Uşaq idim, cəmi səkkiz yaşım vardı. Artıq bir neçə ay idi ki, təzə evimizə köçmüşdük. Həyətyanı sahələr boş, hasarsız, səssizdi. Oynamağa, boş vaxtımı keçirtməyə kimsə yox idi. Əslində məhəlləmizdə həmyaşıdlarım var idi, amma hələlik kimsə ilə ünsiyyət qumamışdım. Bütün günü həyətdə öz-zöümlə oynayardım. Belə günlərin birində, həyətdə, evimizin arxa tərəfində tək oynadığım vaxt qulağıma səs gəldi, it səsi. Qaçaraq evin qabaq tərəfinə keçdim. Qardaşım idi, özü ilə zəncirlə bağlanmış bir it gətirmişdi. İt dartınır, zəncirdən canını qurtarmaq istəyirdi.
- Al, sənə gətimişəm. Bundan sonra bu itlə oynayarsan – deyə qardaşım mənə dedi və sonra iti arxa tərəfə aparıb ordakı dirəyə bağladı. İtin adı Qoşun imiş. Yaxına getməyə qorxurdum. İt dilini bayıra çıxarıb ləhləyir, ürkək baxışlarla ətrafa baxır, ara-sıra hürürdü. Hava yaman isti idi, necə deyərlər, göydən sankı od yağırdı. Bakının yayı hər zaman isti olur. Belə istilərdə, vacib olmadıqca, kimsə günəşin altına çıxmaz. İtin dilini bayıra çıxardıb ləhləməsi içimi sızlatdı, “suzayıb yəqin” – düşündüm. Evə qaçıb anamdan qab aldım, su ilə doldurub cəld geri qayıtdım. İt hələ də ləhləyirdi. Suyu ehtiyatla yerə qodum və uzun bir taxta parçası ilə qabı itə sarı itələdim. Qoşun bir xeyli gah qaba, gah da mənə baxdı, sonra isə acgözlüklə suyu içməyə başladı. İçib doyduqdan sonra sanki mənə olan baxışları dəyişdi, mehribanlaşdı. Quyruğunu aşağı salıb zingildəməyə başladı. Baxışları ilə sankı mənə deyirdi ki, qorxma, yaxına gəl. Qeyri iradi itə yaxınlaşdım, sığallamağa başladım. İt də bundan xumarlanırdı, xoşuna gəlmişdi. Ayağıma sürtünür, mehribanlıq edirdi. Özümdən aslı olmadan onun zəncirini açdım. Bundan sonra sanki baxışları daha da mehribanlaşdı, mənə bir dost kimi baxmağa başladı və o gündən sonra biz doğrudan da dostlaşdıq. İtimiz… Yox, ona “it” deməyə dilim gəlmir. O, mənim sirdaşım, dostum olmuşdu. Hər səhər gözümü açar-açmaz qaçaraq həyətə çıxar, Qoşunla oynayardım. O da elə bir uşaq kimi mənimlə oynayardı. Yorulmazdı. Heç vaxt da məndən uzaq qalmazdı.
Evimizə, həyətimizə öyrənməkdə, bu yeni məhəlləyə alışmaqda mənə çox köməyi dəyirdi, özü bunun fərqində olmasa da. Hələ heç kimlə dost olmamışdım, amma mənə elə gəlirdi ki, Qoşun bəs edirdi. O həm oynayır, həm qoruyur, həm də mənim sükutumu anlayırdı.
Bir gün... o günü heç vaxt unutmaram. Məhəlləyə qəribə bir yük maşını gəldi. İçindən gödəkçəli, kobud adamlar düşdü. Üz-gözlərindən də zəhərmar yağırdı. Sonradan öyrəndim ki, bunlar küçə itlərini tutanlar, vuranlar imiş. Maşınlarının arxasında, yük yerində xeyli it vardı. Maşından düşən kimi işə girişdilər; əvvəl birini, sonra digərini... küçə itlərini tutmağa, tüfənglə vurmağa başladılar. İtlərin zigiltiləri aləmi başına götürmüşdü... Hər şey çox tez baş verdi. Birdən gözüm Qoşuna sataşdı. İki nəfər onu dartaraq maşının yük yerinə qoymağa çalışırdılar. Qoşun dartınır, canını qurtarmağa çalışır və imdad istəyirmiş kimi mənə baxırdı…
Elə bil ürəyimə xəncər sancıldı. Nəfəsim tutuldu. Qaçdım. Qışqırdım. Ağladım. Onları söydüm, itələdim, təpiklədim… Qoşunu buraxmaqlarını tələb edir, onları atamı çağıracağımla qorxudurdum. Adamlar duruxdular. Sanki ilk dəfə idi ki, belə halla rastlaşırdılar. Bəlkə də göz yaşlarıma acıdılar, bəlkə də inadımla bacarmadılar – nəhayət Qoşunu mənə qaytardılar.
O gündən sonra Qoşunla aramızdakı bağ tamam başqa oldu. Yaxınlıqda yaşayan xarrata ona qalmaq üçün bir yer də düzəltdirdik, biz tərəfdə buna “İt damı”deyirlər. Ancaq hamı mənə deyirdi ki, bu ki, it damı deyil, bir evdir. Bir-birimizə möhkəm bağlanmışdıq. Beləcə xeyli zaman keçdi. Artıq qonşularımız da var idi, özümə çoxlu dost da tapmışdım. Amma ən yaxın dostum yenə də Qoşun idi. Qoşun isə tək mənə deyil, bütün ailəmizə bağlanmışdı. O, yayın qızmar istisində də, qışın şaxtasında da anamı səhər işə, işdən sonra da evə müşayət edərdi. Məktəbdə də mənimlə birgə gedib-gələrdi. Uşaqlar onun qorxusundan mənə toxuna bilməzdi – "Qoşun gəlir" – deyib çəkilirdilər. Mən isə onunla qürur duyurdum. Amma heç bilmirəm, necə oldu ki, o qüruru bir anda məhv etdim...
Məktəbin növbəti tətilinin son günləri idi. Bir qohumumuz bizə gəlmişdi. Yanında oyuncaq tapança vardı – amma oyuncaq olmağına baxmayaraq səsi bərk çıxırdı. Həyətdə oynayırdıq. Uşaqlar növbə ilə o tapançanı Qoşuna tuşlayıb atırdılar, sanki onu vurmaq istəyirmişlər kimi. O isə sakitcə baxır, heç vecinə də olmurdu. Biz isə gülüşür, qəhqəhə çəkirdik.
Sonra növbə mənə çatdı... Mən də hamı kimi tapançanı Qoşuna tuşlayıb tətiyə basdım. “Part” deyə əsl silah səsi çıxdı. Qoşun yavaşca ayağa qalxdı. Gözlərini gözlərimə zillədi. O baxış... o baxışda heç bir qorxu yox idi. Amma sanki küskünlük, inciklik vardı. Ağrılı bir səssizliklə üzünü çevirib həyətdən çıxdı. Mən gülməyə davam etdim. Amma içimdə qəribə bir narahatlıq var idi.
Həmən gün onu bir daha görmədim. O gün qayıtmadı. Ertəsi gün də yox. Hər səhər oyanan kimi pəncərədən boylanır, “qayıdar” – deyə düşünürdüm. Amma qayıtmadı...
Tətil bitdi, yenidən məktəbə getməyə başladıq. Onun yoxluğunu hər addımda hiss edirdim. Qorxularım da qayıtmışdı. Bir gün dərsdən sonra əvvəllər məni incitmiş uşaqlar yenə mənə sataşmağa başladılar və sonra da istehza ilə:
— İndi səni qoruyacaq Qoşunun da yoxdur – dedilər.
Canıma titrətmə düşdü. Dərsdən çıxan kimi evə tələsdim. Bir qədər getmişdim ki, arxadan səs eşitdim, məni çağırırdılar. Tanıdım bu səsləri, tanış səslər idi. Qaçmaq istədim, amma düşündüm ki, mən qaçsam… Yox, qaçmamılyam, onsuz da yaxalayacaqlar. Yerdən bir taxta tapıb əlimə aldım. Titrəyirdim, amma dayanmışdım. Uşaqlar artıq lap yaxında idilər, mənə çatmaqlarına bir neçə addım qalmışdı… Birdən uşaqların səsləri, sifətləri dəyişdi. Sonra isə üzlərini çevirib qaçmağa başladılar. Mən nə baş verdiyini anlamadım. Dönüb baxanda... Sevincimdən bilmədim nə edəm. Qoşun!
O, arxamda dayanmışdı. Qorxulu baxışları uşaqlara zillənmişdi. Mən isə sevincdən ağlayırdım. Üzümə təbəssüm qondu. Qaçaraq ona tərəf getmək istədim:
— Qoşun! Sən qayıtdın! Bağışla məni, Qoşun!
Amma o, səssizcə mənə bircə dəfə baxdı... Baxdı və üzünü çevirib getdi. Nə qədər çağırdımsa da geri dönmədi. Sanki sadəcə son dəfə borcunu yerinə yetirib məni qorumuşdu.
O gündən sonra Qoşunu bir daha görmədim. Uzun müddət tezdən yerimdən duran kimi pəncərəyə qaçar, pəncərədən səssizcə boylanıb sanki bir möcüzəylə qayıdacağını gözlədim. Qoşun qayıtmadı. Mənsə o vaxtdan sonra heç bir itlə dostluq edə bilmədim, indi də edə bilmirəm. Qorxdum, hələ də qorxuram ki, birdən Qoşun qayıdar, özümə yeni dost tapdığımı görər və məndən birdəfəlik inciyər.
Vüqar Abbasov.
Niderland.