adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… -  IV (DAVAMI)

AQİL ABBAS
873 | 2023-01-12 10:31

(Abdal-Gülablı Şakirin xatirəsinə)

(povestdən bir parça)

ƏVVƏLİ BURADA

Kənd od tutub yanırdı. Ermənilər bütün gücləri ilə hücuma keçmişdilər. Artıq qaçmaq zamanı idi, kişilik zamanı deyildi. Şakir nə götürə biləcəkdisə yığmışdı «Jiquli»sinə. Yorğan-döşəyini də, qarmonunu da bağlamışdı «Jiquli»nin belinə. Bu vaxt pulemyotdan açılan atəşlə «Jiquli» deşik-deşik oldu. Şakir gördü ki, day çıxış yolu yoxdu, tutdu uşaqların əlindən üzüaşağı qaçmağa başladı. Arvad da arxasınca. Özünü üzümlüyə salmaq istəyirdi ki, bəlkə canlarını qurtara bilələr. Yalnız bağırırdı, nə qədər söyüş bilirdi ermənilərə söyürdü. Ermənilər onun söyüşünə tanklardan və pulemyotlardan cavab verirdilər. Qatır Məmmədin köməyə göndərdiyi urus Vanyanın tankı yolun ortasında yanırdı.

Kəndin aşağısına, üzümlüyə çatanda gördü bir maşın siqnallayır. Dayanmadan çevrilib baxdı. Surenin «412»siydi, amma dayanmadı. Suren onlara çatdı və maşından düşüb bağırdı:

- Şaka, ay Şaka!

Şakir dünənəcən doğma olan bu səsdən diksindi və dayandı:

- Nədi, ay oğraş?!

- Şaka, - dedi Suren və Şakiri qucaqladı; - Mənim maşınımı götür. Burdan Mərzilinin üstündən çıx Ağcabədiyə tərəf, yarım saata bütün kəndi bizimkilər tutacaq.

Şakir bir yanan kəndə baxdı, bir Surenə baxdı, bir balalarına baxdı:

- Nemes, bunu heç vaxt unutmaram. Mənim maşınım həyətdədi, bir-iki güllə dəyif, halal xoşun olsun, verdim saa, düzəltdir sür. Amma yadından çıxarma, hamınız oğraşsız.

Və arvad-uşağı yığdı Surenin «412»sinə və dedi:

- Nemes, evimdə kəsdiyin çörəh halalın olsun.

Suren:

- Bardaçokda pul da var.

Və üz tutdu Surenin dediyi yolla Ağcabədiyə. Axırıncı dəfə dönüb bir daha görə bilməyəcəyi yanan kəndlərinə baxdı.

Şakir Mərzilinin üstündən keçməklə maşını sürdü Ağcabədiyə və hər il onlarda qonaq qalan Bazar Müdirinin evinə.

Yay gələndə dostu Bazar Müdiri ailəsi ilə birlikdə gələrdi onlara və Şakir də onları yüksək səviyyədə qəbul edərdi. İki otağını bağışlayardı onlara. Onlar da bir ay, bəzən ay yarım Şakirə qonaq olardılar. Şakirin xanımı da az qalardı ürəyini yedirtsin qonaqlara. Amma Bazar Müdiri şənbə-bazar gələrdi. Onda da Şakir onu götürüb çıxardı Abdala, Haro bulağına və orda da bir quzu kəsərdi, yeyib-içərdilər.

Amma müharibə başlayandan Şakirin qonaqlarının da ayağı kəsilmişdi.

Şakir sürdü maşını Ağcabədiyə və dostugilin qapısına. Siqnalladı. Qapını dostununun uşaqları açdı və çığırdılar:

- Şakir əmi gəldi, Şakir əmi gəldi…

Şakirin sevdiyi bir söz vardı, bir evə qonaq gedirsənsə səni qarşılayan uşaqlar çığırırlarsa «Şakir əmi yenə gəldi» dön qayıt geri, amma deyirlərsə «Şakir əmi gəldi» ürəklə gir içəri.

İndi uşaqlar çığırırdılar ki, «Şakir əmi gəldi, Şakir əmi gəldi».

Deməli, ürəklə həyətə girmək olardı.

Uşaqlar darvazanı açdılar və Şakir maşını sürdü içəri. Ev yiyəsinin xanımı onları görüb ağladı. Üstündən beş dəqiqə keçməmiş ev yiyəsi də gəldi, o da Şakiri bağrına basıb ağladı:

- Şakir, evinizə dönənəcən əziz qonağımsan. Qonağım deyilsən ey, ev yiyəsisən. Bu ev sənə qurbandı.

Şakir:

- Qardaş, yəqin Allah qoysa tezliklə geri qayıdarıx.

- Allah qoysa.

Ağcabədi şəhəri Şakir üçün çox tanış gəldi. Demək olar ki, hamını tanıdı. Elə bil ki, bütün Ağdam Ağcabədiyə köçmüşdü.

Ağcabədi olmuşdu Ağdam, Ağdamsa yox idi. Fikirləşdi ki, kəndə dönənəcən bir iş tapıb işləsin. Hara getdi, dedilər, qardaş, iş nə gəzir.

- Ə, bu boyda diplomum var, bir mantyor işi tapılmır?

- Qardaş, indi heç politexniki qurtaranlara iş tapılmır.

- Ə, mən Məhərrəm məllimin mexanizasiyasını qurtarmışam ey. Politexnik iki min olanda, Məhərrəm məllimin mexanizasiyası üç miniydi. O da adam tapsan.

Amma hara getdisə Məhərrəm müəllimin mexanizasiyasının diplomu heç bir işə yaramadı. Diplomu gətirdi verdi arvada:

- Az, ala. Hayıf bu diploma verdiyim pula.

Çox sıxılırdı, ev yiyəsinin boğazına şərik olmuşdu. Əvvəl-əvvəl bir-iki dəfə bazarlıq elədi, amma bu ev yiyəsinin xətrinə dəydi.

- Şakir, gəlib bir-iki ay sizdə qalanda mən bazarlıq edirdim? Ayıb deyil? Allaha şükür əlimin altında o boyda bazar var, narahat olma.

Amma qonaq bir gün olar, bir həftə olar. Şəhərin kənarında türklər qaçqınlar üçün çadır şəhəri tikmişdilər. Getdi ki, orda bir yer tapsın. Bu da ev yiyəsinin bərk xətrinə dəydi:

- Ə, yekə kişisən, bu boyda imarəti niyə tikmişəm, sən öl inciyərəm, üzünə də baxmaram. Bir də deyirəm, kəndiniz qayıdanacan əziz qonağımsan. İstəyirsən bazarda bir yer düzəldim alver elə.

- Bacarmaram, mənim ticarətdən başım çıxmaz.

- Ə, nətəər ağdamlısan ticarəti bilmirsən? Hamı ticarəti ağdamlılardan öyrənir.

- Sən oxuya bilirsən?

- Yox.

- Bütün ağcabədililər oxuyur, bəs sən nətəər ağcabədilisən ki səsin yoxdu? Mən də o cür ağdamlıyam.

- Bəlkə bir qarmon alaq toylara gedəsən?

- Əmoğlu, ermənilər bizə elə bir toy tutuf ki, dədəmin toyu yadıma düşür. Kəndimizə dönməyənədək toya getmərəm.

Bir yas yerində Market Vəlişlə rastlaşdı. Qucaqlaşıb ağlaşdılar, ölü yiyəsi də elə bildi ki, ölüyə ağlayırlar, o da onlara qoşulub ağladı. Sonra qonağını da götürüb gəldi qaldığı evə. Bazarkom da eşitdi ki, Şakirin Bakıdan qonağı gəlib tez gəldi, gözəl bir süfrə açdılar. Üstü rus, içi girdirmə araqdan bir az vurub hallandılar, ötən günləri yada saldılar.

Gedənə yaxın Market Vəliş dedi:

- Şaka, gəl Bakıya. Bizə Lökbatanda bir xaraba qalmış idarə binası veriblər, ordan da bir otaq sənin üçün düzəldək. Bakı böyük şəhərdi bir iş də tapıb işləyərsən, görək nə olur.

Bazarkom hirsləndi:

- Ə, onun Bakıda nə iti azıb? Ağcabədiyə it dəyməyib ha, burda yaşayır da. Özüm ona iş tapacam.

Qohum getdi, amma Şakirin ürəyinə xal salıb getdi. Üç-dörd gündən sonra arvada dedi:

- Arvad, yır-yığış elə, neçə ildir Bakı arzulayırdın, köçürük Bakıya.

Bazarkom nə illah elədi Şakir eşitmədi.

- Yox, qardaş, gedirəm. Bəlkə orda bir işdən-güjdən tapdım.

Yır-yığış elədilər. Yır-yığış deyəndə nələri vardı ki? Bazarkomun arvadı iki dəst yorğan-döşək gətirdi, bağladılar «Moskviç»in banına, Bazarkom da Şakiri çəkdi bir kənara, cibindən bir topa pul çıxarıb basdı Şakirin cibinə. Şakir götürmək istəmədi.

Bazarkom:

- Ə, qələt eləmə, qoy cibinə. Bakıda yel əsib qoz tökülməyib ki, gedən kimi yığasan. İş tapanadək lazım olar. Amma, Şakir, gördün ki, Bakı sən dediyin deyil, mən ölüm, qayıt gəl. Evim də, eşiyim də sənə qurbandı. Vallah, iş də tapacam sənə.

Bazarkomun uşaqları da yapışdı Şakirin ətəyindən:

- Əmi, getmə dana, noolar!

Şakir də uşaqları bağrına basıb öpdü. Əyləşdilər maşına. Bazarkomun xanımı da maşının arxasınca su atdı və getdilər üzü güləbətinə – Bakıya.

Şıxova çatanda avtomatlı polislər maşınını saxladı. Sənədini istədilər. Sənədləri həmişə maşının günlüyünün cibində olardı. Günlüyü yendirdi, sənədləri götürüb verdi polislərin birinə. Polis sənədləri açdı, təəccüblə baxdı və əlindəki avtomatın qundağı ilə Şakirin sinəsinə necə vurdusa, bu il ölmüsən, yoxsa bildir, Şakir aşdı. Maşındakı arvad-uşağın çığırtısı aləmi götürdü.

O biri polis işçiləri təəccüblə soruşdular:

- Ə, niyə vurdun?

- Erməniymiş, köpəyoğlu.

Və əlindəki sənədi komandirə verdi.

Şakir yerdən zarıya-zarıya:

- Erməni sənin dədəndi.

Komandir sənədlərə baxdı. Texpasport da erməni adına idi, sürücülük vəsiqəsi də, vəsiqədəki şəkil də elə Şakirə oxşayırdı. Şakiri yerdən qaldırdılar.

Komandir sənədlərə diqqətlə baxıb soruşdu:

- Ə, bu nədi?

Şakir indi anladı ki, öz maşını deyil, Surenin maşınıdı. Neçə aydır heç fikir verməyib ki, günlükdəki də onun sənədləri deyil, sənədləri qalıb Gülablıdakı «Jiquli»sində. Bir dəli gülmək tutdu:

- Ay qardaş, mənim adım Şakirdi. Ağdamlıyam,özü də Rəmişin kəççisiyəm, - gopa basdı; - Maşını da ermənidən trafey götürmüşəm. Arvad, ordan mənim pasportumu ver.

Arvad boxçasını eşələyib Şakirin pasportunu çıxarıb verdi ona, o da verdi polislərə.

Komandir pasportu alıb baxdı, başını buladı, Şakiri basdı bağrına:

- Qardaş, sən Allah, bağışla. Bu sənədləri də cır tulla. Yadından çıxar yenə kiməsə verərsən salarlar təpiyin altına.

Oturdu, sürdü Lökbatana. Market Vəlişin verdiyi ünvanı axtarmağa başladı.

Arvadı bomboz qəsəbəyə baxıb dedi:

- Şakir, Bakı buradı?

- Hə, buradı.

- Belə Bakı olar?

- Az, kənddi dana. Bakı gördüyün təpənin arxasındadı.

Arvadı:

- Ə, bunlar ağac əkə bilmirlər?

- Sən dədəyin canı zəhləmimi töhmə. Polisin hayfını səndən alaram.

Min bir müsibətlə ünvanı tapdı. Qəsəbədən bir qədər aralıda iki dənə ikimərtəbəli bina idi, həyətdə də bir cındır kafe, üstünə yazılmışdı «Abdal-Gülablı restron». Bu sözləri oxuyanda nə təhər güldüsə arvad-uşaq səksəndi. Maşını düz «restoranın» qabağında saxladı və düşdü. Hər iki binadakı adamlar və «restoranda» domino oynayanlar Şakiri görən kimi tökülüşdülər həyətə, öpüşmənin biri bir qəpik. Xoş gəldinin biri bir qəpik. Elə xoşgəldin eləyirdilər ki, elə bil Şakiri Abdal-Gülablıda qarşılayırdılar. Qadınlar Şakirin arvad və uşaqlarını özləri ilə apardılar. «Restoran»dakılar da Şakiri çəkib oturtdular domino stolunun arxasına, sual-sual dalınca:

- Şaka, rayondan nə xəbər?

- Şaka, havaxt qayıdırıq?

- Şaka, Bişkek protokolu noldu?

- Şaka, qayınatan bu hadisələrə nə deyir?

- Ə, qayınatama da söyərəm, hamınıza da. Qoyun bir çay içim. Mən mantyoram, uzaqbaşı da qarmon çalıram, Vəfa Quluzadə deyiləm ki, suallarınıza cavab verəm.

Sonra da üzünü tutdu «restoranı» işlədən Market Vəlişə:

- Ə, nemes, menyunu gətir görək nəyin var?!

- Şaka, bura sən dediyin restoranlardan deyil ey, menyu ola. İstəyirsən saa ya mamador-yumurtda bişirim, ya da sosiska qızardım.

- Sasiska nədi,ə?

- Oğluyun lülüşü kimi bir şey. Sən öl, yaman yeməlidi.

- Ə, o lülüşü özün ye, maa mamador yumurtda bişir.

Şakirgili bir otaqda yerləşdirdilər. Şakir yataqxananı bir gəzdi, bir peşəkarlıqla işıq xətlərinə baxdı və yenidən düşdü həyətə.

Camaata dedi:

- Ə, burda nətəər yaşayırsız? Bir balaca zamikanya olsa bina erməni topundan da pis alışıb-yanar. Davay, yığışın kabel alax mən binaya təzədən işıx çəkim. Yoxsa hamınız qırılassız, ya da qalassız çöldə.

Səhər öyrəndi ki, bina cəhənnəm, «restoranda» da qaz yoxdu, elektrikdən istifadə edirlər.

Market Vəliş dedi:

- Qırx addımlıqda qaz var, neçə dəfə demişik, deyirlər o xarabaya qaz çəkmək olmaz. Qışda da donuruq.

- Əvvəllər burda qaz oluf?

- Hə, olub.

- Pox yeyillər, sən bir əlli-altmış metr boru tap, özüm qaz çəkəjəm, gələnlərə də özüm cavab verəjəm.

Şakirin gəlməyi ilə yataqxanalarda həyat qaynamağa başladı. Bircə həftənin içində işığı da düzəltdi, qaz da çəkdi. Nə gələn oldu, nə də soruşan. Bunları soruşmağa gələnlərin başları özlərinə qarışmışdı.

 

(Ardı olacaq. Özü də Rasim Müzəffərlinin xətrinə)

 

TƏQVİM / ARXİV