Anası:
- Ə, səfehin biri səfeh, uşağın biləyini niyə qopardırsan?
Anasının sözlərinə əhəmiyyət vermədi, Onun biləyini bir az da bərkdən dişlədi, gördü ki, qardaşı yenə heç nə hiss eləmir.
- Qaqa, əlimi niyə dişləyirsən?
Balaca Qardaş cavab vermədi, bu dəfə lap var gücü ilə Onun biləyini dişlədi və birdən dizi üstə düşüb:
- Oy! Allah! - dedi və necə bağırdısa hamı səksəndi. Sonra üzüquylu döşəməyə düşüb hönkürməyə başladı. Yumruqları ilə də döşəməni döyəcləyirdi.
Anası:
- Bissimillah! Bissimillah! A kişi, buna nə oldu?
Atası nə qədər çalışsa da onu yerdən qaldıra bilmədi. O da Balaca Qardaşı qucaqlayıb sakitləşdirmək istədi:
- Qaqa nə olub? Niyə ağlayırsan? Bir ayağa qalx görüm.
Amma O da qardaşını qaldıra bilmədi. Ata-bala nə qədər əlləşsələr də Balaca Qardaşı yerdən qaldıra bilmədilər. Nəhayət, ağlayıb-ağlayıb yorulan Balaca Qardaş özü qalxdı, oturdu divanda, bir siqaret çıxarıb yandırdı. O, Balaca Qardaşın Kişinin yanında siqaret çəkdiyini ilk dəfə görürdü, təəccüblənsə də bir söz demədi. Balaca Qardaş isə başını qaldırıb heç kimə baxmadan və heç bir sualı da eyninə almadan siqaretini çəkib qurtardı, kötüyünü də külqabıya deyil yerə atdı, sonra möhkəm-möhkəm ayağı ilə siqaretin kötüyünü tapdaladı və qalxdı ayağa. Onun divardan asılmış kürkü götürüb atdı üstünə və ötkəm bir səslə dedi:
- Geyin!
- Niyə?
- Sənə deyirəm geyin!
Bu dəfə atası soruşdu:
- Niyə, bala?
- Sən qarışma, Kişi. Geyin!
- Qaqa, axı niyə?
- Sənə deyirəm geyin!
- Tutalım geyindim, sonra?
- Sonra da tərpən hardan gəlmisən, düz ora.
Atası da çaşmışdı, anası da, O da. Bir az bundan əvvəl Onun üz-gözünü, saçını neçə ilin həsrətlisi kimi oxşayan, boynunu qucaqlayan Balaca Qardaşı birdən-birə Onu evdən qovmaq istəyirdi.
- Nədi, yoxsa məni qovursan?
- Hə, səni qovuram.
- Getməsəm?
- İt kimi döyə-döyə qovaram.
Uşaqlıqda tez-tez dalaşardılar. Və həmişə də Balaca Qardaş döyərdi.
Ona görə yox ki, Ondan güclüydü, sadəcə olaraq O, Balaca Qardaşdan çox ağıllı idi və bu ağıl imkan vermirdi ki, canından çox sevdiyi qardaşına əl qaldırsın, axırda hirsindən ağlayırdı.
Anaları birtəhər onları ayırardı və balacanı danlayardı:
- Ə, ay köpəyoğlu, görmürsən o səni vurmaq istəmir?
- Pah, vurmaq istəmir?! Vura bilsə vurar. Görmürsən arvad kimi ağlayır.
Bir gün anaları onlara bir balaca qardaş da doğdu və Balaca Qardaşın da balaca qardaşı oldu. Və sonralar bu balaca qardaşlar dalaşanda Balaca Qardaş başa düşdü ki, niyə o, həmişə böyük qardaşını döyə bilirmiş.
Və indi Balaca Qardaş həmişə olduğu kimi yenə öz hikkəsini yeridir, atasını da eşitmək istəmirdi:
- Kişi, sən otur oturduğun yerdə...
Ataları heç vaxt uşaqlarına bircə çırtma da vurmazdı. Uşaqlar onu lap hövsələdən çıxaranda, görəndə ki, əsəblərini cilovlaya bilmir uzaqbaşı hirsini əlinə ilk keçən nəyisə qırmaqla soyudardı.
Anaları:
- A kişi, bu evdə qab-qacaq qalmadı.
Təbii ki, atalarını da həmişə Balaca Qardaş hirsləndirirdi və bir dəfə atalarını necə hövsələdən çıxartdısa, qırmaq üçün kişinin əlinə Balaca Qardaşın tarı keçdi. Və tarın qolundan tutub çırpdı döşəməyə.
Qorxudan qaçıb çarpayının altında gizlənmiş Balaca Qardaş isə ordan dedi:
- Ana, mən sabah məktəbə nə aparacam? Bax, deyirəm, əgər sabahadək təzə tar almasanız mən də Aqilin bütün kitablarını cırıq-cırıq edəcəm.
Və Kişi məcbur olub elə gecəynən sürücüsünü göndərdi tar ustası Əsgərin yanına və bir təzə tar aldırdı. Çünki oğluna yaxşı bələd idi, bilirdi ki, əgər bu gecə o tarı aldırıb gətirtməsə, doğrudan da kitabları cırıq-cırıq edəcək.
Hərdən dayıları onları döyürdü, Kişi də bunu eşidəndə bərk əsəbiləşirdi, hətta bir dəfə buna görə Sabir dayılarına necə bozarmışdısa...
- Bura bax, Bəy, bir də mənim uşağımı vursan...
- Rəhmətliyin oğlu, uşaqlarını belimə mindirib gəzdirəndə yaxşıdı, bir şapalaq vuranda...
... dayıları küsüb bir müddət onların qapılarını açmamışdı.
Bircə dəfə də anaları Balaca Qardaşı döymüşdü. Ataları axşam işdən gələndə Balaca Qardaş:
- Ata, anam məni döydü.
- Gülçöhrə, bunu niyə döymüsən?
- Servizin bir fincanını qırıb.
- Ay köpəyoğlu, hansı servizin, bir gətir baxım görüm o servizi.
Anaları gedib servizi gətirmişdi:
- Budey bunun.
- Həə, heyf, ən qəşəng servizimizdi. Ə, köpəyoğlu, adam da belə iş görər, adam da serviz qırar?
Sonra kişi bütün servizi götürüb atmışdı döşəməyə, tapdaq-tapdaq eləmişdi və demişdi:
- Qıranda hamısını qırarlar.
Anaları da başını bulamışdı və bir də onları döyməmişdi.
Amma bir dəfə atası Onu vurdu, özü də həyatının ən xoş bir günündə, orta məktəbi bitirib attestat aldığı gündə - Kişi attestatı alıb açdı, qiymətlərin içində bir "4" olduğunu görəndə bir an duruxdu, sonra attestatı vurdu Onun sifətinə:
- Mən də elə bilirdim oğlum mənə qızıl medal gətirəcək!
Sabir dayısı:
- Məhəmməd, deyəsən dünyadan xəbərin yoxdu. Qızıl medalı satırlar, özü də iki min manata.
- Ağ eləmə. Qızıl medalı da satarlarmı, məktəb bazardı?
- Sən spirt sata bilərsən, maarif müdiri qızıl medal sata bilməz?!
Get pulunu ver, al.
Atası day bir söz demədi, keçib o biri otaqdan iki min manat pul gətirib verdi dayısına:
- Ala apar ver o direktora, qızıl medalı təpəsinə dəysin, heç olmasa dördü düzəltsin, uşağın attestatını korlamasın.
Amma direktor and-aman elədi:
- Bəy, balalarımın canıyçün mənlik deyil. O uşağı mən hamıdan çox istəyirəm, amma medal məsələsi maariflikdi.
- Medal lazım deyil, sən elə o dördü beş elə, vəssalam.
- Dördü beş eləsəm, gərək medal versinlər. Day bu pulnan da düzələ bilməz, vaxtı keçib. Bir də ki, o uşağın başı elə qızıl medaldı.
Hansı instituta istəsə girəcək.
Bircə dördə görə attestatı Onun sifətinə vuran atası Balaca Qardaş məktəbi bitirəndə onun attestatını açıb hamı "üç"lərin içində "bədən tərbiyəsi"ndən bir damazlıq "beş" görəndə gülüb dedi:
- Ə, bəs müəllimlər deyirdi bu oxuyan deyil, maşallah, beşə bax ey.
Balaca Qardaş:
- Ata, direktora nə qədər yalvardım ki, o beşi yazıb attestatımı korlama, korladı.
Yalnız bədən tərbiyəsindən "beş" alan Balaca Qardaş Onun kitablarına da, oxumağına da lağ eləyirdi:
- Ə, qaqa, az oxu. Bizim nəsildən alim çıxmaz, pataloku, sovxoz direktoru çıxar, o da varımızdı, hamımıza da bəs eləyir. Tay-tuşların Stepanakertdə kefdədi, sən də yapışmısan bu cındır kitablardan. Özün də qorxma, Kişi pulunu bəri başdan verib, medinstitutda yerin hazırdı.
O vaxt Ağdamda ən dəbdə olan institut Tibb İnstitutu idi. Nə qədər babat kişi vardı, uşaqlarını qoymuşdu bu instituta. Hətta sonra necə bəhsəbəhs düşdüsə, day babat olmayan kişilər də arvadlarının tənəsindən qurtarma üçü əllərində-ovuclarında olanları satıb uşaqlarını Tibb institutuna qoyurdular ki, təki camaat desin:
- Filankəsin uşağı medinstitutda oxuyur...
Tibb İnstitutunda oxuyan uşaqlar da tətilə gələndə şəhərdə özlərini poxyemiş turac kimi elə çəkirdilər ki...
Anası:
- Ə, az danış, özün oxumursan, bundan nə istəyirsən?
- Heç nə istəmirəm, oxuyur cəhənnəmə oxusun, səfeh-səfeh şəkillər çəkməkdən yoruldu, indi də səfeh-səfeh şeirlər yazır. Buna deyin şeir yazmasın.
- Niyə, bala?
- Niyə nədi? Məktəbdə hamı ona şair deyir.
- Şair pis sözdü ki? Səməd Vurğun kimi kişiyə şair demirlər?!
- Yox bir, nədi o, Rasim Balayev oynayır ey, dərisini də soyurlar, hə, Nəsimi! Başa düşmürsünüz ey, ona lağnan şair deyirlər, bildiz!
Yerinə mən utanıram, məktəbdə buna görə onu-bunu döyməkdən günümün yarısını direktorun kabinetində keçirirəm.
Amma sonralar şeirləri dərc olunanda, televiziyada çıxışlar eləyəndə daha qardaşı Onun yerinə utanmayacaqdı, birinci kitabı çıxanda gələcəkdi Bakıya, mətbəədə bir tanış tapıb "Jiquli"nin yük yeri dolusu əlavə kitab çap etdirəcəkdi, aparıb bütün rayona paylayacaqdı. Sonra da düz bir həftə Qozlu bağda Familin pavilyonunda Onun şərəfinə qonaqlıqlar verəcəkdi.
Onda qardaşından soruşacaqdı:
- Day mənim yerimə utanmırsan?
- Nə utanmaq, qaqa?! Bütün dostlarım da sənlə fəxr eləyir. Harda da qai saxlayır, kitabın birini bağışlayıram ki, özüm yazmışam. Qai də şəkilə baxır, mənə baxır, deyirəm nədi ə, bir az qocalığımın şəklidi də. Qaqa, kitabıyın birini də heç bilirsən kimə vermişəm?
- Kimə?
- Ramellaya.
- Nəğmə Müəlliməsinə?
- Ayrı Ramella da var ki? Dedim, ala az, oxu. Bəs deyirdin mənim qardaşımdan heç nə çıxmayacaq?! Özün də biləsən, Ramelladan sənin bütün heyfini almışam. İstəyirsən səni aparım Stepanakertə, bir balaca bacısı var, qalan heyfini də sən ondan al.
- Səfeh, səfeh danışma.
- Özün bil. Canın üçün, Ramelladan on dəfə qəşəngdi.
Və əynindəki dəbdə olan bahalı dəri plaşını da çıxarıb geyindirəcəkdi Onun əyninə:
- Götür geyin, onsuz da Qarabağda hamı bilir ki, mən kimin oğluyam.
Amma Bakıda kim nə bilir ki, kim kimdi. Eşitsələr ki, dədən babatdı, deyəcəklər xəsislik eləyir, geyin. Sən indi məşhur adamsan.
O, geyim məsələsində hər şeyin bazı olduğu kimi şıx geyinməyin də bazı olan Balaca Qardaşdan çox fərqlənirdi. Anası həmişə deyirdi:
- Aqilə nə var ey, nə bişirsən yeyir, nə alırsan geyir, dəvəsi ölmüş ərəbdi.
Və atası da xəsislik-filan eləməmişdi, bu dəvəsi ölmüş ərəbə bahalı plaşın pulunu vermişdi, düz min manat, iki yüzünü xərclik, səkkiz yüzünü də Kubinkadan plaş almaq üçün. O da plaşa verəcəyi həmin səkkiz yüz manata "Kommunist" qəzetinin altındakı bukinistdən Salvador Dalinin albomunu almışdı, bir dənə də ucuz plaş.
(ardı gələn sayımızda)