il var. Amma tez-tez Qarabağı gəzən bir şəxs kimi aparılan tikinti işləri ilə tanış olanda görürəm ki, Qarabağ 2040-cı ildə yox, ən geci 2035-ci ildə  tam bərpa olacaq və qarabağlılar köçəcəklər öz dədə-baba yurdlarına. 
Elə təkcə bu ilin axırı, gələn ilin əvvəli Ağdam şəhərinə 5 min  əhalinin köçürülməsi planlaşdırılıb. Gərək  şəhərlər, kəndlər  hazır ola ki, camaat da qayıda öz torpaqlarına. 

Ağdamın işğal altda olmayan kəndlərində 45 min əhali yaşayırdı. Sonra Möhtərəm Prezident yeni qəsəbələr saldı və başqa rayonlarda, şəhərlərdə yaşayan 45 mindən çox ağdamlı qayıtdı doğma torpaqlara. İndi həmin qəsəbələrlə bir yerdə əhali yüz  minə çatıb. 

Və yadında qalsın, Ağdamda üç Şəhidlər qəbristanlığı var. Sənə bir şəkil  təqdim edirəm, bu Birinci Qarabağ savaşında şəhid olmuş və hələ tam siyahısı  müəyyən olunmamış ağdamlıların adlarıdı. 

P.S. Yeri gəlmişkən, millət vəkili Elşad Musayev belə bir açıqlama verib ki, məcburi köçkün  tanıyıram ki, məktəbin yarısını götürüb orda iki min toyuq saxlayır. Dostum Elşad müəllim, mümkünsə o məcburi köçkünün ünvanını verin, ondan xahiş edim hər ay o toyuqlardan sənə də göndərsin. 

TƏQVİM / ARXİV