DÜNYANIN ƏN VARLI ŞƏHƏRİNİN MƏŞƏQQƏTLİ GÜNÜ - Aqil ABBAS yazır

AQİL ABBAS
148 | 2025-07-23 18:00

23 iyul! 27 il bu gün bizi ən çox ağrıdan gün olub, daha doğrusu, ağrıdan yox, ağladan!

23 iyul! Ermənilərin, Ermənistan silahlı qüvvələrinin Dünyanın Ən Varlı Şəhəri Ağdamı işğal elədiyi gün! 

İyulun 21-də  gecə saat 1-də girdim Ağdama. Məhləmizə çatanda gördüm «709»-un uşaqları  yolu bağlayıb  oturublar. Evimizə bir yüz metr vardı. Məni saxladılar, evimizə buraxmaq istəmədilər. Aramızda mübahisə düşdü, hətta üstümə silah çəkdilər ki, olmaz. Mən də silaha əl atdım.  Nəhayət, uzun mübahisədən sonra ağılları bir şey kəsmədi, məni buraxdılar. Məni  evimizə buraxmayan bu dırnaqarası igidlər iki gün  sonra şəhəri qoyub qaçacaqdılar. 

Evdə təkcə atam idi.  Hirsləndi ki, nəyə gəlmişəm. Nə isə, uşaq vaxtı atam çağırırdı ki, gəl qucağımda yat. Elə gözəl idi ki, atamın qucağında yatmaq. İndi də deyir ki, dur gəl qucağımda yat. 40 yaşında oğlan girdim atamın qucağına. Başını  sinəmə qoyub ağladı.

Səhər tezdən  atam durub getdi işə, mənə dedi ki, qayıt Bakıya. Qayıtdım. Bu mənim  işğaldan əvvəl Ağdam şəhərinə son səfərim idi. 

İki gün sonra Ağdam getdi. Çox səbəbi var, yazmıram,  yenidən  ürək bulandırmaq istəmirəm. 

25 iyulda professor Habil Qurbanovla danışdıq ki, camaat yollara səpələnib, ac-susuz. Nə lazımdı, ərzaq alaq gedək Qərvəndə. Qərvənd hələ bizdəydi. Habilin beş-altı dostu da qoşuldu bizə. Mənim payıma çörək düşmüşdü.  Bakıdakı kombinatlar  dedi ki, sən burdan Ağdama  çörək aparanadək hamısı xəmirə dönəcək. Yaxşı olar ki, biz rayonların birinə un göndərək, gedib ordan götürəsən. Rayonun adını yazmıram, bir sürücüyə görə o camaatın nə günahı var? Biz həmin rayona  çatanda çörək hazır idi.  Amma  çörəyi aparmağa maşın yox idi, heç kim Ağdama getmək istəmirdi. Nəhayət, polis rəisi bir sürücünü razı sala bildi. Hələ sürücüyə 200 dollar da pul verdi. Zavodun qabağında bəlkə 500 adam vardı, çörək gözləyirdi. Camaata izah elədim ki, biz apardığımız çörək sizin payınızdan deyil, özü də Ağdam camaatına aparırıq.

Hamı çəkildi, maşın çıxdı yola. 

Bu da Qərvənd. Top səsindən, «Qrad» səsindən, güllə səsindən yer-göy lərzəyə gəlir. Sürücünün rəngi təmiz qaçmışdı. 

Əsgərlər bizim gətirdiyimiz ərzaqdan imtina elədilər ki, camaat  iki gündü ac-susuzdu, onlara  paylayın. Qərvənd-Bərdə yolu hər iki tərəf arvad-uşaqla doluydu. Maşının arxasını açdıq, mən və iki əsgər elə gedə-gedə çörəkləri, bir də peçenyeləri sağa-sola  atırdıq. Camaat çörəyi göydə tuturdu. Gözü-könlü tox Ağdam camaatını belə görmək məni sarsıdırdı. Ağlaya-ağlaya paylayırdım çörəyi. Ömrümün ən ağır günü idi. Hər dəfə  yadıma düşəndə, elə indi yazı yazanda da özümü saxlaya  bilmirəm. 
27 il ermənilərin kürəyimizə sancdığı xəncəri 8 noyabrda Ali Baş Komandan cənab İlham  Əliyevin sərkərdəliyi ilə şəhid və qazilərimiz kürəyimizdən çıxartdılar. Amma yeri hələ də qalır və ağrıyır. 

İndi tez-tez gedirəm Ağdama, həyətimizə. Yerdən bir çimdik torpaq götürüb yeyirəm və torpağın dadı bir qədər ruhuma dinclik verir. Sonra da tikilən şəhəri qürurla gəzirəm. 

Taleyin ironiyasına bax. Ağdamın «Qarabağ» komandasının Avropa çempionatındakı oyunları dəfələrlə 23 iyula düşüb. Bu gün də  «Qarabağ»ın Çempionlar Liqasının  ikinci təsnifat turunda  oyunu var. Amma indi işğaldan azad olunmuş Ağdamın «Qarabağ» komandasıdır. Başda  Qurban Xoca olmaqla bütün futbolçulara uğurlar  diləyirəm. İnanıram ki, bu gün «Qarabağ» bizi sevinc göz yaşlarıyla ağladacaq. 
 

TƏQVİM / ARXİV