adalet.az header logo
  • Bakı -°C
12 Dekabr 2025 14:35
89
MARAQLI
A- A+

Tuvalılar – türkün qədim şamanları (II yazı)

ƏVVƏLİ BURADA

Tuvalılar türk xalqlarının ən qədim, ən arxaik qollarından biridir. Onların yaşadığı Tuva torpağı Sibirin cənubunda, Altay–Sayan dağlarının qucağında yerləşir. Bu coğrafiya qədim türklərin beşiyi, həm də bu günə qədər toxunulmamış bir mədəniyyət adası kimi yaşayır. Tuvalıların dili türk dillərinin Sibir qoluna aiddir və sözlərində, miflərində, musiqilərində minilliklərdən süzülüb gələn türk yaddaşını hiss etmək olur.

Tarix boyu Tuva müxtəlif imperiyaların tərkib hissəsi olub. Hunlardan Göytürklərə, Uyğurlardan Monqol dövlətlərinə qədər bir çox güc bu bölgədən keçib. XVII–XIX əsrlərdə Tuva Çinlə Rusiya arasında sıxışmış ərazi kimi yaşayıb. XX əsrin əvvəlində isə bir müddət müstəqil Tuva Xalq Respublikası adı ilə mövcud olub. Sonralar Tuva Sovetlər İttifaqına birləşdirilib. Bu gün Tuva Rusiya Federasiyasının tərkibində respublikadır. Tuva həm də öz qədim türk kimliyini qorumaq üçün çarpışan nadir bölgələrdən biri olaraq qalır.

XX əsrin əvvəlləri Tuva üçün taleyüklü dönüş nöqtəsi oldu. Çin imperiyası dağılanda bölgə faktiki olaraq özbaşına qaldı. 1914-cü ildə Tuva Rusiya imperiyasının protektoratına çevrildi, lakin daxili idarəçilik yenə yerli elitanın əlində idi. Bolşevik inqilabından sonra siyasi boşluq daha da dərinləşdi və 1921-ci ildə Sovet Rusiyasının təkidi ilə tarixə Tuva Xalq Respublikası adlı kiçik, amma maraqlı bir dövlət daxil oldu. Bu dövlət yalnız SSRİ və Monqolustan tərəfindən tanınmışdı, amma öz bayrağı, pulu və hökuməti vardı. 23 il davam edən bu “mini-respublika” nəhayət 1944-cü ildə rəsmi olaraq SSRİ-yə qoşuldu və Tuva öz müstəqilliyini itirdi.

Bu gün Rusiya Federasiyasının tərkibinə daxil olan Tuva respublikasında 500 minə yaxın əhali yaşayır ki, bunun da böyük hissəsini tuvalılar təşkil edir.

Tuvalıların dini inancları da türk etnosunun kökləri ilə sıx bağlıdır. Burada iki böyük ruhani qat mövcuddur. Birincisi, ən qədim qat olan şamanizmdir. Şamanizm təbiətin ruhları ilə insan arasındakı əlaqəyə əsaslanan, dağların, çayların, meşələrin “can” daşıdığına inanan sistemdi. Bu gün də Tuvanın hər bölgəsində şaman davulunun səsi eşidilməkdədir. İnsanlar uğur qazanmaq, xəstəlikdən qorunmaq üçün, həm də  mərasimlər zamanı şamana müraciət edirlər. 
İkinci inanc sistemi isə isə XVIII əsrdən yayılmış Tibet buddizmidir. Tuvalıların əksəriyyəti buddistdir və bu inanc bölgədə sakitlik, meditasiya və mərasim mədəniyyətində dərin iz qoyub. Bu iki sistem bir-birinə qarşı durmur, əksinə, harmoniyada yaşayır.

Bu gün Tuva həm çətinliklərin, həm də dirçəlişin məkanıdır. Region iqtisadi baxımdan zəif inkişaf etsə də, mədəni irs sahəsində dünyaya açılan pəncərəyə çevrilib: tuvalıların boğazla oxuma sənəti, şaman ayinləri və təbiətə bağlı yaşam tərzi turistləri və tədqiqatçıları buraya cəlb edir. Gənclər həm müasir texnologiya ilə yaşayır, həm də əcdad ruhlarını yaşadan ənənələrdən ayrılmamağa çalışırlar.

Tuva bu gün də türklüyün qədim qatlarını içində yaşadan nadir yerdir. Dağların sükutu, çöllərin boşluğu və insanların təbiətlə birliyi burada zamanın başqa cür axdığı hissini yaradır. Tuvalılar üçün tarix, din, dil və torpaq təkcə keçmişin izləri deyil, bunlar həm də gələcəyi qorumaq üçün lazım olan mənəvi gücdür. 

Murad Köhnəqala