adalet.az header logo
  • Bakı -°C
07 Sentyabr 2026 10:48
68
ƏDƏBİYYAT
A- A+

"Niyə"yə veriləcək cavab - Pərvanə Bayramqızı yazır

Yaxından müşahidə, dərindən təhlil edəndə görürük ki, heç kəs problemsiz yaşamır. Hərə bir tərəfdə xiffət çəkir, sadəcə, bunu hiss etdirən və etdirməyən var. Baş verənlərin içində diqqətçəkən, daha çox üzüntülü olan bir məqam budur: ayrı-ayrı evlərdə yaşayan bədbəxtlərin çoxu xoşbəxtliklərini bir-birində tapır. Görünür, ilk günlərdə seçdiyimiz yolda səhv eləmişik. Dərk edəndə gec olur, amma həyatımızı təzədən ürəyimiz istəyən kimi yaşamaq həvəsinə düşürük. Yanlışı yenidən düzəltmək özü də yanlış kimi qarşılansa da, adam itirdiyi səadətini tapmaq, sıxıb ovcunda saxlamq istəyir. Di gəl ki ətrafdakılar vaxtsız-vədəsiz tapılan bu xoşbəxtliyi yaşamağa imkan vermir, onu əlindən almağa çalışırlar.

İnsanlar bir-birinin dincliyini, sevincini, uğurunu qəbul edə bilmirlər. Hamı bir-birinə "yaşadıqlarımı yaşamalısan, məndən yaxşı olmamalısan" ultimatumu verir.

"Səni başa düşürəm" deyənlərə inanmaq olmaz. Qeyri-səmimidirlər, söz xatirinə deyirlər. Anlasalar, "səni başa düşürəm" deyəndən sonra söylədikləri fikirlər ağıllarında olmaz. "Səni başa düşürəm, amma filan şeyi düz eləmirsən" deyildisə, aydındır ki, başa düşməyiblər, əzablarını duysaydılar, başına gələni öz arşınları ilə ölçməzdilər. 

Kimsə nəsə edəndə yalnız etdiyini görürlər, niyəsindən heç kəsin xəbəri olmur, bunu öyrənmək də maraqlı görünmür. "Niyə"yə veriləcək cavab da adamları düşündürmür, incitmir. Əsas odur, günahkar tapsınlar, ittiham eləsinlər. Çətin vəziyyətdən çıxarmağa çalışmaz, səhvini axtarmağa "səfərbər" olarlar. Ona görə də insan özü güclü olmalı, əsassız, qərəzli ittihamlardan məyus olmamalı, ruhdan düşməməlidir. Haqlı olan əvvəl-axır qalib gəlir. Sonda həqiqət özü ortaya çıxacaq. Təki sağlamlıq adamı yarı yolda buraxmasın. Sağlam olanda hər cür mübarizəyə atılmaq, hər əzaba dözmək olur, üstəlik "döyüşlərdən" sağ çıxma ehtimalı da yüksəkdir. Hər kəs səndə olanları öz yanaşması ilə müqayisə edir, öz həyatı ilə qarışdırır. Əzabını duya bilməyən, əzabından doğan rəftarını müzakirəyə çıxarır. Ölən ümidlərin, puç olan xəyalların, nakam qalan arzuların kimsəni məyus etməz. 

Bir insanın nələrdən keçdiyini, nələri itirdiyini bilmir, duymursunuzsa, niyə onu qınayır, ağıl öyrətməyə çalışırsınız? Niyə hər kəsin öz həyatı, öz davranışı olduğunu nəzərə almırsınız? Birinin qəbul etdiyini digəri qəbul etməli deyil. Hərə bir şeydən imtina edir, hərə bir şeydən ötrü canından keçir. 

Bir də hər kəs öz gözündəki tiri görsə yaxşı olar. Özünün səhvlərini, çatışmayan cəhətlərini görməyən başqasında zərrə boyda nöqsanı təhlil eləməyə başlayır. Çoxunun adi vəziyyətdə sakit danışdığını, özünə narahatlıq verən mövzu, yaxud hadisə olanda qiyamət qopardığını görmüşük. Sən yananda tərpənməyənlər alov özlərinə çatanda fəryad qoparır, “yanğınsöndürən” axtarırlar. İnsanlar belədir. Qırx yaşında evlənəni qınayan cavan oğlan özünün əlli yaşı olanda ikinci qadınla da evlənir. İkinci dəfə ərə gedən qadına pis münasibət bəsləyən isə ailəsindən ayrılmamış başqasına qoşulub qaçır. Amma vaxtilə müzakirələrdə adamlara ağıl öyrətmişdilər. Çoxu növbə özünə çatanda ədalət tələb edir. Haqqı tapdanana laqeyd qalır, etiraz edənə həyasız kimi baxır.
Sənin narazılıq etdiyini qabardan şəxs özünün utanmazcasına etdiyi tələblərin, həyasızlığın qəbahətini bilmir. Ona görə də özümüzü kiməsə hesabat vermək məcburiyyətinə salmayaq. Özümüzü kiməsə anlatmağa çalışmayaq. Duyan duysun, duymayan özü bilər. Nə vaxtsa sənin vəziyyətinə düşəndə, onda öz-özünə təzədən deyəcək: yazıq filankəs, səni indi başa düşdüm.