Bugünlərdə Avropa Xəbər Agentliyində (European News Agency) yazdığım məqaləni Azərbaycan dilində “Ədalət”in oxucuları ilə bölüşürəm.
Qəhrəman, yoxsa diktator...
“Hökumətlər dəyişir, siyasət isə qalır” – Ceyms Oldric özünün “Diplomat” əsərində belə yazıb. Ancaq görünən odur ki, bu deyim həmişə keçərli deyil. Amerikanın hazırkı prezidenti D. Tramp və komandası özündən əvvəlki prezidentin siyasətini davam etdirmir, ən azından Ukrayna məsələsində. Yəni, Amerikada təkcə hökumət yox, siyasət də dəyişib. Bəlkə də bu, dəyişiklik deyil, eyni siyasətin başqa formada davamıdır. Axı siyasətdə maraqlar həmişə ön planda olub...
Dünənə kimi bütün Qərb dünyasının, həm Amerikanın, həm də Avropanın gözündə qəhrəman olan Zelenski artıq bəzilərinin gözündə əvvəlki yerində deyil. Eşitdiyimə görə, qartal ovunu əvvəlcə göyə qaldırır, sonra onu yerə buraxıb öldürür. Beləliklə, ov onun üçün yeyilməyə hazır vəziyyətə gəlir. Zelenskiyə baxanda bu təsviri düşünmədən dayana bilmirəm. Onu o qədər göylərə qaldırdılar ki, hər zaman “kaş ordan yerə buraxmasınlar” – deyə düşünürdüm. ABŞ prezidenti Tramp seçki öncəsi müharibəni qısa zamanda dayandıracağını vəd etmişdi. Hər kəs bunun necə baş verəcəyini maraqla gözləyirdi. Sonradan isə Zelenski haqqında elə fikirlər səsləndirdi ki, dedikləri az qala Putinin Zelenski barədə söylədikləri ilə üst-üstə düşürdü. Bu gün də həmin fikirlərini davam etdirir, hətta onu “diktator” adlandırmaqdan belə çəkinmir.
O, Zelenski barədə təxminən belə bir fikir də səsləndirib ki, artıq onun prezidentlik müddəti başa çatıb və o, qanuni prezident hesab olunmaya da bilər. Putin də eyni fikirdədir. Trampın Zelenski və Ukrayna haqqında dediklərinin hamısını burada sadalamağa ehtiyac görmürəm, mətbuatda bu barədə çox yazılıb. ABŞ prezidenti açıq şəkildə Ukraynanın yeraltı sərvətlərini istədiyini də bəyan etməkdən çəkinmir. O, ABŞ-ın Ukraynaya xərclədiyi pulu geri qaytarmalı olduqlarını deyir. Bununla bağlı hazırlanmış sənədi imzalamaq üçün Zelenski 28 fevral 2025-ci ildə Amerikaya getməlidir.
Lakin Zelenski bu müqaviləyə imza atmayacağını bildirib. Maraqlıdır, Zelenski sözünün üstündə dura biləcəkmi? Bir başqa sual isə budur: Amerika özünün qanuni saymadığı bir prezidentlə bu sənədi necə imzalayacaq? Sənəd imzalanarsa, qanunsuz hesab etdikləri prezidentin imzası hüquqi baxımdan etibarlı olacaqmı? Avropa hələlik Zelenski haqqında müsbət fikirlər səsləndirir. Hətta Amerikanın Zelenskiyə, dolayısı ilə Ukraynaya qarşı sərgilədiyi mövqeyə görə etibarlı tərəfdaş olmadığını iddia edənlər də var. ABŞ prezidentinin Zelenski barədə dediklərinə görə onu tənqid edənlər də mövcuddur.
Bir sözlə, Avropanın gözündə Zelenski hələ də diktator yox, demokratdır. Bunun nə qədər davam edəcəyini söyləmək çətindir. Çünki mənim müşahidələrimə görə, Avropa da artıq müharibədən usanıb. Bundan sonra Avropanın siyasəti necə olacaq? Bunu zaman göstərəcək. Mənim fikrimcə, bir müddət sonra Avropa da Ukraynaya ABŞ-la eyni mövqedən yanaşa bilər. Avropa da “pay bölgüsü”ndə öz payını almağa çalışacaq. Bəs Zelenski demokratdır, yoxsa diktator? Kim nə deyir-desin, bu suala ən doğru cavabı zaman verəcək. Amma o, bu mübarizədən qalib çıxarsa, qəhrəman olacağına şübhə yoxdur...
Vüqar Abbasov.
Niderland.