adalet.az header logo
  • Bakı 13°C

Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… -  VII (DAVAMI)

AQİL ABBAS
1441 | 2023-01-22 18:17

(Abdal-Gülablı Şakirin xatirəsinə)

(povestdən bir parça)

ƏVVƏLİ BURADA

***

Bu vaxt yoldan polis maşını ötürdü. Polislər xeyli camaatın bir yerə toplaşdığını görüb maşını saxlayıb düşdülər və yaxınlaşdılar topaya. Adamları yara-yara gəldilər düz Şakirin qarşısına:

- Nədi, ə, mitinqdi?!

Şakir:

- Yox, nümayişdi.

Polisləri görən camaat götürüldülər evlərinə. Bir dəqiqənin içində meydan boşaldı, qaldı polislər, Şakir, bir də Market Vəliş.

Şakir qaçanların arxasınca bağırdı:

- Ə, hara qaçırsız? Ermənilər döyül ey, öz milsənerlərimizdi.

Polislərin biri Şakirin üstünə çəmkirdi:

- Ə, ağzına gələni danışma.

Şakir ona cavab vermədi, çöndü Market Vəlişə:

- Ə, nemes, bu camaatla qaytarajıyıx Qarabağı?

Polis Şakirin sənədlərini istədi. Şakir istədi durub maşından Surenin sənədlərini götürüb versin, yadına sinəsinə vurulan avtomatın qundağı düşdü. Əlinə salıb pencəyinin qoltuq cibindən köhnə Sovet pasportunu çıxarıb verdi polisə.

Polis pasporta baxıb başını buladı:

- Ə, neçə ildi Sovet hökuməti dağılıb, sən hələ pasportunu dəyişməmisən?

- Qaqa, nətəər dağılıf ki, bizim kəndi yandırannarın içində ermənidən çox sovet əsgəri vardı.

Polis:

- Ə, çox danışma, bu camaatı başına niyə yığmışdın?

- Mən yığmamışdım, özdəri yığışmışdı. Mən sakitcə oturuf qarmon çalırdım. Onnardan soruş niyə yığışmışdılar?

- Bilmirsən, küçədə qarmon çalmaq olmaz?

- Niyə? Dilənməy olar, qarmon çalmax yox? Qarmondu dana, özüm üçün məşğulat eliyirdim. İsdiyirsiniz sizə də çalım?

Polisin biri tutdu qolundan:

- Dur otur maşına, gedək şöbəyə. Orda aydınlaşdırarıq.

Şakir dinməz-söyləməz durdu ayağa, polis maşınına tərəf gedəndə çevrilib Market Vəlişə dedi:

- Ə, nemes, qarmonu qoy kafeyə. Bizim arvada da denən ki, Şakiri apardılar milisə. Bir kağıza Şakirə azadlıx yazıf, beş-altı arvadı da götürüf gələr milis şöbəsinə;- sonra da bərkdən gülüb əlavə elədi, - Ə, ağlın kəsməz deyərsən ey, zarafat eliyirəm. Sən qarmonnan muğayat ol, bir azdan qayıdajam.

Polislər Şakiri götürüb gəldilər şöbəyə. Serjant girdi rəisin kabinetinə raport verdi:

- Cənab rəis, bir nəfər qaçqın yataqxanalarının qabağında mitinq təşkil etmişdi, tutub gətirmişik.

Rəis:

- Gətirin içəri!

Şakiri təpə-qapaz edib saldılar rəisin otağına. Şakir polislərin birinin yaxasından tutub dedi:

- Ə, paqonuna arxayın olma. Sən öl, səni eşşəh Avdal kəhrizinnən gələnəcən döyərəm.

Rəis:

- Dəyməyin, görək kimdi, nəçidi? Sarsaqlasa sonra çırparsınız.

Rəis elə Şakir yaşda olardı. Amma Şakir kimi kor-kobud deyildi. Boylu-buxunlu, yaraşıqlı idi, üzünü də qəşəng təraş eləmişdi, saçını da arxaya daramışdı, polis forması ona çox yaraşırdı, lap generala oxşayırdı, amma polkovnik idi.

Şakir:

- Rəyis, amma general forması saa nə yaraşar?

Rəis:

- Cəbhəçisən?

- Yox, ay rəyis. Cəbhəçi qalıf ki? Cəbhəçi Allahverdi Bağırovuydu, Eldarıydı, Nizami həkimiydi, General Ərşadıydı, Sambist Eldarıydı, Avdal Qəhrəmanıydı, hamısı ermənilərnən müharibədə öldü. Bircə Avdal Qəhrəman Allaha şükür ki, sağdı. Özü də şairdi. Hardasa qaşqınçılıx eliyir.

- Bəs, sən niyə ölmədin?

- Mən cəbhəçi döyüldüm axı.

Rəis:

- Camaatı başına yığıb nə deyirdin?

- Rəyis, bayax milsənerlərə də dedim.

- Milsənerlər yox, polislər.

- Olsunnar polislər, nə dəyişir ki? Polislərinə dedim. Mən qarmonçalanam, həyətdə oturuf özümçün qarmon çalırdım, camaat da yığışmışdı başıma.

- Adın nədi?

- Şakir. Avdal-gülaflı Şakir, qarmonçalan Şakir.

- Familyan, atanın adı nədi?

- Vallah, familyam yadımnan çıxıf, dədəmi də nemesdər öldürüf, qəbri də Mazdokdadı, heş gedif üstündə Quran da oxuda bilməmişəm.

Rəis:

- Deyəsən, içkilisən?

- Hə, rəyis, sağlığına bir az babat vurmuşam.

Rəis polisləri çağırdı:

- Ə, bunun üst-başını yoxlamısınız?

- Yoxlamışıq, rəis, tərtəmizdi. Lazımdısa yükləyək?

- Yox, dəyməyin. Basın kepezeyə, aydınlaşdırın görün kimdi.

Bu vaxt Şakirin yadına Rəmişin bayaq Aqil Abbasa dediyi söz düşdü. Fikirləşdi ki, o söz qaidə keçirsə, yəqin burda da keçər.

Dedi:

- Rəyis, Rəmişnən işmişəm.

- Rəmişlə?

- Hə, vallah, rəyis. Həzrət Abbas haqqı, Seyid Lazım ağanın cəddi haqqı Rəmişnən. Mamasıoğluyam.

Rəis Rəmişin adını eşidəndən sonra polislərə dedi ki, siz çıxa bilərsiniz. Durdu ayağa, qəzəbli sifəti də dəyişdi, üzünə bir təbəssüm qondu, yer göstərdi ki, otur. Sonra da düyməni basıb dedi:

- Ay qız, ordan iki stəkan çay gətir. – stolun gözündən də bir qutu şokolad çıxarıb açdı qoydu Şakirin qabağına.

Gözəl-göyçək bir qız nazlana-nazlana iki stəkan çay gətirdi. Şakir də iştahla cilvələnən qıza baxdı, bu də rəisin gözündən yayınmadı. Gəlib oturdu Şakirlə üzbəüz, Şakirin üz-gözünə diqqətlə baxıb dedi:

- Ə, bu nə sir-sifətdi?

- Neyniyim, ay rəyis? Görünür, dədəm məni əkəndə divin yaxşı sulamıyıf, ona görə kələ-kötür olmuşam. Bəxtiyar Vahabzadənin dostu doxtor Nurəddin maa dedi ki, gəl səni göndərim Leninqrada, həkim dostdarımın yanına, sir-sifətinə bir əl gəzdirsinnər. Razı olmadım.

Rəis:

- Nurəddin doktoru da tanıyırsan?

- Hələ Bəxtiyar məllimi də tanıyıram, Xudu məllimi də tanıyırdım. Avdalda o qədər onnara əmlih kavavı çəhmişəm, qarmon çalmışam ki. Hələ deyirdilər ki, gəl səni aparax Bakıya, filarmoniyada kansertini təşkil edəy, istəmədim. Dedim ki, mənimki Ağdam toylarıdı, Qarabağ toylarıdı. Allah bərəkət versin.

- Sən elə yaxşı qarmon çalansan?

- Belə də, Rəmiş deyir ki, Aftandildən yaxşı çalıram. Qarmonu da Rəmiş alıf. Siftəsini təzə eləmişdim ki, dəyəsən köpöyoğlu ürəynən almıyıf, düşdüm milisə.

Rəis yenə Şakirin səhvini düzəltdi:

- Milis yox, polis.

- Savadsız adamam, gözümü açannan paqonlulara milis deyiflər.

- Deyəsən, məndən qorxursan?

Şakir:

- Alikosan, sənnən qorxum?

- Alikonu da tanıyırsan?

- Ağdamda onu tanımayan vardı? Naçalnik uqalovnı rozuskuydu. Özünnən diyən ağdamlılar da onu görəndə yer dəyişirdi.

Rəis güldü:

- Aliko indi bizdə bölmə rəisidi; - dedi sonra qalxdı oturdu öz kreslosunda. Telefonu qaldırıb düymələrdən birini basdı.

Telefondan gur bir səs gəldi:

- Eşidirəm, rəis.

Şakir o dəqiqə Alikonun səsini tanıdı.

Rəis:

- Aliko, sən Ağdamdan qarmonçalan Şakiri tanıyırsan?

- Hə, rəis, qızıl oğlandı. Gözəl də qarmon çalır. Rəmişin də qohumudu. Yaman da adam doluyandı. Özünü gözlə, elə söz deyər, bir batman balla yeyə bilməzsən. Nədi, nə qələt edib ki?

- Heç, elə-belə, qaçqınları başına yığıb mitinq edirmiş, uşaqlar tutub gətirib.

- Rəis, o nə bilir mitinq nədi? Sən allah, burax getsin. Cibinə də bir beş-on manat qoy, yoxundusa özüm durum gəlim.

- Yaxşı, sağ ol, oturub çay içirik.

Sonra rəis katibəni çağırdı:

- Ay qız, gəl bu çayları təzələ.

Qız yenə nazlana-nazlana girdi otağa, stəkanları götürüb çıxdı. Yenə də nazlana-nazlana girdi içəri, çayları qoydu stolun üstünə və nazlana-nazlana da çıxdı.

Şakir:

- Rəyis, Məşədi Abbası tanıyırsan?

- Yox, kimdi ki?

- Ağdamın böyüyü oluf, Mircəfər Bağırovun dostuymuş. İstiyirəm onnan saa bir misal çəkim, xətrinə dəyməz?

- Dəyməz, de gəlsin.

Şakir şokoladın birini götürüb qoydu ağzına, çaydan da bir qurtum aldı, ləzzətlə şokoladı yeyə-yeyə dedi:

- Məşədi iclas keçirirmiş, onun da katibəsi elə sənin bu katibən kimi gözəl-göyçək, findi-furuşka bir qızıymış. Qız bir dəfə nazlana-nazlana Məşədiyə çay gətirir, iki dəfə çay gətirir, hər dəfə də Məşədi onu iştahla süzürmüş. Axırda dözmür, üzünü İclasdakılara tutuf deyir, vallah, bu qız bir gün məni zibilə salajax. İndi özünü gözdə, sənin katibən də bir gün səni zibilə salar.

Rəis qəşş edib güldü:

- Narahat olma, mən elə oğlan deyiləm.

Rəisin kabinetindəki televizor açıq idi. Yenə Vəfa Quluzadə hanısısa şəhərdə baş tutumuş üçtərəfli görüşdən danışırdı. Görüşü yüksək dəyərləndirən Vəfa müəllim həmişəki kimi, yenə çıxsışının sonunda dedi ki, Qarabağa doğru bir addım da irəlilədik. 

Şakir başını bulayıb dedi:

- Rəyis, bu kişini tanıyırsan? 

- Onu kim tanımır ki, nədi ki?

- Heş rəyis, çox nurlu kişidi. Heyif ki, bir az atır. Hər danışığında deyir ki, Qarabağa bir addım da irəlilədih.Hesaflamışam addım -addım Ağdamdakı ət kambinatına çatmışıx. Bir az da keşsə, İmarətə çatajıyıx. Amma ha gedirəm, yenə Evoğlunun üstəki poss yerindədi. 

Rəis: 

- Yaman ağıllı kişisən.Darıxma İmarətə də çatarıq.

- Nə deyirəm təki sən deyən olsun. General adamsan hər halda mənnən çox bilərsən.

Şakir çayını içib qurtardı və soruşdu:

- Rəyis, indi mən olmuyan evimə gedə bilərəm?

Rəis bayaqkı polisləri çağırdı:

- Ə, bunu hardan gətirmisiniz, aparın ora da qoyun. Şakir, sabah axşam gələcəm yataqxanaya, görüm necə qarmon çalırsan?

- Sonra da mitinq adıynan səni də mənim gözümə qatıf gətirərlər bura.

- Qorxma, gətirməzlər, sabah axşam gələcəm.

Şakir qalxdı, sonra üzünü rəisə tutub dedi:

- Rəyis, Rəmişin qardaşı Vaqifin toyuymuş, Hüseyn dayı Rəmişə deyir ki, toyu özün apararsan. Rəmiş də qayıdır ki, papa, Allah haqqı yoxlamışam, mənə pulsuz çalmax düşmür. Rəyis, indi maa da pulsuz çalmax düşmür.

Rəisi yenə gülmək tutdu:

- Aliko demişkən varsan. – sonra da əlini atıb stolun gözündən bir konvert çıxartdı, - ala, qoy cibinə. Sənin qismətinmiş. Amma sabah axşam gələcəm.

Şakir konverti alıb qoydu cibinə, üzünü tutdu onu gətirən polislərə:

- Bunu sizin hesavınıza qazanmışam, isdiyirsiz siznən bölüm?

Polislər başını buladı. Rəisin kabinetindən çıxdılar, oturdular maşına. Bayaq gələndə arxada domuşub oturan Şakir keçdi qabaq qapını açdı, forslu-forslu əyləşdi və polislərə dedi:

- Hə, indi getdik üzügüləbətinə.

 

(Ardı olacaq. Özü də Rasim Müzəffərlinin xətrinə)

TƏQVİM / ARXİV