Yaxşılıq səssiz ediləndə insanların qəlbində qalır
Bəzən bir insan haqqında danışmaq üçün onun vəzifəsini deyil, insanlara münasibətini anlatmaq kifayətdir.
Artıq altı ildir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nin Ağdam Rayon Polis Şöbəsinin rəisi Pərviz İsmayılovun qazilərimizə, şəhid ailələrinə və maddi imkanı məhdud ailələrə göstərdiyi diqqətin şahidiyəm.
Hər il sentyabr ayında qazilərimizin və imkansız ailələrin övladlarının məktəbə hazırlığı üçün məktəbli geyimləri, çantaları, dəftərxana ləvazimatları və digər ehtiyacları qarşılanır. Yeni il, Ramazan və Qurban bayramlarında isə bir çox qazi, şəhid və ehtiyacı olan ailənin qapısı döyülür, bayram sovqatları çatdırılır.
Amma mənim üçün bu diqqətin ən dəyərli tərəfi onun yalnız maddi yardımla məhdudlaşmamasıdır.
Qazimizin toyu olanda sevinclərinə şərik olmaq, xəstələnəndə halını soruşmaq, çətinliyə düşəndə yanında olmaq — bunlar insanın vəzifəsindən daha çox, ürəyinin böyüklüyünü göstərən davranışlardır.
Yaxın günlərdə qazilərimizdən birinin əməliyyat keçirməsi, ayağının amputasiya olunması xəbəri hamımızı sarsıtdı. Belə ağır bir anda ilk olaraq onun yanında olanlardan biri də Pərviz İsmayılov oldu. Özünün tapşırığı ilə əməkdaşlarının qazimizi xəstəxanada ziyarət etməsi, onun səhhəti ilə maraqlanması və ailəsinə mənəvi dəstək göstərməsi xüsusi diqqətə layiq bir davranışdır.
Mən bu ailələrin bir çoxunu tanıyıram. Kiminsə məktəbli övladının ehtiyacı olur, kiminsə bayramda qayğıya ehtiyacı olur, kiminsə xəstəlik xəbərini eşidirik, kiminsə sevincinə şərik olmaq lazım gəlir...
Mənim gördüyüm iş isə sadəcə bir körpü olmaqdır — ehtiyacı olan ailəni tanımaq, onların vəziyyətini çatdırmaq və yardım etmək istəyən insanla həmin ailəni bir araya gətirmək.
Bu illər ərzində dəfələrlə bunun şahidi olmuşam: Pərviz İsmayılov heç vaxt məndən - “kimdir?” deyə soruşmayıb , “nəyə ehtiyacı var?” deyə soruşur.
Bəlkə də insanlıq elə budur.
Çünki Şəhid ailəsinin, qazinin, xəstə və ya imkansız bir insanın yanında olmaq yalnız bayram günü bir sovqat aparmaq deyil. Bəzən bir telefon zəngi, bir “necəsən?”, bir xəstəxana ziyarəti, bir toyda yanında olmaq, bir çətin gündə əl uzatmaq insan üçün maddi yardımdan daha qiymətli olur.
Ağdam bizim üçün sadəcə doğma torpaq deyil. Burada hər evin bir xatirəsi, hər ailənin bir ağrısı, hər qazi və şəhid ailəsinin özünəməxsus hekayəsi var.
Və mən bir Ağdamlı, bir Şəhid anası kimi, bu insanların yanında olan hər kəsi qiymətləndirməyi özümə borc bilirəm.
Pərviz İsmayılovun illərdir davam edən bu diqqəti və qayğısı üçün təşəkkür edirəm.
Allah qazilərimizə şəfa, şəhidlərimizə rəhmət, ailələrinə səbir versin.
Yaxşılıq səssiz ediləndə belə, onun izi insanların qəlbində qalır.
Biz o izi görürük, bilirik və unutmuruq.
Maya Quliyeva
Digər Xəbərlər
14 Sentyabr 2026 10:54
Əbülfət Mədətoğlu - Həyatımdakı 11 sentyabr
14 Sentyabr 2026 10:53
“Ağıl öyrətmək zorunda qaldığım bu mövzuya bir də qayıdası olmayacağam”
11 Sentyabr 2026 16:21
Rafiq ƏLƏKBƏR: Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadənin dastanı
11 Sentyabr 2026 13:34


Bakı -°C

