Gözlərində gizlənən qız - Əntiqə Kərimzadə yazır…
(Kor Zəminənin xatirəsinə)
Zamanın küləyi insanı hansı səmtə atırsa, insan da o cığırla gedir. O yolu tutur, o hislərin arxasınca qaçır. Qaçdığı yolda nə qədər yorulursa, nə qədər büdrəyirsə, bir o qədər də ürəklənir.
Əvvəlki ürkək baxışları ürəyində basdırır. Qaranlıqlara qərq edir. Bütün basdırdıqlarımızı unuda bilirik. Unuda bilməsə də, həmin yaranın üstün örtməyi bacarırıq. Bacara bilməsək də bu ömür yolunda təngənəfəs oluruq…
Yadımdadı, uşaq olanda nənəm həmişə kimdənsə nigaran qalanda filankəs ürəyimin qaranlığıdır, deyərdi.
Zəminəni Esmira Məhiqızının xatirələrindən tanıyıram. Esmira xanımın şeirlərini oxuyanda elə bilirəm ki, Zəminə danışır. Heç Zəminənin necə danışdığın da bilmirəm. Səsin eşitməmişəm, üzün görməmişəm. Amma sanki illərdir tanıyıram. Elə bilirəm ki, onun əlindən tutub gəzdirən də , onu oyuna çağıran də mən idim…
İlk dəfədir ki, heç üzünü görmədiyim, səsini eşitmədiyim adamın ağrılarını hiss edirəm. Mənə elə gəlir ki, Zəminənin ən çox mədət umduğu yer məhz elə onun gözləridir.
Zəminənin əkiz tayı da var imiş- Əminə. Zəminənin daha çox o gəzdirirmiş. Onun da ağrıları az deyilmiş. Amma Zəminə mənim üçün özü boyda bir işığa çevrilmişdi. Özü boyda? Özü nə boyda idi ki? Suallar beynimi təpikləyir…
Axı mən Zəminənin görməmişdim. Heç bilmirəm hündürboy idi, yoxsa bəstəboy, kök idi, ya arıq, əsmər idi, ya sarı… Bilmirəm… Bircə onu bilirəm ki, Zəminə işıq gələn tərəfi gözlərinin qaranlığında tapırdı. Mənə elə gəlir ki, onun gözlərinin qaranlığını ürəyinin işığı aydınladırdı. Qəribədir, heç uşaqlıqda kor oyun dostum da olmayıb. Bu sevgi Zəminəyə hardandır?
İllərdir Esmira xanım Zəminəyə şeir yazır. Həmin şeirlərdə Zəminə körpə kimi ağlayır, uşaq kimi oynayır, gənc qız kimi nazlanır, amma böyümür ki, böyümür. Xatirələrə hopur, bəzən oyunlardan boylanır, gülüşü misralara çevrilir, harayı gözlərindən o tərəf keçmir. Birdə baxırsan ki, tale Zəminəni çox uzaqlara aparıb, amma izləri şeirlərdə qalıb. Gözləri də çox uzalqara baxır, ancaq Zəminə xatirələrindən başqa heç nəyi görə bilmir…
Mənə elə gəlir ki, Zəminə yaşaysaydı, onun ən çox tutunduğu yer Esmira xanımın şeirləri olardı.
İndi Zəminə həyatda yoxdur, amma həm də var. Danışır, oynayır, qaçır…
Öz gözlərində gizlənir… Esmira Məhiqızının xatirələrində yaşayır…


Bakı -°C

