adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… -  V (DAVAMI)

AQİL ABBAS
977 | 2023-01-17 00:16

(Abdal-Gülablı Şakirin xatirəsinə)

(povestdən bir parça)

ƏVVƏLİ BURADA

***

Maşını sürdü Lökbatan bazarının qabağına, bəlkə bir-iki manat pul qazana. Bazarın ağzında maşını elə təzəcə saxlamışdı ki, burdakı sürücülər tökülüşdü üstünə:

- Ə, sən hardan çıxdın?

- Siz hardan çıxmısız mən də ordan.

Bir bazburtlusu saldı Şakiri çənəsinin altına, Şakirin boyu elə onun çənəsinin altındaydı:

- Ə, buralar bizlikdi.

- Dədənizdən qalıf?

- Hə. Sən get ayrı yerdə xaltura elə. Buranı bizə veriblər. Sən çujoysan.

Bu vaxt sürücülərdən biri dedi:

- Ə, dəyməyin yazıqdı, o da bizim kimi qaçqındı. Qoy balalarına beş-on manat aparsın.

Nə qədər gözlədi, bazardan çıxanlardan heç biri «Jiquli»ləri qoyub onun dranqulet «Moskviç»inə yaxınlaşmadı. Axırda gözləməkdən yoruldu, çıxıb getmək istəyirdi ki, bu vaxt bazardan bir yaşlı kişi ilə qadın çıxdı. Yükləri ağır idi. Tez yüyürüb kömək elədi, gətirib yığdı maşına və sevincək oturdu sükanın arxasına:

- Dayı, hara sürüm?

- Talış məhəlləsinə.

- Ora haradı?

- Deyəsən təzəsən? Hardan gəlmisən?

- Ağdamnan.

- O cür şəhəri qoyub qaçarlar?

- Bağışla dana, dayı, bir qələtdi eləmişiy. Sallah qoy maşınımı sürüm. Öz dərdim özümə bəsdi. Neyniyəy, sizin kimi kişi olmadıx dana.

Arvad arxadan zəhmli səslə dedi:

- Ay kişi, sənin dədələrin İrəvandan nətəhər qaçıbsa, onlar da elə. Camaatın zəhləsini tökmə, yolu göstər.

Kişi səsini xırp kəsdi. Şakiri gülmək tutdu:

- Dayı, mən erməninin top-tüfənginnən qorxuf qaşmışam. Sən arvadınnan qortdun. Yolu göstər.

Nə isə, gəlib çatdılar mənzil başına, yenə düşüb yüklərinə kömək elədi. Kişi çıxarıb iki «məmməd» verdi və dedi:

- Ay oğul, maşından it iyi gəlir, bunu bir təmizlət.

- İt iyi döyül, dayı, erməni iyidi.

- Tula itdən betər.

Şakir dilxor oldu. Maşına kim otururdu, deyirdi iy gəlir. Nə qədər təmizlətsə də bu iy getmirdi, şüşələri də açıq qoyurdu, xeyiri yoxuydu. Surenin iyi maşına nə təhər hopmuşdusa adekalon da vururdu, adekalonun iyi gedən kimi yenə maşından erməni iyi gəlirdi. Bu iyi təmizləmək mümkün deyildi.

Gəldi Market Vəlişin kafesinə. Kafenin qabağı qaçqınlarla dolu idi. Hamı yığışmışdı bahalı geyimli bir kişinin başına. Səs-küydən qulaq tutulurdu. Şakir bağırdı:

- Səsinizi Allah kəssin, qoyun görəh kimdi, nəyə gəlif?

Məlum oldu ki, gələn Qaçqınkomun sədridi. Sədr bir az ordan-burdan danışandan sonra yataqxanaların yuxarısındakı boş düzəngahı göstərib dedi:

- Bax, orda sizin üçün çoxmərtəbəli binalar tikiləcək, məktəbi, bağçası olan qəsəbə salınacaq. Siz də ağac əkərsiz, cənnətə dönər.

Şakir sədrin üzünə baxıb dedi:

- Ağsaqqal, burda yalnız uşax əkməy olar.

Sədri də gülmək tutdu, camaatı da.

Şakir day «yaz gələr, yonca bitər» söhbətinin ardına qulaq asmadı, girdi kafeyə.

Vəliş bir stəkan çay süzdü ona:

- Ə, sənin bu dilin axırda başına bəla olacaq. Nazir adamdı, deyər, tutub basarlar qoduqluğa. Bura Ağdam deyil ey, Lökbatandı.

- İstiyir eşşəhbatan olsun. Ay nemes, sənin sözünə aldanıf gəldim, bağ belə, bostan belə. Ağcabədidə gül kimi yaşıyırdım. Elə öz camaatımızıydı, xətir-hörmət vardı. Burda özümüzünkülərdən başqa bir it də tanımır məni. Maşınıma minən də yoxdu. Kim minir düşəndə deyir maşınnan erməni iyi gəlir. İndi mən neyniyim? Heş bu boyda hökumət ölkəni bu erməni iyindən təmizdiyə bilmir, buna Şakir neynəsin?

- Ə, çayını iç, düzələr.

- Qorxuram düzələnəcən biz çezək.

Bu vaxt musiqi məktəbinin direktoru girdi kafeyə. Hal-əhval tutdu. Vəliş bir stəkan çay da ona süzdü. Direktor çaydan bir qurtum alıb üzünü tutdu Şakirə:

- Şaka, bizdə qarmon sinfi açılıb, amma müəllim yoxdu. Bəlkə gəlib uşaqlara dərs keçəsən? Maaşı da pis deyil.

- Ə, nemes, məndən məllim olar?

- Ə, niyə olmur? Sən kimin qızından əskiksən? Fizika deyil, riyaziyyat deyil, sən çalırsan, uşaqlar da baxıb öyrənir.

- Baxmaxla öyrənmək olsaydı Qəssaf Qulamın dükanının qabağındakı itlər hamısı qəssaf olardı. Həm də gorum var ki, kəfənim də ola? Qarmonum qaldı nemeslərə. Öyün girmişdim dükana, həsrətlə qarmonlara baxırdım. Ən ucuzu sənnən, mənnən bahadı.

- Bizdə də qarmon yoxdu. Mədəniyyət şöbəsinin müdiri hamısını satıb-sorub. Bir-iki sınıq-salxaq pianomuz var, o gün yoxlama gəlmişdi deyir hanı royalınız? Dedim, ay qardaş, royal nədi, get onu müdirdən soruş. Amma doğru sözümdü, bir qarmon tap gəl səni götürüm müəllim.

- Ə, nemes, itirmişəm tapam?

Market Vəliş söhbətə qoşuldu:

- Şaka, Rəmişin dostu deyilsən? Rəmişə de birini bağışlasın.

- Rəmişi Əzrayıl tapa bilmir canını alsın, mən hardan tapım?

- Aqil Abbasın dostudu.

- Aqil Abbas kimdi,ə? O mənim eşşəyimi vuran?

- Hə.

- O zəhləmgetmişi hardan tapım?

Market Vəliş gedib bir «Ədalət» qəzeti gətirdi, atdı stolun üstünə:

- Burda telefonu var. Götür zəng elə.

- Nemes, eşşəyimi vuranda ona itin sözün demişəm, yəqin yadınnan çıxmıyıf.

- Xançalıyın qaşı düşəcək? Zəng elə də, tapsa o tapacaq.

Şakir girdi yataqxanaya. Sınıq-salxaq bir telefon vardı yataqxanada, götürdü və nömrəni yığdı.

- Alo, salam.

- Salam.

- Maa Aqil Abbas lazımdı.

- Eşidirəm,

- Bir də salam.

- Lap iki də salam. Kimdi?

- Şakirdi.

- Hansı Şakir?

- Neçə Şakir tanıyırsan?

- O qədər.

- Şakirdi dana, qarmonçalan Şakir, Gülablı Şakir.

Telefonun o başından gülmək səsi gəldi:

- Mənə eşşək yüklədən Şakir?

- Hə, həmən Şakir.

- Xoş gördük, Şakir müəllim.

Şakirə ilk dəfə müəllim deyirdilər, bu söz onu güldürdü:

- Day məllim deyiləm, zavuş qoyuflar.

- Təbrik edirəm, gün o gün olsun direktor olasan.

- Sağ ol. Səni nətəər tapa bilərəm? İşim düşüf.

- Hardan danışırsan?

- Löhbatandan.

- Otur bir taksiyə, denən sür Yasamal qəbiristanlığının yanına, Azərbaycan nəşriyyatına. Qapıdakı polisə denən Aqilin yanına gedirəm, səni gətirər yanıma.

- İstiyirsən, qəbirsanlıxdan keçəndə ölənlərinə bir Quran da oxutdurum. Amma inanmıram gedif Qaraacıya çata, nemeslər Evoğlunun üstünnən yolu kəsif.

- Yolu kəsə bilərlər, dualarımızın qarşısını kəsə bilməzlər.

Yataqxanadan çıxdı. Bir taksi tapdı, bayaq qazandığı iki «məmmədi» verdi sürücüyə:

- Qardaş, məni at Yasamal qəbirsanlığının yanındakı nəşriyyata.

Taksi sürücüsü dodağını büzdü:

- Bir məmməd də ver.

Şakir ciblərini eşələyib bir «məmməd» də tapdı, verdi sürücüyə:

- Ala, haram xoşun olmasın.

- Arvad kimi qarğış edirsən, ə?!

- Deyirəm yəni haram olmasın dana, halal olsun. Sən də günəşi götəş oxuyursan.

 

 

(Ardı olacaq. Özü də Rasim Müzəffərlinin xətrinə)

 

TƏQVİM / ARXİV