BU, FACİƏDİR - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
6766 | 2024-02-15 14:34

Ötən ilin statistikasında göstərilir ki, 54 min nigah kəsilib və 21 min boşanma hadisəsi olub. Bu çox  dəhşətli rəqəmdir.

Təxminən evlənənlərin 40 faizi boşanıb. 

Əvvəllər  bu rəqəm 25-30 faizi keçmirdi və boşanma hallarının hər il artması, ailələrin dağılması deyəsən heç kimi narahat etmir. Adətən  boşanmada müxtəlif  səbəblər göstərirlər: «Xasiyyətimiz tutmur», «Qayınanamla yola gedə bilmirdim», «Yaxşı dolana  bilmirdik», «Ərim içirdi», «Arvadım bozbaş bişirə bilmirdi» və sair və ilaxır. Ən sonda da xəyanət  gəlir. 

Azərbaycanda adətdir,  elə bir çox ölkələrdə bu adət var, evlənmək istəyənlər  bir müddət nişanlı olurlar ki, bir-birlərini öyrənsinlər və bir-birlərinə  öyrəşsinlər. Necə oldu ki, iki il nişanlı vaxtında gül-bülbül oldunuz, evlənəndən altı ay sonra biriniz arı, biriniz gül oldunuz? Yaxşı dolana  bilmirdiniz -  əgər sevgi varsa sevənlər soğan-çörəklə də bir yerdə yaşaya bilərlər. Hər gecənin bir gündüzü var. 

Yəni yuxarıda qeyd elədiklərim boşanmanın səbəbləri ola bilməz. 

Əvvəl Braziliya serialları, sonra da televiziyamızda əxlaqımızı pozan verilişlər  yıxdı bu xalqın evini. Qardaşı arvadını götürüb qaçan deyil, beş uşağını atıb müğənni olmaq həvəsi ilə Bakıya gələn deyil, müharibədə iki ayağını itirmiş ərini kürəyində gəzdirən, müharibədə kor olmuş qaziyə ərə gedən qızlarımız təbliğ olunmalıdır. 

Ay başbilənlərimiz, belə getsə Azərbaycanda əhalinin əxlaqı təmiz məhv olub gedəcək. Ailələri dağılan ölkənin də gələcəyi xoş görünmür. 
 

TƏQVİM / ARXİV