adalet.az header logo
  • Bakı -°C
11 Sentyabr 2026 16:21
28
ƏDƏBİYYAT
A- A+

Rafiq ƏLƏKBƏR: Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadənin dastanı

Biri vardı, biri yoxdu,
Biri gəldi, biri getdi,
Biri öldü, amma dirilən olmadı.
Dünya da düzəlmədi ki, düzəlmədi.
Amma bunun kənddə iki nüfuzlu şəxsə -  
Qarpızəli ilə Yarpızəliyə heç bir dəxli yox idi. 
Çünki onlar öz işlərində idilər.
Onların dostluğu otuz ili də ötmüşdü.
Qarpızəlinn qarpızları kənddə ad çıxarmışdı.
Hətta qonşu kəndlərdən də onun 
qarpızlarını alanların sayı-hesabı yox idi.
Qarpızəlinin, qarpızlarının keyfiyyətini 
yoxlamaq üçün özəl bir üsulu var idi,
bunun üçün o, özünə taxta çömçə düzəltdirmişdi.
Alıcılara qarpız satanda çömçə ilə qarpızı döyəcləyir,
“əgər qarpız yaxşı çıxmasa, 
bu çömçəni başımda sındıracağam” deyirdi.
Qarpızəli Çömçəzadə ayaması buradan yaranmışdı.
Kənddə söz-söhbət yayılırdı ki, 
Qarpızəli Çömçəzadə qarpız satanda 
bəzən adamları çəkidə aldadır,
xüsusilə qoca və azyaşlı uşaqlara qarşı 
bu üsuldan daha rahat istifadə edir.
Belə söz-söhbətlərin qarşısını almaq üçün 
Qarpızəli Çömçəzadə tez-tez camaatın içində,
özü də qışqıra-qışqıra qarpız çəkisində aldadanın
var-yoxuna, arvadına nalayiq ifadələr işlədirdi.
Camaat da onun bu həmləsindən sonra
ona iftira atdıqlarını düşünür, peşmançılıq çəkirdi.
Kənddə də heç kəslə oturub-durmurdu,
Yarpızəli Nimçəzadədən başqa.
Yarpızəlinin kəndin düz ortasında
iki kvadradmetrik, palçıq kərpicdən 
“Yarpız market” adlanan dükanı var idi.
Bu marketdə yarpızdan başqa da xırda-para şeylər də
satırdı, əsasən yarpızla ad çıxarmışdı.
Yarpızəli yarpızını nimçədə satırdı.
Bir nimçə bir manat.
Yarpızəlinin satdığı yarpızlar bəzən 
nanə ilə qarışdırılırdı. 
Yarpızəli bu iradlara belə cavab verirdi ki,
yarpızla nanə eyni cinsdəndir, 
daha doğrusu, qohumdurlar,
ona görə də qohumu qohumdan ayırmaq olmaz.
Camaat da Yarpızəlinin bu məntiqinə heyran qalırdı. 
Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadənin 
kənddə var-dövləti o qədər artdı ki, 
hesab etdilər, artıq kəndə sığışmırlar.
Ona görə bizneslərini şəhərə daşımaq qərarına gəldilər.
Şəhərdə daha da varlanmaq üçün şərtlər münasib idi.
Çox keçmədən onlar şəhərdə ev tikintisi biznesinə girişdilər.
Bu biznesə girişməzdən əvvəl bu bizneslə məşğul olan 
təcrübəli biznesmenlərin kurslarına qoşuldular, bu təcrübə 
onların ev biznesində çox karlarına gəldi.
Ev biznesinə başlayan kimi onlar iş axtaran xeyli cavanı 
tikintiyə cəlb etdilər, lakin bir neçə ay sonra onları 
guya işlərini bacarmırlar deyə maaşlarını vermədən
işdən qovdular, yeni bir dəstəni işə cəlb etdilər,
onların da başına həmin oyunu gətirdilər.
Bu taktika o qədər təkrarlandı ki,
doqquzmərtəbəli ev artıq hazır oldu.
Seminarda onları öyrətmişdilər ki, 
bir evi üç-dörd nəfərə satmaq pul üstünə
çoxlu miqdarda əlavə pullar gətirir,
bu üsul onları daha çox varlandırdı.
Ev alan müştərilərin çoxu əsəbdən, 
şəkərdən, infarktdan çərləyib öldülər.
Ancaq bu, onları düşündürmürdü. 
Artıq Qarpızəli Çömçəzadə ilə 
Yarpızəli Nimçəzadə quda olmuşdular - 
Yarpızəli Nimçəzadənin qızı 
Qarpızəli Çömçəzadənin oğluna ərə getdi. 
Toydan üç gün sonra qız Yunanıstanda - 
Egey dənizini sahilində villa alıb orada yaşamağa başladı.
Oğlan isə Amerikada yaşamağa üstünlük verdi.
Onlar ildə bir dəfə görüşməyə söz vermişdilər.
Birgə nikahdan narazılıqları yox idi,
bir ailə kimi özlərini çox xoşbəxt hesab edirdilər.
Bu minvalda Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadə 
bizneslərini daha da genişləndirmişdilər.
Nə odusa, çərxi-fələk birdən-birə tərsinə döndü.
Günlərin bir günü onların ofisinin qabağında xeyli sayda
insan toplaşıb pullarını və evlərini tələb etməyə başladılar.
Əlaqədar orqanlar bundan xəbər tutdular.
Bir də gözlərini açanda qollarında qandal,
özlərini dustaq kamerasında gördülər.
Bütün zərərçəkmişələrə dəyən ziyan, 
üstəlik mənəvi ziyanın pul ilə
kompensasiyası birlikdə ödənilməli idi.
Girov müqaqbilində onlar həbsdən azad edildilər ki,
zərərçəkmişlərini pullarını ödəsinlər.
Bu ziyan artıq 100 milyonu da ötmüşdü.
Bir də gördülər ki, bütün villalarını, 
bağ evlərini, maşınlarını satıblar, 
bircə kənddəki ata evləri qalıb.
Ora köçüb yaşamaqdan başqa çarələri qalmamışdı.
Lakin kəndə qayıtmamışdan qabaq Binəqədi kəndində
çoxdan tanıdıqları bir mollanın yanına gedib dindən, 
imandan kiçicik bir dərs aldılar,
bir neçə ərəb kəlməsi öyrəndilər,
ərəb dilində bir necə söz də yazdılar.
Dini libasa bürünmək üçün saqqal vacib şərt idi,
özü də ağ rəngdə saqqal, 
lakin saqqal saxlayanda gördülər ki,
onların saqqalı ağ rəngə deyil, 
sarı rəngə çalır, sanki saqqalları şeytan tükü idi.
Məcbur olub saqqallarını ağ rənglə boyadılar
və kəndlərinə qayıtdılar.
Kənddə onları əsl ağsaqqal kimi qarşıladılar.
Qarpızəli Çömçəzadə Yarpızəli Nimçəzadə 
ata evlərini bir qədər qaydaya saldılar, 
qarşısında kiçik bir stol və stul qoyub 
hər gün təsbeh çevirirdilər.
Kənd camaatı onların kəndindən belə
ağsaqqallar çıxdığına görə fəxr edirdilər.
Hər gün onların başına xeyli cavan, qoca yığışır,
Qarpızəli ilə Yarpızəli isə keçdikləri 
həyat yollarından xatirələr danışırdılar.
Bu xatirələrdə əsasən ozlərinin haqdan,
ədalətdən yoğrulmuş əməllərindən bəhs edilirdi.
Gənclərə tövsiyə edirdilər ki, heç vaxt 
dünya malına uymasınlar, dünya malı 
dünyada qalacaq, heç kəsin haqqını yeməsinlər.
Çalışıb kasıblara kömək etsinlər.
Camaat artıq onların nəsihətinin fərqinə varmışdı.
Bir gün kəndin mollası rəhmətə getdi,
kənd camaatı fikirləşdi ki, qonşu
kəndlərdən molla gətirməkdənsə,
öz kənlərində yaşayan “saleh” ağsaqqalar - 
Qarpızəli Çömçəzadə ilə 
Yarpızəli Nimçəzadəyə müraciət etsinlər,
Bunların başqalarından nəyi əskikdir?!
Gözəl dini rəvayətlər danışırlar,
ərəbcə yazıb oxuya bilirlər, həm də pulu 
özgəsinə niyə versinlər ki...
O gündən Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadə
kəndin əsas mollaları oldular, bütün hüzr, 
yas məclislərini birlikdə yola verirdilər.
Kefləri yenə damaqlarının üstündə idi,
hər gün bozbaş, aş yeyirdilər, pullar da öz yerində.
Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadə
axşam evlərinə gələndə indiki həyatlarından 
razılıq ifadə edirdilər, - “kənddə ölən adamların 
hüzr, yas məraimlərindən qazandıqlarımız 
bizim halal haqqımızdır”, - deyidilər.
- İndiyədək bizim əməllərimizdən o qədər 
adam çərləyib ölüb ki, xeyrini o, bu görüb,
əvvəl-axır biz də öz əməllərimizdən fayda görməliydik.
Onların bircə problemi kənddə ölülərin azlığı idi,
ona görə yavaş-yavaş qonşu gəndlərə yol tapmağa başladılar.
Kefləri bir az da duruldu, dil töküb deyirdilər ki, 
ölülərlə işləmək dirilərlə işləməkdən qat-qat yaxşı imiş.
Çünki ölülərin üstündə nə oxuyursan oxu, cavab qaytarmırlar...
Belə qərara gəldilər ki, onlar bu düşüncələrini 
kitab şəklinə salsınlar... Beləcə onlar
“Ölülərlə işləməyin fəzilət və faydaları” 
adında kitab  buraxdılar.
Amma bu kitabın üzünü görmədilər, 
çünki ölüm onları qəflətən yaxaladı.
Onların ölümü belə oldu:  
Ahıl bir kişinin ehsanında Qarpızəli Çömçəzadə 
bozbaşın ətindən yedikcə yedi,
qəflətən ətin sümüyü onun boğazında qaldı, 
camaat nə qədər çalışdısa sümüyü 
onun boğazından çıxara bilmədilər,
Qarpızəli boğazında sümük oradaca keçindi.
Ağlaşma səsi kəndi ikiqat, üçqat bürüdü,
Yarpızəli dostuna görə çox ağır vəziyyətə düşmüşdü,
Camaat onu anlayır, təskinlik verməyə
cəhd etsələr də, heç nəyə nail ola bilmirdilər.
Tabutun qabağında ön sıraya keçdi 
və tabutu qaldıranlardan biri oldu.
Arada ucadan “Dostumun cənazəsini 
öz çiynimdə aparmalıyam”, - deyirdi.
Cənazə daşıyanlar tabutun qabaq sırasında 
Yarpızəli Nimmçəzadənin tez-tez qışqırıq səslərini eşidirdilər.
“Elimizə ağır itki üz verdi vay-vay...”.
Onunla birlikdə cənazəni daşıyanlar görürüdülər ki, 
Yarpızəıi köklükdən yeriyə bilmir, addımlarını zorla atır,
lakin bu fədakar gedişinə görə qəlbini qırmaq istəmirdilər.
Birdən Yarpızəli Nimçəzadənin ayağı səndələdi,
onsuz da zorla addım atdığına görə 
müvazinətini saxlaya bilməyib yıxıldı.
Tabut da düz onun üstünə düşdü.
Camaat tabutu qaldıranda, gördülər ki, 
Yarpızəli elə tabutun altındaca canını tapşırıb.
Camaat dəfni bir qədər gecikdirib tabutu qoşalaşdırdılar.
Bu iki dost o dünyaya da birlikdə getdilər.
Başdaşlarının üstündə bu sözləri yazdılar:
“Ölülərlə işləmək dirilərlə işləməkdən yaxşıdır...”.