adalet.az header logo
  • Bakı -°C

Sənə pul göstərərəm...  - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
121 | 2026-04-11 17:10
A- A+

.... Dünyada hələ indiyə kimi pulun fironluq elədiyi bir zaman olmayıb. Düzdür, pul həmişə çox şeyi həll edib. Amma indi hər şeyi yoluna qoyur. Və  pulun, varın- dövlətin varsa, bu dünyada ən hörmətli adamsan. Adamın pulu olanda , Allah and olsun ki, dərdi də yüngül olur... Tanıdığım bir imkanlı adam vardı, oğlu rəhmətə getmişdi. Yasda üzündə də tük sağlamadı və oğlunun qırxı çıxan kimi, həyat yoldaşını da qoltuğuna vurub, Avropa ölkələrinə gəzməyə getdi. İki aydan sonra qayıtdı.Cavan oğlana oxşayırdı və heç elə bil ki, oğlu rəhmətə getməmişdi.Aylar, illər keçdi, düz oğlundan sonra nə az, nə çox 35 il yaşadı.

Yəni pul onu yaşatdı, cavan saxladı! Bir kasıb ailə də tanıyırdım, oğlu öləndən 40 gün sonra rəhmətə getdi. Əvvəl arvadı, bir ildən də sonra özü dünyasın dəyişdi! Əgər həmin adamın pulu olsaydı, o adam da yaşayardı və  Ramiz Rövşən demişkən:" Bütün dərdlərindən yekə olardı."  Bir şair deyir ki, " Ay köpəkoğlunun  pulu, sən ölünü də dirildirsən...! Bəlkə  belə deyil, dostlar??? Məşhur yazıçı - publisist Xeyirəddin  Qoca deyir ki, mənim çoxlu pulum olsa, heç vaxt ölmərəm.Çünki pul açmadığı qapı yoxdu. Və pulum olanda heç xəstələnmirəm də! Bu günlərdə həkimə getmişdim.Məndən qabaq bir xəstə də vardı.

Həkim onu uzun bir resp yazdı.Pasiyent həkimə dedi ki, doktor, qadan alım , dərmanı çox yazma! Keçən  dəfə on dərmandan cəmi ikisin ala bildim və indi də ikisindən artıq yazma, onsuz da ala bilməyəcəyəm! Və həkim də onun dediyi kimi elədi; iki dərman yazdı.Həkimin yanından çıxandan sonra mənimlə söhbətləşdi. Dedi ki, müəllim cəmi 360 manat pensiya alıram. Bilmirəm, kommunal xərcləri verim, evə yemək alım,dərmana pul ayırım.

Ona görə də ağır durumdayam.Vallah,yaxşı pulum olsa, heç tez- tez xəstələnmərəm  də! Gedirəm, Türkiyədə  müalicə olunuram. Amma bir həsirəm, bir də Məmmədnəsir. Heç  bu pulla  kəndimizə  gedə  bilmirəm, o ki, qala xarici  ölkə ola!  Bax bu , gün pul insanlara  hava, su, çörək qədər  vacibdir. Və həmin pul olmayanda insanların havası çatışmır, boğulur. Şair Rüfət Zəbioğlu da  pul barədə  çox gözəl deyib ha:    Sənə pul göstərərəm, Yalta bilərsən Ələti...

TƏQVİM / ARXİV