adalet.az header logo
  • Bakı -°C

NAXÇIVAN CAMAATI RAHAT NƏFƏS ALA BİLƏR -  AQİL ABBAS yazır

AQİL ABBAS
606 | 2025-11-13 14:33
A- A+

İl yarım bundan əvvəl xanımımla Naxçıvana getmişdik. Bir həftə qədim və müqəddəs Naxçıvan torpağını qarış-qarış gəzdik. Hüseyn Cavidin məqbərəsini, Heydər Əliyev muzeyini, Məmməd Araz muzeyini, Nuh peyğəmbərin qəbrini, gözəl memarlıq abidəsi olan Heydər Əliyev məscidini, Əshabi-Kəhfi, Möminə Xatun türbəsini, Qarabağlar kəndindəki qədim məscidi, Keçməbasar kəndində Heydər Əliyev məscidini ziyarət etdik, Əlincə qalasına getdik. Demək olar ki, bir dəqiqə də boş vaxt keçirmədik. Naxçıvanın kəndlərində, xüsusilə də mənə doğma olan Şahbuz və Kolanı kəndlərində olduq. Kolanıda Naxçıvan kətəsi yedik, heç pulunu da almadılar. 

Məni ailəmlə Naxçıvana dəvət edən dostum Cəbi Quliyev Yeni Azərbaycan Partiyasının  Şuşadakı tədbirində  iştirak elədiyindən ilk günlər bizimlə bir yerdə olmadı.  Amma qardaşı maşını gətirib  qoydu otelin önünə ki, sizin ixtiyarınızdadır, istəyərsiz mənlə, istəyərsiz özünüz Naxçıvanı gəzə bilərsiniz. 
Naxçıvan şəhərinin abadlığına və gözəlliyinə söz ola bilməz. Bir də  o ləzzət edirdi ki, bütün kəndlərə Avropa standartlarına uyğun yol çəkilib. Təbii ki, bütün bunlar Vasif Talıbovun vaxtında edilib. 

Naxçıvan camaatının qonaqpərvərliyinə söz ola bilməz.  Özümü  Qarabağda hiss edirdim, mənə və ailəmə o qədər diqqət göstərirdilər ki. Amma bircə fərq vardı –  Qarabağda mənə Aqil Abbas kimi hörmət edirlərsə, Naxçıvanda mənə Məmməd Arazın göyü (kürəkəni) kimi hörmət edirlər. Bu da mənə ayrı ləzzət verir. Naxçıvanda ailəmlə dəfələrlə olmuşam, oğlanlarım da olub, onları da belə hörmətlə qarşılayıblar. Bu da Naxçıvan camaatının Məmməd Araza xüsusi  bir sevgisindən doğur. 

Nəhayət, Cəbi müəllim gəlib çıxdı, onunla qoşalaşıb ikilikdə şəhərin çayxanalarında, gur yerlərində adamlarla görüşdük. Hətta şahmat da oynadıq. Bir neçə fəaliyyətdə olan nazirlərlə də görüşüb dərdləşdik. Naxçıvan camaatında ikili xarakter yoxdu, bircə xarakter var -  bəyənirlərsə bəyənirlər, bəyənmirlərsə bəyənmirlər, sevirlərsə sevirlər, sevmirlərsə sevmirlər. 

Sonra Naxçıvan gəncləri mənimlə bir yazıçı kimi görüşmək istədiklərini  bildirdilər. Və Gənclər Evində  gözəl bir görüş keçirildi. Görüşdən əvvəl və sonra da gənclərlə çay süfrəsi arxasında maraqlı söhbətlər etdik. 

Təbii ki,  futbola olan sevgimdən içində yel vurub yengələr oynayan stadionda da oldum.  Gölün kənarında jurnalist həmkarlarım Sara Əzimova və Günay Malikqızıyla da gözəl bir restoranda çay içdik. 

Sözümün qəmbərqulusu var. Görüşdüyüm  nazirlərdən tutmuş sıravi adamlaradək heç kimdən Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli haqqında bircə kəlmə də xoş söz eşitmədim.  Belə başa düşdüm ki, Fuad müəllim naxçıvanlıları boğaza yığıb. 

Belə fikirləşdim ki, qayıdanda bunların hamısını, eşitdiklərimi və gördüklərimi mətbuatda  yazacam.  Amma Cəbi müəllim az qala yalvardı ki, qardaş, xahiş edirəm burda eşitdiklərini gedib yazma, bunu məndən biləcəklər: 

- Bir vaxtlar vitse-spiker  Adil Əliyev Naxçıvana qonaq  gəlmişdi, mənimlə gəzdi Naxçıvanı. Sənin bu  eşitdiklərini o da eşitdi. Fuad müəllimlə də görüşmədi, qayıdıb getdi. Sonra mənim başıma oyun açdılar ki, niyə Adil Əliyevi qonaq çağırmısan. Əslində, Adil Əliyev özu gəlmişdi, mən də onun  rəhbərlik etdiyi komitənin üzvü kimi ona xüsusi diqqət göstərirdim. Məcbur elədilər vəzifəmdən istefa verdim. İndi də elə məni gözümçıxdıya salıblar. Sən də gedib nəsə bir şey yazsan, gərək başımı götürüb Naxçıvandan çıxam. 

Mən də Cəbi müəllimdən keçə bilmədim.  Amma mən yazmasam da Cəbi müəllim başını və ailəsini götürüb Naxçıvandan çıxdı. Cəbi müəllimin nə itirdiyini deyə bilmərəm, amma Naxçıvan  Cəbi Quliyev kimi savadlı, elmli, geniş dünyagörüşünə malik, sözünün sahibi olan bir deputatı itirdi, bir gənci itirdi. 

Bunu ona görə yazdım ki, deməyəsiniz ki, niyə Fuad müəllim hakimiyyətdə olanda yazmırdın? Cəbi müəllimin xətrinə yazmırdım. 

İndi Prezidentin sərəncamı ilə 37 yaşlı, gənc və enerjili  Ceyhun Cəlilov Naxçıvanın səlahiyyətli nümayəndəsi təyin edilib.  Özü də Şahbuz rayonundandır. Cənab Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını və xüsusi nümayəndəni  qəbul edərək onlara öz məsləhətlərini verdi, necə işləməyi, xalqa necə xidmət etməli olduqlarını tapşırdı. Yəni onların önündə bir yol xəritəsi çizdi. Yəqin  ki, Ceyhun Cəlilov da elə bir yol tutacaq ki,

Naxçıvan camaatının itirilmiş ümidini özünə qaytaracaq və naxçıvanlıların hörmətini qazanacaq. 
 

TƏQVİM / ARXİV