adalet.az header logo
  • Bakı -°C

BAYRAQLARI BAYRAQ YAPAN ÜSTÜNDƏKİ QAN DEYİL! - Aqil ABBAS yazır

AQİL ABBAS
442 | 2025-11-27 13:59
A- A+

Yeddidən yetmiş yeddiyə  hamının əzbər bildiyi, çox sevdyi bu misralar…

Bayraqları bayraq yapan üstündəki qandır,
Toprak – uğrunda ölən varsa, vatandır!

… qanımıza işləyib. Amma mənim fikrimcə, bayraqları  bayraq yapan  üstündəki qan deyil, ona qalsa SSRİ-nin də bayrağının üstündə qan vardı, Hitlerin də. Amma o qan   o bayraqları bayraq yapa bilmədi, atdılar zibilliyə.

Düzdür, neofaşistlər hərdən bu bayrağı qaldırırlar, eləcə də bizim bəzi sarsaqlar da bu bayrağı qaldırır, amma xeyiri yoxdur, o bayraqlar çoxdan çezib. 
Toprak -  uğrunda  ölən varsa, vatandır.

Bunu biz Birinci Qarabağ savaşında, eləcə də 44 günlük müharibədə torpaq uğrunda şəhid olanların timsalında gördük. 

Bayraqları bayraq yapan əslində qan deyil, onu başının üstünə qaldıra bilən millətdir. Necə ki, işğal olunmuş bütün torpaqları  azad edib, hər qarışında müqəddəs bayrağımızı ucaldan millət -  Azərbaycan milləti! 

1993-cü ildə  azıb gedib çıxmışdım Amerikaya. Bir qrup jurnalist dostlarla getdik BMT-yə. Təşkilatın qarşısındakı dirəklərdə bayraqlar asılmışdı. Yaxınlaşıb Azərbaycan bayrağı asılan dirəyi qucaqlayıb sevincimdən ağladım.  

Dostlar soruşdu:

- Dirəyi niyə qucaqlayıb ağlayırsan?

- Baxın da, bu dirəyin başında Azərbaycan bayrağı asılıb. 

Belə bir misra var, gərək ki Hadinindi.

Yox millətimin imzası imzalar içində. 

İndi böyük şövqlə deyə bilirik:

Var millətimin bayrağı bayraqlar içində. 

Tanrı millətimizin bayrağını daha uca eləsin!

  • Oktyabr:
  • 31

TƏQVİM / ARXİV