AQİL ABBAS: QİYAMƏT GECƏSİ - IX (DAVAMI)

AQİL ABBAS
1535 | 2024-05-18 18:06

ƏVVƏLİ BURADA

- Mən nə təhər yatım? İndi bu qiyamətdə uşaq necə gedəcək Bakıya? Qudurub sənin bu balaca oğlun.

Bu da bir az əvvəl analarının "bəs indi uşaqlar harda oxuyacaq" dediyi yanmış məktəb. Həyət uşaqların hər qış həsrətlə gözlədiyi, qartopu oynanılmaq üçün, gözəl-gözəl qızlara atılmaq üçün ölən qarla doluydu, amma nə qartopuya tutulmaqdan qorxan o gözəl qızlar vardı, nə də o gözəl qızları qartopuna tutacaq oğlanlar. Qartopuna tutulacaq o gözəl qızlar ya qarıyıb evdə qalmışdılar, ya da bu tufana tab gətirməyən çadırlarda balalarını bu qiyamətdən qorumaq üçün yığmışdılar kəfrəm yorğanın altına. O gözəl qızları qartopuna tutacaq oğlanlar isə ya müharibədə qırılmışdılar, ya Moskvanın bazarlarında çörəkpulu axtarırdılar, ya da kəfrəm yorğanın altına yığılmış balalarına baxmaqdan vərəmləyirdilər.

Dayanmışdı məktəbin qapıları çıxarılmış darvazasının ağzında, daha doğrusu dayanmadı, ayaqları özündən asılı olmayaraq yerə mıxlandı. Bu məktəbin sol tərəfdə ikinci mərtəbəsində bir sinif vardı və O, ömrünün düz on ilini həmin sinifdə keçirmişdi. Boyu gödək olduğundan birinci partada otururdu, Səmaya adlı bir qızla. Eynur ölürdü o qızdan ötrü.

... Qəbul otağında dörd-beş nəfər vardı, biri də yaşlı qadın idi. O, içəri girəndə qalxdılar ayağa. Başı ilə salam verdi və keçdi içəri, qəzetləri tökdü stolun üstə və göz gəzdirə-gəzdirə katibəni çağırdı:

- O qadına deynən girsin içəri.

Qadın girdi içəri. O isə nəzərlərini qəzetdən ayırmadan:

- Buyurun, oturun, eşidirəm sizi.

Amma qadın nə oturdu, nə də bir söz dedi.

Yenə başını qaldırmadan:

- Buyurun, ay bacı, dedim ki, eşidirəm sizi. Sözünüzü deyin.

Yenə də qadından səs gəlmədi. Eynəyini çıxarıb atdı stolun üstünə və başını qaldırıb:

- Ay bacı, dedim ki, oturun. Eşidirəm.

Qarşısında gözləri çuxura düşmüş, qaçqınlığı və kim səsizliyi sir-sifətindən yağan, nimdaş, amma səliqəli geyinmiş 50-55 yaşlarında bir qadın dayanmışdı və əlində də nə isə vardı.

Qadın yenə cavab vermədi, yaxınlaşdı düz onun stoluna. Əlindəkini də açıb qoydu stolun üstünə. İndi gördü ki, bu ortadan cırılmış bir vinetkadı. Eynəyini taxıb vinetkaya tərəf əyildi, "Ağdam şəhər 2 nömrəli beynəlmiləl məktəbin 1970-ci il buraxılışı", ortada da rəhmətlik Əli müəllimin əzəmətli şəkli.

- Aqil...

..."Aqil" sözünü o qədər ilıq dedi ki...

... Bax gör burda kimi tanıyırsan?

- Bu sizdə hardandı?

- Hələ bax sonra deyərəm.

- Hamısını tanıyıram. Bax bu Raufdu. Bu Eynurdu. Bu Gülşəndi.

Bu Səmayadı. Bu Fəridədi. Bu Vidadidi. Bu mənəm...

- İndi tap görüm mən o qızlardan hansıyam?

Fəridə... yox, Fəridə uzunboylu idi. Gülşən... Gülşəni yaxşı xatırlayırdı, həm də qonşuydular. Əntiqə də deyildi. Keçən qış Əntiqənin qızının toyunda olmuşdu, neçə ildən sonra olsa da görüşmüşdülər. Elza... əşi, Elza çox kök idi...

- Sən kiminlə bir partada otururdun?

- Səmaya ilə.

Allah sən saxla, bu ki...

Qadın:

- Hə, Səmayayam,- dedi və başını onun sinəsinə qoyub hönkürdü,- Səmayayam da, səninlə on il bir partada oturan Səmaya.

O da özünü saxlaya bilməyib kövrəldi.

- Səhər-səhər televizorda danışırdın. Bir qız sual verdi ey, soruşdu ki, heç Ağdamdakı iki nömrəli məktəb yadına düşür, mənim qızım idi. Sən də dedin, Ağdam qayıdanda Bakıdakı evimi satıb o məktəbi özüm təzədən tikdirəcəm. Çox qocalmışam?

Əslində day heç bundan artıq qocalmaq mümkün deyildi.

- Yox, yox, yaxşısan! Unamadım.

- Qorxma, bilirəm, hamısı sənin yanına nədən ötrüsə gəlir. Amma mən heç nədən ötrü gəlməmişəm, elə səni görməyə gəlmişəm. Televizorda dedilər ki, bu gün sənin ad günündür. Mən də bu venetkanı götürüb sənə hədiyyə gətirdim...

Dayanmışdı məktəbin qapıları çıxarılmış darvazasının ağzında.

Bax bu darvazanın ağzında Qaz Qubadın qardaşı Nizami heç vaxt Onu sevməyəcək, heç Nizamini də sevməyəcək o Cincilim Qızın üstündə Ona babat bir şillə qoymuşdu. Düzdü, Balaca Qardaşı dostları ilə gedib

Nizamini evlərindən çıxarıb gətirmişdilər, bu darvazanın qabağında dərs növbəsi dəyişilən o gurhagur vaxtda, hamının gözü önündə o ki var çırpmışdılar, O da Nizamini qardaşıgilin əlindən güc-bəla ilə almışdı, hətta qardaşına da bir şillə vurmuşdu. Qardaşı da pərtolmuşdu və axşam evdə demişdi:

- Bir də məni uşaqların içində vursan, səni o Nizamidən pis günə salaram. Duxun çatırdı Nizamini vurardın da.

Bu söz də Ona bərk dəymişdi. Səhər bütün sinif getmişdilər Qullar bağına, hamının gözünün qabağında Nizami ilə təkbətək dalaşmışdı və Nizamini döymüşdü. Sonra da təzədən öpüşüb-barışmışdılar və hamısı bir yerdə qayıdıb gəlmişdilər şəhərə, getmişdilər "Sanqam"a baxmağa.

Dayanmışdı və ölmüş həyətin ortasında böyük bir başdaşısız qəbirə oxşayan, daş yığnağına çevrilmiş ölmüş məktəbə baxırdı. Gün gələcəkdi

O, televiziyada verdiyi vədə əməl edib Bakıdakı evini satacaqdı və bu ölmüş məktəbi dirildəcəkdi, əvvəl necə var elə də tikdirəcəkdi. Və onda daş yığnağını müharibədə sağ qalmış sinif yoldaşları ilə birlikdə öz əlləri ilə təmizləyəcəkdi və bu daşları təmizləyəndə altından "Şərəf lövhəsi" tapacaqdı. Və o "Şərəf lövhəsi"ndəki bir şəklin gözlərindən biləcəkdi ki, bu elə Onun şəklidi. Bax o "Şərəf lövhəsi"ni necə tapmışdısa, əl vurmadan bir müharibə xatirəsi kimi eləcə də vuracaqdılar əvvəlki yerinə, nəvələri də o "Şərəf lövhəsi"nin qarşısında dayanıb hamının yanında fors edəcəkdilər:

- Bax, o bizim babamızın şəklidi.

Çox istəyəcəkdilər bu məktəbə Onun adını versinlər, razı olmayacaqdı.

Onun xahişi ilə məktəbə müharibədə şəhid olmuş Xosrovun adını verəcəkdilər və bu həyətin ortasında da Xosrovun büstünü qoyacaqdılar. Amma indi qarşısında dayandığı, Qaz Qubadın qardaşı Nizaminin o Cincilim Qızın üstündə ona şillə vurduğu darvazaya belə bir lövhə vuracaqdılar: "Yazıçı Aqil Abbas bu məktəbi bitirib".

O günə hələ vardı. Hələ bu gün idi. Dayanmışdı, daha doğrusu, mıxlanmışdı darvazanın ağzına, Nizaminin Onu vurduğu yerə. İstədi keçsin içəri, qardaşı qolundan dartdı:

- Hara, ə?

- Məktəbə.

- Gəl, qaqa, gəl, gecikirik.

Amma O, yerindən tərpənmədi, tərpənə bilmədi. Bir ölmüş məktəbə baxdı, bir ölmüş həyətə baxdı, ürəyi necə sıxıldısa havası çatmadı, qorxduğu öskürək yapışdı boğazından və az qaldı çəkib içini çıxarsın, ağzını geniş açıb bu donmuş havanı ciyərlərinə çəkmək istədi, gücü çatmadı, darvazanın ağzındakı neçə ildi işığa həsrət qalmış İşıq

Dirəyinə söykəndi, yavaş-yavaş oturdu yerə, rəngi o daş yığnağının altında qalan "Şərəf lövhəsi"ndəki şəklin rəngi kimi soldu.

Balaca Qardaşı Onu qucaqlayıb qaldırmaq istədi, ağırlaşmışdı, birtəhər qaldırsa da saxlamağa gücü çatmadı və hər ikisi yıxıldı, sürüyüb söykədi neçə illərdi yanmayan İşıq Dirəyinə:

- Qaqa, eşidirsən, qaqa? Nə oldu sənə?

O isə heç nə eşitmirdi.

Bayaqdan bu zülmətə bələnmiş, sanki bir də heç vaxt səhəri açılmayacaq bu ölmüş şəhərin vaxtilə sevdiyi o Cincilim Qızın yaşadığı bu kimsəsiz, bomboş küçələrində sahibsiz it kimi ulaya-ulaya sülənən çovğun elə bil küçələrdə sülənməkdən yorulub şələ-küləsini yığışdırıb soxuldu Onun beyninə və qanına qarışıb axdı ürəyinə. Ürəyi başladı bu çovğunla savaşa, amma Dilənçi Uşağın nifrət dolu baxışlarının yaraladığı və onsuz da ürəkliyini çoxdan itirmiş ürəyi nə qədər edirdi çovğunu içindən vurub çıxarda bilmirdi və get-gedə heydən düşürdü.

Onu haylayıb-haylayıb yorulan və sonra ayıltmaq istəyi ilə şillələyən qardaşını nə görürdü, nə də o şillələri hiss eləyirdi.

- Qaqa, sənə qurban olum, bəs yalvarmırdım ki, çıx get? Bəs demirdim get? Niyə qulaq asmadın mənə?!- Sonra bilə-bilə ki, onun harayını heç kim eşitməyəcək, amma baş verməyəcək bir möcüzəyə ümidlə bağırdı, -

Ay camaat, kömək eləyin! Allahı sevərsiz kömək eləyin. Ay camaat...

Külək onun bu harayını elə havadaca qapıb bircə anda şəhərə yaysa da hayına hay verən olmadı. Neçə iliydi haraylayıb-haraylayıb hayına heç kim gəlmədiyindən ürəyi partlayıb ölmüş bu şəhərin harayını eşidən yoxuydu, onda ki ölmüş bir məktəbin darvazasında ölməkdə olan qardaşını bağrına basıb bağıran bu çarəsizi eşidən tapılaydı.

Balaca Qardaş bağıra-bağıra və sonra baş verməyəcək möcüzədən ümidini tamamilə üzdü, Onun başını sinəsinə sıxıb başladı zarımağa. Birdən dayandı, yadına Rauf həkim düşdü. Paltosunu çıxarıb bürmələdi qoydu

Onun başı altına:

- Gözlə, qaqa, gözlə! Bu dəqiqə gəlirəm!- dedi və götürüldü Raufgilə.

Qapını təpiklə necə vurub açdısa- lampa işığında nərd atan Raufla Eynur da diksindi, elə lampanın işığı da.

- Həkim, dur! Tez elə dur.

Rauf həkim günlərin bir günündə gözlədiyi bir xəbərlə Balaca Qardaşın onun yanına qaçacağını çox gözəl bildiyindən bir həkim soyuqqanlığı ilə soruşdu:

- Xala keçindi?

- Anam yox, həkim, Aqil ölür!

Rauf həkim də, Eynur da dik qalxdılar və çaşqınlıqla dilləndilər:

- Kim ölür?

- Aqil ölür, Aqil! Bizim Aqil dana!

Rauf həkim:

- Ə, nə boş-boş danışırsan, Aqil burda nə gəzir?

Daha onlara cavab vermədi, əslində heç cavab verəcək halı da yoxuydu, qapıdan çıxdı, Rauf həkim də, Eynur da onun dalınca, nə paltolarını geydilər, nə də papaqlarını qoydular. Balaca Qardaş qabaqda, onlar da onun dalınca qara bata-bata yüyürürdülər.

O isə ölmüş məktəbin ölmüş həyətinin darvazasının ağzında Qaz Qubadın qardaşı Nizaminin o Cincilim Qızın üstündə onu vurduğu yerdə neçə illərdi işığa həsrət qalmış İşıq Dirəyinin altında ölürdü özüyçün- day nə bu dünyanı donduran şaxta onun vecinəydi, nə də bu dünyanın bashabasından, çəkiləsi mümkün olmayan dərdləri çəkməkdən, Dilənçi Uşağın nifrət dolu baxışlarından çatdaq-çatdaq olmuş ürəyində özünə isti yer tapıb kef eləyən çovğun.

Dilənçi Uşaq da əlində bıçaq gözləyirdi Əzrayıl öz işini görüb qurtarsın və Əzrayıldan ona sədəqə payı qalacaq ürəyi çıxarıb aparsın bazara. Və bu bədbəxt Dilənçi Uşaq bilmirdi ki, içində dərddən-qəmdən başqa heç nə olmayan və heç sahibinə yaramayan bu ürəyin bazarda bir qara qəpiklik də qiyməti yoxdu.

 

(ardı gələn sayımızda)

 

 

TƏQVİM / ARXİV