adalet.az header logo
  • Bakı -°C

 Aqil ABBAS: RƏMİŞ - (Povest) - II (DAVAMI)

AQİL ABBAS
373 | 2025-11-05 16:00
A- A+

ƏVVƏLİ BURADA

Rəmiş bir az fikrə getdi:

- Həə, yadıma düşdü Tiflisdən toydan gəlirdim, Gəncəni keçəndə gördüm bir Moskviç saxlayıf, kapodunu qaldırıflar. Üç dənə də rus balası düşüf maşınnan əlləşir.  Qabaqlarına verib saxladım. Dedim ki, dostlar, nolub, mənim maşından başım çıxır. Amma gördüm ki, mən düzəldən iş deyil. Dedim oturun mənim maşınıma, hara istəyirsiniz aparım, sonra adam göndərərik gəlib maşınınızı düzəldib göndərərlər. Bir də soruşdum kimlərsiz və hara gedirsiz? Dedilər jurnalistik, ölkəni gəzirik, bütün respublikalarda olmaq istəyirik.   Azərbaycanı da gəzmişik, indi Bakıdan paromla Türkmənistana keçəcəyik. Tanış olduq. Oturtdum  maşınıma, sürdüm Gəncəyə. Dostlara dedim ki, Qaiyə çatmamış bir Moskviç var xarab olub, onu gətirin düzəldin, mən də bunları aparım Göygölə, iki-üç saatdan sonra qayıdıb gələcəyik.

Maşını sürdüm Hacıkəndə meşənin içində bir restorana. Restoranın müdiri məni görən kimi yüyürüb gəldi, görüşüb-öpüşdü. Restorandakılar da bizi öz stollarına dəvət elədilər, hamısına təşəkkür edib özümüz ayrıca oturduq. Baqatıy bir süfrə açdılar. Biri  içmədi ki, mən maşın sürəcəm, mən içəndə soruşdular ki, Qaidən qorxmursan? Güldüm, dedim ki, bütün Qailər mənim dostlarımdı. Sonra da restoranın gitaraçalanından gitaranı alıb bunlar üçün rus bəstəkarlarının əsərlərini çaldım. Çaşıb qalmışdılar. Elə bil birinci dəfəydi gitaraçalan görürdülər. Biri fotoaparatı verdi ofisianta, xahiş elədi ki, bizim şəkillərimizi çəksinlər. Heç demə, mən gitara çalanda da şəkillərimi çəkibmiş. Soruşdular kiməm, mən də dedim Rəmiş, gitara çalanam. Dedilər yəqin sən Leninqradda gitara akademiyasını bitirmisən. Güldüm, dedim Ağdamda Muzuçilişdə oxumuşam, onu da yarımçıq atmışam. Sonra qayıtdıq ustaların yanına, gördük maşın hazırdı. Mən də dedim ki, bəs bilmirsiniz Moskviçlə yola çıxmazlar? Dedilər ki, Moskviçi də reklam edirik, ona görə. Bu Moskviç Londondan Sidneyə gedən yarışda qalib olan Moskviçdir. Sonra da biri mənim maşınıma oturdu, ikisi də onların düşdük Bakıya. Bir yaxşı qonaqlıq da Şamaxıda verdim. Gəldik Bakıya, apardım paroma, mindirdim gəmiyə, yola saldım Krasnavodskiyə. Üstündən iki-üç ay keçmişdi Şair dostum mənə bir qəzet gətirdi, deyəsən, adı "Arqumentı faktı" idi. Baxdım ki,  bu boyda Azərbaycandan bircə abzas yol qeydi yazıblar. Yazıblar ki, Azərbaycanda Rəmiş adlı bir gitaraçıyla yol yoldaşı olduq, barmaqları qızıl idi. Mən də  hirsləndim ki, yəni Azərbaycanda başqa şey görməmişdilər.

Leonid:

- Onlar da bütün bunları bizə danışdılar, şəkilləri göstərdilər, mən də şəkillərinə baxandan sonra gördüm ki, əsl Paqaninisən. Durub Moskvadan gəldik Bakıdakı dostlarımızın yanına, xahiş etdik, onlar da səni tapdılar.

Rəmiş:

- Brat, mən aktyor döyüləm və bacarmaram. Bu Ceyhun Azərbaycanın ən məşhur aktyorudu, elə onu çək. 

Ceyhun:

- Ə, məsləhət olsa məni çəkərdilər də. İndi sənə yalvaraq?

Rəmiş qalxdı ayağa:

- Nə isə, durun, qonaqların başını çayla aldatmayın. Gedək bir yerdə bir qismət çörək yeyək, söhbətimizi orda edərik. - dedi və stolun üstünə bir yüzlük atdı.

Hamı qalxıb oturdu Rəmişin maşınına. Leonid öndə əyləşdi.

Rəmiş keçdi sükanın arxasına.  Kürəyini yan pəncərəyə söykədi və beləcə yola düşdülər. Leonid maraqla onun tərs oturmağına və maşın sürməyinə tamaşa edirdi. Gəldilər "Çanaqqala"ya. Həyətdə adam çox idi. Rəmişi görən kimi bəziləri gəlib onu bağrına basdı, stollarına dəvət elədilər. O da hamıya təşəkkür elədi, bir küncdə ağacın altında oturdular. Ofisiantdan qabaq restoranın inzibatçısı yüyürüb gəldi:

- Rəmiş, xoş gəlmisiniz.

- Sən belə elə, bir baqatı süfrə aç. Asetrin, ikra, bir də qara quzunun kababı. Bunlara araq gətir, mənə konyak.

Həyətin ortasında ansambl çalırdı, onlar da Rəmişi görəndə ayağa durub başlarıyla salam verdilər.

Leonid çəkinə-çəkinə dedi:

- Doğrudan sənin barmaqların qızıldı?

Rəmiş:

- Barmaqlarım adi barmaqdı, sadəcə olaraq sənin barmaqlarından bir az uzundu, bir az da kobud. Mənim beynim qızıldı.

Aydın:

- Rəmiş, mən ölüm, bir dur çal, bunları dəli elə.

- Qaqa, mən ölüm niyə deyirsən? -  dedi Rəmiş sonra qalxıb yaxınlaşdı ansambla.

Gitaraçıya dedi:

- Brat, icazə versən bir balaca çalardım.

Gitaraçı:

- Buyur, Rəmiş.

Rəmiş keçib əyləşdi gitara çalanın yerində, gitaranı götürüb öz bildiyi kimi köklədi və başladı çalmağa. "Sarı gəlin"də bir az gəzişdi, sonra qəribə bir keçid eləyib "Lunnaya sonata"ya keçdi. Bir az da orda gəzişəndən sonra gitaranı qoydu dizlərinin üstünə, stəkanı da götürdü və bu dəfə barmaqları ilə yox, stəkanla çalmağa başladı. Özü də Paqanininin əsərlərini. Stəkanı necə işlədirdisə, gitara skripka səsi çıxarırdı.

Leonidin də, operatorun da gözləri böyümüşdü. Təəccüblə deyirdilər:

- Bu neyləyir?

Ceyhun:

- Rəmiş budu da.

Restorandakılar qalxıb musiqiçilərin stolunun üstünə pullar tökürdülər. Rəmiş bir xeyli çalandan sonra dayandı, qalxdı ayağa, gitaranı da verdi sahibinə, pulları da göstərib dedi:

- Bunların hamısı sizinkidi.

Gəlib oturdu. Oturan kimi də yüz qram konyak içdi və bir siqaret yandırdı.

Leonid:

- Rameş, sən dahisən. Elədiyin improvizasiyaları heç Cimmi Xendriks də edə bilməz.

Rəmiş:

- Cimmi məndən böyük sənətkardı. Bir də onun altı tondu, yeddi tondu texnikası var. O texnikaların köməyi ilə gitaranı danışdırır, mən isə barmaqlarımla.

Leonid:

- Bəs Paqanininin əsərlərini hardan öyrənmisən?

Rəmiş güldü:

- Dörd-beş gün bundan qabaq darıxdım, durdum getdim İtaliyaya Paqanininin yanına.

Leonid:

- Kimin yanına?

- Paqanininin.

Ceyhun:

- Rəmiş, bir az ciddi ol, bunlar ciddi adamlardılar. Düşük-düşük danışma.

- Mən ciddi deyirəm. Paqanini ilə  hələ fransız konyakı da vurduq.

Leonid:

- Aydınçik, bu nə danışır?

Aydın:

- Heç, bu sadəcə olaraq Rəmişdi.

Rəmiş:

- Aydın, bunlar maa inanmadısa, mən burda artıq adamam.  Dostlarım məni bağda gözləyir. Mən getdim, bu siz, bu da qonaqlarınız. - dedi, maşının açarlarını da verdi Aydına; - Səhər gəlib maşını götürərəm.

Üzünü tutdu inzibatçıya:

- Hesab mənlikdi.

İnzibatçı:

- Hesabı müdir ödəyib, narahat olma.

Və Rəmiş yerində özünəməxsus fırlandı, əlini qəribə şəkildə qaldırıb vidalaşdı və çıxıb getdi.

Hamı pərt olmuşdu, ən çox da rejissor:

- Aydınçik, bu dəliymiş. 

Aydın:

- Dəli olmasa, Rəmiş olmaz.

Ceyhun:

- Bu indiyədək nə televizora çıxıb, nə radioya. Buraxmırlar. Yalnız toylarda çalır, ya da ayda-ildə bir dəfə Filarmoniyada plan dolmayanda orda konsert verir. Amma hamının evində lentləri var.

- Bizim Vısotski kimi.

- Hə, elə bir ağıldadılar.

***

Yorulmuşdu, çox yorulmuşdu.  Yaşamaqdan da yorulmuşdu. Daha doğrusu, yorulmamışdı ey, bezmişdi. Hamıdan bezmişdi. Dostlarından da, curlarından da, boynuna atılmaq istəyən qadınlardan da bezmişdi. Elə Rəmiş olmaqdan da bezmişdi. Adətən belə halda maşına oturub gedərdi kəndə, Kəhrizin üstünə. İndi nə kənd vardı, nə də Kəhriz. İçərişəhərdə bir evin pəncərəsinin önündə bir daş vardı, hərdən hər şeydən bezəndə gedib o daşın üstündə oturardı, pərdəli pəncərəyə baxardı. Gözünü yumub öz dünyasına çəkilərdi, bir az yorğunluğu çəkilərdi.

"Baksovet"dən sağ çiyninin üstündə, gözündə də böyük bir eynək sallana-sallana düşürdü aşağı, Qoşa qala qapısına tərəf. Belə bir yeriş yalnız onun özünə məxsus idi. Düzdür, yazıçı Anarın da həmişə bir çiyni o birindən yüksəkdə olurdu yeriyəndə, yuxarı qalxmış çiynindən də çanta salırdı. Gənc yazıçılar da hamısı özünü Anara oxşadıb çanta ilə gəzirdilər. Onların çiynindəki çanta yalnız Anarın çantasına oxşayırdı, özləri yox.

Gitara çalanlar da Rəmiş kimi yeriməyə cəhd edirdilər, amma alınmırdı. Qədir Rüstəmov həmişə deyirdi: "Gitara çalanların çoxu nəşə çəkdi ki, Rəmiş olsunlar, amma qəmiş oldular".

Axırıncı dəfə bu küçəylə nə vaxt piyada getdiyini yadına salmağa çalışdı. O vaxt universitetin bir neçə fakültəsi sağ tərəfdəki Xalq Təsərrüfatı İnstitutunun ikinci və üçüncü mərtəbəsində yerləşirdi.

Bir dəfə Şair dostunu bir müəllim imtahandan kəsmişdi, onda  gəlmişdi filologiya fakültəsinə, onun qiymətini yazdırmağa. Saymazyana girmişdi dekanın yanına, dekan da onu ayaq üstə qarşılamışdı. Dostunu xahiş eləmişdi, dekan da demişdi, narahat olma, sən get. Dekan istəmişdi ki, Rəmiş tez getsin, çünki bütün tələbələr yığışmışdılar dekanlığın qarşısına - Rəmişi görmək istəyirdilər, danışdırmaq istəyirdilər.

Dekanın yanından çıxanda gördü qəbul otağında gözəl-göyçək bir katibə oturub və Rəmişə elə mehribanlıqla baxır ki. Qız Rəmişdən telefon nömrəsi istədi. O da əlini atıb şalvarının arxa cibindən şah bir yüzlük çıxartdı, qızın əlindəki qələmi də alıb telefon nömrəsini yüzlüyün üstünə yazıb verdi qıza. Qapıdan çıxanda tələbələr yığışdı başına, əksəriyyəti də qız idi.

Üzünü Şair dostuna tutub dedi:

- Qaqa, heç utanmırsan, bir belə gözəl qızın içində adam da kəsilərmi?

- Elə bu qızlar qoymur də oxumağa.

Nə soruşdularsa, cavab vermədi, bircə onu dedi ki, iki gündən sonra Filarmoniyada konsertim var, kim istəyir gələ bilər, amma gələndə gül gətirməyin, xoşum gəlmir, özünüz gülsünüz.

Sol tərəfdə bir "Aydınlıq" kitab mağazası vardı. Şair dostu həmin mağazadan Bəxtiyar Vahabzadənin bir kitabını alıb ona vermişdi ki, al oxu, adam ol, Bəxtiyar müəllim səni yaman çox istəyir.

O isə gecə evdə kitabı vərəqləmişdi, amma oxumağa hövsələsi çatmamışdı. Ömründə bircə kitab oxumuşdu, o da Şair dostunun məsləhəti ilə "Netoçka Nezvanova".

Şair demişdi:

- Rəmiş, burda bir skripkaçıdan söhbət gedir, özü də, taleyi də sənə oxşayır.

O da oxumuşdu, görmüşdü ki, o qədər də oxşarlıq yoxdu. Çünki o skripkaçı təhkimli kəndli idi, Rəmiş isə sovxoz direktorunun oğlu. O, fağır adamıydı, Rəmiş isə süpürülmüş yerdə dava kağızı axtarardı, ömründə heç kəsin qabağından qaçmamışdı. Düzdür, əsərdən məlum olurdu ki, istedadlı adamdı, amma istedadını sübut edə bilmir. Rəmiş isə istedadını çoxdan sübut eləmişdi. Sonra əsərin qəhrəmanı Avropadan gələn bir skripkaçının konsertinə gedir. Görür o, dahidi, ondan yaxşı skripka çalır, həmin axşam özünü öldürür. Amma Rəmişə görə, ondan böyük gitara  çalan yox idi ki, dinləsin, böyük olmadığını görüb özünü öldürsün. Skripkaçının həyatı qurtarandan sonra kitabın arxasını oxumamışdı. Sonra Şair dostuna demişdi:

- Sən belə gij-gij kitablarla başını doldurma, axırda onların gününə düşəssən.

Əslində Şair dostu çoxdan o skripkaçının taleyini yaşayırdı.

Bir az aşağı yendi, sol tərəfdə foto atelye vardı. Atelyenin vitrinindən həmişə üç portret asılırdı: Bəxtiyar Vahabzadə, Xudu Məmmədov və onun. Atelyenin sahibi onun portretini Xudu müəllimlə Bəxtiyar Vahabzadənin arasından asmışdı.

O da girmişdi içəri atelyenin sahibindən tələb etmişdi ki, onun portretini vitrindən çıxarsınlar.

- Brat, mən kiməm ki, mənim portretimi o dahilərlə bir sırada asmısan, özü də ortasında.

Atelyenin sahibi:

- Rəmiş, vallah, sən də dahisən. Özü də hamı sənin şəklini görüb girir bu atelyeyə. - Sonra da bir yığın foto göstərmişdi: - Sənin şəkillərindi. Bura girən mütləq bu şəkillərdən birini alır. Qoy çörəyimizi qazanaq da.

O vaxt Bakıda dəb idi. Küçələrdə, parklarda Hindistanın kino ulduzlarının - Raç Kapurun, Racendra Kumarın, Şişi Kapurun, Nərgizin, eləcə də özümüzün ulduzlarının - Poladın, Müslümün, Zeynəbin, Rəmişin, Məmmədbağırın, Ağadadaşın biri bir manatdan şəkillərini satırdılar. Rəmişin cibində də həmişə öz şəkilləri olardı. Biri deyəndə ki, Rəmiş, çoxdandı görmürəm səni. Çıxarıb şəklini verirdi ki, qoy cibinə, darıxanda baxarsan.

Baxdı, artıq foto atelye yox idi. Vaxtilə onların şəkilləri asılan vitrində indi qadın paltarları, özü də alt paltarları asılmışdı. Dayanıb xeyli baxdı və güldü.

Yanından keçənlər ona salam verirdilər, o isə başını yelləməklə cavab verirdi. Əlyazmalar İnstitutundan döndü sağa, girdi İçərişəhərə. Cavan vaxtı bu yerə tez-tez gəlirdi, bəzən gecə saat 2-də. İkinci mərtəbədəki pəncərədən bir qız həmişə gözləyirdi ki, Rəmiş gələcək, üzbəüzdəki daşın üstündə oturacaq və ona tamaşa edəcək.

Rəmiş bu qızı dəfələrlə konsertində görmüşdü. Sonra dostlarından qızın kimliyi ilə, harada yaşamağı ilə maraqlanmışdı. Evlərinin yerini öyrənəndən sonra həmişə gəlib pəncərə ilə üzbəüz daşın üstündə otururdu. Bəzən xeyli gözləyirdi ki, Qız nə vaxt pəncərədən boylanacaq.

Ömründə heç kimi sevməmişdi. Onda sevgi hissi yox idi. Birinci-ikinci sinifdə oxuyanda  müəlliməsindən xoşu gəlirdi, xüsusilə də onun saçlarını sığallamağından. Sonra Ağdama köçdülər, bir də o müəlliməni görmədi. Amma müəllimənin barmaqlarının ətrini həmişə burnunda hiss edirdi. Pəncərədən baxan Qıza isə sadəcə vurulmuşdu. Və onunla görüşməyə də heç vaxt cəhd göstərməmişdi. Eləcə gəlib daşın üstündə oturur, Qızın baxışlarından ləzzət alırdı.

Yenə oturdu həmin daşın üstündə. Pəncərəyə pərdə çəkilmişdi və özü də çox gözəl bilirdi ki, o pərdə bir daha açılmayacaq və Qız ona tərəf boylanmayacaq. Yəqin Qız çoxdan ərə gedib və day burda yaşamır.

Bunu bilə-bilə o, yenə hətta gecələr darıxanda da, gəlib bu daşın üstündə oturub pəncərəyə boylanırdı. Küçədən keçənlər Rəmişi görüb soruşurdular:

- Rəmiş, burda niyə oturmusan?

- Heç, burda oturmaqdan xoşum gəlir.

  Yenə oturub pəncərəyə baxırdı və qəfildən pərdə açıldı. Bir qadın Rəmişə tərəf boylandı və güldü. Və ilk dəfə kəlmə kəsdilər:

- Rəmiş, uşaqlarla sənə çay göndərimmi?

Rəmiş də güldü:

- Pis olmaz.

Və qapı açıldı. İçəridən bir oğlan uşağı çıxdı, əlində bir stəkan çay, çayın yanında bir şokolad.

Uşaq eynən Rəmişin özüydü. Rəmiş uşağı görəndə əvvəl-əvvəl çaşdı.  Bir Allah bilirdi ki, Rəmişin əli heç o qızın əlinə də dəyməmişdi, bəs bu uşaq ona niyə bu qədər oxşayırdı.

Səməd Vurğunun "Azərbaycan" şeirindən başqa bir şeir bilməyən Rəmişin yadına Şair dostunun aşağıdakı misraları düşdü:

Belimdən gəlməsə də,

Tanıyıb bilməsə də

Mənə oxşayacaq

sevgimdən doğulan oğlun

Taleyi taleyimdən iraq.

Uşağı bağrına basdı, uzun saçlarını qarışdırdı:

- Adın nədi?

- Mamam Rəmiş çağırır.

- Nə qəşəng adın var.

- Sənin də adın Rəmişdi. Mən də gitara çala bilirəm.

Rəmiş yenidən oğlanın saçını sığalladı, uzun barmaqlarına baxdı və çayı içmədən qalxdı ayağa, uşağa məni gözlə gəlirəm, deyib getdi. Uşaq da nə edəcəyini bilmədi, çay əlində oturdu daşın üstündə, Rəmişin yerində.

Anası pəncərədən baxıb gördü Rəmiş yoxdu.

Dedi:

- Ay oğul, o getdi? Dur gəl evə!

- Mama, dedi gəlirəm.

Bir az keçmiş Rəmiş əlində bir gitara döndü. Evindəki ən bahalı gitaranı gətirmişdi.

Dedi:

- Al, bağışdıyıram saa.

Və gitaranı verdi uşağa.

Uşaq gitaranı götürüb qaçdı evə:

- Mama, Rəmiş mənə gitara bağışladı.

Anası istədi gitaranı qaytarsın, amma gördü ki, Rəmiş gedib.

lll

Gecə toydan yorğun-arğın evə dönəndə yenə gördü qapıdan bir kağız parçası asılıb. Açıb oxudu. Yenə Aydın Dadaşovla Ceyhun Mirzəyev yazmışdı: "Rəmiş, səni and veririk Seyid Lazım Ağanın cəddinə, sabah Kinostudiyanın çayxanasına gəl, vacib işimiz var". Başını buladı, keçdi içəri. Elə geyinili-geyinili özünü atdı divanın üstünə, ayılanda gördü ki, günortadı. Tez durub əl-üzünü yudu, elə yerə and vermişdilər ki, getməmək olmazdı.

Maşını sürdü Kinostudiyaya. Çayxananın həyətində məşhur kino ulduzları oturub dərdləşirdilər, bəziləri də şahmat oynayırdılar. Rəmiş hamıyla bir-bir görüşdü. Rasim Balayevi də bağrına basdı. Gəldi Ceyhungilin stoluna. Gördü həmin rejissor, yanında da Rəmişə oxşayan, amma boyca balaca olan bir adam. Görüşdülər, bir stol çəkib oturdu. Birinci sözü bu oldu:

- Bu yenə gəlib?

Aydın:

- Hə, amma ayrı məqsədlə. Kinoya çəkməyə aktyor tapıb, istəyir həmin aktyor səni öyrənsin, jestlərini öyrənsin, danışığını öyrənsin.

Rəmiş üzünü tutdu rejissora:

- Lyonya, sən ki belə həyasızsan, çox gedəssən.

Ceyhun:

- Rəmiş, sən Seyid Lazım Ağanın cəddi, bu dəfə dostlarımızın xətrinə dəymə. Toylarını saxla, bunları bir özünlə apar Qarabağa-filana, iki-üç gün gəzdir.

Rəmiş güldü:

- Elə Ağdamda toyum var, toya da apararam, görərlər bizim toyu. Gedək bir yerdə bir tikə çörək yeyək, sonra götürüm gedim, axşam Ağdamda toya çatım.

lll

Qəfil göy guruldadı, ildırım şaqqıldadı. Şıdırığı bir yağış başladı. Şimşəklər buludların arasında rəqs edirdi.

O, tarı yağışdan qorumaq üçün pencəyini çıxarıb tarın çanağına sarıdı ki, təki yağış onu vursun, tarı yox. Bu vaxt göylərdə qəribə bir nur parladı. Bu nə ildırım idi, nə də şimşək. Hər tərəfi işıqlandırdı. Və birdən hiss elədi ki, daha onun üstünə yağış yağmır. Elə bil kimsə  başının üstündə çətir açmışdı. Sel-su aləmi götürsə də, o, bunu hiss eləmirdi. Bu qeyri-adi hadisədən çaşdı, özü də bilmədi bu nədi. O, evlərinə tərəf qaçdıqca başının üstündəki gözə görünməyən çətir də onunla bir yerdə qaçırdı. Bir canavarın ona tərəf qaçdığını gördü. Qorxudan tir-tir əsdi. Bu vaxt yenə ildırım şaqqıldadı və ildırım ona çatmağa az qalmış canavarı vurdu. Qorxa-qorxa ölmüş canavarın yanından keçdi.

Nəhayət, gəlib evlərinə çatdı. İçəri girəndə anası təəccüblə baxıb soruşdu ki, harda gizlənmişdin ki, səni yağış vurmayıb?

- Heç, ay nənə, kimsə üstümdə çətir açmışdı.

lll

- Şair, sən oxumuş adamsan, Paqanini haqqında nə bilirsən?

- Qeyri-adi sənətkardı. Skripkası ilə adamları yoldan çıxarırmış. Ona qulaq asan insanlar özlərini unudurmuş, şeytana uyurmuşlar. Ona görə də onun özünü şeytan adlandırırmışlar. Çox azad insanıymış. Krallara da əyilmirmiş, ürəyi necə istəyir elə də yaşayırmış. Elə sənin kimi!

Rəmiş getdi fikrə, gitarasını sığallayıb dedi:

- Yəni deyirsən məndən də böyük sənətkarıymış?

- İncimə, əlbəttə. Onun əsərləri var, sənsə nə çalırsansa, qalır toyxanalarda. Çaldıqlarını lentə də aldırmamısan. Kimsə toylarda çəkir, saxlayır evində, özünü də adam kimi aparmırsan deyin televiziyalara da buraxmırlar, dövlət konsertlərinə də. Səni kütlə sevir, kütlə sevgisi ilə də heç hara gedib çıxmaq olmaz. Yavaş-yavaş özün də kütləyə çevrilirsən.

Rəmiş əsəbləşdi:

- Bunları mənə başqa adam desəydi, gitaranı vurardım başına. Bu ölkədə məndən azad adam var? Deyirsən ki, azad deyiləm.

- Saçını qırxdırmamaq, qalstuk taxmamaq, konsertlərə cins şalvarda, ala-bula köynəkdə çıxmaq azadlıq deyil, hamıdan fərqlənməkdir.

Rəmiş xeyli fikrə getdi. Beynində nə dolaşdı-dolaşmadı, olmayan ağlından nə keçdi dedi:

- Şair, bəlkə gedək Paqaninini görək? O skripkada, mən gitarada deyişək. Görək kim böyük sənətkardı.

Şairi gülmək tutdu:

- Yox, sağ ol. Apardın Əmir Teymurla görüşdük, əlimiz bala batdı. Paqanininlə də görüşəndə əlimiz p.. batacaq. Yenə sarsaq-sarsaq danışırsan.

- Pis oldu? Əmir Teymuru gözlərinlə gördün, bir heylə adamın içində də şalvarını da batırdın. Dostun Qədirlə də çay içdin.

- O çay zəhrimar olub burnumdan töküldü. Boş-boş danışma.

- Boş-boş sən danışırsan ey. Dur ordan o konyakı gətir bura, adama yüz-yüz süz. - dedi, sonra əlini atıb divanın altından bir çəngə quru ot  çıxartdı: - Al, bunu da at qazın üstünə. Qoy ətri bizi bihuş eləsin.  Sonra da çıxaq gedək Paqanininlə görüşməyə.

Şair konyakı gətirdi, yüz-yüz süzdü, qurumuş otu da qazın üstünə atdı və dedi:

- Rəmiş, mən getdim evimizə. Sən özün get Paqanininlə görüş, sonra danışarıq.

- Ə, kişisən ə. Qorxma, bu dəfə bizi asmayacaqlar.

- Qardaş, mən getdim.

- Onda diplomatını aç, gitaranı da qoş usilitelə, səsini də az ver, sonra cəhənnəmə get.

Şair diplomatı açdı. Dinamikləri qoşdu gitaraya, sonra da ironiya ilə dedi:

- Sənə yaxşı yol. Səhər görüşərik. 

Amma Şair darvazadan geri döndü ki, dostu tək qoymaq kişilik deyil. Otağa girmədi, oturdu mətbəxdə.

Rəmiş bir yüz də konyak vurdu və başladı gitaranın pərdələrində gəzişməyə. Çaldığı özünə ləzzət eləyirdi və onu götürüb özüylə harasa aparırdı.

Küçədə kimi görürdü Paqanininin evini soruşurdu. Adamlar təəccüblə ona baxırdılar və deyirdilər:

- Evinin yerini tanımırsan? 

Axırda bir faytona mindi və faytonçuya dedi:

- Brat, sür bizim evimizə.

Faytonçu dar dalanların birində bir qapının qarşısında saxladı və dedi:

- Nikol, buyur.

Rəmiş istədi çıxarıb pul versin.

Faytonçu:

- Lazım deyil. Sən bizim başımızın tacısan. İmkanın varsa, məni konsertinə buraxdır.

Rəmiş düşüb qapını döydü. İçəridən bir nəfər çıxdı. Təəccüblə Rəmişə baxıb dedi:

- Nikol, bu gecə vaxtı hara getmişdin? Mən də elə bilirəm yatmısan.

Rəmiş özünü onda qoymadı, dedi:

- Heç, darıxdım, dedim bir havamı dəyişim.

Keçdilər böyük otağa. Şamlar otağı yaxşı işıqlandırmırdı, yarıqaranlıq, cansıxıcı bir otaq idi. Paqanini də oturmuşdu cansıxıcı, yarıqaranlıq otaqda köhnə bir kresloda. Qabağında bir fincan qəhvə, bir də yarımçıq konyak butılkası siqar çəkirdi, otağa da Rəmişə yaxşı tanış olan bir qoxu yayılmışdı. Rəmiş fikirləşdi ki, bizim adamdı.

Paqanininin köməkçisi quruyub qaldı. Bir Nikol yanındaydı, bir Nikol da oturub kofe içirdi. Necə çaşdısa, dili söz tutmadı.

Nikol dilləndi:

- Nə olub, məni niyə narahat edirsən?

Köməkçi birtəhər özünü ələ aldı:

- Qonağın var.

- Gecə vaxtı nə qonaq?

Çevrilib gələn qonağa baxdı, çaşdı.  Elə bil güzgüdə özünə baxırdı. Sadəcə olaraq güzgüdə baxdığı adam ondan bir az canlıydı, qolları da uzunuydu.

- Sən kimsən?

- Sizdə qonağa xoş gəlmisən demirlər?

- Hələ bir de görüm sən kimsən, hardan gəlmisən?

Rəmiş cibindən bir siqaret çıxarıb yandırdı, otaqdakı Rəmişə tanış olan qoxuya yeni, amma bir qədər fərqli bir qoxu qatıldı. Paqanini də eynən onun kimi fikirləşdi, hər kimdisə bizim adamdı.

Rəmiş:

- Olar oturum?

Nikol ona yer göstərdi:

- Buyur. - sonra üzünü köməkçisinə tutub dedi; - Ordan bir dənə də bardaq gətir.

Köməkçi bardaq gətirdi və konyak süzdü.

Rəmiş konyakı çəkdi başına və dedi:

- Mənim adım Rəmişdi. Özü də Bakıdan gəlmişəm.

Paqanini ha fikirləşdi, Bakı adında bir yer yadına sala bilmədi:

- O hansı ölkədi?

- Azərbaycan.

Paqanini bu adı da eşitməmişdi deyin, başını buladı. Rəmiş bu dəfə qayıtdı ki:

- Neyləyirsən hardan gəlmişəm, göydən gəlmişəm. Dedilər Milanda mənə oxşayan bir dahi yaşayır, gəldim tanış olam. Görüm doğrudan dahidi, yoxsa uydurublar? Mənə yaman oxşuyursan. Dədəm Hüseyn də heş vaxt Milanda olmayıf ki, fikirləşəm qardaşımsan.

Paqanini onun nə demək istədiyini başa düşmədi:

- İndi məndən nə istəyirsən? Konsertə bilet lazımdı?

- Nə konsert, nə bilet? Gəlmişəm sən skripkada çalasan, mən gitarada. Görək kim böyük sənətkardı.

Paqanini ironiya ilə gülümsədi:

- Nədi, mənnən yarışmaq istəyirsən? - dedi, sonra da üzünü köməkçisinə tutub; - Ordan skripkanı gətir mənə. 

Rəmiş də qalxıb diplomat çantanı açdı, dinamikləri gitaraya qoşdu.

Paqanini soruşdu:

- O nədi?

- Usilitel.

- Usilitel nədi?

- Səsucaldan. - dedi Rəmiş, mizrabı vurdu simlərə. Otağa gur səs doldu.

Paqanini təəccüblə barmaqlarını gitaranın simlərinə toxundurdu. Yenə otağa gur səs doldu və bu səs onun xoşuna gəldi.

Sonra Paqanini skripkasını götürüb yavaş-yavaş çalmağa başladı. O, nə çalırdısa, Rəmiş də gitarada onu müşayiət edirdi. Sonra Rəmiş  fincandakı qəhvəni götürüb atdı yerə, gitaranı da qoydu dizinin üstünə və fincanla çalmağa başladı. Gitara artıq skripka səsi verirdi, elə bil iki skripka çalınırdı. İkisi də uyub getmişdilər. Paqanininin köməkçisinin gözləri çıxmışdı kəlləsinə, ömründə belə gitara səsi eşitməmişdi. Melodiya onu dəli etmişdi. Xeyli, yorulanadək çaldılar. Axırda Paqanini skripkanı qoydu stolun üstə, Rəmiş isə hələ də çalırdı. Nəhayət, o da dayandı.

Paqanini soruşdu:

- Hə, necədi?

Rəmiş siqaretindən bir qullab vurub dedi:

- Böyük sənətkarsan. Məndən də böyük sənətkarsan. Deyilən kimi varsan, sən insan deyilsən, doğrudan da şeytansan.

Paqanini gülüb dedi:

- Mənə şeytan deyən az idi, biri də göylərdən gəldi. Sən də mələk deyilsən!

Heyrətdən özünə indi-indi gələn köməkçisi üzünü Paqaniniyə tutub dedi:

- Nikol, bəlkə sabahkı konsertinizi birgə təşkil edək?

Paqanini:

- Olar. İkimiz birləşsək, bizi keşişlər elə sabah qovarlar.

(Ardı var)

TƏQVİM / ARXİV