adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… -  VI (DAVAMI)

AQİL ABBAS
917 | 2023-01-17 23:10

(Abdal-Gülablı Şakirin xatirəsinə)

(povestdən bir parça)

ƏVVƏLİ BURADA

***

Yasamal qəbiristanlığına çatanda, yadına Xudu Məmmədov düşdü. Bakıda elə də çox olmamışdı, bir əsgərliyə gedəndə, bir də qayıdanda şəhərdə iki-üç gün qalıb azadlığın kefini çıxarmışdı, bir də Xudu Məmmədov rəhmətə gedəndə gəlmişdi onun dəfninə. Ürəyində dedi ki, bir də nə vaxt yolum bura dəşəcək, girim Xudu Məmmədovu bir ziyarət edim, bir «Yasin» oxutdurum ruhu şad olsun.

Sürücüyə dedi:

- Qaqa, bir məmməd də verəcəm, qəbirsanlığın içinnən sür.

İkinci Fəxri Xiyabana çatanda dedi ki, qaqa, burda saxla. Düşüb girdi içəri, axtarıb Xudu müəllimin məzarını tapdı, başdaşını öpdü, sonra bir «Fatihə» də verdi.

Marağa sürücü də onunla birgə gəlmişdi qəbiristanlığa. Soruşdu:

- Qədeş, qohumundu?

- Qaqa, görmürsən Xudu Məmmədovdu, professor, alim.

- Mən də eşitmişəm. Dedim bəlkə qohumundu?

- Qaqa, belə qohumum olsa nə dərdim olardı?

Xiyabana iki nəfərin girdiyini görən bir molla tez özünü içəri saldı, yaxınlaşdı onlara, uca səslə dedi:

- Allah rəhmət eləsin!

- Allah sənin də ölənlərinə rəhmət eləsin, - dedi Şakir çevrildi mollaya tərəf, gözlərinə inanmadı, Qədir Rüstəmovun bacanağıydı; - Ə, sən Qədirin bajanağı döyülsən?

Molla:

- Sən də Şakir döyülsən?

Qucaqlaşdılar.

- Qədir nətərdi?

- Vallah, xəbərim yoxdu, Oğuzda olur.

- Bəs, sən qəbirsanlığda nəzirsən?

- Mollalıq edirəm. Gündə beşdən-ondan qazanıram, Allah bərəkət versin. Uşaqları ac qoymuram.

Şakir əlini saldı cibinə, pul çıxardıb uzatdı mollaya:

- Xudu məllimə də bir yasin oxuyarsan.

Molla pulu almadı:

- Ə, qoy cibinə. Xudu müəllimin yasinindən pul alacam?!

Molla şirin bir avazla «Yasin»i oxuyub qurtardı və soruşdu:

- Kimin adından xətm eləyim?

- Ağdamlıların.

Yenə qucaqlaşıb ayrıldılar. Gəlib oturdular maşına, sürücü çevrilib mənalı-mənalı Şakiri süzdü.

Gəlib çatdılar nəşriyyata.

Sürücü:

- Bu da nəşriyyat.

Şakir əlini saldı cibinə ki sürücüyə bir məmməd də versin, sürücü bayaq ondan aldığı üç məmmədi də qaytardı Şakirə:

- Yaxşı kişiyə oxşayırsan, götür pulunu. Sən ki Xudu Məmmədova yasin oxutdurdun halaldı, - və zorla pulu verdi Şakirə.

Şakir maşından düşüb qapını örtəndə dedi:

- Elə sən də yaxşı kişiyə oxşuyursan. - dedi və girdi nəşriyyata.

Foyedə iki polis oturmuşdu, yaxınlaşdı onlara:

- Mən Aqil Abbasın yanına gedirəm, özü çağırıf.

Serjant:

- Bizə deyib, gəl səni ötürüm. - dedi və qalxdı ayağa.

Şakir:

- Özüm gedərəm dana.

- Yox, qoy səni ötürüm.

- Burda it-zad var ki, məni itdən ötürəsən?

Serjant başını buladı:

- Ayə, zəhləmi tökmə, gəl dalımca deyirəm, gəl.

Şakirin bəxtindən lift işləmədi, piyada qalxası oldular altıncı mərtəbəyə. Pilləkanları qalxanda yoruldu və dedi:

- Ə, bu boyda binanın lifti məni gördü işdəmədi?

Serjant da dilxor halda:

- İşləyən vaxtı olub ki?

Çatdılar altıncı mərtəbəyə, hər ikisi nəfəsini dərdi, serjant qapını göstərdi ki, burda oturur.

Şakir girdi içəri. İçəridə bir qız oturmuşdu telefonla danışırdı, heç vecinə almadı ki, içəri kim girdi. Başını qaldırmadan soruşdu:

- Nə istəyirsiniz?

- Nə istəmirəm, kimi istiyirəm. Aqil Abbasın əmisi oğluyum.

Qız «əmisi oğlu» sözünü eşidəndə telefonu qoydu yerə, qalxdı ayağa, içəri qapını açıb dedi:

- Aqil müəllim, əmin oğlun gəlib.

- Gəlsin.

Şakir forslu-forslu qıza baxıb keçdi içəri. Otağa girən kimi gözünə ilk sataşan Rəmişin portreti oldu. Belə bir portret görməmişdi. Rəmiş bir palıd ağacı kimi təsvir olunmuşdu. Ayaqları girmişdi torpağa, kök atmışdı. Saçları palıdın budaqları, yarpaqları idi. Gitarası palıddan ayrılan bir zoğ idi, simləri də qırılmışdı, üstündə bircə dənə sim vardı. Rəmişin barmaqları girmişdi gitaraya və barmaqlarından qan süzülürdü. Rəmişin portretinin yanında Qədir Rüstəmovun da böyük bir şəkli asılmışdı, əlində qəlyan. Portret Şakiri necə tutmuşdusa salam vermək də yadından çıxdı. Aqil də durub gəldi Şakirin yanına, portretin qabağına:

- Nədi, portret xoşuna gəldi?

- Hə, kim çəkifsə köpəyoğlu yaxşı çəkif. - Sonra güldü və dedi: - Ağdamın dəlilərinin şəklini vurmusan, bircə dəli Dilbərin yeri əskiydi.

Aqil qucaqlayıb Şakiri öpdü, yer göstərdi, katibəyə də tapşırdı ki, çay versin.

Şakir:

- Yəqin Məşədi Abbasın söhbətini eşitmisən?

- Hansını?

- Mircəfər Bağırov gəlir Ağdama, girir Məşədi Abbasın kabinetinə. Görür Məşədi başının üstündən üç portret asıf. Sağda Stalin, solda Bağırov, ortada da öz portretini. Soruşur ki, Məşədi, bu nədi? Məşədi də deyir ki, yoldaş Bağırov, sağ tərəfdəki Stalindi, ölkənin yiyəsi, solda sizsiniz Azərbbaycanın yiyəsi, ortadakı da mənəm dana, Ağdamın yiyəsi. İndi sən də Rəmişlə Qədirin şəkillərinin ortasında öz şəklini as, sən də elə onlar ağıldasan.

Bir az keçmişdən danışdılar, bir az Gülablıdan, bir az Ağdamdan. Nəhayət, Şakir dedi:

- Niyə soruşmursan nəə gəlmişəm?

- Nəyə gəlmisən, xoş gəlmisən.

- Maa Rəmiş lazımdı. Deyirlər sənin yaxın dostundu. Onu tap ver maa.

- Xeyirdimi Rəmişi axtarmaqda?

- Şərə lənət, Löhbatanda bizim kəndin müsiqi məktəfini açıflar. Direktor diyir ki, gəl orda qarmon dərsi de. Məktəfdə də qarmon yoxdu, mənim də qarmon almağa pulum yoxdu. Pul oluf cin, biz də olmuşux bismillah, bizi görən kimi qaçır. Rəmişi axtarırdım maa bir qarmon alsın.

- Day Rəmişi neyləyirsən, gedək mən alım da. Onsuz da sənə bir eşşək borcum var.

- Deyəsən, eşşək yadınnan çıxmıyıf. Mən o eşşəyi Bağbanlardan əlli manata almışdım, bizim gədə də onu min manatlıq işlətmişdi. Sağ ol, sən maa Rəmişi tap, kədçimdi, qohumumdu.

- Rəmiş də Lökbatanda yaşayır. Orda kimdən evini soruşsan göstərər.

- Ə, Löhbatan Ağdam döyül ey, hamı Avdal Hüseynin evini tanıya.

Aqil güldü:

- Şakir, Rəmiş dədəsi Abdal Hüseyndən min dəfə məşhur adamdı.

- Nə isə, çox danışma dana, tapırsan, yoxsa yox?

- Otur çayını iç, mən də əlimdəki işimi qurtarım, səni aparacam Rəmişin yanına.

Şakir otaqdakı kitabları göstərib dedi:

- Sən oxumuş adamsan, de görüm Ağdamı görə biləjiyik?

- Görəcəyik. Hələ o qədər Ağdamda toy çalassan.

- Allah ağzınnan eşitsin. - sonra da dedi: - Səndə Bəxtiyar Vahabzadənin telefonu var?

- Var.

- Sallah, yığ bir onla danışım. Kişiylə neçə dəfə çörəh kəsmişəm, yaxşı adamdı. Deyirəm bəlkə maa bir iş tapdı.

Aqil telefonu götürüb hansısa bir nömrəni yığdı:

- Bəxtiyar müəllim, salaməleyküm. Aqildi. Necəsiniz? Sağ olun, Məmməd də babatdı. Burda bir yoldaş var sizinlə danışmaq istəyir. - sonra telefonu verdi Şakirə: - Buyur.

Şakir telefonu aldı, bir az da həyəcanla:

- Salam Bəxtiyar məllim. Şakirdi, gülablı Şakir, qarmonçalan Şakir. Tanıdız?

Bəxtiyar Vahabzadə:

- Ooo, xoş gördük Şakir, səni tanımamaq olar? Necəsən? Evdə-eşikdə nə var, nə yox?

- Bəxtiyar məllim, ev-eşik var, nə var nə yoxu da ola? Löhbatanda yataqxanada qallam.

- Darıxma, Şakir. Dünya belə gəlib, amma belə getməz. Hər bir gecənin bir gündüzü var. Bir gün yenə Gülablıda evin-eşiyin olar. Nə vaxt istəsən Aqilə denən, evi tanıyır, gətirsin bizə. Düzdür, mən sənə kabab verə bilməyəcəm, amma Şəki pitisinə qonaq eləyərəm.

- Sağ ol, Bəxtiyar məllim. Dedim ki, bəlkə bizim başçıya deyəsən mənə bir iş verə.

- Həsən Sarıyevə?

- Yox, Löhbatanın başçısına.

- Deyərəm. Sən Aqillə əlaqə saxla.

- Allah balalarını saxlasın. Allah səni bu eldən-ovadan əskiy eləməsin. Sən yaxşı kişisən, böyük də şairsən.

Sağollaşdılar. Şakir telefonun dəstəyini qoydu yerinə:

- Ə, bu yaman oldu, kişi söz verdi, mənə iş düzəldəjək. Kasıbınkı gətirəndə gətirir də. Rəmişi də tapsan, sənə bir yekə sağ ol deyəjəm. O qədər yekə ki, ömrüyün axırınacan xərjlə qurtarmasın.

Durdular çıxdılar. Yendilər aşağı, yenə də pilləkanlarla piyada. Nəşriyyatdan çıxdılar, oturdular bir xarici maşına.

- Ə, bə sənin qaziyirmidördün yoxuydu?

- Onu sənin eşşəyini vurandan sonra satdım. Nədi, bu maşını bəyənmirsən? Nemes maşınıdı.

Maşın yerindən tərpəndi. Çox rahat idi, xoşhallandı, sonra dedi:

- Dədə, Allah sənə rəhmət eləsin, belə maşın düzəldənə güllə atallar?

Aqil maşını sürdü Sahil bağının arxasına. Yarızirzəmi bir restoranın qabağında saxladı. Maşından düşdülər. Şakirin ağlı restorandan bir şey kəsmədi.

- Qaqa, Rəmiş kimi bahalı oğlan bu padvalda çörəy yeyir?

- Sən çölünə baxma, içi ayrı cürdü.

Şakir bağa baxdı, dedi:

- Burda iyirmialtıların heykəli yoxuydu?

- Var idi.

- Bə nejoldu?

- Göndərdilər iyirmialtıların dalınca.

Yendilər restorana. Doğrudan da restoran çox səliqəli, bərli-bəzəkli idi. Hələ musiqiçilər də vardı, ağzınacan doluydu.

Aqil bir stolu göstərib dedi:

- Bəxtin gətirib, budey Rəmiş curlarıyla yemək yeyir.

Yaxınlaşdılar Rəmişgilə. Rəmiş Şakiri görən kimi yerindən qalxdı, sarıldı boynuna:

- Can mamoğlu.

Hər ikisi kövrəldi. Sonra da Rəmiş üzünü tutdu stolda oturanlara:

- Tanış olun, bu mənim bratımdı. Adı Şakirdi, Qarabağda beş kişidən biridi. Özü də elə qarmon çalır ki, Aftandil onun yanında yalandı.

Sonra Aqillə də görüşdü, onu da təmtəraqla dostlarına təqdim elədi. Şakiri oturtdu öz yerində, ofisiantı da çağırdı ki, iki dənə də stul gətir. Ofisiant tez-tələsik iki stul gətirdi, təzə boşqab, çəngəl-bıçaq gətirdi.

Rəmiş:

- Ə, denən ordan yenə kabab qoysunlar, araq da gətir.

Rəmiş çöndü Şakirə tərəf:

- De görüm nətərsən ey, arvad-uşaq nətərdi?

Şakir incik halda:

- Belə dayoğlusan da, neçə ildi itirif-axtarmırsan ki, Şakir, ölmüsən-qalmısan, ajsan-sussuzsan?

- Rəhmətliyin oğlu, neçə ildi heç mən özümü axtarıb-tapa bilmirəm. Danlama, day tapışdıq da. Səninçün nə lazımdı, qulluğundayam. Səni toylara da apararam.

- Toynan qutarmışam. Kəndimizə qayıdanacan toya gedən deyiləm.

- Mən ölüm, deyim qarmonu versinlər, bir çal. Dostlarım görsün ki, papaq altda nə oğlanlar var?

Rəmişin dostları da üz vurdu, amma Şakir çalmaq istəmədi. Süfrədəki araq stəkanını götürüb çəkdi başına. Təzə gələn kababdan da bir dişlək aldı:

- Ə, bu nə qəşəh arağdı, ə?!

- Moskva arağıdı də. O qədər Ağdamda giydirmə araq içmisən, ona görə sənə bal kimi gəlir.

Rəmiş sonra üzünü tutdu Aqilə tərəf:

- Sən niyə içmirsən?

- Mən maşın sürürəm.

- Qaidən qorxursan? Saxlasalar deyərsən Rəmişlə içmişəm, götür arağını iç.

Aqil də Rəmişin sözünü yerə salmadı, götürüb arağı çəkdi başına.

Şakir:

- Rəmiş, bilirsən səni niyə axtarıram? Löhbatanda bizim kəndin musiqi məktəbini açıflar, direktor deyir gəl uşaxlara qarmon çalmaq öyrət. Nə məktəfdə qarmon var, nə də mənim. Elə maa bir qarmon al bağışda, Hüseyn dayının goruna dua edim.

Rəmiş:

- Ə, qarmon nədi, sənə istəyirsən maşın bağışlayım.

- Sağ ol, bir dranqulet moskviçim var; - Stol arxasında oturanlara baxıb forsla əlavə elədi: - Ermənilərdən trafey götürmüşəm.

- Ə, birdən Surenin moskviçi olar?

Şakir güldü:

- Hə, təpəsinə bir-iki qapaz vurub əlindən aldım.

Rəmiş:

-Surendən başqa ayrı avam erməni var ki, maşınını əlindən alasan? Götür arağını iç.

Şakir bir az da vurandan sonra kefi açıldı. Başladı Rəmişlə, yanında oturanlarla da məzələnməyə, dedi:

- Rəmişin meymunu yadınızdadı? Qızıl diş də saldırmışdı? Ağdamda meymun çiynində, Fazil məllimin kinosunun qarşısında maşından düşür, bir uşaq da görür gəlir evə, papasına deyir ki, papa, Rəmişi gördüm çiynində də meymun. Papası da qayıdır ki, ə, köpəyoğlu, day denən iki meymun görmüsən də.

Hamını gülmək tutdu.

Şakir:

- Rəmiş, mən ölüm, o meymun nejoldu?

- Ə, indiyə meymun qalar? Öldü, aparıb təmtəraqla da basdırdıq.

- Gərək bir başdaşı da qoydureydin.

- Sən öl, qoydurmuşam. Ha vaxt istəyirsən aparım ziyarət elə.

- Rəmiş, mən ölüm, Allah ağıl paylayanda sən hardeydin?

- Ə, nə bilim, nəşəli vaxtıma düşüb.

Yeyib-içdilər, qalxdılar ayağa. Rəmiş cibindən bir topa pul çıxarıb atdı stolun üstünə, ofisianta dedi götür. Bir çəngə pul da ofisianta verdi ki, ver musiqiçilərə. Restorandan çıxdılar.

Aqil üzünü Şakirə tutub dedi:

- Bu da sənə Rəmiş. İndi icazə verirsənmi gedim?

- Xoş getdin. Yaxşı oğlansan, amma Rəmişlə az otur-dur. Bir də görəssən ki, olmusan bunun tayı.

Aqil hamıyla öpüşüb-görüşüb oturdu maşınına, getdi. Rəmiş də Şakiri və dostlarını öz maşınına oturtdu və sürdü Daxili İşlər Nazirliyinin arxasındakı musiqi alətləri mağazasına. Maşından düşüb girdilər mağazaya.

Satıcı Rəmişi görən kimi yüyürdü qabağına, qucaqlayıb öpdü, sonra da dedi:

- Həmişə, sən gələsən. Əla ispanski, yuqoslavski gitaralar gətirmişəm.

- Gitara almağa gəlməmişəm. Bu dostuma yaxşı bir qarmon seç.

Şakir özü keçdi qarmonlar olan tərəfə, baxdı, baxdı, birini götürdü. Qulağını qarmona dirəyib bir barmaq vurdu, qaytardı qoydu yerinə. Başqa birini götürdü, ona da bir barmaq vurub səsinə qulaq asdı, onu da qaytarıb qoydu yerinə, üçüncüsünü götürdü.

Satıcı:

- Rəmiş, indi bu bütün qarmonları barmaqlayacaq?

Şakir:

- Ə, barmaxlamıram, səsini yoxluyuram.

Nəhayət, qarmonların birinin səsi xoşuna gəldi, bəyəndi. Dedi, bunu götürürəm.

Rəmiş üzünü tutdu satıcıya:

- Neçəyədi?

- Min dollar.

Şakirin gözü çıxdı kəlləsinə:

- Ə, qaqa, mənim özümü bazara çıxarsan heş yüz dollar eləməz. Min dollara qarmon olar?

 

Rəmiş:

- Ə, sən qarmonunu götür, - üzünü çevirdi satıcıya;- futlyarını ver, - sonra yenə Şakirə dedi: - Bu, sən dediyin qarmonlardan deyil. Hələ bizə ucuz verdi, götür, halal xoşun olsun.

Satıcı:

- Rəmiş, bəlkə bir dənə də gitara sənə verim? Gitara deyil ey, möcüzədi, elə əlini vurursan özü çalır. Elə də baha deyil, dörd min dollar.

- Sağ ol, o gitaranı çala bilməyənlərə satarsan. Şakir, sən də qarmonunu götür min maşına.

Dostlarına dedi ki, siz bir taksiylə gedin, mən onu aparım qaldığı yerə, görüm harda qalır.

Oturdular maşına.

- Hara sürüm, mamoğlu?

- Löhbatana.

- Orda yaşayırsan?

- Hə, qaşqınlar yataxxanasında.

- Mənim Lökbatanda üçotaqlı evim var, istəyirsən açarları verim sənə, get yığış ora. Onsuz da mən orda qalmıram, Moskvada oluram. Hərdən gəlirəm, bir general dostum bağışlayıb.

- Sağ ol, Rəmiş, bu qarmon dədəmə də bəsdi.

Gəldilər Lökbatana, qaçqınlar yataqxanasına.

Rəmiş maşını saxladı yataqxananın həyətində, Market Vəlişin kafesinin qabağında. Bir çiyni üstə maşınından düşdü. Onu görənlər heyrətləndilər və təəccüblə bir-birinə dedilər:

- Ayə, Rəmiş…

- Sən öl, Rəmişdi…

Rəmişin gəldiyini eşidib yataqxanada nə qədər adam vardı, arvadlı-uşaqlı töküldülər həyətə. Bir basabas düşdü ki, Şakir dedi:

- Ə, meymun oynadıram, nooluf?

Amma camaat əl çəkmədi. Hamı Rəmişlə görüşüb-öpüşmək istəyirdi. Market Vəliş kafedən stullar çıxartdı, çay gətirdi. Rəmiş oturdu. Şakirə dedi:

- Sən niyə xiyar kimi dik qalmısan? Otur dana, qarmonunu da futlyardan çıxart, bir çal qulaq asım, gedim. Camaat da qulaq assın. Neçə ildir sənin barmaqlarını eşitmirəm.

Şakir bu dəfə Rəmişin sözünü yerə salmadı. Qarmonu futlyardan çıxartdı, qoydu dizlərinin üstünə, başladı «Segah»da gəzişməyə. Qarmon səsini eşidən yoldan keçənlər də, ətrafda yaşayanlar da axışıb gəldilər yataqxananın həyətinə.

Şakir çalırdı, amma «Segah» çalmırdı, gözlərini də yummuşdu. «Segah» çalmırdı, yanan evini çalırdı, güllədən partlaya-partlaya ölən Qurdbasarını çalırdı, deşik-deşik olmuş maşınını çalırdı, od tutmuş kəndini çalırdı. Və gözlərindən də yaş axırdı. Elə başına toplaşan adamların da gözlərindən yaş gəlirdi. Onlar da yanan evlərini görürdülər, yanan məktəblərini görürdülər, erməni gülləsindən qaçan camaatın vay-şivən səsini eşidirdilər.

Şakir çaldı, çaldı, day barmaqları işləmədi. Qəhər qoymadı barmaqları işləsin. Qarmonu qoydu stolun üstünə.

Rəmiş:

- Ə, mamoğlu, bu camaatı niyə öldürürsən?

- Ə, belə yaşamaxdansa elə ölməh yaxşıdı.

Rəmiş camaatla sağollaşdı, yalandan söz verdi ki, yenə gələcəm. Oturdu maşına və getdi.

Camaat Şakirdən əl çəkmədi:

- Sən dədeyin goru, yenə çal.

Bu vaxt yoldan polis maşını ötürdü. Polislər xeyli camaatın bir yerə toplaşdığını görüb maşını saxlayıb düşdülər və yaxınlaşdılar topaya. Adamları yara-yara gəldilər düz Şakirin qarşısına:

- Nədi, ə, mitinqdi?!

Şakir:

- Yox, nümayişdi.

 

(Ardı olacaq. Özü də Rasim Müzəffərlinin xətrinə)

TƏQVİM / ARXİV