AQİL ABBAS: QİYAMƏT GECƏSİ -X (DAVAMI)

AQİL ABBAS
1365 | 2024-05-19 09:00

ƏVVƏLİ BURADA

 

Onlar özlərini yetirəndə Əzrayıl işini qurtarhaqurtardaydı. Rauf həkim tələsik Onun başını yerdən qaldırdı, üz-gözünün qarını təmizlədi və bir an duruxdu:

- Hanı ə, Aqil? Bu ki Məhəmməd dayıdı.

Eynur da təəccüblə əlini Onun bomboz sifətində gəzdirdi və yavaşca dedi:

- Qorxub deyin, karıxıb.

Balaca Qardaş bağırdı:

- Ə, nə Məhəmməd dayı?! Korsunuz? Görmürsünüz Aqildi!

Və onlar neçə ildi görmədikləri və əslində də artıq elə Məhəmməd dayılarına çevrilmiş dostlarını indi tanıdılar.

Rauf həkim Onun başını sıxdı sinəsinə, qardan fərqlənməyən saçlarından öpdü:

- Qorxma, qardaş, qorxma, qoymaram səni öləsən. And olsun Allaha, qoymaram səni öləsən. Eynur, o paltonu sər yerə.

Eynur bayaq Balaca Qardaşın bürmələyib onun başının altına qoyduğu paltonu götürüb açdı və sərdi yerə və köməkləşib Onu uzatdılar paltonun üstünə.

Rauf həkim Onun yaxasını açdı, əvvəlcə qulaqlarını qoydu köksünə, sonra qalxıb dizi üstə oturdu, əllərini üst-üstə qoyub var gücüylə sinəsindən basmağa başladı:

- Eynur, tez elə aç ağzını, bax elə, sal barmağını boğazına, dilini çıxart, bax elə. Yox, elə yox, dayan görüm, sən keç bura, mən necə eləyirəmsə, elə elə.

Onun ağzını açdı, güc-bəla ilə dartıb dilini bir balaca çıxartdı.

sonra ağzını dayadı Onun ağzına, var gücü ilə nəfəs verməyə başladı.

Balaca Qardaş isə qarın üstündə oturub zarıyırdı:

- Həkim, qoyma ölsün. Qoyma, həkim. Axı O, sənin də qardaşındı. Anama yazığın gəlsin, ürəyi partlayacaq. Dedim axı, get, get, dedim axı, ay itin oğlu, sənin burda nə işin vardı?! Qoyma həkim...

Rauf həkim isə öz işindəydi, onu eşitmirdi. İki dost birləşib bir yerdə sevinib, bir yerdə kədərləndikləri, sevdikləri qızların üstündə bəzən kürək-kürəyə verib bir məhəllənin oğlanları ilə bir yerdə dalaşdıqları dostlarını, sən Dostoyevskidən də böyük yazıçısan dedikləri, sevdikləri qızlara onların əvəzinə daşı da yumşalda biləcək o ilahi məktubları yazan dostlarını, ölümün pəncəsindən qoparmaq istəyirdilər.

Allahdan başqa kimsənin bacara bilmədiyi Əzrayılla az qala əlbəyaxa savaşa qalxan dostlar bu mənasız savaşlarıyla Onun ruhunu bədənində soyub qurtarmaqda olan Əzrayılı da çaşdırmışdılar.

Dilənçi Uşağın isə dünya vecinə deyildi, əlində bıçaq dayanıb Əzrayıldan ona düşəcək sədəqəni gözləyirdi.

- Dayanma, Eynur, dayanma, qollarına qurban, dayanma. Bir də! Bir də!

Hə, bax belə.

O isə elə rahatlanm ışdı ki, insan ömründə bircə dəfə özünü belə rahat hiss eləyər.

- Dayanma, Eynur, dayanma.

- Dedim axı! Dedim axı! Eştmədi məni..

Və birdən O... əlli ildə zorla tapdığı o gözəl rahatlığı itirdi.

Çovğun beynində yenidən it kimi ulamağa başladı, ürəyinin içində kef eləyən bu çovğunun yenidən qanına qarışıb damarları ilə bütün bədəninə necə yayıldığını hiss elədi. Gördü ki, görür, qapqara bir qaranlıq görür.

Rauf həkim dayandı, dərindən bir nəfəs aldı, sonra Eynuru qucaqlayıb başladı ağlamağa, Eynur da qoşuldu ona.

Neçə il bundan əvvəl Eynur qəzaya düşəndə dostlarına qan verdikdənsonra O da Raufu beləcə qucaqlamışdı və doyunca ağlamışdılar.

Bayaqdan "həkim, qoyma, anam yazıqdı" deyə qarın içində oturub zarıldayan, gah Allahı, peyğəmbəri köməyə çağıran, gah da Allahı, peyğəmbəri söyən Balaca Qardaş onların ağlaşmasını görüb səsini xırp kəsdi və qorxa-qorxa soruşdu:

- Öldü?

- Yaşayır!

Balaca Qardaş sıçrayıb Rauf həkimi Eynurun əlindən aldı, yıxdı yerə və basdı bağrına. Eynur da özünü atdı onların üstünə, sevinclərindən elə bağırırdılar ki!

Ölmüş məktəb də, ölmüş həyət də diksindi, bir anlıq elə bildilər ki, uşaqların bağıra-bağıra bir-birlərini qara basdıqları, qartopu oynadıqları o xoşbəxt günləri yaşayırlar.

Dilənçi Uşaq bayaqdan gözlədiyi sədəqəni ala bilmədiyini görüb bıçağı atdı yerə və bu dəfə Ona yox, Əzrayıla söyə-söyə qaranlıqda itdi.

Dilənçi Uşaq bayaqdan gözlədiyi sədəqəni ala bilmədiyini görüb bıçağı atdı yerə və bu dəfə Ona yox, Əzrayıla söyə-söyə qaranlıqda itdi.

Yavaş-yavaş beynindəki uğultu öləzidi, səsləri eşitməyə başladı, bu səsləri minbir səsin içindən seçərdi, tanıdı. Gözlərinə çökmüş qaranlıq da çəkilirdi. Bu qaranlıq çəkildikcə də sevinclə qarın içində boğuşan xoşbəxtləri də görürdü- bu qardaşı idi, bu Rauf idi, bu da Eynur. Anası düz deyirmiş, Rauf da, Eynur da axırıncı dəfə çəkdirdikləri şəkildə necə varıydılar eləydilər. Və elə ləzzətlə boğuşurdular ki, O da istədi qalxsın qoşulsun onlara, uşaqlıqda bax beləcə necə boğuşurdularsa, boğuşsunlar. Amma nə qədər əlləşdi qalxa bilmədi.

Onun qalxmaq istədiyini görən Rauf həkim:

- Ə, bir dayanın görək, kömək eləyin qalxıb otursun,- dedi.

Qaldırıb oturtdular.

Rauf həkim:

- Sən sakit dayan, bax belə. Qorxma! Hər şey keçdi. İndi yaxşı olacaq.

Yenə gözləri qaralmağa başladı, qaraldı, qaraldı...

Evdəkilər yatmamışdılar, heç yatmalı halları da yoxuydu, içəri girən kimi soruşdular:

- Gedə bildi?

Kürəyini söykədi qapıya. Bir gözlərindən dünyanın kədəri tökülən bu bircə axşamda yetmiş ildə qocaldığı qədər qocalan atasına baxdı, hələ də incikliyi ilişib solğun bənizində qalmış anasına baxdı, kürəyini qapıdan çəkmədən yavaş-yavaş sürüşüb oturdu yerə, nə atası, nə də anası bu neçə ildi onu bu qədər bəxtəvər görməmişdilər- xoşbəxtcəsinə dedi:

- Getdi.

Ağır-ağır gözlərini açdı- nə çovğun vardı, nə qar, nə iliyə işləyən şaxta, nə də neçə illərdi işığa həsrət qalmış İşıq Dirəyi - uzanmışdı bir çarpayıya və qardaşı da dayanmışdı başı üstə, dirsəkləndi:

- Raufla Eynur necə oldu?

Qardaşının gözləri necə böyüdüsə az qaldı hədəqəsindən çıxa:

- Kim? Kim?

- Raufla Eynur də!

Qardaşı nə qədər fikirləşdi bu gözlənilməz suala bir cavab tapsın, tapa bilmədi. Bu sualın heç cavabı da yoxuydu, qəhər onu boğdu:

- Qaqa, onlar Ağdamdadılar.

- Bəs bura Ağdam deyil?

- Qaqa, nə Rauf, nə Eynur, nə Ağdam?! Bura beş nömrəlinin həyətindəki ürək xəstəxanasıdı. Üç gündü burdasan, polislər səni gecə saat üçdə təsadüfən Badamdarın bir aralığından tapıb gətiriblər.

... O it ağzından çıxmış kitablar, hər səhər qaladığı odun sobası, anasının buz kimi soyuq yanaqları, atasının Türkiyənin qələbəsinə sevincdən necə hoppanması, yarısını Sabir dayısının yediyi cığırtma,

Onu evdən qovan qardaşı, ölmüş şəhərin bom-boş, kimsəsiz küçələri, böyük bir qəbirə oxşayan məktəbləri, məktəbin çıxarılmış darvazası, bu darvazanın önündə işığa həsrət qalmış işıq dirəyi, qardaşının tez-tez dediyi: "Get, qaqa, get. Sabah hər şeyi başa düşəcəksən" sözləri, Rauf, Eynur...

Sol əlini qaldırıb baxdı - üzük barmağındaydı!

Son deyil...

...

 

2003-cü il. Soyuq bir yanvar gecəsi.

Ağdam.

TƏQVİM / ARXİV