Aqil ABBAS:BAZAR, AĞDAM BAZARI - II (DAVAMI)

AQİL ABBAS
807 | 2025-02-15 09:01

ƏVVƏLİ BURADA

Bazara girəndə sol tərəfdə qəssabların köşkü idi. Əslində bu qəssablardan yalnız Temir əmiyə  qəssab deyirdilər, o birilərinə «ət satan» deyirdilər.

Temir əmi həqiqətən qəssab idi, ət satdığına görə yox, özü qəssabıydı, yəni igid adamıydı, rayonda böyük hörmət sahibi idi. Özü kimi  qəssab, yəni igid olan üç oğlu vardı. Oğullarından ikisi  «Qarabağ» komandasında oynayırdı, biri də kapitanıydı. Uzun illər sonra ara qarışanda, yəni ermənilər quduranda deputat  oğlu Eldar Bağırovu Bakıda küçənin ortasında güllə ilə vuracaqdılar. Hələ də onun qətli müəmmalıdı. Böyük oğlu Allahverdi Bağırov isə Eldardan sonra rayonda könüllülərin komandanlığını öz üzərinə götürüb ermənilərlə vuruşub  və sonda qəhrəmancasına şəhid olmuşdu. Milli Qəhrəman adı vermişdilər. Ortancıl oğlu Əmir də polis polkovniki idi. 

Temir əmi belə bir qəssabıydı. Analar uşaqlarını ət almağa göndərəndə deyirdilər ki, Temir əmidən alın. Çünki bilirdilər ki, o kişi təmiz adamdı. 

Və hər uşaqdan soruşardı:

- Anan nəlik istəyib?

- Dolmalıq.

- Bala, sənin anan nə istəyib?

- Bozbaşlıq. 

O da uşaqlara onların istədiyi kimi dolmalıq və ya bozbaşlıq ət verərdi. 

Şənbə-bazar günü Ermənistandan yezidi kürdlər ZİL-130-da bazara bir maşın qoyun gətirərdilər, hamısı da erkək. Amma bu kürdlərin dili bizim kürdlərin dilinə heç oxşamırdı.  Qəssablarla razılaşıb müvafiq qiymətə hamısını satardılar. Sonra da qazandıqları pulları bazarda xərcləyib qayıdardılar. Yəni bir maşın qoyunun pulu elə bazarda qalırdı. 

Yumurta Bəhram adında bir əldən iti adam vardı, o da ət işiylə məşğuluydu. «Volqa»nın «Volqa» vaxtı maşının oturacaqlarını söküb içində bazara qoyun daşıyardı. 

Hərdən də deyərdi:

- Ə, bu maşına elə  qiymət qoysunlar ki, hamı ala bilməsin. Mənim də Volqam var, Dərzi Qulunun da. Day bizim nə fərqimiz oldu? 

Bir də görürdün Kəlbəcərdən gəlmiş bir adam çıxıb QAZ-24-ün üstünə, əlindəki  açarı fırlayıb deyir:

- Bu qaz iyirmi dördü  təmiz qanlı bir Qarabağ atına dəyişirəm. 

QAZ-24-ün də QAZ-24 vaxtı idi. At alverçiləri ilə sövdələşib axırda QAZ-24-ü təmiz qanlı bir ata dəyişib və atla da qayıdırdı Kəlbəcərə. 
Bayaq dediyim kimi, birinci cərgə ətçilərin idi. Ətçilərdən  sonra Xuraman xanımın böyük bir mağazası, ondan sonra iki böyük örtülü bina vardı. Birində qaymaq, yağ, şor, qatıq satanlar yığışardı. O birində isə həm diri, həm də kəsilmiş toyuq, yumurta satanlar yığışırdı.

Qaymaq satanların arasında mübahisə düşərdi – biri Seyidli qaymağını tərifləyərdi, biri də Qiyaslı. Yerli adamlar Qiyaslı qaymağını sevərdilər. Bir də görürdün Qiyaslı qaymağı qurtarıb və seyidlilər gəlmələrə  qaymaqlarını Qiyaslı adıyla sırıyırdılar. 

Səhər-səhər bazara gələnlər burdan qaymaq, bal alıb özlərini verirdilər bazarın sol tərəfindəki böyük çayxanaya - «Astorq İbrahimin çayxanası» deyirdilər. Bu kişi rayonda həm Ticarət idarəsinin, sonra univermağın, sonra da İctimai iaşənin sədri olmuşdu. 

Özü də həmişə toylarda «Camış bağa girdi, gəl» mahnısını oynayırdı, ağır-ağır. Uzunboylu kişi qollarını açanda qartala oxşayırdı.

Oğlu Jdanov rayonunda partiyaya namizəd keçiriləndə atasının univermaq müdiri olduğunu yazmışdı. Bir ildən sonra üzvlüyə keçəndə isə atasının İctimai iaşənin sədri işlədiyini yazmışdı. 

Partiya təşkilat şöbəsinin müdiri soruşmuşdu:

- Ay oğul, səhv yazmamısan?

- Xeyr. 

- Ümumiyyətlə, sənin atan nə işləyib?

- Otuz altıncı ildən altmış dördüncü ilə qədər Ağdam rayon Ticarət İdarəsinin sədri. Altmış dörddən yetmiş üçüncü ilə qədər Mərkəzi Univermağın müdiri. İndi də İctimai İaşə İdarəsinin müdiri. 

Təşkilat şöbəsinin müdiri gülüb demişdi:

- Ay oğul, orda yazdıqlarının hamısını poz, yaz ki  atam Ağdamın Ticarət naziridi.  

İndi Ağdamın «ticarət naziri» pensiyaya çıxanda da bu çayxananı bağışlamışdılar ona ki, vaxtını öldürsün. Yeganə çayxana idi ki, burda müdirin kabineti və telefonu vardı. 

Hamı gəlirdi:

- İbrahim əmi,  zəng eləmək olar? 

O da  axırda yorulub demişdi ki, bu telefonu kabinetdən  çıxarın bayıra ki, kim istəyir gəlib zəng etsin, mənim zəhləmi tökməsin.

Bu bazar «Kolxoz  bazarı» adlanırdı, amma bazarda bir dənə də kolxozçu tapmazdın. Kolxozçular matahlarını səhər saat 6-7-də gətirib alverçilərə satıb çıxıb gedirdilər. Şənbə-bazar da gəlirdilər öz satdıqlarını  alverçilərdən almağa. 

Bayaq dedim ki, bazarın birinci katibi, ispalkomu, rəisi, prokuroru vardı. Bazarkom birinci katib idi. Otururdu kabinetində, bazara  nəzarəti  ispalkom, yəni müavini həyata keçirirdi. 

Bazarın polis rəisi isə sahə müvəkkili idi. 

Hər rayonda şəhərin bir sahə müvəkkili  olduğu halda, bu şəhərdə dörd sahə müvəkkili vardı, təbii ki, əhalinin  sayına görə. Biri də təkcə bazara baxırdı.

Bazarda dava çox az olardı. Dava düşəndə də bazarın prokuroru Möhü dayı işə qarışardı. Möhü dayının bazarın içində bir qəzet köşkü vardı. Bura ermənicə də «Kommunist» qəzeti göndərirdilər. 

Möhü dayı hirslənərdi:

- Ə, mən bu qəzeti kimə satım? Heç şəhərdəki  ermənilər də ermənicə oxuya bilmir.

Bu qəzeti adətən tum satanlara  elə müftə verərdi, «Vışka» qəzetini isə ət satanlar alırdı. Çünki onlar heç vaxt ermənicə «Kommunist» qəzetinə ət bükməzdilər.

Amma burda elə qəzetlər vardı ki, onları  öz daimi müştərilərinə altdan və baha qiymətə satardı. Məsələn, «Lİteraturnaya qazeta»nı Möhü dayı 5 manata, «Futbol-xokkey» qəzetini 3 manata, «Sovetskiy sport»u 2 manata, «Qobustan» jurnalını isə 5 manata. 

Bazarda dava düşəndə də gəlirdi sahə müvəkkilinə deyirdi çəkil kənara, özü davanı sakitləşdirərdi, günahkarı da özü cəzalandırardı. Günahkarın da cəzası o olardı ki, biri Möhü dayının cibinə bir iyirmi beşlik basardı, o birisi də Möhü dayıya bazarın milis rəisiylə Sarı təpədəki yeməkxanada qonaqlıq verərdi.

Bazara girəndə sağ tərəfdə dükanlar sıralanırdı. Bu dükanlarda  geyim-gecim, ayaqqabı, uşaq paltarları olurdu. Sonunda isə bir çayxana vardı ki, bu çayxanaya da burda işləyənlər və qarpız satanlar yığışardı. Çünki dükanların önündə qarpız-yemiş satanlar sıralanardı. Adətən qarpız-yemişi  Ağcabədidən gətirərdilər. Çayxananın sol tərəfində isə dəmirçilərin dükanları başlayıb və bazar bitəndə bitirdi. Burda dəmir darvaza, qapı, pəncərə çərçivəsi, odun, nöyüt, qaz sobaları və onların turbaları satılırdı. Bir də qəbiristanlıqlar üçün qəbirlərin kənarına cağ düzəldilirdi. Evin üstünə vurulmaq üçün həm qara, həm də ağ dəmir olurdu. Və heç kim də soruşmurdu ki, bu qədər dəmiri hardan alırsınız. Ağsaqqalları da Dəmirçi Bağır idi.  Taqqa-tuqdan qulaq tutulurdu. Onlar çayxanaya gəlməzdilər. Bir nəfər bütün günü Şaban kimi bunlara  çay paylayardı. Və dəmirçilər bilmirdi ki,  bu bazarın Şabanı bəzən onlardan çox pul qazanırdı. 

Bazarın sol tərəfində üç taxça sırası vardı. Bunun  ikisində meyvə, qoz-fındıq satılırdı, birində isə yarısına qədər göy-göyərti, yarısından sonra isə pomidor, xiyar, bir də turşu. 

Adam göy-göyərtiyə baxanda iştaha gəlirdi, o qədər gözəl idi ki, adam az qalırdı otlaya. 

Turşunu isə əsasən Hadrutdan, Çartazdan, Martunidən olan ermənilər gətirirdi. Amma özləri satmazdı, təbii ki, onu da alverçilər alırdı. Ermənilər də qazandıqları pula qələm, dəftər, uşaq pal-paltarı alıb aparırdılar.  Bir sözlə, ermənilər də qazandıqları  pulu elə bazarda xərcləyirdilər. 

Bazarın Mərkəzi Univermağının qarşı hissəsində isə kartof, soğan, sarımsaq düzülürdü taxçalara. Kartofu əsasən Gədəbəydən və Tovuzdan gətirirdilər və onu da verirdilər  bazarın alverçilərinə. Amma  onlar bütün pullarını bazarda qoyub çıxmırdılar. Bir hissəsinə kostyum, ayaqqabı alır, qalanlarını aparırdılar. 

Kartofçuların qabağında bir cərgədə də düyü satardılar. Bu düyü də Lənkəran və Şəkidən gəlirdi, bir də İran düyüsü. Adamlar adətən Lənkəran düyüsünü bəyənirdilər. 

Göy-göyərti satılan yerdə bir ayaqqabı köşkü vardı. Həmin köşkün önündə bir taxt qoymuşdular və Qarabağın məşhur seyidi Seyid Lazım Ağa həmin taxtda otururdu. Nəziri olanlar da gəlib əlini öpüb nəzirlərini verirdilər. Ağa ali məktəbə oxumağa gedənlərə, bir də Rusiyaya alverə gedənlərə  bir manat pul verərdi ki, bərəkət puludu. Bax, o pul həqiqətən bərəkətli olurdu. 

Müharibə başlayanda ermənilərin atdığı bir «Qrad» gəlib düz bazarın ortasına Ağanın oturduğu yerin 15-20 metrliyində girmişdi torpağa, amma partlamamışdı. Bu da Ağanın şöhrətini birə-beş artırmışdı.

Bazarın sağ tərəfində pal-paltar mağazalarının cərgəsində papaqçıların da köşkləri vardı. «Arşın mal alan» filmi ekrana çıxandan sonra Süleymanın bəy papağı dəbə düşdü. Şəhər camaatı bu papaqçılara Qaragül dərisindən papaq sifariş etməyə başladılar. Bir belə Qaragül dərisini Türkmənistandan vurub gətirirdilər. Amma saxta dəri də olurdu, onun qiyməti ucuz idi, 40 manat. Qaragül isə 100-120 manata idi.  Özü də  iki rəngi vardı, biri qara, biri də qəhvəyi.

Bir Bəy Sabir vardı, onun əli bəy şeyinə dəyməmişdi, elə əslən-nəslən bəy idi. Dədə-babalarını da, dayılarını da  37-ci ildə güllələmişdilər, bircə quru bəyliyi  qalmışdı. Amma yerişi-duruşu bəy idi, geyiminə-geciminə də söz ola bilməzdi. Özü də hər kostyumu da öz qalstuku və öz tuflisiylə. Amma o, Süleymanın papağından tikdirməmişdi, generallar qoyan qəhvəyi rəngdə papaqdan tikdirmişdi. Yəni burda da öz bəyliyini göstərmişdi. Taksisinin nömrəsi də fərqlənirdi, 07-00. Və heç kəs ölənə qədər (cavan ölmüşdü) onun taksi südüyünü görməmişdi. Adına olan taksini həmişə köməkçisi sürərdi. Özünün isə «06»-sı vardı, hərdən o da yolunu bazardakı çayxanaya salardı, şahmat oynamağa. O, şahmat oynayanda nərdtaxtaçılar nərdtaxtanı yığışdırardılar ki, Bəyə mane olmasın.

Bir ara uzunboğaz xrom əsgər ayaqqabıları dəbə düşdü. Buna «sapoq» deyirdilər. Çəkməçilər xrom sapoq tikməkdən yorulurdular. Az qala şəhərin yarısı xrom sapoq geyinirdi, yuxarı sinif şagirdləri də. Onun da qəribə bir qıjıltısı vardı yeriyəndə.

Bir nömrəli məktəbin yuxarı sinif şagirdləri də bu qıjıltılı xrom sapoqu geyməkdən xoşhallanardılar. 

Bir müəllim dəfələrlə uşaqlara irad tutmuşdu ki, ay bala, dərsə gələndə adam ayaqqabısı geyinin. Amma kim idi müəllimə qulaq asan. 

Axırda müəllim əsəbləşib  getmişdi məktəb direktorunun yanına ki, şikayət eləsin. 

İçəri girəndə görmüşdü direktor ayaq üstə dayanıb, əlini kitelinin yaxasına Stalin kimi salıb ayağında da xrom sapoq.

Direktor:

- Məllim, nəyə gəlmisən?

Müəllim başını peşman-peşman yırğalayıb:

- Day heşnəyə!

Alverçilər iki cür olurdu. Çoxlarının dükanı vardı və tapılmayan malları piştaxtanın altından satırdılar. Bəzi alverçilər isə gətirdikləri malları dost dükanlarında saxlayır, amma kostyumun pencəyini bəzən üst-üstə geyib bazarda fırlanır, «kostyum var» deyə-deyə  bazarda fırlanırdılar. Bir də görürdün bazarın ortasında kimisə soyundurub  pencəyi geyindirirlər ki, gör xoşuna gəlir. 

ARDI VAR

TƏQVİM / ARXİV