adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… -  XII (DAVAMI)

AQİL ABBAS
1079 | 2023-02-09 19:20

(Abdal-Gülablı Şakirin xatirəsinə)

(povestdən bir parça)

ƏVVƏLİ BURADA

***

Market Vəliş:

- Kefsən ey, başdan-ayağa, kinoçəkənlərin səndən xəbəri yoxdu. Gərək Abdal Qəhrəmana deyəm, o şair var ey rəhmətlik Ağsəs kişinin oğlu Qulu, onu tapıb gətirsin, qoy səndən bir yazı yazıb məşhurlaşdırsın. Bəlkə ondan sonra üstünə gün doğdu.

- Tanıyıram. Deyillər, Aşıq Valehdən sonra kəndimizdən çıxan ən böyük şairdi. Amma hələ uşaxdı. Telefonunu bilsəydim zəng edif bir qəşəng məzələnərdim. Bir-iki dəfə tilvizerdə görmüşəm, o da yaxşı məzə tutandı. Bir dəfə tapıf çağırarıx, elə Avdal Qəhrəmana deyərsən tapıf gətirər, bir az deyişərik. Sonra da onunçün yaxşı bir qarmon çalaram. Dədəsi rəhməddik yaxşı kişi idi. Amma yazıx çox arıxıdı ey, bərk küləy əssə götürüf atajax dənizə.

Market vəliş:

- Onun elə arıq olduğuna baxma, qurd ürəyi yeyib. Çox cəsarətli oğlandı.

Şakir başını bulayıb dedi:

- Qurd ürəyi yiyənnər şeyir yazmıllar ey, müharibədə dör-dör dyüşüllər. Qurd ürəyi Əbil kişi yemişdi, oğlannarı yemişdi, qardaşı oğlannarı yemişdi. Yadına düşür də, Əbil kişi ermənilərlə bajı-qardaş olan vaxt bir ermənini vuruf öldürmüşdü, bizim müstəntiqlər onu vəhşi kimi göstərmək üçün vurduğu canavarların ürəyini çıxardıf kabaf eliyif uşaqlarına, qardaşı uşaqlarına, nəsillərindəki bütün oğlanlara yedirtdiyini də cinayət işinə əlavə eləmişdilər.

- Yaxşı yadımdadı, gözəl ovçu idi. Altmış dörd dənə canavar vurmuşdu, hamısının da ürəyini sən dediyin kimi, kabab eləyib uşaqlarına, kənddəki ipə-sapa yatmayan uşaqlara yedirtmişdi. Onlar da canavara oxşayırdı. Heyf ondan. Hadisələr başlayanda getdi erməni kəndinə ki nə qələt eləyirsiniz, dava salmışdı. Ermənilər də öldürüb meşədə basdırmışdı.

Şakir:

- Qurd ürəyi yiyən oğlannarı, qardaşı oğlannarı qanını yerdə qoymadılar, getdilər neçə erməni öldürdülər. Əbil kişinin meyitini də çıxarıf gətirif kənttə basdırdılar. Qurd ürəyini onnar yemişdi ey, yoxsa Qulu Ağsəs, yox bir Avdal Qəhrəman.

- Şakir, sən də sir-sifətdən canavara oxşayırsan ey. Əbil kişi qonşunuz idi, bəlkə sənə də yedirdib?

- Ə, sarsax-sarsax danışma. Qurd ürəyi yemiş olseydim ev-eşiyimi qoyub qaçıf gəlif burda sülənməzdim...

… Gün gələcəkdi Böyük Vətən Müharibəsi başlayacaqdı, Ovçu Əbilin oğlanları da, qardaşı oğlanları da, qurd ürəyi yedirtdiyi kəndin say-seçmə oğulları da könüllü döyüşə gedəcəkdilər. Qardaşı oğlu Müşfiq Abbasov iki oğlu ilə birlikdə çiyin-çiyinə vuruşacaqdı Qarabağda, özü də şəhid olacaqdı. Eyni kökdən, eyni nəsildən olan qurd ürəyi yedirtdiyi Yaşar Hüseynov Şuşaya ilk Azərbaycan bayrağı sancacaqdı. O günə hələ çox vardı. Hələ Şakir Lökbatanda yataqxanada yaşayırdı. Hələ abdal-gülablılar o günü arzulaya-arzulaya və o günün həsrətiylə dünyadan köçürdülər…

… Bu vaxt Turac arvad girdi kafeyə, gəlib oturdu Şakirin qabağında.

- Şakir, dədəm-nənəm saa qurvan.

- Ay arvad, dədənnən nəneyin sümüyü də çürüyüf, maa nətəər qurvan ola biləllər?

- Yaxşı, dədəm-nənəm yox, mən xalan qurvan. Uşax evdə özünü öldürür, deyir məktəfdə məndən başqa hamının qarmonu var. Sən dedeyin Mazdoxdakı goru, o uşağa bir qarmon al ver.

- Ay Sağsağan xala, heş bilirsən qarmon neçiyədi? Mən də sənin kimi qaşqınam, pulum nəəzir? Uşaxlar göy-göyərti yeməhdən gömgöy göyəriflər.

Turac arvad girdi Şakirin qılığına:

- Şakir, mən sənin nəneyin ən əziz adamıydım. Uşax vaxtı o qədər dalını yumuşam. Yadına düşür, nənən su tökürdü, mən də səni çimizdirirdim; - dedi sonra da əliylə çeçelə barmağını göstərdi, - bu boyda da lülüşün vardı.

Kafedəkiləri gülmək tutdu, Şakir pərt oldu.

Turac arvad yenə dediyini dedi:

- Həə, nənən su tökürdü, mən də səni çimdirirdim; - və yenə çeçələ barmağıyla göstərdi- bu boyda da lülüşün vardı.

Kafədəkilər yenə qəh-qəhə səkdilər, day Şakiri saxlamaq olardı:

- Sağsağan xala, indi görəsən ey.

Elə bil arvadı ilan çaldı. Yerindən qalxıb tüpürdü:

- Tu sənin üzünə, abırsızın biri abırsız.

Şakir ilk dəfə dediyi sözdən peşman oldu.

- Yaxşı, ay xala, - bu dəfə Sağsağan demədi, - məni tanıyırsan dana, özümnən asılı olmadı. Uşax haqqında bir şey fikirrəşərəm, görüm hardan ona qarmon taparam.

Qarmon sözünü eşidən kimi Turac arvad yumşaldı:

- Dədeyin Mazdoxdakı goruna qurvan olum. Bilirəm, sən istəsən taparsan. Sənin də Rəmiş kimi dünyaynan bir ad-sanın var.

- Ay xala, mənim ad-sanım Ağdamdaydı, elə Ağdamda da qaldı. Burda məni it yerinə qoyan da yoxdu.

- Niyə heylə diyirsən, başına dönüm. Dünən buranın böyüklərinin hamısı tökülüf ayağına gəlməmişdi? Bu fəhlələri bura sənin sözüynən tökmüyüflər?

Şakir durub Turac arvadı qucaqlayıb öpdü və dedi:

- Yaxşı, get, sənin o yetimçənə bir qarmon tapıf verəjəm.

Turac arvad sevinə-sevinə kafedən çıxdı.

Market Vəliş:

- Ə, abırsız, o nə sözüydü ağbirçək arvada dedin?

- Ə, nemes, bilmirsən mənim ağzımın qaytanı yoxdu? Ağbirçək özünü ağbirçək kimi aparsın də, yoxsa lülüşün elə gəldi, belə getdi.

***

Şakir məktəbdən çox gec qayıtdı. İt kimi yorulmuşdu. Girdi olmayan evinə, qarmonu atdı bir tərəfə. Oğlanları şahmat oynayırdı. Arvad evdə yox idi, soruşdu:

- Ə, nənəniz hanı?

Uşaqlar bir ağızdan:

- Qağa, kafedədi.

Şakir təəccüblə:

- Harda?

- Kafedə.

- Orda nəəzir, ə?

- Bütün arvadlar ordadı, o da gedib.

- Kimsə ölüf?

- Yox.

- Deyəsən televizora baxırlar.

Şakir yendi həyətə, gəldi kafeyə. Kafe arvadlarla dolu idi. Elə bil Kino Fazil kəndə hind filmi göndərmişdi, kəndin arvadları da adama iki dəsmal götürüb yığışmışdılar kluba.

Televizorda «Santa Barbara» gedirdi. Rəngli televizor, bərli-bəzəkli xanımlar, şux geyinmiş kişilər, bircə arvadların əlində nəinki iki dəsmal, heç bir dəsmal da yox idi. Oturub marıtlamışdılar televizora.

Şakir maddım-maddım bir arvadlara baxdı, bir televizora, bir də əli qoynunda küncdə dayanmış Market Vəlişə, dedi:

- Ə, nemes, saa demədim arvaddar buranı işğal eliyəjəh? Di ala. Kino qurtarannan sonra domino da verərsən oynuyallar, biz də gedif yeməh bişirərih.

Kafedəki arvadlar Şakirin səsini eşidən kimi hamısı qorxudan durdu ayağa. Şakir üzünü tutdu arvadına:

- Aaz, sürüy evə, elə bircə santabarbaran çatmır. Siz də rədd olunu evinizə;- yenə üzünü tutdu Market Vəlişə: - Ə, nemes, o köhnə başıqapazdı tilvizeri ver qoysunnar yataxxanada dəhlizə, nə qədər isdiyillər baxsınnar; - sonra kafedən çıxdı çölə, bayırdakı kişiləri süzüb dedi: - Kişi boynunuzu yerə soxum, ermənilər kəndinizi, arvaddar da kafenizi əlinizdən alıf.

Bayırdakı kişilər hamısı başını saldı aşağı. Kafedəki arvadlar da dinməz-söyləməz çıxıb dağıldılar olmayan evlərinə. Kişilər də tez doluşdular kafeyə. Şakir də kənardakı stolların birinin arxasında oturdu və Market Vəlişdən soruşdu:

- Ə, nemes, menyuda nə var?

- Piti var, baş soğanla.

- Bir dənə piti gətir, bir dənə də arax.

- Rəmişin içdiyi araqdan?

- Ə, yox, qaşqınnarın işdiyi araxdan. O tilvizerdə də elə yeri tut xəbərlərə baxım.

Market Vəliş kanalı dəyişdi, gördü ki, Mübariz Əhmədoğlu yenə mətbuat konfransı keçirir, özündən çıxdı:

- Ə, sən öl, məni erməni öldürə bilmədi, bu çərrədif öldürəjəh. Nə uçana majal verir, nə qaçana. Adam nə qədər jurnalistdəri başına yığıf konfrans keçirər. Jurnalistdərdə də abır-həya yoxdu ey. Nə bilim, bəlkə onnar da mənim kimi məzə tutmağa gedillər. Söndür o tilvizeri. – sonra üzünü tutdu domino oynayanlara; - Ə, durun gəlin bəri, bir az arax içəh.

Domino oynayanlar da elə bil bu himə bənd idilər. Hamı stullarını götürüb yığışdılar Şakirin başına.

- Ə, nemes, bunnara da piti ver, araq da.

- Nisyə?

- Ə, yox, qorxma, pulunu verəjəm. Buyün mayış almışam.

Stəkanlar doldu, sağlığlar başladı. Yox, çay qırağında bitib, susuz qalan ağaclarına sağlığına içilmədi, çünki burda həmin sağlığı başa düşən nə Xudu Məmmədov vardı, nə Nurəddin doktor, nə də Bəxtiyar müəllim. Hamısı cır-cındırından cin hürkən qaçqınlar idi.

İstədilər Şakirin sağlığına içsinlər, Şakir razı olmadı:

- Ə, yaltaxlanmıyın, hamınızın sağlığına, bütün qaşqınların sağlığına. Kəndimizin sağlığına. Kəndimizə gedəjəyimiz günün sağlığına. Bizi kəndimizə aparajax kişinin sağlığına.

Stəkanlar yenidən doldu, kimsə sağlıq demək üçün ayağa qalxdı. Şakir:

- Ə, day sağlıx qurtardı də.

Sağlıq demək istəyən əl çəkmədi:

- Şaka, sən dədənin Mazdokdakı goru, sözümü kəsmə, yaltaqlanmıram da. Allah haqqı, düz sözümdü, sən burdasan elə bilirik kəndimizdəyik. Allah səni başımızın üstündən əksik eləməsin.

Şakir güldü, arağı çəkdi başına və dedi:

- Allah sizi də məim altımnan əskiy eləməsin.

Yedilər-içdilər, Şakir Market Vəlişə dedi:

- Ə, indi o tilvizeri aç, urus kanallarını tut görəh nə yeyillər.

Market Vəliş tilvizeri açdı və Rusiyanın bir nömrəli kanalını tutdu, Xankəndindən reportaj göstərirdilər. Boylu-buxunlu, sinəsində avtomat bir erməni əsgəri müsahibə verirdi. Şakanın gözü dörd oldu. Tilvizerə bir az da yaxın gəldi, erməni əsgərinə diqqətlə baxıb iki əli ilə başına bir qapaz saldı və çığırdı:

- Ayə, vurun məni öldürün, ayə. O budulkanı vurun mən oğraşın başına, belə kişilik olar, belə oğraşdıx olar? - və başladı ağlamağa.

Kafedəkilər hamısı təəccüblə Şakaya baxırdı. Market Vəliş soruşdu:

- Ə, noldu, ə?

Şakir yenə bağıra-bağıra:

- Canıma dərd oldu, azar oldu. Ə, vurun məni öldürün dana.

Yer-yerdən dedilər:

- Ə, niyə axı?

- Ə, danışan ermənini görmürsüz?

- Nolsun?

- Ə, gomürsüz kimdi danışan?

Market Vəliş:

- Ə, nədi, bəlkə ermənidən olan oğlundu?

- Ə, sarsax-sarsax danışma, bax də.

Hamı yığışdı televizorun başına.

Market Vəliş:

- Boy, ə, bu Surenin oğlu deyil? Toyunu da sən eləmişdin, biz də yığışıb getmişdik, yaxşı da yeyib-içdik. Kino Fazil də yaxşı bir sağlıq dedi. O vaxt bizimkilər əsir götürəndə sən qoymadın də öldürməyə, uşaqların əlindən alıb buraxmışdın.

- Hə, mən oğraş bunu buraxdırmışdım. Ə, vurun məni öldürün, ə. O vaxt it şeyi kimi əsirdi, indi nətəər yekə-yekə danışır. Vay sənin ananı. Vay sənin damavoy knijkanı…

Dişinin dibindən çıxanları həm Surenin oğluna, həm də özünə dedi və başladı hönkür-hönkür ağlamağa...

… Suren Şakirin evinin eyvanında oturub qabağında çay televizora baxırdı. Ermənilər Abdal-Gülablını alandan sonra Suren gəlib yığışmışdı Şakirin evinə ki yandırmasınlar. O da rus kanallarına baxırdı ki, görsün ruslar nə deyir. Və o da gördü ki, oğlu sinəsində avtomat danışır. Vurub stolun üstündəki çayı dağıtdı. Və necə qışqırdısa arvad evdə dik atıldı və qaçdı eyvana. Suren başını tutub bağırırdı:

- Ay qancıxın doğduğu, ay qeyrətsiz, mən səni İspanakertə oxumağa göndərmişdim, yoxsa əlinə avtomat alıb vuruşmağa? Ay qəhbənin oğlu, nəğayırdın, indi mən sabah Şakirə nə cavab verəjəm, Şakirin üzünə nejə çıxajam?

Arvadı Surenə:

- Ay kişi, uşağa niyə qarğış tökürsən?

- Ay itin qızı, onun qucağındakı avtomata bax. Şakir onu Əzrayılın əlinnən almışdı. İndi o avtomat götürüf əzrayıllıq edir, şandığa. Yox, day mən xəjələtimdən yaşaya bilmərəm. Sabah Şakir qayıdanda onun üzünə, bu kəndin camaatının üzünə nejə baxajam, xayxırıf sifətimizə tüpürəjəhlər? Toyunu da Şakir eləmişdi, Rəmişi də gətirmişdi. Toydan pul da götürmədi, dedi, mənim adımnan yaz nəmərə. İndi bu qurumsaq oğlu qurumsaq Şakirlə yediyim bir ton çörəyə tüpürdü. Yoox, mən buna dözə bilmərəm. Qoy bir evə gəlsin, Həzrət Abbas haqqı, ya onu öldürəjəm, ya özümü...

… Suren oğlunu öldürə bilməyəcəkdi. Surenin oğlunu Ovçu Əbilin qardaşı oğlu Müşfiq öldürəcəkdi. Hələ o günə vardı…

… Hələ Suren Şakirin evinin eyvanında başına qapaz salıb ağlaya-ağlaya bağırırdı, Şakir də Lökbatanda yataqxananın kafesində başına qapaz salıb ağlaya-ağlaya söyürdü – həm özünü, həm də Sureni. Şakiri sakitləşdirə bilmirdilər, vurub stol-stulu da aşırtdı, sonra da kafedən çıxdı.

 

(Ardı olacaq. Özü də Rasim Müzəffərlinin xətrinə)

TƏQVİM / ARXİV