Avropa Xəbər Agentliyində (European News Agency) növbəti yazım yayımlanıb. Yazı Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarından bəhs edir.Yazını Azərbaycan dilində “Ədalət”in oxucuları ilə bölüşürəm. Yazıya keçid linki: https://www.european-news-agency.de/politik/why_has_the_peace_agreement_not_been_signed-91474/
Sülh müqaviləsi niyə bağlanmır?
Azərbaycan və Ermənistan sülhə heç vaxt bu qədər yaxın olmamışdı. Ötən əsrin 80-ci illərindən başlayan münaqişə və sonrakı müharibələrdən sonra, hazırda iki ölkə arasında sülh razılaşmasına çatmaq üçün real imkan yaranıb. Bu illər ərzində iki ölkənin rəsmiləri, o cümlədən xarici işlər nazirləri dəfələrlə görüşlər keçiriblər. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında da bir neçə dəfə təkbətək görüşlər baş tutub. Sonuncu belə görüş 2025-ci ilin mayında Albaniyada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında baş verdi.
Sosial şəbəkələrdə Paşinyanın Prezident Əliyevə “Gedək qəhvə içək” deməsi və onun cavabında “Söhbətimi bitirim, gəlirəm” cavabının yer aldığı video geniş yayılmışdı. Bu da göstərir ki, liderlər artıq birbaşa, vasitəçi olmadan ünsiyyət qura bilirlər. Bu, müsbət haldır.
Beləliklə, sülh müqaviləsinin imzalanması üçün əlverişli şərait mövcuddur. Bəs niyə hələ də sülh müqaviləsi bağlanmayıb?
Azərbaycan işğaldan azad etdiyi ərazilərdən sonra sülh üçün iki əsas şərt irəli sürüb və Ermənistan tərəfi də bu şərtlərlə şifahi şəkildə razılaşdığını dəfələrlə bəyan edib. Paşinyan da Albaniyada verdiyi müsahibədə bunu təsdiqləyib:
1.Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması.
Azərbaycan iddia edir ki, Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları yer alır. Ermənistan bunu inkar etmir, lakin bu istiqamətdə konkret addımlar da atmır – sadəcə bunu etməyi planlaşdırdıqlarını bildirirlər.
2.ATƏT-in Minsk Qrupunun buraxılması.
Azərbaycan bildirir ki, artıq münaqişə başa çatdığı üçün bu qrup fəaliyyətini faktiki olaraq dayandırıb və onun hüquqi mövcudluğuna da son verilməlidir. Ermənistan tərəfi bu məsələdə də razıdır, lakin hələ rəsmi müraciət olunmayıb.
Məncə, Azərbaycan hər iki tələbdə haqlıdır. Birincisi, ərazi iddiası olan tərəflər arasında bağlanmış istənilən razılaşma yalnız müvəqqəti xarakter daşıya bilər. Sülhün uzunmüddətli olması üçün belə iddialar aradan qalxmalıdır.
Minsk Qrupunun buraxılması da məntiqə uyğundur, çünki bu qurum 30 il ərzində effektiv fəaliyyət göstərə bilmədi. Üstəlik, onun iki həmsədri – Fransa və Rusiya – Azərbaycana qarşı qərəzli münasibətləri ilə seçilirlər. Belə bir durumda ədalətli vasitəçilik gözləmək real deyil.
Ən əsası isə budur ki, münaqişə artıq başa çatıb və bu quruma ehtiyac yoxdur.
İndi əsas məsələ Ermənistanın bu iki şərti təkcə sözlə deyil, əməldə də qəbul etməsidir. Əgər bu baş verərsə, sülh müqaviləsinin imzalanmasına heç bir əngəl qalmaz.
Ümid edək ki, yaxın gələcəkdə Qafqaza sülh gələcək və bölgə xalqları uzun illərdən sonra sülh şəraitində yaşayacaqlar.
Vüqar Abbasov.
Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı