DAĞLAR MƏNİ TANIMADI Aqil ABBAS yazır

AQİL ABBAS
179 | 2025-08-21 13:16

Dağlar oy, oy, oy,
Yollar oy, oy, oy
Dağlar  oy, oy,oy…

Mahsun Kırmızıgülün fəryadla oxuduğu bu şarkısını hər dəfə dinlədikcə mənim yadıma Kəlbəcər dağları düşür. Kövrəlirəm, mən də Mahsunla birlikdə bu şarkının sözlərini  təkrarlayıram:

Dağlar oy, oy, oy,
Yollar oy, oy, oy
Dağlar oy, oy, oy…

Bir dəfə televizyonda dedim ki, bütün Avropanı gəzmişəm, amma Kəlbəcər kimi qeyri-adi və gözəl bir məkan görməmişəm.

Mənə sual verdilər ki, bəs, İsveçrə?

- Kəlbəcər İsveçrədən gözəldi. Sadəcə olaraq, İsveçrə Avropadır və abaddır.

İndi Cənab Prezident Kəlbəcəri öz zövqü ilə elə möhtəşəm tikdirir ki, o İsveçrədən də gözəl və abad olacaq.
2020-ci ilin noyabr ayında azad olunmuş Ağdamda təməlatma mərasimində Möhtərəm Prezident bizi Ağdamın genplanı ilə tanış edirdi. Adam gözlərinə inana bilmirdi, yüz minlik bir şəhərin çox mükəmməl genplanı hazırlanmışdı. Bu layihəni 5-6 ayın içində hazırlamaq mümkün deyildi. 

Dedim:

- Möhtərəm Prezident, belə bir möhtəşəm layihəni beş-altı ayın içində hazırlamaq mümkün deyil. Deməli, siz əvvəldən bu layihəni hazırlatmısız. Özü də təkcə bu layihəni yox, digər şəhərlərimizin də. Və inanırdınız ki, tezliklə Qarabağı azad edəcəksiniz. 
Gülümsədi. 

Uşaqlığım və gəncliyim Kəlbəcər dağlarında keçib. Biz Kolanı tayfasındanıq. Atamın ulu babaları kəlbəcərli olduğundan ağlım kəsəndən hər il  bizi iki ay Kəlbəcər yaylaqlarına  aparırdı.  İstisu ilə  üzbəüz Taxta deyilən bir yer var, orda yurd salırdıq və özümüzün yurd yerimiz vardı. Bu  yaylağa Ağdam, Bərdə, Ağcabədi, Yevlax, İmişli camaatı da gəlib alaçıq qururdular. Hər rayonun öz məhləsi vardı. Səhər-səhər yüzlərlə alaçığın önündə qaynayan samovarların tüstüsünün qəribə qoxusu gəlirdi. Cənnət qoxusuydu. 

Rayonlarası futbol yarışı keçirirdik. Çox zaman oyundan sonra dava yarışı başlayırdı.  Qəribə idi ki, ağdamlılar hamını döyürdü. Sonra görürdülər ki, day döymədikləri rayon uşağı qalmayıb, başlayırdılar öz aralarında məhlə davası etməyə: Ac məhlə, Tox məhlə, Hamam məhləsi, İmarət məhləsi. Ağdamlı qohumlar məndən incimişdi. Bir dəfə Ağdam-Ağcabədi davasında özümdən asılı olmayaraq,  Ağcabədini –  ata tərəfimi tutmuşdum. Sonra ağdamlı ana qohumlarım bunu həmişə başıma qaxınc edirdilər. 

Kəlbəcərə Ağdərə yolu ilə gedirdik. Xaçın çayının üstündə çayın yatağına uyğun olaraq çox uzun bir körpü vardı. İndi  ermənilər həmin körpünü söküblər, sonradan çayın üzərindən darvaza dəmirindən iki lay atıblar, burdan işləyirmişlər, bədbəxt uşaqları bədbəxt! Hazırda Xaçının üstündə çox möhtəşəm bir körpü tikilir. Kəlbəcərə gedən yol Tərtər çayı boyunca idi. Gedəndə   çay yolun solunda qalırdı. Çayın şırıltısı, yarpaqların  xışıltısı, quşların səsi heç bir bəstəkarın yaza bilməyəcəyi bir melodiyaya çevrilirdi. 

Çayın kənarında süfrə  salıb piknik edirdik. Həmişə də üç-dörd  maşın olurduq, qohum-əqrəbalarla gedirdik. Mən  çörək yeməzdim, çayın kənarında oturub suyun şırıltısına qulaq asardım. Sonra da ağaclara adımı yazardım. Hər dəfə dağa gedəndə də maşını  saxladıb adımı yazdığım ağacları sığallayardım. 

Yolun sağında heç bir heykəltəraşın yarada bilməyəcəyi qaya  sütunları  vardı. Bu sütunları  Allahın mələkləri yonmuşdu. Elə gözəl görünürdülər ki. 
Həmin qaya sütunlarını «Bir qalanın sirri» filmində də çəkiblər. 

Çox qəribədir ki, indi Kəlbəcərə gedəndə həmin sütunlarda gözəllik qalmamışdı, mamırlamışdılar. Ha fikirləşdim  səbəbini tapa bilmədim, yəqin  bizim həsrətimizi çəkirmişlər.

Uzun illər gedib-gəldiyim yolu  xatırlamağa  çalışırdım. Onu da deyim ki, nə Urus bulağı qalmışdı, nə də adımı yazdığım ağaclar. Yəni tapmadım. 
Sonra bu dəfə  maşından yıxıldığım  döngəni xatırlayıb tapmaq istədim. Bədbəxtlikdən onu da tapa bilmədim. 
Qayıdaq dağlara.  Vəngə çatanda Xanımım dedi ki, qalxaq burdakı məbədə də  baxaq. Neçə illər bu yolu gedib-gəlmişik, o məbədi ziyarət etmək ağlımıza gəlməyib. 

Çayın kənarında arı saxlayanlar  yurd salmışdılar.  Onların yanından dağa bir dar yol qalxırdı. Onlardan məbədin  yolunu soruşdum. Kəlbəcər camaatı idi. Məni  tanıdılar, əl çəkmədilər ki, düşün bir stəkan çayımızı için. İradəni görəndə heç əl çəkmədilər:

- Düşəcəksiz! Məmməd Arazın qızı bizim qonağımız olmalıdır! 

Axırda bir şərtlə razılaşdıq ki, məbəddən qayıdanda düşüb qonaq olarıq. 

Dedilər ki, bu sağ yolla qalxın, iki-üç kilometrdən sonra məbədə çatacaqsınız.

Məbədə çatdıq, amma  həyətinə giriş qadağan idi. İki cavan  polis işçisi yaxınlaşdı, məni tanıdılar:

- Siz parlamentdə biz polislərin hüquqlarını müdafiə etmisiz. 

- Onda  qoyun keçək içəri də. 

- İnciməyin, biz əmrə tabeyik. Məbədə giriş qadağandır. 

44 günlük müharibədən antiterror əməliyyatına qədər Rusiyanın Sülənənməramlılarının yengəliyi ilə ermənilər sürü-sürü gəlib bu məbədi ziyarət edirdilər. Hərçənd ki, bu məbədi ermənilər tikməmişdi. Qədim xristian türkləri, indi biz onlara alban deyirik, tikmişdilər. Sonra ermənilər Alban xaçını  sökərək erməni xaçı ilə əvəzləmişdilər və məbədin üzərinə də erməni əlifbası ilə nələrsə yazmışdılar. Və guya bu əlifbanı İsa peyğəmbərdən 362 yaş cavan olan Mesrop kəşf edib. 

Çox təəssüf ki, yuxarıda qeyd etdiyim kimi, Rusiya  Sülənənməramlılarının yengəliyi ilə bu məbədə gələn ermənilərdən fərqli olaraq Azərbaycanın tanınmış, daha doğrusu, məşhur iki yazıçısı, iki ziyalısı məbədə yaxınlaşa bilmədik. 

Üzümü polis işçilərinə tutub dedim:

- İncimirəm, əzizlərim, qanun hamı üçün qanundur. 

Kənardan məbədin şəklini çəkdik və döndük geri. Bu dəfə kəlbəcərlilərin yanında maşını saxladıq və düşdük onlara qonaq olmağa. 
Gözəl bir çay süfrəsi  açdılar. Xanımlar da vardı, bal gətirdilər. Həm şan balı, həm də süzmə. Bal kimi balıydı, şan adamın ağzında əriyirdi.
Yurd yiyəsi İlham bəylə tanış çıxdıq. Məlum oldu ki, o İradənin əmisi oğlu Qorxmazla universitetdə bir yerdə oxuyublar. Ailəvi dostdular, Qorxmaz da onun oğlanlarının kirvəsidi. Coğrafiya müəllimidi və məktəb direktorudu, Kəlbəcərin kəndindəndi. Ailəsi və dostu ilə gəlib bu yerdə yurd salıb, arı saxlayırlar. 

İlham bəy  əl çəkmirdi ki, təzəcə çəpiş kəsmişik, çörək də yeyəcəksiniz. Təşəkkür elədik ki, vaxtımız azdı, biz İstisuya dəyib geri qayıdacağıq, yol uzaqdı. 

İlham bəy köməkçim Fərhadı göstərib soruşdu:

- Oğlundu?

- Yox, bacıoğlumdu. 

- Evlidi?

- Yox, hələ qız axtarır. 

- Bir mahnı var ey,  kürdün gözəli, kürdün gözəli… Bəlkə gəlmişkən ona bir kürdün gözəlini  tapaq?

- Pis olmaz. 

İlham bəy ayaq üstə dayanmış iki cavan oğlanı göstərdi:

- Bunlar da mənim oğlanlarımdı. İkisi də universitet qurtarıb. Biri Xalq Təsərrüfatını, biri də Bakı Dövləti. 

Mən soruşdum:

- Evlidilər? 

- Yox hələ.

- Tapansan, onda dediyin kürdün  gözəllərindən bunlara tap də. 

Çayımızı içib qalxmağa hazırlaşırıq.

Xanımlardan biri:

- Bəlkə çəpiş yemək istəmirsiniz, bu dəqiqə sizə çolpa çığırtması hazırlayaram. 

Həm əziyyət vermək istəmədik, həm də yol üstündəydik. 

İlham bəy:

- Bilirsiniz sizi niyə çox istəyirik? Bir dəfə televizorda Kəlbəcəri İsveçrədən üstün tutdunuz. 

Mən çayı, dağları, meşələri göstərib dedim:

- Bu gözəlliyi görürsünüz də, mən olanı demişəm.

- Onda bal qoyum aparın; -sonra da üzünü xanımına tutdu: - Ay qız, ordan iki ramka bal gətir.

Xanımım başı ilə mənə işarə elədi ki, lazım deyil.  Mən də Xanımımın sözündən çıxa bilmədim:

- Sağ olun, qayıdanda götürərik.

Və qayıdanda da götürmədik.

Yenidən qayıdaq dağlara. Təbii ki, birinci Taxtaya çıxdım, yurd yerimizi axtardım. Amma tapa bilmədim.  Yolçəkənlər  burda qərargah qurmuşdular. Yolçəkənlərdən söhbət düşmüşkən, alqışlamaq lazımdı. Suqovuşandan və Ağdərədən Kəlbəcərə dünya standartlarına uyğun çox gözəl yol çəkiblər.

Əslində yol çəkmirlər ey, yolu tikirlər – rahat və geniş. 

Bu yerlərdə min bir çiçək olurdu. Elə çiçəklər vardı ki, sıxırdın, içindən bal tökülürdü. İndi ha baxdım, çiçək  görə bilmədim. 

İlk dəfə Şuşaya gedəndə birinci qalxdığım yer Cıdır düzü  olmuşdu. Cıdır düzü cadar-cadar idi. Ot-ələf də yox idi.  Halbuki  vaxtilə qışda Cıdır düzünə qalxanda qarı təmizləyirdin altından yamyaşıl ot çıxırdı. Elə bil ermənilər Pənah xanın, İbrahim xanın, Məmməd bəy Batmanqılıncın Cıdır düzündəki izlərini silmək üçün bu yerdən də  intiqam almışdılar. Taxtada gül-çiçəyi görməyəndə çox məyus oldum.  

(Аrdı var)
 

TƏQVİM / ARXİV