Biz xərabət əhliyik, çün çayxanalardan çıxmışıq - Aqil Abbas yazır ( DAVAMI)

AQİL ABBAS
688 | 2025-07-26 08:23

Əvvəli burada

("Bazar... Ağdam bazarı"nın davamı)

...İndi "Misli" bunu leqal şəraitdə oynayır, bəzi adamlar evlərini, maşınlarını satıb "Misli"nin keçirdiyi mərc oyunlarına qoşulur, uduzanda isə havalanan və intihar edənlər də olur...

Amma Qaragözün keçirdiyi bu mərc oyununda uzaqbaşı udanla Qaragöz arasında xırda söz-söhbət, bəzən də dava olurdu. O da pul üstə, Qaragözün çox faiz tutmasıyla.

Bir dəfə nə olmuşdusa, elə kinonun qabağında milislərlə əlbəyaxa davaya girmişdi. Dörd-beş milis işçisi onu maşına oturda bilmirdilər. Kim yaxınlaşırdısa, götürüb top kimi atırdı qırağa. Camaat da yığışıb baxırdı. Bu vaxt Fazil müəllim yaxınlaşdı, milisləri sakitləşdirdi və Qaragözə bir şillə vurub dedi ki, otur maşına. Gözünü qan tutmuş Qaragöz Fazil müəllimi eşitdi. Milislər də doluşdu maşına, Fazil müəllim də onlarla getdi şöbəyə.

Aradan bir yarım saat keçmiş Fazil müəllim Qaragözlə qayıtdı. 

Soruşdular:

- Nə oldu?

- Heç, Qaragözün dədəsi Astork İbrahimə beş yüz manat borcum vardı, verdim rəisə, məsələ bitdi.

Kinoteatrın yerləşdiyi bulvar əslində Mədəniyyət və İstirahət Parkı idi. Deyilənə görə, vaxtilə axşamlar camaat arvad-uşağını da götürüb bu bulvara istirahətə gəlirmiş. Biz Ağdama köçəndən sonra mən bunu görmədim. Adamların mədəni səviyyəsinin yüksəldiyindən daha arvad-uşağını  bulvara çıxarmırdı, heç qadınlarını kinoya da buraxmırdılar.

Leninin yubileyi vaxtı raykomun  büro iclası gedir, Fazil müəllimi də çağırıblar. Katibin də Fazil müəllimdən heç xoşu gəlmir, onu cəzalandırmaq üçün bəhanə axtarır.

- Fazil müəllim, Leninlə bağlı filmlər göstərirsənmi?

- Əlbəttə, amma Müəllimlər Evindəki kino zalında.

- Nə qədər adam gəlir?

- Cəmi iki nəfər, Xankişi İsmayılov və bir də arvadı.

- Niyə camaatı təşkil etmirsən, xüsusilə də qadınları, heç kinoya gəlmirlər.

- Yoldaş katib, mən kimə deyə bilərəm ki, arvadlarınızı niyə kinoya buraxmırsınız? Vurub başımı yararlar. Bu, təbliğat işidir, bununla da rayon Partiya komitəsinin şöbəsi məşğul olmalıdır. Ya da büronun bir qərarını çıxarın ki, Ağdamda qadınları milliləşdirib səlahiyyətlərini də veririk Fazil Qasımova. Hər gün zala üç yüzdən çox qadın yığım.

Katib əsəbləşir:

- Boş-boş danışma, otur yerində. O Müəllimlər evinin direktorunu da çağırın, ona bir töhmət verək.

Təzə film gələndə, xüsusilə də hind filmi, pullu adamlar öz ailəsi üçün həyətlərində göstərdərdilər, məhlədəki arvad-uşaq da gəlib pulsuz kinoya baxardılar.

Əvvəllər kəndlərə nadir hallarda  kino gətirirdilər. Səs yayılırdı ki, bəs axşam kino olacaq. Kənd də axışıb gedirdi uçub dağılmaqda olan Mədəniyyət evində kinoya.

İndi də xəbər yayılırdı ki, Zərgər Mamedin həyətində bu axşam kino göstərəcəklər, özü də hind filmi.

Film başlamamış Zərgər Mamed deyərdi ki, kimdə dəsmal yoxdursa, bizim arvaddan istəsin.

Fazil müəllimin kinoteatrında siqaret çəkmək qəti qadağanıydı. Özü hərdən düşürdü zala, gəzirdi, vay odu kiminsə siqaret çəkdiyini görərdi. Dərhal filmi dayandırıb həmin adama futboldakı kimi, qırmızı kart göstərib zaldan qovardı. Və bir ay onu kinoya buraxmazdı, bu da ən ağır cəzaydı.

Bir dəfə Futbolist Adil Fazil müəllimə dedi:

- Qasımov, bu nədi ey, afişaya yazırsan bu film Stalindən bəhs edir, bu kinoda Rac Kapurun qardaşı oğlu oynuyur, bu kinoda Racendra Kumarın ayağını kəsəcəklər. Bir qonaqlıq ver, sənə elə bir söz deyim yaz afişaya, oxuyanlar hamısı kinoya girəcək.

Fazil müəllim:

- De, xoşuma gəlsə, sən öl, qonaqlıq məndə.

- Fazil müəllim, yaz ki, ay afişanı oxuyub kinoya girməyən, sənin var-yoxunu...

Fazil müəllim başını bulayıb dedi:

- Nadirov, son zamanlar yaman skleroz olmuşam.

Futbolist Adil:

- Fazil müəllim, sklerozun üç növü var, səndə hansınandı?

- Say görüm.

- Birincisi odur ki, burdan durub tərpənirsən şəhərə, bir gözəl xanım tapıb aparırsan qastincaya, gözəl də çimizdirib oturub yeyib-içirsən. Səhər durub Ağdama qayıdanda yadına düşür ki, gecə piyan olmusan, qadınla yatmamısan.

- Boş şeydi, səhər bir də qayıdaram şəhərə. Bəs ikincisi?

- Qasımov, arvad deyir get bazara, ət al, bibər al, pamidor al, badımcan al, axşam badımcan dolması  bişirəcəm. Bazarlıq edib qayıdırsan evə, məlum olur ki, badımcan almamısan.

- Bu da boş şeydi, şoferi göndərərəm gedib alıb gətirər. Bəs üçüncüsü nədi?

- Qasımov, gedirsən tualetə, ləzzətlə  özünü boşaldırsan, duranda məlum olur ki, şalvarı çıxarmamısan.

Zarafat Fazil müəllimin xoşuna gəlmədi. Hidayəti çağırdı:

- Nadirovu bir ay kinoya buraxma.

Futbolist Adil:

- Eybi yox, mən də bir ay qoymaram səni İmarətə buraxsınlar, futbola həsrət qalarsan, yaxud da barıdan hoppanarsan.

- Barıdan hoppanmağı sən yaxşı bacarırsan.

"Qarabağ" səfər oyununda 2:1 uduzur. Gecə saat ikiyə qalmış gəlib çıxırlar Ağdama. Futbolist Adil evlərinə gələndə görür darvaza bağlıdı. Döyür, içəridən kiçik qardaşı Ərşad soruşur ki, kimsən?

- Qaqa, mənəm, aç.

- De görüm udmusuz, yoxsa uduzmusuz?

- Ə, it kimi yorulmuşam, qapını aç, danışarıq.

- De görüm udmusuz, yoxsa uduzmusuz?

- Ə, qapını aç girim, deyərəm dana.

- De görüm udmusuz, yoxsa uduzmusuz?

- Uduzmuşuq.

- Onda barıdan keç.

Futbolist Adil məcbur olub barıdan keçəndə ayağı sərpir, xeyli vaxt oyuna çıxa bilmir. İndi Fazil müəllim "barıdan hoppanmağı sən yaxşı bacarırsan" sözünü ona görə deyirdi.

Fazil müəllim:

- Yaxşı, bu dəfə sənə sarı kart göstərirəm, çalış ikincini alma.

Çayxanaya adətən ziyalılar və məmurlar yığışırdı. Burda əsas mübahisələr tez-tez futbol və xokkey üstə düşürdü. Xokkeyin ən dəbdə olan vaxtıydı. Hamı SSRİ-yə azarkeşlik edirdi. Vay o gündən ki SSRİ uduzaydı, elə bil çayxanaya matəm düşürdü.

Kinoteatrın Hidayət adlı bir qapıçısı vardı, adamlar onun əlinə bir abbası basıb biletsiz keçirdilər içəri.

SSRİ yenə uduzub, Fazil müəllim girir çayxanaya, görür yenə xokkey davasıdı. Başını yırğalayıb deyir:

- Ə, ya eseserinin qapıçısı Sidelnikov, ya da bizim Hidayət. Gələnə deyir keç içəri.

Bir stolun arxasında Pota Alikin və Qacar nəslindən olan Müəllim Asifin dostları əyləşirdi. Bu uşaqlar ildə iki dəfə Leninqrada gəzməyə gedirdilər.

Bir dəfə Pota Alikdən soruşdum:

- Alik, mən sizdən çox maaş alıram, amma Allahın Tiflisinə gedə bilmirəm. Nətər olur ki, siz ildə iki dəfə Leninqrada gedirsiz?

- Çox sadə. Nə qədər ki, Sovet hökumətinin iqtisadiyyatını yevreylər və ermənilər idarə edir biz kef edəcəyik. Məsələn, Ağcabədinin Hindarx kəndinə beş yüz qış ayaqqabısı göndəriblər. Azərbaycanda qış elə sərt keçmir ki, o ayaqqabılara ehtiyac ola. Biri qırx beş manatdı, qalıb univermağın müdirinin üstündə. Yazıq birini otuz manatdan satır ki, canını bu ayaqqabılardan qurtarsın. Asiflə gedirik Hindarxa otuz manatdan otuz-qırx dənə alırıq uçuruq Leninqrada. Aeraportdan çıxan kimi bizi gözləyənlər var. Bir yerdən yüz manata satırıq. Bir həftə Leninqradda kef edirik. Leninqradda nə tiklas plaş geyinən var, nə də tiklas kostyum. Mağazalar ağzınacan doludu, alan yoxdu. Tiklas plaşın biri doxsan manat, kostyumun da biri yüz otuz manatdı. Gələnə yaxın adama bir on-on beş plaş, bir on-on beş də kostyum alırıq. Ağdamda plaş iki yüz əlli-üç yüz manatdı, kostyum da üç yüz manat. Day nə istəyirsən? Həm kef edirik Leninqradda, həm də adama üç-dörd min manat irəli düşürük. Bəzi uşaqlar da gedib Sibirdən su qiymətinə taxta-şalban vurub gətirirlər Ağdama, sonra da  od qiymətinə bütün Qarabağa satırlar. Mən sənə alverin bütün sirlərini öyrətmək istəmirəm, yoxsa qələmi atıb qoşularsan bizə.

Sonra Müəllim Asifi göstərib deyir:

- Bir dəfə Leninqraddayıq, Qacarın bu törəməsi bir ukraynalı qızı gətirib otelə, qışın da oğlan çağıdı. Bu da rus dilini bilmir, qıza onu mən bişirmişəm. Gecə saat bir, ikiyə işləyib məzələnmək üçün durdum keçdim bunların otağına. Qacarın törəməsi qızı qucaqlayıb mışıl-mışıl yatır. Dümsüklədim ki, Asif dur, Asif dur. Durdu ki, nə olub? Dedim, tez geyin. Bu da tez geyindi, elə bildi ki, davaya-zada gedirik. Paltonu da geydirdim, şərfini boynuna doladım, papağını da basdım başına, eyvanın qapısını açıb çıxartdım eyvana ki, Asif bax. Bu da yarıyuxulu deyir ki, nəyə baxım? Bax də, baax, deyəsən, bu Leninqrad bizim Ağdamdan bir az böyük olar. Az qalmışdı məni eyvandan ata. Buna tərcüməçilik etməkdən yorulmuşam. O gün deyirəm ki, ə, sən nə istəyirsən azərbaycanca yaz, mən qabağına rusca yazım, öyrən də. Dədən Ərşad məni sənə tərcüməçi tutmayıb ha. O da yazıb gətirib. - dedi və dəftəri açdı, üzünü hamıya tutub dedi: - Mən ölüm, bunun yazdığı ilk cümlələrə fikir verin, gecə qalacaqsınız, neçəyə verirsiniz?

Hamını gülmək tutdu.

Bu vaxt Müəllim Asifin ipə-sapa yatmayan qardaşı Əkrəm gəldi çayxanaya, baxdı ki, boş stol yoxdu. Yaxınlaşdı özü kimi cavanlar oturan stola. Cavanların birinin altındakı stulu çəkdi, oğlan dal üstə yerə düşdü, çay dağıldı üstünə və Əkrəm dedi:

- Qaqa, bu stul boşdu?

Hamı quruyub qaldı. Əkrəm isə heç nə olmamış kimi gedib curlarıyla oturdu.

Bunu görən Müəllim Asif də qalxıb öz stulunu verdi yıxılan oğlana, sonra da yaxınlaşdı qardaşına və çəkib stulu onun altından çıxartdı. Bu dəfə Əkrəm dal üstə düşdü yerə, çay dağıldı üstünə.

Müəllim Asif:

- Hə, qaqa, nətərdi, xoşuna gəldi?

Əkrəm dilxor-dilxor qalxdı və dedi:

- Nə böyük qardaş olmaya, salasan təpiyin altına?!

Və pərt halda çıxıb getdi...

...Gün gələcəkdi Əkrəm İsmayılov öz puluyla aldığı silahı götürüb gedəcəkdi Qarabağ uğrunda döyüşə, şəhid olacaqdı və "Azərbaycan Bayrağı" Ordeni ilə təltif ediləcəkdi...

Amma onun altından stulunu çəkdiyi oğlan Bakıda öz kefində olacaqdı və adı it dəftərinə belə düşməyəcəkdi...

...Müəllim Asif:

- Eybi yox, Pota, qalsın qulluğunda. Bir də Leninqradda sənin şotunu versəm, Allah babam Qacara lənət eləsin.

Bu vaxt Fəxrəddin Hacıbəyli gəlir.

Pota Alik soruşur:

- Faxı, otağınızın remontunu qutardınız?

- Yox əşi, Bakıda yaxşı aboy tapa bilmədim, dedilər get Ağdam bazarından taparsan. Gəldim bazarda italyanski aboy tapdım. Axşam qatarla qayıdacam.

Fəxrəddindən soruşuram:

- Faxı, evini təmir elətdirirsən?

Pota Alik gülür:

- Yox əşi, bizim qiyabiçi uşaqlar həmişə Novoyevropada qalırlar. Getdim görüşməyə, çıxdım Faxıynan Tofiq Qarayevin qaldığı otağa, gördüm iki usta vurhavur aboyları sökür. Dedim aboyları niyə sökürsüz? Faxı qayıtdı ki, köhnədilər, xoşumuza gəlmir, üstündə də o qədər ditdili öldürüblər ki, ləkə-ləkədi. Bura qız gələndə adam utanır, ona görə aboyları dəyişdirdirik. Belə lağlağıdılar hamısı.

Çayxananın daimi müştərilərindən biri də Surxay Əlibəyli idi. Əslində Mədəniyyət evinin direktoru olduğundan bulvar da Mədəniyyət və İstirahət Parkı sayıldığından onun tabeliyindəydi. Bulvarın aşağısında Bakıdan böyük bir karusel gətirdib qurdurmuşdu. Karuselin lap üst qatında olanda bütün Ağdam əl içi kimi görünürdü. Bu karusel gündə 12-14 saat işləyirdi.

Arif müəllim zarafatla deyirdi:

- Bu karusel deyil ey, Surxayın pul makinasıdı. Bütün günü Surxay üçün pul kəsir.

Arif müəllim sovxoz direktoruydu, çox savadlı, ziyalı bir adamıydı. Surxayın da ən yaxın dostu sayılırdı. Şit də zarafatları var, tez-tez Surxayı sancırdı. Surxay da onun atmacalarına cavab verə bilməyəndə söyüş söyürdü.

Bir dəfə havanın çiskin vaxtında  gecə saat 12-də maşını sürür Surxaygilə. Surxay deyir ki, bu gecə vaxtı xeyir ola?

- İşdən indi çıxmışam, axırıncı üzüm maşınını zavoda təhvil verib gəlirəm. Dedim bir az maşında gəzək, dərdləşək, əsəblərim sakitləşsin.

Surxay:

- Ayağımda şəpit var, qoy gedim dəyişim.

- Ə, neynirsən dəyişib, maşında oturursan da.

Otururlar maşına. Zarafatlaşa-zarafatlaşa, söhbət edə-edə şəhərdən  çıxırlar Küllük təpənin yanına, Arif müəllim deyir:

- Surxay, düş bir qəlyanın suyunu dəyişək, həm də təmiz hava alaq.

Maşından düşürlər, Surxay bir az aralanan kimi Arif müəllim qaçıb oturur maşına və sürüb çıxıb gedir.

Surxay da Arif müəllimə söyə-söyə üç-dörd kilometr yolu piyada gəlir evlərinə.

Arif müəllimin atası rəhmətə gedib, Surxay və üç-dörd dost getmişik yasa. Surxayın atası Xasay dayı və mənim atam da yasdadı. Həm Arif müəllimin atasıyla dost olublar, həm də Arif müəllimlə iş yoldaşıdırlar. Mağar da ağzınacan doludu.

Bir az oturandan sonra Surxay mənə və dostlara yavaşca dedi:

- Ə, nə qədər çay içmək olar, gecə yerinizə işiyəssiz. Durun gedək Batumun pavilyonuna, sizə yemək-içmək alım vuraq, sizi yasdan çıxarım.

Qalxdıq. Hamı Arif müəllimlə görüşüb başsağlığı verir, növbə Surxaya çatanda əlini uzadıb başsağlığı vermək istəyəndə əli havada qaldı. Arif müəllim sağ əlini Surxayın başına çəkib dedi:

- Sağ əlim başına, qardaş.

Hamını gülmək tutdu, Xasay dayı da dilxor-dilxor başını buladı.

Surxay dostları götürüb gəldi Batumun pavilyonuna:

- Batum, mən ölüm, arağın geydirmə döyülkü?

- Şair, sən öl, yox. Axşam özüm bağlamışam, bir yüz də vurmuşam, bal kimidi.

Surxay Batumun axşam bağladığı bal kimi araqdan süzüb dedi:

- Xəbəriniz var, Dorik müəllimə İtaliyadan erməni dostları bir tula göndəriblər. Qədir gedib Dorik müəllimgilə tulagördüsünə, sonra dəli olub. Tulanın bir pasportu varmış, yeddi nəslinin adı varmış, yəni şəcərəsi. Qədir də qayıdıb gəlib evə, pasportunu cırıb atıb ki, itin pasportunda yeddi babasının adı var, bizim pasportlarda bircə atamızın. Allahın tulası qədər də yoxuq.

Sonra durduq gəldik Surxaygilə, nərd taxta oynamağa. Bu oyunu heç sevməsəm də, Surxayla həmişə oynayırdıq, özü də kitabdan. Yaxşı kitabxanası vardı, nadir kitabları da olurdu. Həmişə mən udurdum, üst-üstə bəlkə beş-altı yüz kitabını  yığıb aparmışdım.

Yenə də bir otuz kitabını uddum. Axırda Surxay hirslənib dedi:

- Qaqa, dur get evinizə də, işin-gücün yoxdu? Səni mənim kitablarıma qənim göndəriblər?..

...Qaçqınçılıqdan üç-dörd il keçmişdi. Surxayla dəniz kənarında bir çayxanada oturub dərdləşirdik, nə qədər dərdləşsək də, dərdimiz qurtarmırdı.

Surxay:

- Qaqa, məni nə dağılan evim yandırır, nə də həyət-bacam. O cür kitabxana düzəltmişdim, o kitablara  heyfim gəlir. Allah erməninin tifaqını dağıtsın. Bilsəydim o vaxt kitabların hamısını sənə uduzardım.

- Nə axmaq-axmaq danışırsan, mənə uduzsan nə olacaqdı ki? Ya sənin evində yandı, ya bizim.

- Həə, onu da düz deyirsən. Amma ağlın olaydı da, vaxtında kitablarını gətirərdin Bakıya, indi böyük bir xəzinən olardı...

...Surxay mavi gözlü, sarıbəniz bir oğlanıydı. İldə də bir neçə dəfə səsi əvvəllər Soçidən, sonra da Klaypedadan gəlirdi. Və qayıdanda da deyirdi ki, ə, nə Leninqrad? Pribaltikada qızlar var, mələkdilər ey.

Deyirlər indi də Klaypedada Surxaya oxşayan oğlanlar çoxdu.

Arif müəllimin atasının yeddisinin səhəri yenə də çayxanadayıq. Bir stol arxasında oturmuşuq. Yenə zarafat başladı və Arif müəllim  Surxayı necə cırnatdısa, Surxay özünü saxlaya bilməyib həmişəki kimi atasına ağır bir söyüş elədi. Çayxana bir anlıq dondu, Surxay da nə qələt elədiyini anlayıb stəkanı yerə çırpıb getdi.

Çayxanadakılar üzlərini Arif müəllimə tutub deyirdilər:

- Arif müəllim, bilmədi, bağışla.

- Əşi, yüz ilin dostusuz, bir qələtdi elədi.

- Sən də Surxayın atası öləndə ona söyərsən.

Bir az keçmiş Surxay mızıldana-mızıldana, hirsli-hirsli geri qayıtdı. Gəldi durdu Arif müəllimin qarşısında, yenidən müəllimin atasının goruna nə var söydü, söydü və bu dəfə çayniki yerə çırpıb  getdi. Hamı da məəttəl qaldı.

Arif müəllim gülüb dedi:

- Hə, dostlar, bu da Surxayın üzr istəməyiydi. Gəldi, üzr istədi, getdi.

Bu vaxt çayxanaya Həmidoğlu Çingiz gəlir. Hamı durub onunla öpüşüb-görüşür, hamıyla hal-əhval tutur. Çingiz uzun illərdi Daşkənddə yaşayır, özüyçün orda hər bir şərait yaradıb, obyektləri-filan, hətta qardaşlarını, qohum-əqrəbalarını da yığıb Daşkəndə. Dostlar yığışır başına, başlayır Daşkənd nağılları danışmağa, neçə obyekti var, ayda nə qədər pul qazanır, nə hörməti var.

Sonra da deyir:

- Daşkəndin obaxeyisi bir yaxşı oğlandı, özü də ağdamlıdı, onun hesabına Daşkənddə mənim sözümün qabağına söz çıxaran yoxdu. 

Sonra başlayır səfərlərini danışmağa:

- Bir ay bundan qabaq üç min manat pul götürüb özümü verdim Leninqrada. Bir həftə rus qızlarıyla kef edib bir min manat xərclədim, sonra uçdum Moskvaya. Bir min manat da Moskvada ora-bura xərclədim, ordan uçdum Tallinə. Tallin də gözəl şəhər, bir həftə də burda qalıb min manat da burda xərclədim, ordan da uçdum Kiyevə.

Bu vaxt Pota Alik hesablayır ki, üç min manat qurtarıb, gülüb deyir:

- Həmidoğlu, Kiyevdə aeroportda bir tanış tap, qırx manat borc al qayıt Daşkəndə.

Həmidoğlu da başa düşür ki, dediyi pul doğrudan qurtarıb, söz altda qalmır:

- Alik, narahat olma, elə sən deyən kimi elədim.

Bulvarın ərazisi çox böyük idi. Gedib Murad Rzayevin Pionerlər Evində bitirdi. Pionerlər Evindən sağ tərəfdə Allahverdi Bağırovun ikimərtəbəli restoranıydı.

Allahverdi Bağırov bu restoranın qabağında rayon milis idarəsinin rəis müavinini hansısa axmaq, səhv bir hərəkətinə görə çığnamışdı. Müavini Təcili Yardımla xəstəxanaya aparmışdılar. Bir on-on beş gün xəstəxanada yatandan sonra gəlib Allahverdidən üzr istəmişdi, sonra da iş yerini başqa rayona dəyişmişdi...

...Sonra müharibə olacaqdı, xocalılıların sağ qalanları Ağdama pənah gətirəcəkdi. Mərdliyi və igidliyi ilə Qarabağda ad çıxarmış Qəssab Temirin oğlu Qəssab Allahverdi əsirlikdə olan mindən çox xocalılını da azad elətdirib Ağdama gətirmişdi. Və gündə də restoranda xocalılılara üç dəfə pulsuz yemək-içmək verərdi...

...Restoranın birinci mərtəbəsində çayxana vardı, bu çayxanaya da Allahverdinin dostları yığışardı və bir də çayçı Kotya Sabirin zarafatlarına, atmacalarına, yumoruna alışmış adamlar. Bilirdilər ki, Kotya Sabir çay paylaya-paylaya nəsə bir maraqlı söhbət edəcək, ya da kiməsə söz soxacaq.

- Kotya, mən ölüm, çay təzə dəmdimi?

- Hə, sən öl, dünən axşam dəmləmişəm.

- Kotya, çox isti deyil ki?

Onda Kotya şəhadət barmağını  salırdı stəkana deyirdi:

- İçməlidi, iç.

Mən də hərdən Kotyanın  söhbətlərinə qulaq asmaq üçün mütləq həmin çayxanaya gedirdim. Kotya universitetin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi və tarixi alimlərdən yaxşı bilirdi. Və bəzən tarixdən elə danışırdı ki, onu hardan oxuduğunu soruşanda da dəqiq mənbəyini deyirdi.

Bir dəfə Futbolist Adil soruşdu:

- Sabir, elə olub ki, söz altda qalmısan?

- Cəmi bircə dəfə. Çayxananın xadiməsi var ey, onun üstünə hirslənib dedim, itin qızı, nə sənin qanını içərəm. O da gülüb dedi ki, Kotya, ayın axırında xəbər edərəm.  Bax, ona söz tapıb cavab verə bilmədim.

Şair Böyükkişi Heydərli eşidir ki, Ağdamda Kotya Sabir adında bir çayçı var, ona söz çatdırmaq olmur. Ərinmir, durub Bakıdan gəlir Ağdama, Kotyanın çayxanasına.  Kotya hər bunun yanından keçəndə ona şeirlə bir söz atır, Kotya da şeirlə cavab verir. Camaat da maraqla qulaq asır. Bir dəfə, iki dəfə, üç dəfə, dörd dəfə... Şair nə deyirsə, artıqlamasıyla cavabını alır. Axırda şair yenə bir qəliz şeir deyir. Kotya gəlir çayniki qoyur stolun üstünə, əllərini dirijor kimi qaldırır yuxarı və deyir:

- Şair, indi də hərəkətə musiqiylə  başla. Sağ ayağını sağ tərəfə, sol ayağını sol tərəfə at, gör cərcənəg vəziyyətdə yeriyə bilirsən?

Şair durub onu qucaqlayır, deyir mən pəs, deyilən kimi varsan.

Əvvəllər bulvarın girişində bir dərzi atelyesi vardı, ikimərtəbəli bir binaydı. O vaxtlar bulvar dəmir məhəccərlə hasarlanmışdı, iki qapısı vardı. Dərzilərdən biri bulvardakı ayaq yoluna getmək istəyir, amma ərinir gedib qapıdan keçsin, hasardan atlanmağa çalışır. Əlində də aftafa, ayağı sürüşür keçir məhəccərlərin nizələrinin birinə və ölür. Bundan sonra rayonun katibi  Nadir Abbasov hasarı tərtəmiz sökdürür.

Sadıq Murtuzayev Ağdama katib gələndən sonra həmin atelyeni sökdürüb yerində gözəl bir "Üzümçülər sarayı" tikdirmişdi və bir də Nizami küçəsinin kinoteatrın qabağından keçən hissəsini bağladıb mərmər döşətdirmişdi. Beləliklə, Fazil müəllimin respublikasının ərazisini bir qədər də genişləndirmişdi.

Bir gün Xallı Şahin sarayın qabağından keçəndə görür ki, böyük bir afişa asılıb: "Tarix, poeziya və muğam. İştirak edirlər: Tarixçi Əbülfəz Əliyev, şair Zakir Fəxri və xanəndə Şahmalı Kürdoğlu".

Xallı Şahin gülüb deyir:

- Bu boyda afişa nəyə lazımdı, elə qısaca yazsınlar ki, turemşiklərlə görüş.

Xallı Şahinin bu atmacasına baxmayaraq, bu görüşə o qədər adam gəlmişdi ki, zal tutmamışdı, yüzdən çox adam da qalmışdı çöldə. Ona görə məcbur olub küçəyə də dinamiklər qoymuşdular ki, hamı bu maraqlı görüşü izləyə bilsin.

Xallı Şahinin özü birinci sırada oturmuşdu, sonra da hamıya tərifləyirdi ki, indiyədək belə bir tədbir görməyib. 

Əvvəl yazdığım kimi, şəhərdə böyük çayxanalar çox idi. Üçünü  "Bazar" yazısında qeyd etmişəm, biri təzə raykomun binasının arxasındakı bağdaydı. Bura adətən prokurorluğun, məhkəmənin, notariusun, raykomun, bir də "Lenin yolu" qəzetinin əməkdaşları yığışardılar.

Biri də təzə tikilmiş mehmanxananın qarşısındakı "Lenin" bağındaydı. Burada mehmanxanada qalanlar, teatrın aktyorları, bir də 1 nömrəli məktəbin yuxarı sinifinin dəcəl uşaqları yığışırdı.

Süleyman müəllim bu çayxanadan da katibə giley eləmişdi ki, bağlayın oranı, mənim şagirdlərimin tərbiyəsi pozulur.

Katib də əsəbləşib demişdi:

- Süleyman müəllim, gah deyirsən bazarı köçürt, indi də deyirsən çayxananı bağla, uşaqların tərbiyəsi pozulur. Sən öz şagirdlərinə yiyəlik edə bilmirsən, indi biz neyləyək...

...Gün gələcəkdi Süleyman müəllimin sevmədiyi bu çayxana uşaqları, bazar uşaqları, bu davakar uşaqlar silaha sarılıb ana-bacılarının qeyrətini qorumaq üçün ermənilərlə dör-dör döyüşüb şəhid olacaqdılar. Hələ o günə vardı...

...Sonralar məscidin qabağındakı bağda da Xudu Məmmədovun memarlığı və təşəbbüsü ilə üçmərtəbəli, Çin üslubunda bir çayxana tikmişdilər. Ağdama gələn qonaqları dostlar aparırdı o çayxananın üçüncü mərtəbəsinə, ordan şəhərə tamaşa edirdilər.

Şəhər işğal olunandan xeyli sonra Quzanlı kəndində həmin üçmərtəbəli çayxananı Çin üslubunda yenidən tikdilər, amma  "kitayski" alındı.

Bayaq dediyim kimi, ən böyük  çayxana Fazil müəllimin kinoteatrının arxasındakıydı.

Biz şəhərə təzə gələndə bulvarda kiçik bir futbol meydançası vardı. Bu meydançada aşağı siniflərdə oxuyan məhlə uşaqlarının çempionatı keçirilirdi. Bir dəfə mən də məhləmizin uşaqlarını yığdım, getdik çempionata. Elə biabırcasına uduzduq ki, day ikinci oyuna  getməyə utandıq.

Sonralar həmin meydançanın yarısını satdılar Cəfərə, Cəfər də orda dəmirdən gümbəzli bir çayxana tikdi. Meydançanın qalan hissəsində də Surxay bilyard stolları qoydurdu, cavanlar da yığışırdı burda bilyard oynamağa, özü də pulnan.

Deyirdilər əvvəllər cavanlar bulvarda kartla da qumar oynayırmışlar, sonra "Şkit" respublikasının prezidenti Fazil müəllim bu qumarı qadağan edib.

Azad olunandan sonra Ağdama ilk səfərimdə getdim bulvara.

İşğal vaxtı televiziya müsahibələrimin birində soruşdular ki, yaxşı pulun olsa, xaricdə yaşaya bilərsən?

- Qətiyyən. Hətta qardaş Türkiyədə üç-dörd gündən çox qalanda Bakı üçün darıxıram, dostlarım burda. Lap on milyon pulum olsun, Vaşinqtonda neyləyəcəm? Kimlə söyüşə-söyüşə domino oynayacam, şahmat oynayacam? Vaşinqtonda torpağımızın, millətimizin ətrini kimdən alacam?

- Deputatsınız, amma hələ də Jiqulidə gəzirsiniz...

- Düzü, bunu mənə övladlarım da deyir, amma maşın mənim üçün cah-cəlal deyil, məni A nöqtəsindən Z nöqtəsinə aparan bir vasitədir. Onu Jiquli ilə də gedə bilərsən, Mersedeslə də. Amma Ağdam işğal altda olmasaydı, mütləq bir  Mersedes alıb sürərdim Ağdama, Zeynalın çayxanasının qabağında saxlayıb forsla düşərdim. Forsla girərdim çayxanaya, hamı da durub mənlə görüşərdi ki, Aqil müəllim gəlib. İndi nə Zeynalın çayxanası var, nə də o çayxanadakı adamlar.

Hə, Ağdama ilk səfərimdə getdim bulvara. Bulvar yoxuydu, bütün ağaclar kəsilmişdi, kinoteatrın da bir pilləkanları qalmışdı, təxminən yarım metr də hörgüsü. Cəfərin gümbəz çayxanasını elə sökmüşdülər ki, hətta məşhur arxeoloq Rəşid Göyüşov dirilib gəlsəydi də, haçansa burda çayxanada olduğunu sübut edə bilməzdi. Surxay Əlibəylinin pulkəsən maşınını da söküb aparmışdılar, indi hansısa Aşot üçün pul kəsirdi.

Keçdim kinoteatrın arxasına, Zeynalın olmayan çayxanasına, bir sal daşın üstündə xeyli oturdum. Amma nə "xoş gəldin" deyən oldu, nə çay gətirən, nə də bahalı maşınla gəlməyimə baxmayaraq, fors eləyə də bilmədim. Çünki fors eləməyə bir adam tapmadım. Ya müharibədə şəhid olmuşdular, ya da qaçqınçılıqda atam kimi çərləyib ölmüşdülər.

TƏQVİM / ARXİV