
(Abdal-Gülablı Şakirin xatirəsinə)
(povestdən bir parça)
Qayınatası müharibədə Mozdokdan Berlinə qədər vuruşmuşdu. Bir ayağını da Berlində itirmişdi. Berlində itirdiyi həmin ayağın hesabına da hərdən Almaniyaya dəvət edərdilər. Sinəsi də orden-medallarla dolu idi: «Xarkovun azad edilməsi», «Kiyevin azad edilməsi», «Lvovun azad edilməsi», «Varşavanın azad edilməsi», «Berlinin azad edilməsi», «Qələbənin 20 illiyi, 30 illiyi, 40 illiyi», «Leninin 100 illik yubileyi, 110 illik yubileyi», «Dnepri keçdiyinə görə» və sair və ilaxır. Həmişə də medallarla bəzənmiş pencəyini geyərdi. Şakir də yalvarırdı ki, sən Allah pencəyi hara geyirsən-gey, bizim kəndə gələndə geymə.
- Niyə, a bala?
- Bilmirsən bizim camaat it oynadandı. Maa deyillər ki, ə, qayınatan gəlib boğazından qasığına qədər orden-medallarla.
- Qələt edirlər. Mən bu orden-medallar üçün düz dörd il nemes it uşağıynan vuruşmuşam. Sənin də, onların da dədələri heç Mozdokdan o tərəfə keçə bilmədilər.
Hökumət qayınatasına bir «Zaparojets» də bağışlamışdı. Kişi də demək olar ki, bu «Zaparojets»lə Füzuli-Ağdam yolunu su yoluna döndərmişdi. Hər dəfə də gələndə, ya gedəndə mütləq onlara dönərdi.
Şakir də zarafatla deyərdi:
- Əmi, o biri ayağını da itirsəydin hökumət bir qaz iyirmi dörd verərdi.
Hər rayonda müharibə veteranları üçün bir mağaza açılmışdı. Yağın, çayın qıt vaxtında Veteran mağazası ağzınacan dolu olardı.
Bir gün kişi Veteran mağazasından hər şey alıb evə dönəndə arvadı onu qucağı dolu görüb demişdi:
- A kişi, səni vuran nemesə qurban olum.
***
Ermənilər ruslara arxayın olub qudurandan sonra Qayınatası daha o medallı pencəyini geymirdi. Hirsindən medalların hamısını söküb atmışdı tualetə ki mən bu medalları Rusiya torpaqlarını nemeslərdən azad edəndə qazanmışam, indi Rusiya erməniləri qudurdub salıb üstümüzə.
Və hər dəfə gələndə Şakir kişini danışdırardı, kişi də yana-yana odlu, alovlu Sovet hökumətinə söyürdü, bu da Şakirin bədəninə sarı yağ kimi yayılırdı.
Son zamanlar Qayınatası çox az-az gələrdi Şakirgilə. Kəndləri işğal olunduğundan ailəsini götürüb Bərdəyə qaçmışdı. Amma hərdən «Zaporojets»i ərzaqla doldurub Ağcabədidən, Haramıdan keçərək yenə nəvələrini görmək üçün gələrdi.
Hər dəfə gələndə də yalvarardı ki, kənddən çıxın. Özünüz çıxmırsınız, cəhənnəm, nəvələrimi verin aparım.
- A kişi, o boyda nemesdən qorxmamısan, indi bu Allahın yeddi ermənini dərədə tək görmüsən deyən dığadan qorxursan?
- A bala, bunlar ermənilər deyil, arxalarında Sovet ordusu var.
- A kişi, mən arvad-uşağımı kənddən çıxarsam sonra bu camaatın üzünə nejə baxaram?
Qayınatası da süzülə-süzülə, amma ürəyində kürəkəni ilə fəxarət duyaraq qayıdıb getmişdi.
Arvadı:
- Ə, qoyaydın uşaqları aparardı dana?!
- Aaz, sarsax-sarsax danışma.
Əslində arvadı sarsaq-sarsaq danışmırdı.
***
Elə əlini çay stəkanına atmışdı ki, bayırda köpəyi möhkəm hürməyə başladı. Kimsə də çığırırdı:
- Şakir əmi, ay Şakir əmi!
Stəkanı nəlbəkiyə qoyub qalxdı və çıxdı artırmaya. Çəpərin çölündə at belində bir uşaq yenə çığırırdı:
- Ay Şakir əmi!
- Ə, nə bağırırsan, gəl içəri də.
- Görmürsən it özünü cırır.
- Ə, fikir vermə, o da sənin dədən kimi hürməyi bajarır, tutmağı yox.
Yendi həyətə. Gəldi çəpərə tərəf:
- Nədi, ə, nə oluf?
- Şakir əmi, bizimkilər bir erməni tutublar, o da ağlayıb səni istəyir.
Təəccüblə:
- Məni neyniyir, ə?
- Mən nə bilim. Deyir guya onun əmisisən.
- Ə, sarsax oğlu sarsax, mənim erməni qardaşım var?
- Mən nə bilim sənin atan vaxtında kimlə yatıb? Məni göndəriblər gəlim səni posta çağırım.
Şakir çıxdı çəpərdən çölə:
- Onda atdan düş get evinizə, mən də gedim görüm kimdi. Hansı postdadılar?
- Pircamal tərəfdə.
Şakir qalxdı yəhərsiz, üzəngisiz atın belinə və dəhmərlədi.
Posta çatanda gördü ki, uşaqlar kabab bişirirlər.
- Ə, köpəyuşağı, burda kef edirsiniz, əminizi də çağırın da. Arağınız da var?
- Yox, Şakir əmi. Postda araq içmirik.
- Niyə, bura meçiddi? Gözünüzün içinəcən yalan deyirsiniz.
Atdan yendi və gördü ki, uşaqlar bir nəfəri ağaca sarıyıb. O dəqiqə tanıdı. Surenin oğlu idi, Rəmişlə toyunu elədiyi oğlu. Toydan sonra da Rəmiş Anaidi götürüb getmişdi. Və həmin toyda da babat pul qazanmışdılar.
Surenin oğlu onu görəndə az qala çiçəyi çırtladı:
- Şakir əmi, mənəm ey.
Şakir oturdu ocağın qırağında, dedi ki, mənə də bir şiş kabab verin, onu da ağacdan açın.
Uşaqlar:
- Niyə açaq?
- Ə, açın deyirəm, açın dana. Şandığa neyniyəjək?
Özü də əlini atıb ocaqdan bir şiş kabab götürdü və çəkdi dişinə.
- Ə, bu donuz kababıdı ki?!
Surenin oğlunu ağacdan açdılar və gətirib oturtdular Şakirin yanında. Şakir də şişi uzatdı ona:
- Ala, ə, şandığa, özündə ye.
Amma Surenin oğlunun elə halı yoxuydu, çox bərk qorxmuşdu.
- Dədən oğraş nətərdi, ə? Utanmır bizə güllə atır?
- Şakir əmi, Həzrət Abbas haqqı, bayeviklər gələndən dədəm evdən çölə çıxmır. İspanakertdəki əmim olmasaydı dədəmi çoxdan güllələyərdilər. Mən də çıxmışdım heyvanların dalınca, sizinkilərə rast gəldim, tutub gətirdilər.
- O oğraş kolxoz sədriniz neyniyir?
- Onu güllələdilər. Heç demə o biri kolxoz sədrlərinə də qoşulub sizin hökumətə məktub yazıblarmış ki, gəlin bizi bayeviklərin əlindən alın. O məktub da hardansa ötürülüb bayeviklərə, onlar da məktuba qol çəkənlərin hamısını bir-bir tapıb güllələyiblər.
Şakir yenə əlindəki şişi ona uzatdı:
- Ə, ye, öz malınız kimi ye.
- Əmi, sizinkilər heç donuz soymağı bilmirmişlər. Mən öyrətdim.
- Əmiyin lap anasını...
Sonra üzünü tutdu uşaqlara:
- Bunu buraxın getsin.
- Niyə?
- Buraxın getsin. Bu, o ermənilərdən deyil. Oğraşın dədəsiylə də bir ton çörək kəsmişiy. Get, ə, get evinizə. O dədən oğraşa da deynən ki, adam kişi olar, çörək yediyi qaba tüpürməz. Denən elə eləməsin ki, gəlib onu özüm öldürüm.
Uşaqlar narazı qalsalar da Şakirin sözündən çıxmadılar. Uşaqlardan biri Surenin oğlunun təpəsinə bir qapaz salıb dedi:
- Ə, dur sürük burdan. Qurban ol Şakir kişiyə.
Surenin oğlu qalxıb Şakiri öpmək istəsə də Şakir qoymadı:
- Ə, dedilər sürüh, sürüh də.
Surenin oğlu durdu:
- Şakir əmi, Həzrət Abbas köməyin olsun.
- Ə, rədd ol. Həzrət Abbas sizə qənim olsun, adını murdar dilinə gətirmə.
Surenin oğlu götürüldü Pircamala tərəfə.
(Ardı olacaq. Özü də Rasim Müzəffərlinin xətrinə)