Bakıda qlobal təhlükəsizlik çağırışları müzakirə olunur - İlham Əliyev mühüm məqamlara diqqət çəkdi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb.
Adalet.az-ın məlumatına görə, tədbirin açılışından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub.
Prezident müraciətində Bakı Təhlükəsizlik Forumunun beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından mühüm platformaya çevrildiyini qeyd edib. Dövlət başçısı forumun iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsini və müzakirə olunan məsələlərin aktuallığını Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi kimi qiymətləndirib.
Dövlət başçısı bildirib ki, dünya hazırda sürətli və mürəkkəb dəyişikliklər dövrünü yaşayır. Beynəlxalq münasibətlər sistemində baş verən proseslər, geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda davam edən münaqişə və qarşıdurmalar qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir.
Prezident İlham Əliyevin sözlərinə görə, “etimad böhranının kəskinləşməsi və qarşılıqlı anlaşmanın çətinləşməsi milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini və beynəlxalq sabitliyin qorunmasını bütün ölkələrin qarşısında duran fundamental və təxirəsalınmaz prioritetə çevirir”.
Forum çərçivəsində aparılan ilkin müzakirələrdə də müasir təhlükələrin artıq ayrı-ayrı dövlətlərin sərhədləri daxilində məhdudlaşmadığı vurğulanıb. Terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya, narkotik dövriyyəsi və kibercinayətkarlıq kimi transsərhəd təhdidlərin xarakterinin dəyişməsi təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir.
Prezident İlham Əliyev müraciətində bu məqama xüsusi diqqət çəkərək qeyd edib ki, “təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır”. Onun sözlərinə görə, hər hansı regionda yaranan böhran və ya gərginlik qısa müddət ərzində digər regionlara təsir göstərə, siyasi və iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə zərər vura, nəqliyyat və kommunikasiya əlaqələrində ciddi fəsadlara yol aça bilər.
Bu baxımdan Bakı Təhlükəsizlik Forumunun əsas müzakirə istiqamətlərindən biri müxtəlif təhdidlərin qarşılıqlı əlaqədə qiymətləndirilməsi və onların qarşısının alınması üçün birgə mexanizmlərin formalaşdırılmasıdır. Forumun geniş iştirakçı coğrafiyası milli təcrübələrin müqayisəsi, peşəkar əlaqələrin inkişafı və ortaq həll yollarının axtarılması üçün imkan yaradır.
Tədbirdə çıxış edən DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev ölkə başçısının təşəbbüsü ilə əsası qoyulan və ildən-ilə əhatə dairəsi genişlənən forumun iştirakçılarını növbəti dəfə Bakıda salamlamaqdan məmnunluğunu bildirib.
Forumda 600-ə yaxın yüksək səviyyəli nümayəndənin iştirak etməsi 2023-cü ildən etibarən Bakı platformasında başlayan davamlı dialoqun coğrafiyasının genişləndiyini göstərir. Xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbərlərinin geniş iştirakı isə təhlükəsizlik məsələləri üzrə qarşılıqlı etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlıq imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev də müraciətində müasir təhlükələrin miqyasının dövlətlər arasında daha çevik və əlaqələndirilmiş əməkdaşlığı zəruri etdiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, “dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir”.
Müraciətdə terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq və digər transsərhəd təhdidlərin daha mürəkkəb xarakter almasına da diqqət çəkilib.
Xüsusilə müasir texnologiyaların terrorçuluğun fəaliyyət dairəsinin genişləndirilməsi üçün istifadə olunması yeni risklər yaradır. Prezident İlham Əliyev rəqəmsal imkanlardan, o cümlədən süni intellektdən bədniyyətli istifadənin radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə mənbələrinin genişlənməsinə və yeni tərəfdarların cəlb edilməsinə təkan verə biləcəyini qeyd edib.
Forumda səsləndirilən fikirlərdə də kiberimkanlar, süni intellekt və kosmik sistemlər uğrunda qlobal rəqabətin güclənməsi, silahlanma xərclərinin və münaqişələrin artmasının regional proseslərə təsiri diqqət mərkəzində olub. Belə proseslərin enerji və ərzaq təhlükəsizliyi də daxil olmaqla müxtəlif sahələrdə əlavə risklər yaratdığı və terrorçuluq üçün əlverişli zəmin formalaşdıra bildiyi vurğulanıb.
Bu şəraitdə təhlükəsizlik orqanları arasında məlumat mübadiləsinin, peşəkar əlaqələrin və qarşılıqlı etimadın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bildirib ki, təhlükəsizliyin etibarlı təmin olunması üçün yalnız mövcud təhdidlərin nəticələri ilə mübarizə aparmaq kifayət deyil, riskləri əvvəlcədən müəyyən etmək və onların qarşısını vaxtında almaq vacibdir.
Dövlət başçısının sözlərinə görə, bunun üçün “dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizlik orqanları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı məlumat mübadiləsinin effektivliyinin artırılması” xüsusi əhəmiyyət kəsb edir.
Bakı Təhlükəsizlik Forumunun da əsas məqsədlərindən biri məhz bu istiqamətdə açıq və etibarlı dialoqun inkişaf etdirilməsi, müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlığın genişləndirilməsi və müasir təhdidlərə qarşı birgə yanaşmaların müəyyənləşdirilməsidir.
Prezident İlham Əliyev müraciətinin sonunda IV Bakı Təhlükəsizlik Forumunda aparılacaq müzakirələrin müasir qlobal təhlükəsizlik çağırışlarının daha dərindən dərk edilməsinə və onların qarşısının alınması istiqamətində yeni yanaşmaların müəyyənləşdirilməsinə şərait yaradacağına əminliyini ifadə edib.
Dövlət başçısı forumun xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinə, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə və gələcək nəsillər naminə daha sabit və təhlükəsiz dünyanın formalaşdırılmasına xidmət edəcəyini vurğulayıb.
Digər Xəbərlər
22 Sentyabr 2026 14:17
"Yeni proqram regionların inkişafına dair gündəliyimizi əks etdirir" - İlham Əliyev
22 Sentyabr 2026 14:12
"Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür" - Dövlət başçısı
22 Sentyabr 2026 14:11
Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
22 Sentyabr 2026 14:06


Bakı -°C

